Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-689/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin, yəni məlumatların Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8849/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planına uyğun olaraq ********** VÖEN üzrə maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilmiş, icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş, tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünmüşdür. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. 01.01.2019-cu il tarixinə şəxsi hesabında 759.29 manat artıq ödəmələri olmuşdur. Hesablaşmalar zamanı 2019-cu ilin 2-ci rübü üçün həmin məbləğdən 40 AZN (Ödəmə tarixi: 22.07.2019), 3-cü rübü üçün həmin məbləğdən 41.12 AZN (Ödəmə tarixi: 21.10.2019), 4-cü rübü üçün isə həmin məbləğdən 360 AZN (Ödəmə tarixi: 21.01.2020) silinmişdir. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəfələrlə müraciət edərək maliyyə dəstəyinin ödənilməsini tələb etmişdir. Ancaq eyni məzmunlu müraciətlərlə bağlı xidmətin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən eyni əsasla imtina məktubları göndərilmişdir. İmtinanı belə əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstərişin tələbinə əsasən 2019-cu il ərzində dövlət büdcəsinə vergi ödənişi etməyən fərdi (mikro) sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmamışdır.” Halbuki, yuxarıda qeyd etdiyi şəxsi hesab vərəqəsindən də göründüyü kimi onun vergi hesabında toplanmış qalıq məbləğdən 3 rüb ərzində toplam 441.12 AZN məbləğində vergi tutulması həyata keçirilmişdir. Belə olan halda vergi orqanının ona verilən cavab məktublarında 2019-cu ildə vergi ödəməməsinə dair dəlilləri əsassızdır. İddiaçı tərəfindən sonradan iddia tələbi Azərbaycan Respublikası Prezidentinin 2020ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planına uyğun olaraq VÖEN ********** üzrə iddiaçıya maliyyə dəstəyinin göstərilməsi, yəni məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi kimi dəqiqləşdirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, Metodiki Göstərişə əsasən pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. Müraciətin yoxlanması zamanı sistem tərəfindən aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər (3.6): -Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; -Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; - 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi yalnız müəyyən kateqoriya və konkret şərtlərə cavab verən vergi ödəyiciləri üzrə nəzərdə tutulmuşdur və Metodiki Göstəriş digər əsaslarla yanaşı, 2019-cu il ərzində vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin edilməsini mütləq şərt özündə əks etdirmişdir. Lakin hazırkı halda iş materiallarının, o cümlədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə heç bir vergi ödənişi edilməmişdir. Bununla da, iddiaçının maliyyə dəstəyindən yararlanması üçün nəzərdə tutulan şərtlərə cavab verməməsi müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluğun aşkar edilməsinə səbəb olmuşdur. Dəqiqləşdirilmiş tələb üzrə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, Metodiki Göstərişin 3.6.3-cü yarımbəndinə və 3.11-ci bəndinə müvafiq olaraq 250,0 manat məbləğində maliyyə dəstəyi almaq üçün aşağıdakı 2 mühüm şərtin mövcudluğu tələb olunur: -2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin həyata keçirilməsi;- 2019-cu il ərzində büdcəyə həyata keçirilmiş vergi ödəmələrinin ümumi məbləğinin 250,0 manatdan aşağı olması. İddiaçı tərəfindən isə 2019-cu il ərzində dövlət büdcəsinə hər-hansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Qeyd olunan şərtlər mövcud olmadığı üçün iddiaçının müraciəti təmin edilməmiş və ona maliyyə dəstəyinin verilməsindən imtina olunmuşdur. Halbuki iddiaçı 2019-cu ildə dövlət büdcəsinə birbaşa olaraq heç bir ödəniş etməsə də, daha əvvəlki illərdə yaranmış artıq ödəmə hesabına 2019-cu ildə onun konkret vergi öhdəlikləri icra etdiyi qənaətinə gələrək artıq ödəmə hesabına vergi öhdəliyinin yerinə yetirilməsi dövlət büdcəsinə birbaşa ödəniş faktı kimi nəzərə alınmasını tələb etmişdir. X2 artıq ödəmə hesabına vergi öhdəliklərinin icra edilməsi imkanı nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Qeyd olunan müddəaların əlaqəli şəkildə təhlilindən göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi vergi məbləğini ödəmədiyi və bu öhdəliyi onun artıq ödənilmiş vergi məbləği ilə əvəzləşdirildiyi halda ödənilməmiş vergi məbləğinə görə faiz hesablanmır. İddiaçının tələbinin əsassız olmağının digər bir səbəbi isə artıq ödəmə hesabına 2019-cu ildə icra edilmiş vergi öhdəliyinin məbləğinin 250,0 manatı aşması ilə bağlı olmuşdur.İddiaçının artıq ödəmə hesabına 2019-cu ildə icra edilmiş vergi öhdəliyi 441,12 manat olmuşdur. İddiaçının iddia tələbinin əsassız olmağının digər bir səbəbi isə onun fəaliyyət növünün Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrə aid olmaması ilə bağlıdır. Belə ki, iddiaçının 25.02.2011-ci il tarixli **********980600 nömrəli “Fiziki şəxsin qeydiyyatı ərizəsinə” onun fəaliyyət növü “Layihə işləri” (71112) olmuşdur. Lakin 20.05.2020-ci il tarixdə iddiaçı "Fiziki şəxsin məlumat dəyişikliyi ərizəsi” ilə vergi orqanına müraciət etmiş və fəaliyyət növünü dəyişdirərək əsas fəaliyyət növü kimi “Sair nəşriyyat fəaliyyəti” (58190) seçmişdir. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrin konkret siyahısı açıq məlumat formasında internet resurslarında öz əksini tapmışdır. Qeyd olunan siyahıya nəzər saldıqda görərik ki, iddiaçının əvvəlki əsas fəaliyyət növü “Layihə işləri” (71112) həmin siyahıda öz əksini tapmır, lakin sonradan 2020-ci il ərzində əsas fəaliyyət növü kimi dəyişdirdiyi “Sair nəşriyyat fəaliyyəti” (58190) isə həmin siyahıda öz təsdiqini tapmışdır, bununla da məlum olur ki, iddiaçı maliyyə dəstəyi almaq niyyəti ilə fəaliyyət növünü dəyişdirmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8849/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq İddiaçı (VÖEN **********) maliyyə dəstəyinin göstərilməsi, yəni məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-8849/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi cavabdeh qurumun iddiaçının artıq ödəmə hesabına vergi öhdəliyinin icrasını birbaşa dövlət büdcəsinə ödəniş faktına bərabər tutulmamasına dair qənaətini əsassız hesab etməklə qeyd etmişdir ki, istər Vergi Məcəlləsində, istərsə də Metodiki Göstərişdə artıq ödənilmiş vergi məbləği hesabına 2019-cu il ərzində büdcəyə vergi ödəmələrini istisna edən norma yoxdur. Metodiki Göstərişin mənasına görə maliyyə dəstəyinin göstərilməsi üçün 2019-cu ildə birbaşa dövlət büdcəsinə ödənişin həyata keçirilməsi zəruridir. X2 artıq ödəmə hesabına vergi öhdəliklərinin icra edilməsi imkanı nəzərdə tutulmamışdır. Başqa sözlə, məhkəmə Metodiki Göstərişin müddəalarını əsassız olaraq genişləndirici şəkildə təfsir etmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin normalarından irəli gələn məntiq də artıq ödənilmiş vergilər hesabına növbəti vergi öhdəliklərinin əvəzləşdirilməsini ödəniş faktı kimi qəbul etmir. İddiaçının maddi yardım alınması zamanı müraciət edərkən vergi orqanlarının uçot baza məlumatlarına əsasən fəaliyyət növü “layihə işləri” olmuşdur ki, bu fəaliyyət növü pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət növləri siyahısına daxil edilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi xidməti vəzifəsinə görə iddianın xüsusi və ümumi mümkünlük şərtlərini yoxlamalı olduğu halda yoxlamamış, birbaşa iddianın əsaslılığının yoxlanılmasına keçmişdir. Belə ki, iddiaçının inzibati orqana müraciəti maliyyə dəstəyinin göstərilməsi, yəni bilavasitə müvafiq ödənişin ona ödənilməsindən ibarət olmuşdur. Yalnız cavabdehin təqdim etdiyi iddianın mümkün sayılmaması barədə vəsatətindən sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, iddia tələbini tamamilə başqa iddia ilə yəni maliyyə dəstəyinin göstərilməsi üçün məlumatların Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin vergi orqanının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi “maliyyə dəstəyinin bilavasitə ödənilməsi” tələbi ilə, “maliyyə dəstəyinin göstərilməsi üçün məlumatların aidiyyəti üzrə təqdim edilməsi” tamamilə fərqli tələblərdir. Buna baxmayaraq, məhkəmə iddia tələbinin dəyişdirilməsi halını əsassız olaraq aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi kimi qəbul etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8849/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İs materiallarından göründüyü kimi işə baxmış birinci instansiya məhkəməsi cavabdeh qurumun artıq ödəmə hesabına vergi öhdəliyinin icrasını bibaşa dövlət büdcəsinə ödəniş faktına bərabər tutulmamasına dair qənaətini əsassız hesab etmiş, Metodiki Göstərişin 3.6.1 və 3.6.3-cü yarımbəndlərinə müvafiq olaraq maliyyə dəstəyi almaq üçün şərtlərin mövcud olmasını əsas kimi göstərərək, iddia tələbini təmin etmiş və İddiaçı maliyyə dəstəyinin göstərilməi üçün məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsinin Dövlət Vergi Xidmətinə həvalə etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, hazırki iddia inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi, yəni Metodiki Göstərişin 3.8-ci bəndinin icrası ilə bağlıdır və iddiaçı “Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 04 aprel 2020-ci il arixində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, ona maliyyə dəstəyinin göstərilməsi, yəni onun barəsində olan məlumatların Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddia tələbi mümkünlük şərtlərinə cavab verdiyindən işə baxan məhkəmə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Cavabdehin iddianln mümkün sayılmamasına dair dəlilləri əsassızdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının İ hissəsinin 2-ci və 3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Metodiki Göstəriş koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir və məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində "Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət" alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit hesab vasitəsilə vergi ödəyicilərinin bank hesablarına köçürülən vəsaitlər barədə hər günün yekunu üzrə hesabat həmin günün sonunda iqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə iqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş göndərilir. X3 icrası əmrə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. İş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində tədbirlər planının 3-cü bəndində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) nəzərdə tutulmuşdur. 16. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş (bundan sonra – Metodiki Göstəriş) təsdiq edilmişdir. Metodiki Göstərişin 3.6-cı maddəsinə əsasən, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proseduru üzrə məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. 18. Göründüyü kimi məlumatların yoxlanılması zamanı aşkar edilən uyğunsuzluqların dairəsi qeyd edilən maddə ilə məhdudlaşır. Metodiki Göstərişin 3.6.1-ci bəndi ilə uyğunsuzuğun müəyyən edilməsinə dair apellyasiya şikayətinin dəlilərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2011-ci ildə əsas fəaliyyət növü “Layihə işləri” (71112) üzrə uçota alınmış, 20.05.2020-ci ildə əsas fəaliyyət növünü kimi “Sair nəşriyyat fəaliyyəti” (58190) kimi dəqiqləşdirilmişdir. Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin siyahısında “Sair nəşriyyat fəaliyyəti” (58190) nəzərdə tutulmuşdur. Vergi ödəyicisinin koronavirus pandemiyası dövründə koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri ilə uçota alınmasına dair Metodiki Göstərişdə hər hansı məhdudiyyət müəyyən edilmir, eləcə də qeyd edilən Metodiki Göstərişin təsdiq olunmasından sonra həmin fəaliyyət sahələri ilə uçota alınmanın uyğunsuzluğa əsas olması barədə hər hansı müddəa yoxdur. Məhkəmə kollegiyası Metodiki Göstərişin 3.6.2-ci bəndi ilə uyğunsuzuğun müəyyən edilməsinə dair cavabdehin dəlilini də əsassız hesab edir. Belə ki, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılması müəyyən edilməmişdir; Metodiki Göstərişin 3.6.3-cü bəndi ilə uyğunsuzuğun müəyyən edilməsinə dair cavabdeh tərəfindən müəyyən edilmişdir ki, əvvəlki dövlər üzrə artıq ödənilmiş vergi məbləği hesabına iddiaçının 2019-cu ildə icra edilmiş vergi öhdəliyi 441.12 manat olmuş, lakin ödəniş faktı kimi qəbul edilməmişdir. Cavabdeh qurumun iddiaçının artıq ödəmə hesabına vergi öhdəliyinin icrasını birbaşa dövlət büdcəsinə ödəniş faktına bərabər tutulmamasına dair qənaitini məhkəmə əsassız hesab edir. Belə ki, istər Vergi Məcəlləsində, istərsə də Metodiki Göstərişdə artıq ödənilmiş vergi məbləği hesabına 2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin həyata keçirilməsini istisna edən norma yoxdur. Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən Bu fəslin müddəaları koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) həyata keçirən şəxslərə şamil edilir. Həmin məcəllənin 224.10-cu maddəsinə əsasən Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir. Həmin Məcəllənin 224.11-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir Artıq ödəmə hesabına yerinə yetirilmiş vergi öhdəliyinin 250,0 manatdan artıq olması barədə cavabdeh qurumun dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Metodiki Göstərişin 3.11-ci bəndinə əsasən, fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir. Qeyd edilən bənd 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan artıq olduqda fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsini istisna etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1091/2021 saylı, 14 aprel 2021-ci il tarixli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8849/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-689/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-689/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver