Məhkəmə qərarları › İş №2-1(103)-693/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-693/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-693/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9145/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 15.05.2021-ci il tarixə aldığı (sonrakı artımlar da nəzərə alınmaqla) sonuncu təminat xərcliyindən sonuncu qulluq stajına görə pensiyaya əlavənin yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi; 15.05.2021-ci il tarixdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, iddiaçı 20 il 1 ay 4 gün güzəştli şərtlərlə olmaqla 12 il 5 ay təqvim ili ilə 21.12.2000-ci il tarixindən xidmət illərinə görə pensiyaya çıxmışdır, hazıradək təminat xərcliyinin 50 faiz miqdarında qulluq stajına görə əlavə almaqda davam edirdi. Sonradan yenidən xidmətə cəlb olunmuş və 15.05.2021-ci il tarixindən isə daxili işlər orqanından tərxis olmuşdur. Tərxis tarixinə 39 il 4 ay 13 gün güzəştli şərtlərlə olmaqla 34 il 2 ay 11 gün təqvim ili iş stajı mövcuddur (Daxili İşlər Nazirliyinin 17.05.2021-ci il tarixli Ə1560ş/h 001-21 nömrəli əmri əlavə olunur). Yeni stajına uyğun olaraq pensiyanın hesablanması üçün Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqəsi təqdim edilmişdir. Cavabdeh onun pensiyasını yenidən hesablayaraq ödəməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9145/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin yeni redaksiyasının 01.07.2017-ci ildə, yəni sonuncu təminat xərcliyinə dair məlumatların təqdim edildiyi 15.05.2021-ci il tarixdən əvvəl qəbul edildiyi aydındır və hüquqi vəziyyətini pisləşdirən normativ sənədin qəbul edilməsindən sonra ona tətbiq edilməməsi həmin müddəanın bərabərlik hüququnu pozması, pensiyaçı olaraq işləyən hərbi qulluqçu və ya ona bərabər tutulan xüsusi rütbəli şəxsin yeni sosial sığorta stajına uyğun qulluq stajına görə əlavə almaq hüququnda məhrum edilməsinin sosial ədalət prinsipi ilə uzlaşmaması, pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması və yenidən pensiyaya çıxdıqda ödənilməsi əvvəlki pensiya hərbi xidmət dövrü və ya daxili işlər orqanı işçisinin qulluq dövrü ilə əlaqədar deyil, fövqəladə hallar orqanları işçisinin qulluq dövrü ilə əlaqədar qazanılmış hüquq kimi dəyərləndirilməli olması kimi dəlillər irəli sürsə də, həmin dəlillərin heç birinə məhkəmə münasibət bildirməmiş və nəinki qanunsuz və əsassız, xüsusilə ədalətsiz qərar çıxartmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9145/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı hazırkı iddia tələbi ilə iddiaçının 15.05.2021-ci il tarixə aldığı (sonrakı artımlar da nəzərə alınmaqla) sonuncu təminat xərcliyindən sonuncu qulluq stajına görə pensiyaya əlavənin yenidən hesablanmasını; 15.05.2021-ci il tarixdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İşin hallarından görünür ki, iddiaçı 02.11.1990-cı il tarixdən 21.12.2000-ci il tarixədək, həmçinin 05.02.2002-ci il tarixdən 18.05.2021-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Daxili İşlər Nazirliyinin Ə1560ş/h-001-21 saylı 17.05.2021-ci il tarixli Əmrinə əsasən İddiaçı 18.05.2021-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. İddiaçı müvafiq qaydada təsdiq edilmiş pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 21.12.2000-ci il tarixindən yaşa görə (xidmət illərinə görə) əmək pensiyası təyin edilmişdir. 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir - hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin yeni redaksiyası (əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmaması ilə bağlı) 01.07.2017-ci il tarixindən qüvvəyə mindiyindən, əmək pensiyası təyin olunduqdan sonra iddiaçı hərbi xidmətini davam etdirdiyindən, iddiaçı barədə sonuncu təminat xərcliyinə dair məlumatlar 15.05.2021-ci il tarixdə təqdim edildiyindən (müvafiq hüquq münasibəti həmin vaxt yaranmışdır), iddiaçının 15.05.2021-ci il tarixə aldığı (sonrakı artımlar da nəzərə alınmaqla) sonuncu təminat xərcliyindən qulluq stajına görə pensiyaya əlavənin yenidən hesablanmasını tələb etməsi əsasszıdır. Qeyd olunmalıdır ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Bu hal, iddiaçının hüquqlarının pozulması və ya onun vəziyyətinin ağırlaşdırılması kimi də qiymətləndirilə bilməz. Belə ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 01 iyul 2017-ci il tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9145/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar