Məhkəmə qərarları › İş №2-1(103)-69/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-69/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-69/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhəri 19 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı (xx.xx.1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyi) çıxarışın verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-1(81)-1327/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 01.02.2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3535/2012 saylı, 25 iyul 2012-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar X9 aylıq əmək haqqı – 125 (yüz iyirmi beş) manat, X3 aylıq əmək haqqı – 85 (səksən beş) manat, X4 aylıq əmək haqqı – 80 (səksən) manat X10 aylıq əmək haqqı 80 (səksən) manat olmaqla, 2010-cu ilin aprel ayından başlayaraq qətnamə icra edilən günədək həmin əmək haqqının iddiaçılara ödənilməsi üçün ödənilməli olan cəmi pul məbləği “Azərbaycan Karlar Cəmiyyəti” X21 təşkilatının hesabına köçürülməsi qət edilməsi barədə məhkəmə qərarı icra olunması üçün Səbail rayon İcra Şöbəsinə göndərilmiş, Səbail rayon İcra Şöbəsinin təqdimatı əsasında Səbail Rayon Məhkəməsinin 8(009)- 1771/2014 saylı, 05 dekabr 2014-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3535/2012 saylı, 25 iyul 2012-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 339 kv.m təşkil edən ayaqqabı sexinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Bundan sonra Səbail rayon İcra Şöbəsi tərəfindən “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan 339 kv.m ayaqqabı sexi hərraca çıxarılmış, hərracın təşkilatçısı "xxxx" MMC olmuşdur. İddia ərizəsinə əlavə edilmiş X16 Hərracın nəticələri haqqında 65/07 saylı Protokolundan və hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə 05 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan 339 kv.m ayaqqabı sexi 05 avqust 2015-ci il tarixdə, saat 15:20-da keçirilən hərracda iddiaçı tərəfindən 91150 (doxsan bir min yüz əlli) manata alınmışdır. Bundan sonra tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, daşınmaz əmlakın adına dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən **********57 nömrəli, 06.12.2018-ci il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Qeydiyyatdan keçməmiş daşınmaz əmlak barəsində bağlanan müqavilələr qanunvericiliyə əsasən etibarsız sayılır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, həmin qeyri-yaşayış sahəsini vicdanlı alıcı kimi qanuni yollarla hərrac vasitəsi ilə əldə etmişdir. Bu səbəbdən də, hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız sayılmalı, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-1(81)- 1327/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, İddiaçı adına ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlaklar barəsində bağlanan müqavilələr qanunvericiliyə əsasən bağlandığı andan etibarsız hesab olunur və həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıla bilməz. Bundan başqa, müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama- ölçü işləri zamanı məlum olmuşdur ki, sənəd üzrə qeyri-yaşayış binasının ölçüsü 339 kv.m, faktik olaraq isə 968 kv.m təşkil edir. Sözügedən daşınmaz əmlak 1105,30 m torpaq sahəsində yerləşən 2 mərtəbəli “A” tikintisindən, 1 mərtəbəli “B” tikintisindən, 2 mərtəbəli zirzəmi “C” tikililər və “D” tikilisindən, 1 mərtəbəli zirzəmi “E” tikilisində 1 mərtəbəli “F” tikilidən ibarət olan tikililərdər ibarətdir. Həmin tikililərdə məcburi köçkünlər yaşayır. Sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasının və yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquq qeydiyyata alınması üçün qanunvericiliyin tələblərinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1477/2019 saylı, 30.07.2019-cu il tarixli qərarı ilə (hakimlər V.Ağayev, C.Yusifov, A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1327/20196 saylı 19 mart 2019-cu il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmuş, iddia təmin olunmamışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-205/2020 saylı, 21 .01.2020-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, A.Hüseynov, İ.Dadaşov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1477/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş X7 və X24 oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin direktoru X12 (tərcüməçi X1 ilə) apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq, o, uzun müddətdir ki, Cəmiyyətin direktorunun olmadığını, bu səbəbdən əmlakın başqa şəxslər tərəfindən mənimsənildiyini, Cəmiyyət daxilində mübahisələrin olduğunu, bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiklərini qeyd etdi. İşin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş 13.04.2021-ci il tarixli, 009 №-li ərizədə qeyd edilmişdir ki, “Birliyin 2010-cu ildən sonra qurultayı həyata keçirilə bilmədiyindən cəmiyyətin prezidenti və idarə heyəti mövcud olmamış və ya səlahiyyətsiz olmuşdur. Bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin məktubları təsdiq edir. On ildən çox müddət ərzində Birliyin əmlakları səlahiyyəti olmayan şəxslərin qərarları ilə yad şəxslər tərəfindən israf edilmiş və mənimsənilmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədilə Cəmiyyətdə daxili audit komissiyası yaradılmışdır. Həmçinin “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi müvafiq məsələlərdə köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına və digər aidiyyəti qurumlara müraciət etmişdir. On ildən çox müddətə bərpa oluna bilməyən birlik Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin dəstəyi nəticəsində bərpa olunmuşdur.” Digər üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3535/2012 saylı, 25 iyul 2012-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçılar X9 aylıq əmək haqqı – 125 (yüz iyirmi beş) manat, X3 aylıq əmək haqqı – 85 (səksən beş) manat, X4 aylıq əmək haqqı – 80 (səksən) manat X10 aylıq əmək haqqı 80 (səksən) manat olmaqla, 2010-cu ilin aprel ayından başlayaraq qətnamə icra edilən günədək həmin əmək haqqının iddiaçılara ödənilməsi üçün ödənilməli olan cəmi pul məbləği “Azərbaycan Karlar Cəmiyyəti” X21 təşkilatının hesabına köçürülməsi qət edilməsi barədə məhkəmə qərarı icra olunması üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. - Səbail Rayon Məhkəməsinin 8(009)-1771/2014 saylı, 05 dekabr 2014-cü il tarixli qərardadının surətindən görünür ki, Səbail rayon İcra Şöbəsinin təqdimatı əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3535/2012 saylı, 25 iyul 2012-ci il tarixli icra sənədinin icası ilə əlaqədar borclu “Azəbraycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 339 kv.m təşkil edən ayaqqabı sexinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. - X16 hərrac nəticələri haqqında 65/07 nömrəli protokolundan görünür ki, sifarişçi Səbail rayon İcra Şöbəsi ünvan 3 ünvanında yerləşən ayaqqabı sexi 90000 (doxsan min) manat ilkin hərrac qiyməti ilə satışa çıxarmış, alıcı İddiaçı olmuş, əmlakın satış qiyməti isə 91150 (doxsan bir minyüz əlli) manat müəyyən edilmişdir. - 05 avqust 2015-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişi əsasında "xxxx" MMC və İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı “Azərbaycan Karlar Cəmiyyəti” İB-nə məxsus ünvan 3 ünvanında yerləşən ayaqqabı sexini 91150 (doxsan bir min yüz əlli) manata nəğd şəkildə almışdır. - Səbail Rayon Məhkəməsinin 8(009)-1771/2014 saylı, 16 avqust 2018-ci il tarixli qərardadının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 339 kv.m təşkil edən ayaqqabı sexinin üzərinə Səbail Rayon Məhkəməsinin 8(009)-1771/2014 saylı, 05 dekabr 2014-cü il tarixli qərardadı ilə qoyulmuş həbs götürülmüşdür. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 06 dekabr 2018-ci il tarixli, **********57 saylı məktubundan görünür ki, iddiaçının müraciətindən sözügedən əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, qeydiyyatdan keçməmiş daşınmaz əmlak barəsində bağlanan müqavilələrin qanunvericiliyə əsasən etibarsız sayılması səbəbi ilə imtina edilmişdir. - İşin apellyasiya icraatı zamanı “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Reyestrindən Çıxarışa əsasən – “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi – qeydiyyat tarixi – 10.09.1993-cü il; Hüquqi ünvanı – Bakı şəhəri, Azərbaycan prospekti; İcra orqanının səlahiyyət müddəti – 25.01.2026-cı il tarixinədək; üzvlərinin sayı – 465 üzv; Əvvəlki qanuni təmsilçi – X13; Hazırkı qanunu təmsilçi – X12; dəyişikliklərin qeydiyyat tarixi – 01.03.2021-ci il. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə əsasən əldə etdiyini bildirib hüququn qeydə alınmasını xahiş etmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 5 avqust 2015-ci il tarixli müqavilədə və 65/07 saylı protokolda əmlakın adı “Azərbaycan Karlar Cəmiyyəti” İB-yə məxsus ünvan 3 ünvanında yerləşən ayaqqabı sexi kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən adı çəkilən əmlakın həqiqətən “Azərbaycan Karlar Cəmiyyəti” İB-yə məxsus olması araşdırılmamış, “Azərbaycan Karlar Cəmiyyəti” İB işə cəlb edilərək əmlakın əvvəlki statusu barədə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Ali Məhkəmənin göstərişinə uyğun olaraq, “Azərbaycan Karlar Cəmiyyəti” İB və Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Eyni zamanda, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğular ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının iddia ərizəsinə əsasən xahiş etdiyi ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydə alınması və çıxarışın verilməsi tələbinə əsasən qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı olan bütün sənədləri, həmin qeyri-yaşayış sahəsinin kimin adına qeydiyyatda olması, dövlət mülkiyyəti və ya dövlət əmlakı olub-olmaması, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Karlar Cəmiyyətinə məxsus olub-olmaması, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Karlar Cəmiyyətinin adına verilmiş hüquqmüəyyənedici sənədlərin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış, **********16 №, 27.05.2021-ci il tarixli və **********02 №, 21.06.2021-ci il tarixli cavab məktublarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub dairəsi küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 339,0 kv.metr olan qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi barədə məlumatın daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (2.2-ci maddə). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.2-ci maddə). “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti çıxış edir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir (“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10.10.2000-ci il (№382) tarixli Fərmanına əsasən Qanunun qeyd olunan 8.1 və 15.1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir). Həmin Qanunun 29.5-ci maddəsinə əsasən «özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 saylı 23.07.2004-cü il tarixli əmri ilə ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 18.08.2004cü il tarixdə (№3078) qeydə alınmış «Azərbaycan Respublkasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydaları»nın 2.1-ci bəndinə (1-ci yarımbənd) görə özəlləşdirilmiş obyektə (əmlaka) mülkiyyət hüququnu təsdiq edən sənəd - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş şəhadətnamədir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini təsdiq edən belə bir şəhadətnamə məhkəməyə təqdim edilməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub dairəsi küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 339,0 kv.metr olan qeyri-yaşayış sahəsi qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-1(81)- 1327/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 339 kv.m olan qeyriyaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar