Məhkəmə qərarları › İş №2-1(103)-693/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-693/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-693/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə. İddiaçı Mail qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı təhsil müəssisəsinə yerləşdirilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2-1(112)-1182/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2-1(112)-1182/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Mail qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona bitirdiyi təhsil müəssisəsinin diplomunun verilməsi, bunun mümkün olmadığı halda ali təhsilinin davam etidirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının ali təhsilinin digər ali təhsil müəssisəsində davam etdirilməsinin təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin “İbtidai metodika” ixtisasının qiyabi şöbəsinə qəbul olunmuşdur. Lakin Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri əmr imzalamışdır. Bu səbəbdən diplomu almaq mümkün olmamışdır. Təhsil aldığı müddətdə təhsil haqqı onun tərəfindən ödənilmişdir. Ödənişi təsdiq edən qəbzlər mövcuddur. Onun Təhsil Nazirliyinə Azərbaycan Beynəlxalq Universitetinin diplomunun verilməsi ilə bağlı müraciətinə cavab olaraq, həmin universitetin Təhsil Nazirliyində olan arxivində onun adına diplomun aşkarlanmadığı bildirilmişdir. Təhsilini başqa ali təhsil müəssisələrinin birində davam etdirilməsi ilə bağlı ərizəsinə cavab olaraq, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərinin davam etdirilməsi üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısının tərtib edilməsi və həmin siyahıda onun adının olmadığı bildirilmişdir. Lakin həmin siyahılar hazırlanarkən hansı qanunlar və digər normativ hüquqi aktlara istinad olunması göstərilməmişdir və hansı əsaslara görə onun adının həmin siyahiya daxil edilməməsi barədə məlumat verilməmişdir. Onun müraciəti əsaslandırılmadan ona imtina cavabı verilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin “İbtidai metodika” ixtisasının qiyabi şöbəsinə qəbul olunmuşdur. Lakin, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri əmr imzalamışdır. Bu səbəbdən diplomu almaq mümkün olmamışdır. Təhsil aldığı müddətdə təhsil haqqı tərəfimdən ödənilmişdir. Ödənişi təsdiq edən qəbzlər mövcuddur. Təhsilini başqa ali təhsil müəssisələrinin birində davam etdirilməsi ilə bağlı ərizəsinə cavab olaraq, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərinin davam etdirilməsi üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısının tərtib edilməsi və həmin siyahıda onun adının olmadığı bildirilmişdir. Hansı əsaslara görə adının həmin siyahiya daxil edilməməsi barədə məlumat verilməmişdir. Əsaslandırılmadan ona imtina cavabı verilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən qərarını onun ali təhsil müəssisəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmamağı ilə əsaslandırmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nin 2.1-ci bəndinə istinad edərək, bütün ali təhsil müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X13 Dövlət Komissiyasını tərəfindən həyata keçirilməsini qərarında qeyd etmişdir. Halbuki, o, ali təhsil müəssisəsinə 2005-ci ildə qəbul olunarkən və 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılarkən, Təhsil Nazirliyi tərəfindən təhsillərinin davam etdirilməsi üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilərkən Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarı qəbul edilməmişdir. Həmin qərar 2011-ci ildə qəbul olunmuşdur. Bundan əlavə məhkəmə iddia tələbini rədd edərkən Təhsil Nazirliyinin 18-18-38/12 nömrəli, 29.07.2020-ci il tarixli məktubu və məktuba əlavə edilmiş əmrlərin surətinə istinad etmişdir. Həmin əmrlərin surətlərindən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Universitetinin “Pedoqoji” fakültəsini bitirmiş və dövlət imtahanlarını müvəffəq qiymətlərlə başa vurduqlarına görə ali məktəbi bitirmiş hesab edilmələri və onlara bakalavr pilləsi üçün diplomun verilməsi əmr edilmiş məzunların siyahısında onun adı olmamışdır. Lakin o, anası rəhmətə getdiyi üçün dövlət imtahanlarında iştirak edə bilməmişdir. Daha sonra 03.05.2010-cu il tarixli ərizə ilə təkrar Dövlət Attestasiya imtahanlarında iştirak etməyinə icazə verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Məhz ona görə onun adı həmin siyahıda aşkar edilməmişdir. Lakin bu o demək deyildir ki, o, həmin universitetdə təhsil almamış və ali təhsilini davam etdirmək üçün digər ali təhsil müəssisəsinə köçürülməyə hüququ yoxdur. Belə ki, təhsil almağını təsdiq edən məhkəməyə təqdim edilmiş təhsil müəssisəsi ilə bağlanmış müqavilə və mədaxil qəbzləri, tələbə bileti kimi mötəbər sübutlar mövcuddur. Lakin əfsuslar olsun ki, məhkəmə bu sübutları nəzərə almamışdır. Digər tərəfdən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərinin davam etdirilməsi üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı ABU-da təhsil almış və aşkar olunmuş attestatlar əsasında tərtib olunmuşdur. Onun attestatı isə universitet tərəfindən itirilmişdir. Bu səbəbdəndə adı həmin siyahıya daxil edilməyib. Dublikat attestatın surəti şikayətə əlavə olunur. Ona görə də qərarın ləğv edilməsini. İddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı Mail qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 652068 №-li, 10.02.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X8 10.02.2011-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullazadə, arvada Abdullazadə soyadı verilmişdir. - Azərbaycan Beynəlxalq Universiteti ilə X8 arasında bağlanmış 20.09.2005-ci il tarixli müqavilədən görünür ki, X1 əgər müsabiqədən keçərsə “İbtidai Metodika” ixtisasının qiyabı şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürmüşdür. - 07.06.2006-cı, 30.01.2007-ci və 31.01.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzlərindən görünür ki, X8 müvafiq olaraq 2004/2005-ci tərdis ili üçün (3-cü kurs) 261 manat, 2006/2007-ci tədris ili üçün (4-cü kurs) 252,88 manat və 2007/2008-ci tədris ili üçün (5-ci kurs) 244,76 manat təhsil haqqları Azərbaycan Beynəlxalq Universitetinin hesabına ödəmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı A-10500/05 №-li, 27.08.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin Nazirlikdə olan arxivində onun adına diplom aşkar edilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı A-10500/01/10- 24 №-li, 29.10.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə daxil olmuş (d/o № A-10500/01, 13.09.2018) ərizəsinə cavab olaraq bildirilmişdir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərinə əsasən onun adına diplom yazılmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda onun adı aşkar edilməmişdir. Bu səbəbdən müraciətdə qeyd etdiyi məsələnin həlli Təhsil Nazirliyinin imkan xaricindədir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05-31-54/12 №-li, 19.04.2019-cu il tarixli məktubundan görünür ki, Nazirlikdə olan Azərbaycan Beynəlxalq Universitetinə aid arxiv materiallarında İddiaçı barədə hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18-18-38/12 №-li, 29.07.2020-ci il tarixli məktubundan görünür ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı aşkarlanmamışdır. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Beynəlxalq Universitetinin 30.06.2010-cu il tarixli, 3/618 №-li, 30.06.2010-cu il tarixli, 3/618-1 №-li, 30.06.2010-cu il tarixli, 3/618-2 №-li, 30.06.2010-cu il tarixli, 3/618 №-li əmrlərinin surətlərindən görünür ki, mvüafiq olaraq “Pedoqoji” fakultəsinin 2009-2010-cu tədris ilinin əyani şöbəsinin, “Pedoqoji” fakultəsinin 2009-2010-cu tədris ilinin qiyabi şöbəsinin, Pedoqoji” fakultəsinin 2007-2008-ci, 2008- 2009-cu tədris ilinin qiyabi şöbəsinin, “Pedoqoji” fakultəsinin 2009-2010-cu tədris ilinin əyani şöbəsinin məzunlarının buraxılış dövlət imtahanlarını (Attestasiyasını) müvəffəq qiymətlərlə başa vurduqlarına görə ail məktəbi bitirilmiş hesab edilmələri və onlara bakalavr pilləsi üçün M 011600 “İbtidai təhsilin pedaqogikası və metodikası” üzrə adi diplomun verilməsi əmr edilmişdir. Həmin məzunların siyahısı iddiaçı İddiaçı adı aşkarlanmamışdır. -Azərbaycan Respublikası X9nin 09/04-09/1486 №-li, 08.07.2020-ci il tarixli məktubundan görünür ki, 1 yanvar 1985-ci il təvəllüdlü Abdullazadə (əvvəlki soyadı Əliyeva) Leyla Mayıl qızı 2005-ci ildə keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X9 (X13 Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. -Azərbayca Respublikası X9nin 04/04-08/1643 №-li, 05.08.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu ləğv edilmiş X13 Dövlət Komissiyası tərəfindən 1998-2008- ci illərdə həyata keçirilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18-18-49/12 №-li, 26.08.2020-ci il tarixli məktubundan görünür ki, X13 Dövlət Komissiyası tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu 1997-2003-cü illər ərzində həyata keçirilirdi. Həmin dövr ərzində Universitetə tələbə qəbulu 2 (iki) qaydada aparılırdı: X13 Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə və ya həmin dövrdə qüvvədə olan "Azərbaycan Respublikası Təhsil Qanunu”nun müvafiq maddəsinə uyğun olaraq ali təhsil müəssisələrinin nizamnamələrinə əsasən. Məlumat üçün bildirilmişdir ki, 2004-cü il tarixində Qanuna edilmiş dəyişikliyə əsasən dövlət və qeyri-dövlət ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarının və minimal keçid balının müəyyənləşdirilməsi X13 Dövlət Komissiyasına həvalə olunmuşdur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. - 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 26.4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. - 29.0.9-cü maddəsinə əsasən peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunu müəyyənləşdirmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 2.1-ci bəndinə əsasən ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssisəsinin sərbəst seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada qəbul oluna bilərlər. Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X13 Dövlət Komissiyası tərəfindən həyata keçirilir. 06.08.1996-cı il tarixli “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrininköçürülməsi, tələbələr sırasından xaric edilməsivə bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə əsasən tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası (Həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətilləri dövründə aparılır. Bütün hallarda tələbələrin köçürülməsi (təhsil formasını və ixtisasını, təhsil aldığı məktəbi, şəhəri və ya ölkəni dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilmir. Məhkəmə araşdırılması zamanı İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə daxil olması, orada təhsil alması və oranı bitirməsi, eyni zamanda Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün digər ali təhsil müəssisəsinə köçürülmək hüququna malik olmasımüəyyən edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi təhsil müəssisəsi ilə arasında bağlanmış 20.09.2005-cu il tarixli müqaviləni və mədaxil qəbzlərini təhsil müəssisəsinə daxil olmasının qanuniliyini təsdiq edən sübut kimi qəbul etmir. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur . "Mahmudov Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26.07.2007-ci il tarixli qərarında isə məhkəmə qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq affırmamti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının qanuni əsaslarla qəbul edilmiş, təhsilini başa vurmuş və ya digər təhsil müəssisəsinə köçürülmüş tələbələrlə eyni statusla yanaşılması “İnzibati icraata haqqında” Azərbaycan Respublikası 12.3-ci maddəsinin tələblərinə də zidd ola bilərdi. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Mail qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2-1(112)-1182/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar