Məhkəmə qərarları › İş №2-1(103)-694/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-694/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-694/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 (Bakı şəhəri 10 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin olunması tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3421/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsi üçüncü şəxs qismində göstərilməklə) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Şamaxı rayon S.Ə.Şirvani adına üzümçülük sovxozunun inzibati idarə binasında fəhlə işləməsinə dair həmin illərin əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanması və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Şamaxı rayonu S.Ə.Şirvani adına üzümçülük sovxozunun inzibati idarə binasında fəhlə işləmiş, bundan sonra digər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona pensiya təyin olunması ilə bağlı DSMF-nin Qaradağ rayon Şöbəsinə müraciət etsə də, müraciəti təmin olunmamışdır. İmtina kimi xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Şamaxı rayonu S.Ə.Şirvani adına üzümçülük sovxozunun inzibati idarə binasında fəhlə işlədiyi dövrün qarşılıqlı yoxlanılmasını mümkün olmaması bildirilmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla əsl olmayan cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Qaradağ rayon Şöbəsini əsl cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X8 İdarəsi ilə əvəz etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X7 xx.xx.2019-cu il tarixində iddia tələbini dəqiqləşdirərək xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Şamaxı rayon S.Ə.Şirvani adına üzümçülük sovxozunun inzibati idarə binasında fəhlə işlədiyi dövrü ümumi stajına daxil etməklə iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli qərardad ilə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3421/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Şamaxı rayon S.Ə.Şirvani adına üzümçülük sovxozunun inzibati idarə binasında fəhlə işlədiyi dövrü ümumi stajına daxil etməklə 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək (apellyasiya şikayəti cavabdehin vəkili və nümayəndəsi X5 tərəfindən imzalanmışdır) 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3421/2019 saylı qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı il yanvarın 1-dək pensiya hüququ verən işdə çalışmasını sübut edəcək iş yerindən arayışı təqdim etməmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.2007-ci ilə qədər olan qeydlər xarici dildə tərtib edildiyindən və qeyd edilən mətn dövlətin rəsmi dili olan Azərbaycan dilinə tərcümə edilmədiyindən onun həmin müddət ərzində hansı peşədə işləməsini müəyyən etmək mümkün olmamışdır. Materialda olan iddiaçıya DSMF-nun Qaradağ rayon şöbəsi tərəfindən verilmiş **********9 saylı cavabdan göründüyü kimi, iddiaçıya xx.xx.1983-xx.xx.1984-cü illəri əhatə edən sığorta stajının yenidən yoxlanması üçün DSMF-nin Şamaxı rayon şöbəsinə verilmiş sorğunun araşdırması zamanı əmək kitabçasında həmin qeydin doğru olmaması aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2020-ci il tarixində iddiaçının cavabdehin apellyasiya şikayətinə dair etirazı məhkəməyə daxil olmuşdur. Etirazda bildirilmişdir ki, araşdırma aparılaraq iddiaçıya xx.xx.1983-xx.xx.1984-cü illəri əhatə edən sığorta stajının yenidən yoxlanılması üçün Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə verilmiş sorğunun araşdırılması zamanı əmək kitabçasında olan həmin qeydin doğru olmaması aşkar edilmişdir. Əgər belə bir fakt vardırsa, nə üçün müvafiq qurumlara bu barədə məlumat verilib saxtakarlığı aşkar etmək istəməmişlər? Göründüyü kimi bu onların özlərinin iddiaçıya qarşı öz subyektiv mövqeyləridir və iddiaçının qanuni hüququndan istifadə etməyinə maneədir. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 və əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili onda olan məlumata əsasən iddiaçının bir əmək kitabçasının olduğunu bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -İddiaçı xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur (AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi). -İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Şamaxı rayonu S.Ə.Şirvani adına üzümçülük sovxozunun inzibati idarə binasında fəhlə vəzifəsində işləmişdir (xx.xx.2019-cu il tarixli Təqdimat, xx.xx.2019-cu il tarixli 211 №-li Arxiv Arayışı, xx.xx.2019cu il tarixli 161 №-li Arxiv Arayışı). -İddiaçı may 1985-ci ildən xx.xx.1987-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (NZ ******* №-li Hərbi Bilet). -İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər «Xəzərdənizqazmaneftqazsənaye» X10 İdarəsində takelajçı, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər «Aztransqaz» İB 2 №-li Hərəkətdə olan Mexanikləşdirilmiş Kolonda takelajçı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər «Azərenerjitikinti» Trestində fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər N.Nərimanov adına NQÇİ-dəneft və qazın çıxarılması üzrə operator, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər «Bulla-Dəniz» NQÇİdə neft və qazçıxarma üzrə operator vəzifəsində işləmiş, xx.xx.2006-cı ildən hazırkı vaxta qədər isə N.Nərimanov adına NQÇİdə neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir (xx.xx.2019-cu il tarixli Təqdimat). -İddiaçı ərizə ilə DSMF-nin Qaradağ rayon Şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Şöbə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (xx.xx.2019-cu il tarixli **********9 №-li məktub). İmtinaya səbəb kimi iddiaçının xx.xx.2006cı il tarixədək 20 ildən az ümumi iş stajının olması qeyd olunmuşdur. İddiaçının xx.xx.1983-cü ildən xx.xx.1984-cü illəri əhatə edən sığorta stajının yerində yoxlanılması üçün DSMF-nin Şamaxı rayon Şöbəsinə sorğu edilmiş və yerində yoxlanılarkən düzgünlüyü təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər «Bulla-Dəniz» NQÇİ-də neft və qazçıxarma üzrə operator vəzifəsində işləmiş və həmin iş yerləri dənizdə olmuşdur. İddiaçının xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Şamaxı rayonu S.Ə.Şirvani adına üzümçülük sovxozunun inzibati idarə binasında fəhlə işlədiyi dövrdə işləməsinə dair Şamaxı rayon Dövlət Arxivi tərəfindən müvafiq Arayışlar tərtib olunmuşdur. DSMF-nin Qaradağ rayon Şöbəsi həmin halın araşdırılması üçün DSMF-nin Şamaxı rayon Şöbəsinə müraciət etmişdir. DSMF-nin Şamaxı rayon Şöbəsi isə araşdırma zamanı müəyyən etmişdir ki, İddiaçı adına verilmiş əmrdən çıxarış və əmək haqqı arayışı arxivin əmr kitabına və əməyin ödənişləri cədvəllərinə sonradan qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən həmin halın araşdırılması üçün Şamaxı rayon Dövlət Arxivinə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı Şamaxı rayon S.Ə.Şirvani adına sovxozda xx.xx.1983-cü il tarixli 88 №- li əmri ilə işə daxil olması və xx.xx.1984-cü il tarixli 211 №-li əmri ilə işdən azad olunması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 nömrəli Qərarına əsasən, iş haqqında məlumatların daxil edilməsi, əmək kitabçalarının uçotu, doldurulmuş və ya doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu işə götürən şəxsin imzası olmaqla, möhürlənməlidir. “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq, tam araşdırmamış, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasını əsas götürərək, qanunsuz və əsassız qərar qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli cavab məktubuna (məktub şöbə müdiri vəzifəsini icra edən T.Ş.Qasımlı tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, İddiaçı adına verilmiş əmrdən çıxarış və əmək haqqı arayışı arxivin əmr kitabına və əməyin ödənişləri cədvəllərinə sonradan qeyd olunduğu üçün işləməsi faktı təsdiq olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 nömrəli cavab məktubuna (məktub şöbə müdiri vəzifəsini icra edən E.A.Fətullayev tərəfindən imzalanmışdır) qeyd edilmişdir ki, təqdim etdiyiniz əmək kitabçası üzrə sizin cəmi 20 il sığorta stajınız yoxdur. Belə ki, xx.xx.1983-xx.xx.1984-cü illəri əhatə edən sığorta stajınızın yerində yoxlanılması üçün Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə sorğu edilmiş və yerində yoxlanarkən düzgünlüyü təsdiq olunmamışdır. Odur ki, sizin yaşa görə güzəştli şərtlərlə pensiya hüququnuz yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X13 tərəfindən iddiaçının adına verilmiş xx.xx.2019-cu il tarixli, 211 nömrəli arxiv arayışının (arayış direktor C.C.Bağırov tərəfindən imzalanmışdır) əslinə əsasən qeyd olunmuşdur ki, verilir İddiaçı, ondan ötrü ki həqiqətən o, 1983-1984-cü illərdə Şamaxı rayon S.Ə.Şirvani adına sovxozda işləmişdir.(12 №-li əmr ilə işə qəbul edilmiş, 214 №-li əmrlə işdən azad edilmişdir) Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X9 xx.xx.2019-cu il tarixində sorğu ünvanlanmış, sorğuda Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda iddiaçının adına verilmiş əmrdən çıxarış və əmək haqqı arayışı arxivin əmr kitabına və əməyin ödənişləri cədvəllərinə sonradan qeyd olunduğu üçün işləməsi faktının təsdiq olunmadığı qeyd olunduğundan iddiaçının Şamaxı rayonu S.Ə.Şirvani adına sovxozda xx.xx.1983xx.xx.1984-cü il tarixədək işədiyi dövrün həqiqətən arxivin əmr kitabına və əməyin ödənişləri cədvəllərinə sonradan daxil olub-olmaması, olubsa hansı səbəbə olması və arxivin əmr kitabından həmin hissədə çıxarışın məhkəməyə təqdim edilməsi xahiş edilmiş, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X13 tərəfindən məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2019-cu il tarixli, 86/85 nömrəli cavab məktubuna (məktub direktor C.C.Bağırov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, İddiaçı Şamaxı rayon S.Ə.Şirvani adına sovxozda xx.xx.1983-cü il tarixli, 88 nömrəli əmri ilə işə daxil olması və xx.xx.1984-cü il tarixli, 211 nömrəli əmri ilə işdən azad olunması faktı aşkar olunmuşdur. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X4 xx.xx.2020-ci il tarixində sorğu ünvanlanmış, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X13 tərəfindən məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 56/58 nömrəli cavab məktubuna (məktub direktor C.C.Bağırov tərəfindən imzalanmışdır, xx.xx.2020-ci il tarixində daxil olmuşdur) əsasən qeyd edilmişdir ki, İddiaçı S.Ə.Şirvani adına sovxozun xx.xx.1983-cü il tarixli, 88 №- li əmri ilə fəhlə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli, 211 №-li əmri ilə fəhləlikdən azad olunmuşdur. İş materiallarında olan SOCAR-ın N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən iddiaçıya verilmiş təqdimatda (personalın uçotu şöbəsinin rəisi Sevinc Qarayeva tərəfindən imzalanmışdır) iddiaçının xx.xx.1983-cü il tarixli, 12 nömrəli əmrlə işə qəbul edilməsi, xx.xx.1984-cü il tarixli, 214 nörməli əmrlə işdən azad edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1983-xx.xx.1984-cü illər ərzində S.Ə.Şirvani adına sovxozda işləməsini təsdiq edən sübutları nəzərdən keçirərək qeyd edir ki, iddiaçının xx.xx.1983-xx.xx.1984-cü illər ərzində S.Ə.Şirvani adına sovxozda işləməsini təsdiq edən sübutlar mötəbər sayılmır. Çünki iş materiallarında olan SOCAR-ın N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən iddiaçıya verilmiş təqdimatda iddiaçının xx.xx.1983-cü il tarixli, 12 nömrəli əmrlə işə qəbul edilməsi, xx.xx.1984-cü il tarixli, 214 nörməli əmrlə işdən azad edildiyi qeyd edilmişdir, lakin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin sorğularına ünvanlanmış cavab məktubularına əsasən İddiaçı S.Ə.Şirvani adına sovxozun xx.xx.1983-cü il tarixli, 88 №-li əmri ilə fəhlə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli, 211 №-li əmri ilə fəhləlikdən azad olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əmrlərin tarixləri eyni olsa da, nömrələri fərqlidir. Eyni zamanda xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X13 tərəfindən məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 56/58 nömrəli cavab məktubuna əlavə edilən sənədlərə iddiaçının adının sonradan, başqa xəttlə və başqa qələmlə əlavə edildiyi vizual baxışdan aydın görünür. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X13 tərəfindən məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 56/58 nömrəli cavab məktubuna əlavə edilən sənədlərin surətində iddiaçının xx.xx.1984-cü il tarixində Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldığı qeyd olunsa da, iddiaçının hərbi biletində onun 1985-ci il tarixində Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmasını təsdiq edən qeyd olduğundan, məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 56/58 nömrəli cavab məktubuna əlavə edilən sənədlərin surətində iddiaçının adının sonradan qeyd olunduğunu bir daha təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsidə icraatı zamanı iddiaçı tərəfindən əmək kitabçasının surəti əlavə edilməmişdir, yalnız SOCAR-ın N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş təqdimat iş materiallarında əlavə edilmişdir. İddiaçının nümayəndə və vəkilinin bildirdiyinə görə iddiaçı işdə olduğundan, məhkəmə iclasında iştirak edə bilmədiyindən iddiaçının nümayəndə və vəkili tərəfindən əmək kitabçasının təsdiq olunmuş (“Azneft” İB-nin N.Nərimanov adına Neft və X1 uçotu şöbəsi tərəfindən təsdiq edilmişdir) surəti məhkəməyə təqdim edilmişdir. Təqdimatda göstərilənlərin əksinə İT-İ seriyalı, ******* №-li, xx.xx.1985-ci il tarixdə açılmış əmək kitabçasında iddiaçının «Xəzərdənizqazmaneftqazsənaye» X10 İdarəsində takelajçı vəzifəsinə qəbul edilərkən əmək stajının olmadığı qeyd edilmiş, iddiaçının sovxozda işləməsini təsdiq edən hər hansı bir qeyd mövcud deyildir. Sədrlik edənin əmək kitabçasında iddiaçının sovxozda işləməsini təsdiq edən qeyd olmadığı halda nəyə əsasən təqdimatda həmin qeydlərin göstərilməsi sualına iddiaçının nümayəndəsi və vəkili münasibət bildirmədi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən şəxslərə güzəştli şərtlərlə pensiya təyin etmək üçün qanunda qeyd edilən ümumi əmək stajının olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3421/2019 saylı qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3421/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Şamaxı rayon S.Ə.Şirvani adına üzümçülük sovxozunun inzibati idarə binasında fəhlə işlədiyi dövrü ümumi stajına daxil etməklə ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar