Məhkəmə qərarları › İş №2-1(103)-69/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-69/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-69/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X21 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı2 və onun nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X28 və digərləri cəlb edilməklə) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)- 2833/2023 nömrəli qərarından üçüncü şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zığ yolu küçəsi 22 “A" saylı yaşayış sahəsində yerləşən 22 nömrəli mənzilin yenidən qurulması zamanı artırılmış əlavə tikililərin X11 adına sənədləşdirilməsi ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamının ləğv edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində istifadədə olan 0,01098 ha torpaq sahəsində yerləşən 22A nömrəli yaşayış sahəsindən ibarət 1 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olmuşdur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Aparatının MKTD-nin xx.xx.2011-ci il tarixli sərəncamı ilə X7 - Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 22A saylı evin 23 saylı mənzilinin icarədarı hesab edilmişdir. H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən 21 fevral 2002-ci il tarixdə 2 otaqlı 23 saylı mənzilə order verilmişdir. "xxxx" Firması MMC tərəfindən fərdi yaşayış evinin eskiz layihəsi hazırlanmışdır. Bu mənzillərdən biri-22 saylı mənzil özəlləşdirilmiş, digər 23 saylı mənzil isə icarədə olmuşdur. İddiaçılara məxsus olmuş mənzillərin qarşısında 300 kv.metr torpaq sahəsi mövcud olmuşdur. xx.xx.2011-ci il tarixdə 22 saylı mənzili banka girov qoyaraq 34.000 manat məbləğində kredit götürmüşdür və kredit borcunu vaxtında ödəyə bilmədiyindən bankın əməkdaşı X9 adına girov qoyulmuşdur. Götürdüyü kreditlə həyat yoldaşının icarəsində olan mənzilin üzərində 3 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Borcu qaytara bilmədiyindən 2011-ci ildə qohumu X23 ilə satılması barədə razılığa gəlmişlər, lakin pulun qalan hissəsini ödəmədiyindən aralarında mübahisə yaranmış, X11 adına rəsmiləşdirildikdən sonra ödəyəcəyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə bağışlama müqaviləsi təsdiq edilmişdir. Bağışlama müqaviləsində 87 kv.metr yaşayış sahəsinin bağışlanması öz əksini tapmışdır, halbuki iki mənzil, yeni inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evi, 3 sota yaxın torpaq sahəsi onların istifadəsində olmuşdur və qeyri-qanuni yollarla X11 adına rəsmiləşdirilmiş, yeni ünvan verilmişdir. Bağışlama müqaviləsində 87 kv.m sahənin bağışlanması nəzərdə tutulmuşdur. Xətai rayon İcra Hakimiyyəti Başçısının 35 saylı, 02 fevral 2018-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililər X11 adına sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması nəzərdə tutulmuşdur. Xətai rayon İcra Hakimiyyəti Başçısının bu sərəncamı qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, bu səbəbdən ləğv edilməlidir. Belə ki, 23 saylı mənzilin aparılan əməliyyatlara heç bir aidiyyəti olmamışdır, özəlləşdirilməmiş, girov qoyulmamış, satışa çıxarılmamışdır. Onlar bu mənzilin kirayəçiləri olaraq qalır. Onlarla bağlanan müqavilə qüvvədədir, ləğv edilməmişdir və belə olan halda Ş.Əsgərova sərəncam verilməsi nə dərəcədə qanunidir. Onlar hal-hazırda da qeyd edilən və 22 saylı mənzilə aidiyyatı olmayan fərdi yaşayış evində yaşayırlar və uzun müddətdir ki, onların faktiki istifadəsindədir. Qanunsuz sərəncam əsasında onlara məxsus tikililər Ş.Əsgərovun adına qeyri-qanuni olaraq rəsmiləşdirilmiş, Zığ Yolu, 22 "F" ünvanı verilmişdir. Cavabdeh tərəf həmin tikililərin kimə aid olmasını araşdırmadan qanunun tələblərini pozmaqla sərəncam vermişdir və sərəncam verildiyi vaxt onların heç bir məlumatı olmamışdır. Ərizə ilə cavabdehə müraciət edərək sərəncamın ləğv edilməsini xahiş etmişlər, lakin heç bir tədbir görülməmişdir və xx.xx.2022-ci il tarixdə verilmiş cavabda məhkəmə qərarı əsasında həllini tapa bilməsi göstərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X28, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)-2833/2023 nömrəli qərarı (S.Salahova) ilə iddia təmin edilmiş, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin “Mövcud fərdi yaşayış evinin sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamı ləğv edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, İddiaçı1 həmin mənzili xx.xx.2011-ci il tarixdə banka girov qoymuş və 34.000 manat pul krediti götürmüş,ancaq krediti ödəyə bilmədiyindən mənzil bankın balansına keçirilmişdir. Ondan 5 il sonra yəni 2016-cı il 12 apreldə mübahisəli mənzil bağışlanma yolu Əsgərov Şahinin adına keçirilmiş və çıxarış alınmışdır ki, bu hal da iddiaçılara , yəni İddiaçı1, İddiaçı2 və ailə üzvlərinə məlum olmuşdur. Bu hal da iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməli olduğu halda məhkəmə iddia müddətini ötürülməmiş hesab etmişdir ki, bu da məhkəmənin qərəzli münasibətindən irəli gəlir. Halbuki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli 2(011)-6543/2016 saylı qətnaməsi ilə iddiaçı Əsgərov Şahinin iddiası təmin edilmiş və X29 mənzildən istifadə hüququnu itirmişdir ki, Əhədov Rövşənin nümayəndəsi qismində məhkəmədə hazırkı İddiaçı1 çıxış etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5386/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2, X29 və X17 Bakı şəhəri Xətai rayonu Zığ yolu 22F saylı evdən əşyaları ilə birlikdə çıxarılması və həmin evin onlar tərəfindən boşaldılması qət edilmiş, mülki işin icraatında iddiaçılar mübahisələndirilən Sərəncamın mövcudluğundan xəbərdar idilər. Məhkəmə öz qətnaməsində qeyd etdiklərinin ziddinə gedərək iddiaçı, İddiaçı1 və İddiaçı2 adına eyni tarixdə yəni, 21 fevral 2002-ci il tarixdə (məhkəmədə həmin orderlər təqdim edilmişdir) 2 order verilməsinə və orderlərdən iddiaçılardan İddiaçı2 adına verilmiş 528 saylı 21 fevral 2002-ci il tarixli orderin seriyasının əllə yazılmasına əhəmiyyət belə verməmiş, qəbul etdiyi qərarda bu hala hüquqi qiymət verməmişdir. Ancaq məhkəmə çox gözəl bilir ki, reyestrdən gələn bütün orderlərin nömrələri çap üsulu ilə vurulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 3-52-13/2-932/2023 saylı və 3-52-13/2-657/2023 saylı məhkəmənin sorğusuna cavab məktublarından o da görünür ki, ümumiyyətlə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 22A saylı evin 23 saylı mənzili mövcud olmamış və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentində xx.xx.2011-ci il tarixli 16/4 saylı Sərəncam verilməmişdir. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-69/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərardadı ilə, X30, X12, X10 və X18 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş digər iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçılar subyektiv hüquqa malikdir. Belə ki, mülki mühakimə icraatı qaydasında baxılan işlər üzrə qəbul edilmiş məhkəmə qətnamələrində aydın görünür ki, iddiaçıları müvafiq order əsasında, pasport qeydiyyatına düşməklə sözügedən ünvanda yaşamışlar. Son olaraq məhkəmə qətnamələri ilə sözügedən daşınmaz əmlakın mülkiyyətçisi X28 olduğundan onun iddia tələbi təmin edilmiş və hazırki iş üzrə iddiaçıların həmin ünvandan çıxarılması qət edilmişdir. Hazırda iddiaçılar Şahin Əsgərovun adına Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev kimi qeydiyyatdan keçmiş əmlakın əslində Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22a saylı evin 22 və 23 saylı mənzilləri olduğunu və həmin mənzillərin vahid əmlak kimi X11 adına qeydin aparılmasına əsas olan xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamın ləğv edilməsini xahiş edirlər. İddia müddəti ilə bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, işdə mübahisələndirilən sərəncamın iddiaçılara təqdim edilməsi, sərəncam qəbul edilərkən onların inzibati icraat zamanı dinlənilməsi barədə hər hansı məlumat mövcud deyil. Həmçinin həmin sərəncam xx.xx.2018-ci il tarixdə qəbul edilsə də, işdən görünür ki, iddiaçılar həmin mənzildə 2021-ci ilə kimi yaşamış, məhz mənzildən çıxarılmaya dair mübahisə üzrə mülki məhkəmə icraatı gedişində hazırkı sərəncamdan məlumatlı olmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-669/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından aydın görünür ki, sözügedən mülki mübahisə 2021-ci ildə başlamış və 2023-cü ilədək davam etmişdir. İddiaçılar isə hazırki tələblə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin sərəncamın mübahisələndirilməsi üçün prosessual müddət də ötürülməmişdir və iddia mümkün iddiadır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : İddia tələbinin qanuni əsasını “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən: - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir: 4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək; 4.11.11.1. təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək; 4.11.11.2. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək; 4.11.11.3. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək; 4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək; 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; 4.11.13. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: İnzibati işin hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyətində olan yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin vətəndaş X11 adına sənədləşdirilməsi və razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq hüquqi qeydiyyata alınmasına dair sərəncamın ləğv edilməsini xahiş etmişlər. Belə ki, işdə olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-669/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X28 cavabdehlər İddiaçı1, İddiaçı2, X19 və X24 qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22F-dən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5386/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2, X29 və X17 Bakı şəhəri Xətai rayonu Zığ yolu 22F saylı evdən əşyaları ilə birlikdə çıxarılması və həmin evin onlar tərəfindən boşaldılması qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2242/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1, İddiaçı2, X13 və X17 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5386/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2, X29 və X17 iddiaçı X11 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolunda yerləşən 22F saylı evdən əşyaları ilə birlikdə çıxarılması və həmin evin onlar tərəfindən boşaldılması, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun apellyatorlara aid edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev tam mülkiyyət hüququ üzrə X20 məxsusdur. Cavabdehlər isə hər hansı hüquqi əsas olmadan həmin evdə yaşayırlar. Cavabdeh İddiaçı1 apellyasiya şikayətində və izahatında həmin evin mübahisəli olduğunu bildirsə də, Şahin Əsgərov ev üzərində mülkiyyət hüququnu məhkəmə qaydasında mübahisələndirməmişdir. Cavabdehlər qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-669/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdehlər İddiaçı1, İddiaçı2, X29 və X33 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2242/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıların yaşadıqları mənzil mülkiyyət hüququ ilə Şahin Əsgərova məxsus olduğu üçün onların həmin mənzildən çıxarılması qət edilmişdir. İddiaçılar hazırda Şahin Əsgərovun adına Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev kimi qeydiyyatdan keçmiş əmlakın əslində Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22a saylı evin 22 və 23 saylı mənzilləri olduğunu və Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamına əsasən həmin mənzillərin vahid əmlak kimi X11 adına sənədləşdirilməsinə razılıq verildiyindən həmin mənzillərin 22F saylı fərdi yaşayış evi kimi Ş.Əsgərovun adına qeydə alındığını bildirməklə həmin qeydin aparılmasına əsas olan xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamın ləğv edilməsini xahiş edirlər. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı1 mülkiyyətində olan Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a ünvanında yerləşən 87 kv.metr sahəsi olan 22 saylı mənzil X2, sonuncu həmin mənzili X20 bağışlamış, daha sonra həmin mənzildə edilmiş yenidənqurmalar əsasında Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamına əsasən 611.2 kv.metr mənzil fərdi yaşayış evi kimi Şahin Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənzilə fərdi yaşayış evi kimi yeni ünvan verilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə dair sübutlara nəzər yetirir: -H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin AY Seriyalı 0337 nömrəli, 21 fevral 2002-ci il tarixli orderinin surətindən görünür ki, vətəndaş Əhədova Ş.Ş. və onun 3 nəfərdən ibarət ailə üzvləri (arvadı Mənsimova M.M., oğlulları Əhədov R.Ş., Əhədov R.Ş.) Zığ yolu küçəsindəki 22a saylı evdə yerləşən 1 saylı ailələr üçün yataqxananın yaşayış sahəsi 40,0 kv.metr olan 1 otaqlı 22 nömrəli mənzili tutmaq hüququna malikdir. Order H.Z.Tağıyev adına BTTB müdriyyəti və HİK-nin 2 saylı protokolu ilə rəsmiləşdirilmiş, xx.xx.2002-ci il tarixli birgə qərarına əsasən verilmişdir. -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-845/2008 nömrəli, 28 aprel 2008-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 iddiası təmin edilmiş və ünvan 4 ünvanda yerləşən ailəvi yataqxanasının 22 nömrəli mənzilinə dair İddiaçı1 ilə icarə müqaviləsinin bağlanması Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinə tapşırılmışdır. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2008-ci il tarixli, 144 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Zığ yolu küçəsində yerləşən 22a saylı evin, yaşayış sahəsi 40,0 kv.metr olan 1 otaqlı 22-ci mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) İddiaçı1 adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab olunmuşdur. -MH Seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,01098 ha torpaq sahəsində yerləşən 22A nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində, 87,0 kv.metr ümumi, 45,1 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 957 nömrəli reyestr kitabının 88840 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə ona ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir -xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı1 ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus Bakı şəhəri, ünvan 1-də yerləşən ümumi sahəsi 87 kv.metr olan mənzili X9 mülkiyyətinə vermişdir. -********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22A, 22 saylı mənzilə X9 xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. -02 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X25 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87 kv.metr, yaşayış sahəsi 45,1 kv.metr, yardımçı sahəsi 41,9 kv.metr olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə alan X20 bağışlamışdır. -Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş X1 sifarişi əsasında tərtib edilmiş ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan yaşayış evinin yenidən qurularkən aparılan əlavə tikililərin eskiz layihəsindən görünür ki, evin ümumi sahəsi 600,8 kv.metr, yaşayış sahəsi 233,9 kv.metr müəyyən edilmişdir. -Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyətində olan yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin vətəndaş X11 adına sənədləşdirilməsi və razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq hüquqi qeydiyyata alınması qərara alınmışdır. -********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ümumi sahəsi 611.20 kv.metr olan 22F saylı fərdi yaşayış evinə X11 xüsusi mülkiyyət hüququ qeydə alınmaqla xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış verilmişdir. İşin mübahisəli halı sözügedən daşınmaz əmlakın (611.2 kv.metr sahənin) daxilinə həmçinin İddiaçı2 ayrılmış Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a ünvanında yerləşən 23 saylı mənzilin də daxil edildiyi və Xətai rayon İcra Hakimiyyəti tərəfindən həm 22, həm də 23 saylı mənzilin birləşdirilərək yenidənqurma edilmiş tikinti kimi X11 adına sənədləşdirilməsi barədə qərar qəbul edildiyi ilə bağlıdır. Qeyd edilən mübahisəli halla bağlı məhkəmə kollegiyası aşağıdakı sənədlərə diqqət yetirir: - H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin AY Seriyalı 528 nömrəli, 21 fevral 2002-ci il tarixli Orderindən görünür ki, vətəndaş İddiaçı2 və onun 1 nəfərdən ibarət ailə üzvü Zığ yolu küçəsindəki 22a saylı evdə yerləşən yataqxananın yaşayış sahəsi 51,5 kv.metr olan 2 otaqlı 23 nömrəli mənzilini tutmaq hüququna malikdir. Order H.Z.Tağıyev adına BTTB müdriyyəti və HİK-nin 4 saylı protokolu ilə rəsmiləşdirilmiş, xx.xx.2002-ci il tarixli birgə qərarına əsasən verilmişdir. - Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2011-ci il tarixli 16/4 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Zığ yolu küçəsində yerləşən 22A saylı evin, yaşayış sahəsi 51,5 kv.metr olan 2 otaqlı 23-cü mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) İddiaçı2 adına icarə müqaviləsinin bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması qərara alınmışdır. Qeyd edilən order və sərəncam ləğv edilməmiş, qüvvədən düşməmiş, geri çağrılmamışdır. Belə olan halda işdən görünür ki, H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən xx.xx.2002-ci il tarixdə hər iki iddiaçıya 1 ədəd mənzil, yəni İddiaçı1 22 saylı, İddiaçı2 isə 23 saylı mənzil ayrılmışdır. İddiaçılardan biri İddiaçı1 22 saylı mənzili öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaqla sonradan özgəninkiləşdirsə də, digər İddiaçı2 ona ayrılmış 23 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamış və başqa şəxsin mülkiyyətinə vermişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı İddiaçı2 ayrılmış mənzilə dair sənədlərin əldə edilməsi üçün aidiyyəti qurumlara müvafiq sorğular göndərilmişdir. -Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, ünvan 7 saylı evin 23 saylı mənzili mövcud olmadığından və mənzilin sənədləşdirilməsi ilə bağlı İddiaçı2 tərəfindən mənzilə dair sənədlər əlavə edilməklə heç bir müraciət daxil olmadığından 2-1(112)-2833/2023 saylı inzibati işə əlavə edilmiş “Bakı şəhəri, Zığ yolu küçəsi, 22A saylı evin 23-cü mənzilinə İddiaçı2 adına icarə müqaviləsinin bağlanması haqqında” xx.xx.2011-ci il tarixli 16/4 saylı sərəncam Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən qəbul edilməmişdir. - Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti xx.xx.2023-cü il tarixli məktubunda təkrar göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 149 saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 266 saylı Sərəncamına əsasən Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2003-cü il tarixli, 785 saylı Sərəncamı ilə ünvan 7 ünvanında yerləşən 22 mənzildən ibarət keçmiş yataqxana binası balansa qəbul edilmişdir. ünvan 7 saylı evin 23 saylı mənzili mövcud olmamış və ona görə də, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən mənzilə dair xx.xx.2011-ci il tarixli 16/4 saylı sərəncam verilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin arxiv fondu üzrə xx.xx.2011-ci il tarixli 16/4 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Göründüyü kimi, Departament Bakı şəhəri, Zığ yolu küçəsində yerləşən 22A saylı evin, yaşayış sahəsi 51,5 kv.metr olan 2 otaqlı 23-cü mənzilinə İddiaçı2 adına icarə müqaviləsinin bağlanılması barədə xx.xx.2011-ci il tarixli sərəncamın onun tərəfindən qəbul edilmədiyini bildirmiş, həmin sərəncam dövlət arxivində aşkar edilməmişdir. Eyni zamanda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2003-cü il tarixli 78/5 saylı sərəncamla "xxxx" ASC-dən qəbul edilmiş mənzil fondu əvəzsiz olaraq Departamentin Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş, bu zaman 22a saylı yaşayış binasının 22 ədəd mənzili olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Zığ yolu küçəsi 22 saylı evin 23 saylı mənzilinin mövcud olması və İddiaçı2 həmin mənzildə yaşaması halı təkzib olunmur. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 02 may 2023-cü il tarixli, 90 nömrəli məktubundan görünür ki, mühəndislərin 133 saylı MKİS-nin işçiləri ilə birgə araşdırması zamanı yalnız ünvan 9 binanın 23-cü mənzilinə aid İddiaçı2 adına xx.xx.2022-ci il tarixli, 528 nömrəli order təqdim edilmişdir. Eyni zamanda keçən dövrlər ərzində 22 və 23-cü mənzillərdə əlavə tikinti işləri aparılmış mənzillərin sahəsi böyüdülüb 611,2 kv.metr olmuşdur. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-33781/23 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək ünvan 8 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, ünvan 9 binanın 23 saylı mənzili mövcud olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi həmin ünvanı qəbul edərək 2003-cü ildə İddiaçı2 həmin mənzilə qeydiyyata almış, mənzilin balanssaxlayıcısı olan 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi İddiaçı2 həmin ünvanda yenidənqurma işləri aparmaqla mənzilin sahəsinin 22 saylı mənzillə birlikdə böyüdülüb 611,2 kv.metr edildiyi barədə məlumatı məhkəməyə təqdim etmişdir. Bununla belə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ünvan 7 ünvanında yerləşən yataqxana binasının 22 mənzildən ibarət olması və 22A saylı evin 23 saylı mənzilinin mövcud olmaması barədə dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı iddiaçılar həm 22, həm də 23 saylı mənzilin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-845/2008 nömrəli, 28 aprel 2008-ci il tarixli qətnaməsində göstərilən yataqxanaya məxsus uşaq bağçasının həyətində olan çardaqdan rekonstruksiya edilmiş mənzillər olduğunu, sonradan isə H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin həmin mənzilləri order əsasında onların istifadəsinə verdiyini bildirmişdir. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-845/2008 nömrəli, 28 aprel 2008-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Zığ yolu 22a ünvanda yerləşən 1 saylı Uşaq bağçasında ümumi sahəsi 100 m2 olan fərdi yaşayış tikintisinə Mənzil Kommunal Departamenti ilə müqavilə bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, Departament isə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2003-cü il tarixli 78/5 saylı sərəncamı ilə H.Z.Tağıyev adına Toxucutikişsənaye Kombinatı» ASC-nin mənzil fondunun əvəzsiz olaraq departamentin Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat-Birliyinin balansına verildiyini, balansa qəbul edilmiş binalar içərisində Səhmdar Cəmiyyətin Bakı şəhəri, Zığ yolu 22a ünvanda yerləşən ailə yataqxanasının olduğunu, lakin iddiaçıya məxsus mənzil balansa qəbul edilmiş 2 mərtəbəli yataqxana binasında deyil, onun həyətində ayrıca tikili olduğundan iddiaçı ilə müqavilə bağlanılmasının mümkünsüz olduğunu bildirmişdir Həmin qətnamənin məzmunundan aydın olur ki, məhkəmə iclasında izahat verən "xxxx" ASC-nin nümayəndəsi X8 isə bildirmişdir ki, “Kombinatın uşaq bağçası kimi fəaliyyət göstərən ünvan 4 bina sonradan Kombinatda işləyən Azərbaycan Vətən müharibəsi veteranlarına verilməsi üçün ailə yataqxanasına çevrilməsi barədə Bakı şəhəri İcra Hakimyyətinə müraciət edilmiş və onların razılığı alındıqdan sonra həmin binada Kombinatda işləyən müharibə veteranlarına otaqlar paylanılmışdır. İddiaçı1 1987-ci ildən Kombinatda işləmiş və ailə vəziyyəti ağır olmuş, daimi yaşayış sahəsi olmadığından 4 ailə üzvü ilə birlikdə Azərbaycan Vətən müharibəsi veteranları birliyinin emalatxanasında məskunlaşmışdı. AVMVB-nin və onun özünün müraciətini nəzərə alaraq X6 Komitəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə yataqxananın həyətində olan çardaq rekonstruksiya edilib yaşaması üçün İddiaçı1 istifadəsinə verilmişdir. Kombinatın rəhbərliyinin köməyi ilə həmin çardaq əvvəlcə karton və taxtadan, sonra isə daşdan reksonstruksiya edilərək yaşayış üçün yararlı vəziyyətə salınmışdır. Həmin mənzilə 22 saylı nömrə verilmiş və Əhədov ailə üzvləri ilə birlikdə həmin ünvana qeydiyyata alınmışdır. İddiaçı1 Kombinat tərəfindən müvafiq order verilmişdir. Sonradan Kombinatın mənzil fondu, o cümlədən Zığ yolu, 22a ünvanda yerləşən ailə yataqxanası Bakı şəhəri MKTD-nin balansına verilmişdir. İddiaçı1 da 22 saylı mənzili həmin ailə yataqxanasına aiddir.” Göründüyü kimi, Departament daha əvvəl də İddiaçı1 adına qeydiyyatdan keçmiş 22 saylı mənzilin balansa qəbul edilmədiyini bildirsə də, sonradan məhkəmə qətnaməsinə əsasən həmin mənzilin İddiaçı1 verildiyi müəyyən edildiyində onunla icarə müqaviləsi bağlamalı olmuşdur. Qeyd edilənlərdən gəlinən qənaət ondan ibarətdir ki, 23 saylı mənzilin H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin balansında olan əmlak olub-olmamasından asılı olmayaraq həmin ünvanda, ünvanı “ünvan 12ənzil 23” kimi qəbul edilən yaşayış sahəsinin mövcud olması, Birliyin həmin mənzilə dair İddiaçı2 adına order verməsi, iddiaçının 2003cü ildən həmin mənzildə pasport qeydiyyatında olması və orada yaşaması işin mübahisəsiz halını təşkil edir. Hazırki iddia üzrə müəyyən edilməli hal, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 35 saylı sərəncam ilə təsdiqlənmiş layihənin tərkibində həmçinin İddiaçı2 qeydiyyatda olduğu 23 saylı mənzilin də daxil olub-olmaması ilə bağlıdır. İş materiallarından görünür ki, İddiaçı2 133 saylı Mənzil Kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş 23 saylı mənzilin sxemini təqdim etmiş, həmin sxemdə mənzilin yerləşmə forması “L” şəkilli olmaqla öz əksini tapmışdır, hansı ki, işdə olan Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq ediləm X1 sifarişi əsasında tərtib edilmiş ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan yaşayış evinin yenidən qurulması ilə bağlı aparılan əlavə tikililərin eskiz layihəsindən görünür ki, orada 133 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib edilmiş 23 saylı mənzilin sxeminində göstərilən otaqlar, yəni “L” şəkilli 23 saylı mənzil də öz əksini tapmışdır. Eyni zamanda həmin “L” şəkilli 23 saylı mənzil həmçinin sonra da Şahin Əsgərovun fərdi yaşayış evi kimi qeydiyyata aldırdığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ümumi sahəsi 611.20 kv.metr olan 22F saylı fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda da öz əksini tapmışdır. Həmçinin, apellyasiya icraatı zamanı, iş üzrə ətraflı araşdırma aparılması mqəsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və 21 aprel 2025-ci il tarixli 3-16-16/2- 10/1320/2025 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair ekpert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-4182/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, qeyd olunan ümumi sahəsi 611.2 kv.m fərdi yaşayış evi **********50-10301 reyestr nömrəsi ilə X15 (1/4 hissə) X5 (1/4 hissə), X4 (1/4 hissə) və X35 (1/4 hissə) qızının xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışda qeyd olunduğu kimi torpaq sahəsinin mülkiyyət növü dövlət, sahə üzərində hüququn növü isə istifadədir. Daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi texniki pasporta əsasən 274.9 kv.m olsa da, faktiki olaraq 342.5 kv.m təşkil edir. “Google Earth” təsvirinə əsasən mövcud tikili 2014 cü ildə inşa edilib. Qeyd olunan 2014-cü il tarixli "Google Earth" təsviri, həmçinin 2008-ci il tarixli ortofotoda müşahidə olunan tikilinin "Google Earth" təsviri mütəxəssis rəyinə əlavə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyindən də göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzildə aparılmış yenidən qurma ilə bağlı təqdim edilmiş layihədə qeyd edilən əlavə tikililər 2014 cü ildə yəni, 2016-cı il 12 aprel tarixindən əvvəl mübahisəli mənzilin bağışlanma yolu Əsgərov Şahinin adına keçirilməmişdən və çıxarış alınmamışdan daha öncə inşa edilibdir. Beləliklə, göstərilənlərə əsasən Ş.Əsgərovun yenidən qurma ilə bağlı tərtib editdiyi layihəyə 23 saylı mənzilin də daxil edildiyi və həmin layihə əsasında cavabdehin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncam ilə yenidən qurulmuş tikilinin Ş.Əsgərovun adına rəsmiləşdirilməsi barədə qərar qəbul etməsi tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, 23 saylı mənzil İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun adına order verilməsi, həmin mənzildə qeydiyyatda olmaqla yaşaması, Şahin Əsgərovun isə 23 saylı mənzilə hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd təqdim etməməsi belə qənaətə gəlməyə əsas verir ki, Ş.Əsgərovun 23 saylı mənzil də daxil edilməklə yenidən qurma ilə bağlı tərtib etdiyi layihə əsasında tikdiyi tikililərin rəsmiləşdirilməsinə dair Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamı qanunsuz olmuşdur. Məhkəmə kollegiyası iş materillarına və araşdırmanın nəticəsinə əsasən belə bir nəticəyə gəlir ki, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri qismində 50 manat cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)- 2833/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar