Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-690/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X5 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11086/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş İİ dərəcə əlillik qrupunun bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qiymətləndirildiyi 19 mart 2021-ci il tarixindən iddiaçıya İİ qrup əlilliyin təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12-13 yaşlarından epilepsiya xəstəliyindən əziyyət çəkir. İddiaçıya həmin ildən əlillik verilmişdir. İddiaçı İİ qrup əlil kimi hər beş ildən bir müayinə keçmiş və onun əlilliyi öz təsdqini tapmışdır. İddiaçı tibbi müayinədən keçmək üçün tibb müəssisinə müraciət etmişdir. İddiaçı epilepsiya xəstəsi kimi daim kənar şəxslərin nəzarətində olmaqla dərman qəbul edir. Hətta dərmanları ona dövlət hesabına pulsuz verilməsi barədə tibbi kartoçka əsasında əldə edir. İddiaçıya təyin olunan əlillik dərəcəsinin ləğvi və bu əsasla hesablanan pensiya məbləğinin kəsilməsi qanunsuzdur. 2021-ci ilin mart ayından onun pensiya ödənişləri tam dayanmışdır. Cavabdehə məxsus internet səhifəsəinə daxil olduqda ona dair cavabın mənfi olduğunu müəyyən etmişdir. Belə ki, həmin cavabda dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmləşdirilmiş göndərişin natamam doldurulduğu, iddiaçının Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində olmadığı qeyd edilmişdir. Əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə məlumat qrafasında isə imtinaya səbəb əlavə müailəcəyə ehtiyacın olması göstərilmiş, əlavə müalicə-ixtisaslaşdırılmış müailəcəyə ehtiyac var sözləri yazılmışdır. O cümlədən diaqnoz qrafasında «Dəqiqləşdirilməmiş ensefalopatiya. Ensefalopatiya, tez-tez təkrarlanan simpato-adrenal paraksizmlər və epileptiform gıcolma, tutmaları ilə. Ağırlaşma G40 Epilepsiya. Tez-tez baş verən simpato-adrenal paraksimlər və epileptiform gıcolma tutmalar (ayda 4-5 dəfə). Ağırlaşma F48.0. Nevrasteniya, Asteno-nevrotik sindrom yanaşı xəstəliklər M50.1. Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Boyun fəqərələrin osteoxondrozu daimi ağrı sindromu ilə, yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arterial hövzədə qan dövranın pozğunluğu, yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip orta ağır forma, yanaşı xəstəliklər F45.3. Vegetativ sinir sisteminin somatoform disgunksiyası, NSD hipertonik tipli» kimi sözlər qeyd olunmuşdur. Hazıda iddiaçıda olan xəstəliyin müalicə olunaraq sağalması mümkün deyildir. Cavabdehin imtinası əsassızdır. Belə ki, heç bir araşdırma aparılmadan belə bir cavab verilmişdir. İddiaçı dəfələrlə əlillik dərəcəsinin bərpa olunması üçün müraciət etmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında iddiaçının xəstəliyi qeyd olunmuşdur (G40, E11, M42, M50.1, F45.3). Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-11086/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, 07 mart 2023-cü il tarixli göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinə baxılmış və “Göndəriş natamam doldurulduğundan və Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəbruhi xəstələrin reyestrində yoxdur” səbəbindən əlilliyin təyinindən imtina edilmişdir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Göründüyü kimi, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin inzibati orqan tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların pozulduğu müəyyən olunur. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki: - iddiaçının əlillik vəziyyəti xx.xx.2014-cü ildə qiymətləndirilmiş, səbəbi ümumi xəstəlik, ilkin, 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Ensefalopatiya tez-tez baş verən simpatoadrenal tipli paroksizmlərlə qıcolma tutmaları ilə. - iddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş, səbəbi ümumi xəstəlik ilə əlaqədar, təkrar, 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Ensefalopatiya tez-tez baş verən simpatoadrenal tipli paroksizmlərlə qıcolma tutmaları ilə. - iddiaçıya xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya.tez-tez təkrarlanan simpato-adrenal paraksizmlər və epileptiform qıcolma tutmaları ilə. Ağırlaşma G40 Epilepsiya, Tez-tez baş verən simpato-adrenal paraksimlərlər və epileptiform qıcolma tutmalar (ayda 4-5 dəfə). Ağırlaşma F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun fəqərələrin osteoxondrozu daimi ağrı sindromu ilə. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arterial hövzədə qan dövranın pozğunluğu. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip orta ağır forma. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, NSD hipertonik tipli. İmtina səbəbi - Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmənin qərardadına əsasən İddiaçı əyani müayinə olunmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli T598/2024 saylı ekspert rəyində qeyd edilir: 1978-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 2 nömrəli X3 tərəfindən X1 10 kodu tərtib edilmiş xx.xx.2023-cü il tarixli F00080478TZG saylı Forma 088 göndərişində qeyd edilmiş “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Koqnutiv funksiyaların zəifləməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 2-4 dəfə). F06.7- Yüngül koqnutiv pozuntu. Baş beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Koqnutiv funksiyaların zəifləməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 2-4 dəfə). G40- Epilepsiya. Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 2-4 dəfə)” diaqnozu xəstənin anamnestik, kliniki, laborator, instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış, onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü ildə ilkin olaraq ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Ensefalopatiya tez-tez baş verən simpatoadrenal tipli paroksizmlərlə qıcolma tutmaları ilə). Daha sonra iddiaçıya xx.xx.2016-cı ildə təkrar olaraq ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Ensefalopatiya tez-tez baş verən simpatoadrenal tipli paroksizmlərlə qıcolma tutmaları ilə). Sonradan cavabadeh tərəfindən xx.xx.2021-ci ildə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə iddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Əlillik altsistemindən çıxarışa əsasən iddiaçı xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərində müayinə olunmuşdur. Bununla bağlı qərarın (nəticənin) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən edilmir və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik altsistemdən çıxarışlara əsasən iddiaçıda müəyyən edilmiş diaqnoz iddiaçıya xx.xx.2014-cü ildə əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla eynidir. Bundan başqa, məhkəmə tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli T598/2024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Koqnutiv funksiyaların zəifləməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 2-4 dəfə). F06.7- Yüngül koqnutiv pozuntu. Baş beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Koqnutiv funksiyaların zəifləməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 2-4 dəfə). G40- Epilepsiya. Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 2-4 dəfə)” diaqnozu iddiaçının anamnestik, kliniki, laborator, instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış, onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. İddiaçıda əlilliyin təyin olunmasına əsas verən qeyd olunan xəstəliklərin olmasına və həmin xəstəliklərlə bağlı illər ərzində stasionar (o cümlədən ixtisaslaşdırılmış tibb müəssisələrində) və mütəmadi olaraq ambulator müalicələrdə olmasına baxmayaraq, əlilliyin növbəti müddətə xx.xx.2021-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11086/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-690/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-690/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver