Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-693/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ATSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4265/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ATSC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərab Yardımçı ATSC-nin istifadəsində olan torpaq sahəsinə və səhmdar cəmiyyətin emissiya prospektində göstərilən tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC cavabdehə müraciət edərək, səhmdar cəmiyyətin adına emisiya prospektində olan tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. Cavabdeh tərəfindən həmin sahənin yüksək gərginli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, sahənin yaxınlığından su kanalının keçməsi, texniki pasportda göstərilən bəzi tikililərin sökülü halda olması, sahədə məcburi köçkünlərin olması və torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi imtinanın səbəbi kimi göstərilmişdir. Cavabdehin imtinası əsassızdır. İmtinaya əsas olan və aradan qaldırılması tövsiyə edilən çatışmazlıqlar aradan qaldırılmış və aidiyyəti müvafiq orqanlardan icazələr alınmışdır. Eyni zamanda təqdim etdiyi müvafiq ekspert rəyinə əsasən texniki pasportda göstərilən tikililər istismara yararlıdır və hazırda da istismar olunur. Eyni zamanda məcburi köçkünlərin sahədən çıxrılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən icrası dayandırılmışdır. İddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş bütün hüquq müəyyənedici sənədlər təqdim olunmaqla yanaşı, tələb olunan bütün rüsümlar da ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-4265/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 407 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 1 saylı Bakı Şərabçılıq zavodunun yardımçı təsərrüfatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Qeyd edilən daşınmaz əmlaka dair xx.xx.1998-ci il tarixdə texniki pasport tərtib edilmişdir. "xxxx" ATSC cavabdehə müraciət edərək, səhmdar cəmiyyətinin adına emissiya prospektində olan tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş dövlət rüsumları və digər ödənişlər ödənildikdən sonra cavabdehin 21 avqust 2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi ilə heç bir əsas olmadan ərizənin icrasından imtina edilmişdir. Cavabdeh tərəfindən istifadəsində olan sahənin yüksək gərginli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, sahənin yaxınlığından su kanalının keçməsi, texniki pasportda göstərilən bəzi tikililərin sökülü halda olması, sahədə məcburi köçkünlərin olması və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi imtinanın səbəbi kimi göstərilmişdir. İmtinaya əsas olan və aradan qaldırılması tövsiyə edilən çatışmazlıqlar aradan qaldırılmış və aidiyyəti müvafiq orqanlardan icazələr alınmışdır. Eyni zamanda təqdim etdiyi müvafiq ekspert rəyinə əsasən texniki pasportda göstərilən tikililər istismara yararlıdır və hal-hazırda da istismar olunur. Məcburi köçkünlərin sahədən çıxarılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, müvafiq fərmana əsasən icrası dayandırılmışdır. Buna baxmayaraq, cavabdeh müraciətdən imtina etmişdir. Bu səbəbdən daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin imtinasının yalnız bir hissədə, iddiaçı tərəfindən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi hissəsində əsaslı olub-olmamasını yoxlamış və həmin hissəyə qiymət verərək belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair xx.xx.1998-ci il tarixdə texniki pasport tərtib edilsə də, obyektə dair iddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə almamış, həmin obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmamış və torpaq sahəsi iddiaçıya satılmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı qeyd edilən əmlaka, torpaq sahəsinə və tikililərə qanuni əsaslarla sahiblik və istifadə hüquqlarına malikdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmışdır. Göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunur. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin qeyd edilən torpaq sahəsinin yaxınlığından su kanalı keçir. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, texniki pasportunda göstərilən bəzi tikililər sökülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, "xxxx" ATSC-nin istifadəsində olan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəmüvafiqdir. Həmçinin mütəxəssislər tərəfindən inventarlaşdırma işləri aparılan zaman təqdim olunmuş xx.xx.1998-ci il tarixli texniki pasportda göstərilən “K” tikilisinin dam örtüyü və divarlarının bir hissəsinin, “T” istixana tikilisinin dam örtüyünün uçduğu, ərazidə əlavə tikililərin inşa edildiyi, tikililərin bəzilərinin daxilində arakəsmələrin yerinin dəyişdirildiyi, “B” tikilisinin talvar hissəsinin söküldüyü və bəzi tikililərdə mübahisəli halın aşkar edildiyi, məcburi köçkün ailələrinin məskunlaşdığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı sənədlərin surətlərinin təqdim edilməsi barədə məktuba İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 407 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 1 saylı Bakı Şərabçılıq zavodunun yardımçı təsərrüfatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 25 mart 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş "Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında Təlimat":
1. Bu Təlimat "Azərbaycan Respublikasında mülkiyyət haqqında", "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 229 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi haqqında Əsasnamə”yə habelə digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və Dövlət Əmlakı Nazirliyi tərəfindən (bundan sonra Nazirlik) qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin həyata keçirilməsinin qaydalarını müəyyən edir.
2. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciət müəssisə və obyektin qanunvericiliyinə uyğun inşa edilməsini təsdiq edən, bu Qaydaların 3-cü bəndində göstərilən, habelə müraciətçilərin həmin müəssisə və obyekt üzərində mülkiyyətçi olmalarını təsdiq edən sənədlər əlavə edirlər.
3. Müəssisə və obyektin qanunvericiliyi olaraq inşa edilməsini təsdiq edən sənədlər aşağıdakılar aiddir: Müəssisə obyektin tikintisi üçün torpağın qanunvericiliyə uyğun olaraq istifadəyə və ya icarəyə götürülməsi, habelə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; müəssisə və obyektin inşaat pasportu; müəssisə və obyektin texniki pasportu; müəssisə və obyektin istismara qəbulu barədə müvafiq dövlət orqanlarının təsdiq etdiyi akt.
7. Müəssisə və obyektlərin qanunvericiliyə uyğun şəkildə inşa edildiyini və müraciətçilik həmin müəssisə və obyekt üzərində mülkiyyət hüququ olduğunu müəyyən etdikdə onlara nümunəsi Qeyri-dövlət hüquqi və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1997-ci il tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülkiyyət hüququ haqqında" şəhadətnamə verilir. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 18 aprel 2000-ci il tarixli 48 nömrəli əmri ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq icarəsi haqqında" və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanununu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"yə və "Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1997-ci il tarixli 158 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə icarəyə verilməsi qaydalarını müəyyən edir.
2. Torpaq sahələrinin icarəyə verilməsi zamanı yalnız texniki pasportlarda göstərilmiş hüdudlar daxilində olan torpaq sahələrinin icarəyə verilməsinə yol verilir.
3. Torpaq sahələrinin icarəçisi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) olan hüquqi və fiziki şəxslər çıxış edirlər.
4. Torpaq sahələri Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satınalma hüququ ilə, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə, təşkilatlara, habelə xarici dövlətlərə isə qanunvericiliyə uyğun olaraq satınalma hüququ olmadan icarəyə verilir.
5. Torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi üçün müvafiq müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) və yaxud mülkiyyəçini(lərini) təmsil edən şəxs ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və ya hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi və təsis sənədləri; mülkiyyətçini(ləri) təmsil edən şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəkalətnamənin) surəti; səhmdar cəmiyyətinin səhmdarların reyestrindən çıxarış; obyekt (əmlak) üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; torpaq sahəsinin ayrılması haqqında sənədlər (sahənin ayrılması haqqında səlahiyyətli orqanın qərarı, torpaq sahəsinin ölçülərini və sərhədlərini müəyyən edən plan, torpağın istifadəçisi ilə bağlanılmış icarə müqaviləsi); müəssisənin (obyektin) texniki pasportu.
8. Təqdim edilmiş (bu Qaydaların 5-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla) sənədlər tam olduqda torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir və özəlləşdirilən müəssisə (obyektin) mülkiyyətçisi(ləri) ilə nümunəvi forması təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” bağlanılır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”:
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ATSC istifadəsində olan torpaq sahəsinə və səhmdar cəmiyyətin emissiya prospektində göstərilən tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin iatinası mübahisələndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti daşınmaz əmlaka dair xx.xx.1998-ci il tarixdə texniki pasport tərtib edilsə də, obyektə dair iddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə almamış, həmin obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmamış və torpaq sahəsi iddiaçıya satılmamışdır. Göründüyü kimi, iddiaçı qeyd olunan torpaq sahəsi və tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini həm cavabdeh inzibati orqan, həm də məhkəməyə təqdim edə bilmədi. Qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinə və tikililərə dair qeyd olunan sənədlər olmadığından cavabdeh orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı "xxxx" ATSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4265/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.