Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-692/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2004-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməsi haqqında iddiaçıya diplom verilmişdir.
2. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında (təhsil aldığı xarici ölkədə) ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Cavabdeh imtinanın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 3.7-ci bəndinə istinad etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 5 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən bu günədək, yəni 25 ilə yaxın bir müddətdə ixtisası üzrə bank sektorunda, müxtəlif mötəbər təşkilatlarda çalışmış, bilik, bacarıq, təcrübəsi ilə həm işlədiyi qurumların etimadını qazanmış, həm də öz peşə bacarığını, təcrübəsini artıraraq vəzifələrdə irəli çəkilmişdir. O, 2002-ci il sentyabrın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində bağlanmış Əməkdaşlıq protokolu və Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil sənədləri, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında Sazişi, ölkə başçısının təhsil sahəsində apardığı uğurlu, köklü islahatlar nəticəsində ali məktəblərdə yaranan şəffaf mühiti nəzərə alaraq, 2004-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməsi haqqında iddiaçıya diplom verilmişdir (Protokol №20, xx.xx.2009-cu il).
6. 2011-ci ildə həmin Universitetin adı dəyişdirilərək Rusiya Dövlət Sosial Universiteti adlandırılmışdır.
7. İddiaçı həm Kollec, həm də Universitet diplomu ilə öz əmək fəaliyyətini davam etdirmiş, işində əldə etdiyi bilik, bacarıq, təcrübəsi ilə müəyyən uğurlar qazanmışdır.
8. 2 il öncə xarici dövlət tərəfindən verilmiş diplomların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları»na əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiq edilməsinin zəruriliyini bildikdən sonra o, Agentliyə müraciət etmiş və müəyyən olunmuş bütün prosedurlardan, o cümlədən, yazılı və şifahi müsahibələrdən müvəffəqiyyətlə keçmişdir. Diplomumun apostil olunması üçün isə, 2019-cu ildə Moskva Şəhər Təhsil və Elm Departamentinə müraciət etmişdir. 3 – 4 ay ərzində ciddi araşdırmalar apararaq iddiaçının həqiqətən də qeyd olunan Universitetdə təhsil almasını, eləcə də, təhsil ocağını bitirməsi haqqında ona diplom verilməsi faktını müəyyən etdikdən sonra diploma 2019-cu il noyabr ayının 7- də həmin Departament tərəfindən apostil vurulmuşdur. Departamentlə razılıq əsasında Universitet rəhbərliyi həmin təhsil ocağının adı 2011-ci ildə dəyişdirildiyindən, gələcəkdə problemlə üzləşməmək, çətinliklər yaşamamaq üçün iddiaçıya 2009-cu ildə Bakıda təqdim olunmuş köhnə diplom əvəzinə yeni diplom – dublikat verilmişdir (Rusiya Federasiyası Dövlət Sosial Universiteti mütəxəssis diplomu № 107724 11778851, qeydiyyat nömrəsi 1266, verilmə tarixi 27 sentyabr 2019-cu il). Bununla belə, iddiaçıya diplomun Universitetin 2009-cu il 20 fevral tarixli 20 nömrəli protokoluna əsasən verilməsi də diplomda öz əksini tapmışdır. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (noştrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndi əsas götürülərək, iddiaçının təhsil illərində heç bir zaman Rusiya Federasiyasında (təhsil aldığı xarici ölkədə) olmaması və bununla da diploma əlavədə qeyd olunan tədris yükünü guya yerinə yetirməsinin qeyri-mümkünlüyü səbəbindən diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsinə dair müraciətinə cavab olaraq 11 fevral 2021-ci il tarixdə imtina qərarı qəbul olunmuşdur.
9. Yuxarıda adıçəkilən Qaydaların 3.7-ci bəndində diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi üçün təhsil aldığın xarici ölkədə olmaqla bağlı hər hansı bir müddəa mövcud deyil. Digər tərəfdən, bir daha vurğulanmalıdır ki, o, Rusiya Federasiyasında deyil, Rusiya Federasiyası Dövlət Sosial Universitetinin Bakıda fəaliyyət göstərən filialında təhsil almışdır. Bunun üçün vaxtilə Moskvaya getməsi ilə bağlı hər hansı bir ehtiyac olmamışdır. Bunu, onunla bir yerdə təhsil alan tələbə yoldaşları da təsdiq edə bilər.
10. İddiaçı hesab edir ki, diplomun ölkədə tanınması üçün xarici universitetin (Rusiya Dövlət Sosial Universiteti) Bakı filialında təhsil alan tələbədən tədris yükünün guya yerinə yetirilməsinin qeyri-mümkünlüyü və onun xaricdə ümumiyyətlə olmamasını əsas kimi göstərmək absurd məsələdir, heç bir məntiqə sığmır. Eyni zamanda, vurğulamaq yerinə düşər ki, Universitetdə təhsil zamanı iddiaçının tədris yükünü nə dərəcədə yerinə yetirməsi, tədris olunan fənlərin hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi cavabdehin deyil, təhsil aldığı müəssisənin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aiddir və iddiaçı bu mərhələni artıq 12 il öncə başa vurmuşdur.
11. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (noştrifikasiyası) Qaydaları»nın 2.3-cü bəndində ali təhsil sahəsində ixtisasların tanınması üçün yalnız aşağıda qeyd edilənlərin olmasının zəruriliyi barədə deyilir: Ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; Təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdə nəzərdə tutulması. Bu da, öz növbəsində diplomun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2 mart 2021-ci il tarixli Ə-43/03-TKTA qeydiyyat nömrəli imtina məktubunun Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara zidd olmasına, eləcə də cavab məktubunun heç bir hüquqi əsasının olmamasına dəlalət edir.
12. Bundan əlavə, iddiaçı Rusiya Dövlət Sosial Universitetinin Bakı filialında təhsil almışdır. Yəni, filial Moskvada və ya Rusiya Federasiyasının digər şəhərlərində yox, məhz Bakı şəhərində (Təhsil Nazirliyinin yaxınlığında) fəaliyyət göstərmişdir. Bu isə o deməkdir ki, təhsil müddəti ərzində ölkə sərhədini keçməyə belə ehtiyac, heç bir zərurət olmamışdır.
13. İddiaçı hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu formal, əsaslandırılmamış imtina qərarı bir qayda olaraq, məntiqsiz, ədalətsiz, əsassız olduğu üçün ləğv edilməlidir. Əslində, cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsində təsbit olunmuş təhsil almaq hüququnu pozmuş, onu xəyal qırıqlığına uğratmış, ona mənəvi zərbə vurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə zəmanət verir.
14. Qeyd edilən təhsil ocağı heç də Rusiya Federasiyasının hansısa ucqar əyalətindəki özəl Universitetlərdən biri deyil, məhz Rusiya Federasiyasının paytaxtında, Moskva şəhərində aparıcı dünya dövlətlərinin mötəbər ali təhsil ocaqlarının tanıdığı və əməkdaşlıq etdiyi nüfuzlu, mötəbər bir Universitetdir. Məhz, bu səbəbdən Bakı şəhərində onun filialı açılmışdır. Həm də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtina üçün istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarının qəbul olunduğu bir vaxtda. Nüfuz etibarı ilə bu, Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərlə müqayisə olunmayacaq dərəcədə mötəbər təhsil ocağı kimi tanımır. İddiaçıya həmin Universitet tərəfindən verilən diplom dünyanın böyük dövlətlərindən olan Rusiya Federasiyasının bütün nöqtələrində, eləcə də, əksər dünya dövlətlərində keçərli olduğu təqdirdə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həmin diplomu tanımaqdan imtina etməsi nə dərəcədə doğru, ədalətlidir. Onların bu hərəkəti yalnız təəccüb, təəssüf, gülüş doğurur. İddiaçı iki ilə yaxındır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də öz ixtisası üzrə çalışır və istəyir ki, gələcəkdə iş fəaliyyətində müəyyən uğurları, irəliləyişləri olsun. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu imtina qərarı ilə onun bütün arzularının, gələcək perspektivlərinin üstündən xətt çəkir. Hərçənd, istər Bakıda kollecdə, istərsə də Universitetdə aldığı biliklər, həyat yolları da ona gərəkli olub. Lakin 25 ildə təcrübədə qazandığı biliklər isə qat-qat üstün olmuşdur. Belə bir vəziyyətdə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomu tanımaqdan imtina etməsi onun bilik və bacarığıma kölgə salmaqdan başqa bir şey deyildir. Azərbaycan Dövləti Rusiya Federasiyasının ali məktəblərində azərbaycanlıların təhsil almalarına daim böyük diqqət yetirir, lazımı şərait yaradır. Məhz bu məqsədlə ölkə başçısının şəxsi təşəbbüsü ilə Bakıda M. Lomonosov adına Moskva Dövlət Universiteti və Seçenev adına X6 Universitetinin filialları açılmışdır. İddiaçı da zamanında Rusiya Dövlət Sosial Universitetinin Bakıdakı filialında təhsil almışdır. Bu onun haqqıdır, uzun illər ərzində çəkdiyi zəhmətin bəhrəsidir. Bu haqqı, bu zəhmətini heç kim onun əlindən ala bilməz, bu yolverilməzdir. İddiaçı qanuni olaraq, Universitetin bütün tələblərinə, dərs proqramlarına, tədris normativlərinə və yükünə uyğun təhsil almış, Dövlət İmtahan Komissiyasının qərarına əsasən müvafiq diploma yiyələnmişdir. Bu diplom Rusiya Federasiyası kimi tarixi ənənələri olan dövlətin aparıcı və tanınmış Universiteti, eləcə də Moskva Şəhər Təhsil və Elm Departamenti tərəfindən tanınmış, təsdiq olunmuş, apostilizasiyadan keçmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu qanuni diplomu tanımaqdan imtina etməsi isə heç bir məntiqə, ədalətə, vicdana sığmır.
Cavabdehin etirazları:
15. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Agentlik İddiaçı müraciətinə baxaraq, həmin ölkədə ümumiyyətlə olmadığından onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkün olduğu və aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün ona müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, təqdim edilmiş diplom üzrə ixtisasının «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyrimümkün hesab edilmişdir.
16. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən – qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın, habelə Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş «Avropa regionu üzrə tanınma Təlimatı»nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəaları nəzərə alınaraq, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarı ilə iddia rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı X7 Universitetinin Bakı filialında 2004 – 2009-cu illərdə təhsil alsa da, həmin filial təhsil müəssisəsi kimi nə dövlət qeydiyyatı, nə də müvafiq lisenziya alması barədə aidiyyəti orqanlarda məlumatlar aşkar edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının həmin təhsil müəssisəsi tərəfindən verilmiş diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasından imtina etməkdə haqlı olmuşdur və bu imtina qanuna zidd qiymətləndirilə bilməz.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2- 1(103)-1131/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1555/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2- 1(103)-1131/2023 saylı qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
e) Apellyasiya şikayətinin dəlilləri
25. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı ilə eyni məzmunda əsaslandırılmışdır.
ə)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ö) Proses iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iddiaçı və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.
28. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
29. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21 Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydası”nın: 3.7-ci bəndinə əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda ixtisasın ekvivalentliyinin müəyyən edilməsindən imtina edilə bilər.
31. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:
15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur;
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.
36. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.
37. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
38. Birinci instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Rusiya Dövlət Sosial Universitetinin Bakı filialının təhsil müəssisəsi kimi nə dövlət qeydiyyatı, nə də müvafiq lisenziya alması barədə aidiyyəti orqanlarda məlumatlar aşkar edilmədiyindən, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamış və birinci instansiya məhkəməsi də haqlı olaraq iddianın təmin edilməməsi barədə yekun nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
40. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-882/2023 saylı qərarında analoji mübahisə təhlil edilmiş və vətəndaşın xeyrinə qərar qəbul olunmuşdur. İddiaçı hesab edir ki, həmin təcrübə ona da tətbiq edilməlidir.
41. Qeyd edilməlidir ki, həmin iş üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə “...qeyd edilən Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə, Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır”.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati həmin qərarında, həmçinin qeyd etmişdir ki, “...Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-05-333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki, ...Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.”
43. Bundan başqa, həmin qərarda, həmçinin qeyd edilir ki, “...Universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır.” 44..Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi isə həmçinin ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni vaxtda və eyni qaydada təhsil almış digər şəxslərin diplom üzrə ixtisasının ölkə ərazisində tanınıbtanınmamasına dair, habelə analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-882/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla araşdırma aparmamışdır. 45.Yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər baxımından cavabdehə göndərilmiş məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli, 2-1(103)-692/24 saylı cavabından və ona əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Agentliyin elektron bazasına yenidən verilmiş sorğuya əsasən Moskva Dövlət Sosial Universiteti üzrə inzibati icraat yekunlaşmış ümumilikdə 126 nəfərə tanınma haqqında şəhadətnamələr, 114 nəfərin müraciəti haqqında isə imtina qərarı verilmişdir ki, bu imtina qərarlarının da hamısında səbəb təhsilalanın qanunsuz filialda tədris prosessində iştirakı olmamışdır.
46. Yeni apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-882/2023 saylı qərarında analoji mübahisə üzrə işin faktiki halları ilə eynilik təşkil edir. 47.Məhkəmə Kollegiyası işin bu halını, məhkəmə sorğusuna cavabdehinxx.xx.2024cü il tarixli, 2-1(103)-692/24 saylı cavabını və ona əlavə olunmuş sənədləri (siyahı) nəzərə almaqla “İnzibati İcraat haqqında” Qanunun 12.1, 12.2-ci maddələrinin tələblərindən çıxış edərək hesab edir ki, həmin təcrübə iddiaçıya da tətbiq edilməlidir. 48.Belə ki, “İnzibati İcraat haqqında” Qanunun tələblərinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 49.Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarı ləğv olunsun. İddia təmin edilsin. Cavabdehin imtinası əsassız sayılsın, diplom üzrə ixtisasın tanıması və iddiaçıya ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.