Məhkəmə qərarları › İş №2-1(103)-691/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-691/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-691/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-4864/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 19.06.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Göyçay şəhərində anadan olmuşdur. 19.06.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, o, 19.06.2022-ci ildə yenidən qiymətləndirilmədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “sənədlərlə təsdiqlənmiş spazm ilə müşaiyət olunan stenokardiya. ÜİX, stabil gərginlik stenokardiyası FS İİİ tez-tez tutmalarla. Durğunluq ürək çatmamazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, ən yüksək risk. Ürək çatmamazlığı. Üç İİİ, mədəik ekstrasistologiyası” qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, DSMF tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraicətə cavab olaraq bildirilmişdir ki, ona məxsus müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən X6 etibarsız edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə, cavabdeh inzibati orqan əlilliyinin etibarsız hesab edilməsi üçün DİN Tibb İdarəsi tərəfindən göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu ona təqdim etməmişdir. Bundan başqa, ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra ona nəhayət ki, bir məlumat verilmişdir. Cavabdehin hərəkətləri əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABKE saylı göndərişi əsasında 19.06.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 029-283- 1219/5 nömrəli, 28.01.2019-cu il tarixli məktubu ilə, 13 nəfərin, o cümlədən iddiaçının Daxili İşlər Nazirliyinə aidiyyatı olmadığına görə ona rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar İddiaçı əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəsissəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABKE saylı göndərişi əsasında 19.06.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azəbraycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AABKE sayılı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlilliyi etibarsız edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4864/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən forma 88-də hansı məlumatların yazıldığını, onların həqiqətə uyğun olub-olmamasını araşdırmadan qərarda Sumqayıt şəhər 3 nömrəli xəstəxanası tərəfindən tərtib edilmiş epikrizlərə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21.08.2020-ci il tarixdə, **********348300 nömrəli “Müraciətə baxılması haqqında” məktubuna, Azərbaycan Respublikası DİN Tibb İdarəsinin 1 nömrəli poliklinikası tərəfindən iddiaçının adına açılmış 509 nömrəli tibbi kitabçaya istinad edir. Əvvəla, forma 88-də iddiaçının 13.06.2017-ci il tarixdə saat 13:30-da Sumqayıt şəhər 3 nömrəli Xəstəxanasına daxil olub, 21.06.2017-ci il tarixdə, saat 11:00-da xəstəxanadan çıxması qeyd olunmamışdır. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər göndərişdə qeyd edilmiş məlumatlarla eynilik təşkil etmir. Bundan başqa məhkəmənin istinad etdiyi sənədlərə nəzər salanda görürük ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21.08.2020-ci il tarixdə, **********348300 nömrəli “Müraciətə baxılması haqqında” məktubundan görünür ki, dövlət vergi orqanları əməkdaşlarının tibbi müayinə və müalicəsinin hansı tarixdən hansı tarixədək həyata keçirilməsi barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19 mart 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin 20.02.2008ci il, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmışdır. Nazirliyin digər strukturlarında qeyd olunan əmrin tələblərindən irəli gələn tədbirlərin icrası həmin strukturların rəhbərlərinə tapşırılmışdır. Azərbaycan Respublikası DİN TİBB İdarəsinin 1 nömrəli poliklinikası tərəfindən iddiaçının adına açılmış 509 nömrəli tibbi kitabçadan görünür ki, İddiaçı (doğulduğu il: 1962; iş yeri: Vergilər Nazirliyi ünvan 1 ünvanı: 2 ci Alatava 70 B) 08.04.2005-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 nömrəli poliklinikasında tibbi kitabça açılmışdır. O mütəmadi olaraq, həmin poliklinikada müayinlərdən keçmişdir. Məktubun məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında yalnız Vergilər Nazirliyinin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri nəzərdə tutulub. İddiaçı isə Vergilər Nazirliyinin mərkəzi aparatının deyiİ, Bakı şəhəri 2 saylı Vergilər İdarəsinin əməkdaşı olubdur. Digər tərəfdən məhkəmə iddianı təmin etmək üçün sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsindən aldığı 04.07.2020-ci il tarixli, 029-158-1220 nömrəli məktubda qeyd olunanları nəzərə almamışdır. Belə ki, həmin məktubda açıq şəkildə qeyd olunur ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X1 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. Məktubda göstərildiyi kimi İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı halda adına forma 88 göndərildiyi kimi, eyni qaydada da barəsində 509 nömrəli tibbi kitabça tərtib edilə bilərdi. Ona görə iddiaçının məhkəməyə təqdim etdiyi 509 nömrəli tibbi kitabça mötəbər sübut kimi qəbul edilə bilməz. Əgər həqiqətən iddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Tibb İdarəsinin poliklinikasında qeydiyyatda olaraq müalicə alsaydı 04.07.2020-ci il tarixli, 029-158-1220 nömrəli məktubda bu barədə bildirilərdi. Məhkəmə həmçinin qərarda qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamədə şəxsə təyin edilmiş əlilliyin sonradan göndərişin əsassız hesab edilməsi əsası ilə əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasında qeyd olunur ki, Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçıya Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AABKE saylı göndərişi əsasında 19.06.2017-ci il tarixdə ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin, sonradan cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 029-283-1219/5 nömrəli, 28.01.2019-cu il tarixli məktubu ilə qiymətləndirməyə əsas verən 4110003AABKE saylı göndəriş əsassız hesab edildiyindən, əlillik altsistemində etibarsız hesab edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Tibb İdarəsi tərəfindən verilmiş cavabda bildirilmişdir ki, göndərişin əsassız hesab edilməsinə səbəb, İddiaçı daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur. Lakin, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19 mart 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin 20.02.2008-ci il tarixli, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə birdəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmış, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 nömrəli poliklinikasında 08.04.2005-ci il tarixdən qeydiyyatda olmuş, onun adına 509 nömrəli tibbi kitabça açılmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********5 nömrəli, 11.03.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 4110003AABKE saylı göndərişi əsasında 19.06.2017-ci il tarixdə qiymətləndirilmiş, ümumi xəstəlik ilə əlaqədar beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABKE saylı göndərişin əsassız verilməsi barədə məktubu əsasında onun əlilliyi barədə müayinə **********6 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız edilmişdir. İddiaçının hüquqları yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcəli əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçıya DİN Tibb İdarəsinin 4110003AABKE saylı göndərişi əsasında 19.06.2017-ci il tarixdə ümumi xəstəliklə əlaqədar, 5 il müddətinə təyin edilmiş İİ qrup əlillik dərəcəsinin etibarsız hesab edilməsi üçün mötəbər əsaslar müəyyən edilmədiyindən, əlilliyin göndərişin etibarsız hesab edilməsi əsası ilə X6 etibarsız hesab edilərək ləğv edilməsi barədə cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Əsasnaməsinin 3-cü bəndi Xidmətin vəzifələrini əks etdirir. Həmin vəzifələrdən biri 3.1.2-ci bəndə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etməkdən ibarətdir. “Tibbi-sosial Ekspert Komissiyası haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 5.3-cü bəndinə əsasən həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslər təkrar müayinəyə cəlb edilir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və haqlı olaraq hesab etmişdir ki, elektron sistemə nəzarət edilməsi, onun idarə edilməsi və s. bu kimi səlahiyyətlərin cavabdehə məxsus olduğu nəzərə alınaraq iddiaçı sonuncu müayinənin nəticələrinə əsasən əlil kimi tanındığından, ona 19.06.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsi də məhz cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4864/2020 saylı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar