Məhkəmə qərarları › İş №2-1(103)-694/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-694/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-694/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3017/N2 saylı, 31 avqust N2-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrdə dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tatixli, 01238 nömrəli əmrinin qanunsuz olduğuna görə “xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılması” barədə müvafiq əmrlə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tatixli, 01238 nömrəli əmrinin qanunsuz olduğuna görə “xəstəliyi ilə əlaqədar arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilməsi” barədə müvafiq əmrlə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur və 2015-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirmişdir. 2015-ci ilin iyul ayından dekabr ayına kimi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində motoatıcı ixtisası üzrə dinləyici olmuşdur. 2015-ci ilin dekabr ayından 2018-ci ilin iyul ayına qədər N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri, 2018-ci ilin iyul ayından N0-ci ilin iyun ayına qədər olan müddət ərzində N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifələrində xidmət etmişdir. N0-ci ilin iyun ayında xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. Bu ərəfələrdə artıq 2 ildir ki, bədəninin müxtəlif nahiyələrində, xüsusi ilə başında və qollarında səpgilər əmələ gəlməyə başlamışdır, lakin buna əhəmiyyət verməmişdir. Dəri xəstəliyi kəskinləşdiyi üçün xx.xx.N0-ci il tarixdə N nömrəli hərbi hissənin (hospitalın) dermatologiya bölməsinə göndərişlə müraciət etmiş, ona məhdud psoriaz diaqnozu təyin edilmişdir və 10 günə qədər müalicə olunmağı bildirilmişdir. Müalicədən sonra xx.xx.N0-ci ildə təkrar həkimə mürəciət etmişdir, müayinə nəticəsində mütləq ayda bir dəfə xəstəliyinə görə həkim nəzarətində olmağı ona bildirilmiş və yenidən müəlicə təyin edilmişdir. Bundan sonra on gün ara verməklə xəstəliyi ilə əlaqədar N nömrəli hərbi hissənin (hospitalın) dermotoigiya bölməsinin rəisinə müraciət etmiş, yenə də xəstəliyinə uyğun müalicələr təyin edilmiş və həkim ona əgər bundan sonra xəstəliyi kəsinləşərsə onu stasionar müalicəyə qəbul edəcəyini bildirmişdir. Müalicə almasına baxmayaraq xəstəliyi ağırlaşdığı üçün xx.xx.N0-ci ildə stasionar müalicə almaq üçün hərbi hissədən göndərişlə N nömrəli hərbi hissəyə (hospitala) müraciət etmiş və həmin ayın 12-nə kimi hospitalda müalicə almışdır. Stasionar müalicəni bitirdikdən sonra həkim ona fiziki işlərdən, naryaddan (döyüş növbətçiliyindən), sıra hazırlığı məşğələlərindən azad edilməsini, həmçinin günəş şüalarından, tərləməkdən, kəskin soyuqlardan uzaq durmasını tövsiyə etmiş və tibbi kitabçasında bu barədə müvafiq yazılı qeydlər aparmışdır. Xəstəliyində müsbət dəyişikliklər olmadığından hospitalda stasionar müalicəyə qəbul edilmiş və müalicəni başa vurduqdan sonra hospitalın hərbi həkim komissiyası tərəfindən ona “Sıradankənar hərbi xidmətə yararlı” diaqnozu təyin edilmiş və sənədləri Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Adı çəkilən komissiya tərəfindən ona eyni məzmunlu arayış verilmişdir. N1ci ilin mart ayının 19-da o, N nömrəli hərbi hissədə qərargah bölüyünün taktiki ormanda məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Sonradan xəstəliyi yenidən kəskinləşdiyi üçün xidmət yerinin və vəzifəsinin daha yüngülü ilə dəyişdirilməsi barədə müraciət etmişdr. Bundan sonra onunla iki dəfə söhbətləşmə aparılmış, daha sonra isə mübahisələndirilən əmrlə xidmətə uyğunsuzluq əsası ilə ehtiyata buraxılmışdır. Hesab edir ki, əmr qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər əldə edilmiş, aşağıdakılar müəyyən edilmişdir. İddiaçı adına tərtib edilmiş xidməti xasiyyətnamədə onun mənfi xarakterizə olduğu qeyd edilmişdir. Həmçinin İddiaçı adına tərtib edilmiş xidməti vərəqəsindən müəyyən olunur ki, xidmət müddətində çoxlu intizam pozuntusuna yol vermiş və dəfələrlə intizam cəzası ilə cəzalandırılmışdır. Barəsində seçilmiş intizam cəzaları ilə Azərbaycan Respublikasının Silahlı X1 tələblərinə uyğun olaraq tanış olmuş və buna dair özü tərəfindən imza edilmişdir. İddiaçı “Hərbi xidmətkeçmə həqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə komandanlıq tərəfindən xx.xx.N1-ci il tarixli təqdimat göndərilmiş və təqdimat əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçı adına tərtib edilmiş təqdimatda onun xx.xx.N1-ci il tarixdən hərbi hissədə xidmət müddətində özünü intizamlı, bacarıqlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da, buna nail ola bilmədiyi, vəzifəsinə aid rəhbər sənədləri zəif bildiyi, bilik səviyyəsini artırmaq üçün üzərində çalışmadığı, mənəvi və işgüzar keyfiyyətlərinin aşağı olduğu, vəzifə borclarının icrasına səhlənkar yanaşdığı, verilən tapşırıqları yerinə yetirərkən çətinlik çəkdiyi, ona verilən intizam cəzalarından nəticə çıxartmayaraq sağlamlığını bəhanə gətirib xidməti vəzifəsinin icrasına biganə yanaşdığı qeyd edilmişdir. Həmçinin İddiaçı ilə ehtiyata buraxılmadan əvvəl müxtəlif vaxtlarda iki dəfə söhbət aparılmış, söhbət zamanı iddiaçıya “xidməti vəzifələrinin icrasına laqeyd yanaşdığına, hərbi intizamının aşağı səviyyədə olmasına görə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağa təqdim olunduğu xatırladılmış, iddiaçı da deyilənləri təsdiq edərək, buna dair söhbətləşmə vərəqində imza etmişdir. xx.xx.N1-ci il tarixdə söhbətləşmə aparılan zaman iddiaçıya yuxarıda qeyd edilən nöqsanlardan nəticə çıxarması üçün “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə)” müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılacağı barədə xəbərdar edilməsinə baxmayaraq o, deyilənlərdən heç bir nəticə çıxarmamışdır. Belə ki, iddiaçı xidməti vərəqəsində qeyd edilən müxtəlif tarixlərdə hərbi hissə komandiri tərəfindən günün nizam qaydasını pozduğuna, idman saatında şəxsi heyətə nəzarət etmədiyinə və sıra baxışma çıxmadığına görə “şiddətli töhmət” elan edilməklə üç dəfə intizam qaydasında cəzalandırılmışdır. Sadalananları nəzərə alaraq komandanlıq tərəfindən iddiaçının barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair haqlı qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3017/N2 saylı, 31 avqust N2-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyyasiya şikayətinin dəlilləriə uyğun izahat verərərk, onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 3-cü bəndində göstərilmişdir ki, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Nizamnamənin 5-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “z” bəndində qeyd olunub ki, həqiqi hərbi xidmətdə olmağın yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, lakin səhhətinə, yaxud ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər. Həmin Əsasnamənin 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Həmin Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Həmin Əsasnamənin 157-ci maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda; b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.1-ci bəndinə əsasən “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. Əsasnamənin 8.3-cü bəndində əsasən “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A”-hərbi xidmətə yararlıdır; “B”sıradankənar hərbi xidmətə yararlıdır; “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç”-hərbi xidmətə müvəqqəti yararsızdır; “D”-həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. Xəstəlik tarixi barədə 2118 №-li Çıxarış Epikrizinin surətindən müəyyən olunur ki, N nömrəli hərbi hissənin baş leytenantı xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.N0-ci il tarixdə xəstəliyi ilə bağlı müraciət etmiş, diaqnoz- Məhdud psoriaz. Zəif qidalanma. OUmürəkkəb hipermiopik astiqmatizim. Qısa anamnez, diaqnostik malumatlar, xəstəliyin gedişi, müalicə, HHK-nın qərarı, tövsiyyələr. Deməsinə görə özünü bir neçə ildir ki, xəstə hesab edir. Xəstəliyinin əlaqələndirə bilmir. Xəstəliyi ilə bağlı dəfələrlə ambulator müalicələr alıb, lakin tam yaxşılaşma olmayıb. Son bir ayda xəstəliyi kəskinləşdiyindən hərbi hissə həkimi tərəfindən hospitala göndərilib. xx.xx.N0- ci il tarixində N №-li hərbi hissəyə göndərilmiş və müayinədən sonrası xəstə dermatologiya bölməsinə stasionar müalicəyə qəbul edilmişdir. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: xx.xx.N0-ci il tarixdə qanın ümumi analizi və qanın biokimyəvi analizində patoloji dəyişiklik aşkar olunmadı. Aparılmış müalicələr: Rejim, pəhriz, vitaminoterapiya və yerli müalicə. Xəstənin vəziyyəti: Aparılmış müalicə nəticəsində xəstənin şikayətləri keçmiş, kliniki yaxşılaşma baş verdiyindən kafi vəziyyət hərbi hissəsinə yazılır. Xəstənin HHK-a təqdim edilməsi: təqdim olunmadı. Məsləhət: Dinamik həkim nəzarətinə götürülsün 3 (üç) ay müddətinə. Dinamik nəzarət müddətində ağır fiziki işlərdən, idman dərslərindən, naryaddan azad olunsun və istirahət rejiminə ciddi əməl etsin. Ayda bir dəfə dermatoloqun müayinəsinə göndərilsin. Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 120 saylı arayışın surətindən müəyyən olunur ki, 1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2011-ci il tarixdə Xətai rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 376 nömrəli göndərişi ilə 05 mart N1-ci ildə N nömrəli hərbi hissənin qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamenzi özünü 2 ildir xəstə hesab edir. Xəstəliyi ilə əlaqədar xx.xx.N0-xx.xx.N0 və xx.xx.N1-xx.xx.N1-ci il tarixlərdə N nömrəli hərbi hissənin dermatologiya bölməsində stasionar müalicədə olmuş və dəfələrlə ambulator müaliəcələr almışdır. Hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün N nömrəli hərbi hissəyə göndərilmiş, dermotologiya bölməsinə qəbul edilmişdir. Naxçıvan MR baş dermatoloqu tərəfindən xəstəyə baxış keçirilmiş, “Məhdud psoriaz” diaqnozu təsdiq edilmişdir. Əvvəllər şəhadətləndirilməmişdir. Diaqnoz və xəsarətin (yaralanmanıın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Məhdud psoriaz. Xəstlikdir, hərbi xidmət xidmət dövründə alınmışdır. OUmürəkkəb hipermetropik asitqmatizim, sağda H2,5 D və H4,5 D, solda H2,5 D və H2, 75 D refraksiya. Görmə itiliyi hər iki gözdə korreksiya ilə 1,0 olmaqla. Ümumi xəstəlikdir – Xəstəliklər cədvəlinin 62 “c” maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə qoşma”) əsasən Sıradankənar hərbi xidmətə yararlıdır. Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 1936 saylı arayışın surətindən müəyyən olunur ki, 1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2011-ci il tarixdə Xətai rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 708 nömrəli göndərişi ilə 07 avqust N1-ci ildə N nömrəli hərbi hissənin qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamenzi özünü 2 ildir xəstə hesab edir. Xəstəliyi ilə əlaqədar xx.xx.N0-xx.xx.N0 və xx.xx.N1-xx.xx.N1-ci il tarixlərdə N nömrəli hərbi hissədə məhdud psoriaz diaqnozu ilə stasionr müalicə olunmuş, xx.xx.N1-ci il tarixdə hospital HHK-sı tərəfindən şəhadətləndirilmiş, X.C-nin 62 “c” maddəsinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi məqsədilə N nömrəli hərbi hissənin Qarnizon HHK-na göndərilmişdir. Müayinə zamanı məhdud psoriaz aşkar edilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanıın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Məhdud psoriaz. Xəstəlikdir, hərbi xidmət xidmət dövründə alınmışdır. OU-mürəkkəb hipermetropik asitqmatizim, sağda H2,5 D və H4,5 D, solda H2,5 D və H2, 75 D refraksiya. Görmə itiliyi hər iki gözdə korreksiya ilə 1,0 olmaqla. Ümumi xəstəlikdir – Xəstəliklər cədvəlinin 62 “c” maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə qoşma”) əsasən Sıradankənar hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədə qeyd olunmuş məlumatlara əsasən, baş leytenant İddiaçı N1-ci ilin mart ayından N nömrəli hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddətdə özünü nizamintizamsız, vəzifə borclarına laqeyid yanaşan, üzərinə düşən məsuliyyəti dərindən dərk etməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini qismən bilir və gündəlik xidmətində onların tələblərinə əsaslanmağa çalışır. Yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqların icrasına səhlənkar yanaşır, üzərinə düşən vəzifə borclarının öhdəsindən, layiqincə gələ bilmir. Tabeliyində olanlarla maraqlanmır, onların məişətinə qayğı göstərmir, məsuliyyətini və ağırlığını dərk etmir, bölməsindəki silah, sursat və digər ləvazimatların işlək vəziyyətdə olması üçün zəruri tədbirlər görmür. İxtisasına görə biliyi zəifdir və onu tətbiq etməyi bacarmır. Ona tutulan iradlardan heç bir nəticə çıxartmır və öz üzərində çalışmır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N1-ci il tarixli təqdimatda göstərilmişdir ki, Baş leytenant İddiaçı xx.xx.N1-ci il tarixdən N nömrəli hərbi hissənin qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi təyin olunmuşdur. Təqdimat Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Eyni zamanda təqdimatda qeyd olunmuşdur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. Xidmət illəri az olduğundan hesablanmayıb, mənzillə təmin olunmayıb. Baş leytenant İddiaçı xx.xx.N1-ci il tarixdən hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı və işgüzar bir zabit kim göstərməyə çalışsa da, buna nail ola bilməmişdir. Vəzifəsinə aid rəhbər sənədləri zəif bilir və bilik səviyyəsini artırmaq üçün öz üzərində çalışmır. Hərbi hissədə xidmətə başladığı ilk gündən mənəvi və işgüzar keyfiyyətləri aşağı olduğu ona bildirilmiş, xidmətində və davranışında dönüş yaratması üçün tövsiyyələr olunmuşdur. Bunlara baxmayaraq o, vəzifə borclarının icrasına səhlənkar yanaşmış və verilən tapşırıqları yerinə yetirməkdə çətinlik çəkmişdir. Baş leytenant İddiaçı verilmiş intizam cəzalarından nəticə çıxartmır və aparılmış söhbətlər zamanı sağlamlığını səbəb gətirərək xidməti vəzifəsinin icrasına biganə yanaşır. Yuxarıda göstərilənləri və baş leytenant İddiaçı bir zabit kimi xidmətə yararsız olduğunu nəzərə alıb,Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayonu idarəsinə göndərilməlidir. Nəticə: Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılır. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 avqust N1-ci il tarixli 0238 №-li Əmrindən çıxarışdan müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi baş leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıya aid MN ******* №li şəxsi vəsiqədə aparılmış qeydlərə əsasən səhifə 10) İddiaçı N saylı hərbi hissə komandirinin N mart N1- ci il tarixli 050 nömrəli əmri ilə N saylı hərbi hissədə taktiki komanda məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 25 avqust N1ci il tarixli 01238 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır. İş materialalrı ilə müəyyən olunur ki, iddiaçı xəstəliyi ilə əlaqədar deyil, o, “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıda mövcid olan xəstəliyin onun xcidmətinə mane olmadığı və ümumiyyətlə onda olan xətəliyin Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”ndə nəzərədə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 112/N2 saylı (ekspertizanın başlanma tarixi 21 fevral N2-ci il, başa çatma tarixi 31 mart N2-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı xx.xx.N2-ci il tarixdə Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-də müayinəsi zamanı ona “L40.0-məhdud psoriaz” diaqnozu qoyulmuşdur. Həmin xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”ndə nəzərdə tutulmuş “dərinin və dərialtı toxumaların xəstəlikləri” bölməsində qeyd olunan xəstəliklərdən hər-hansı biri müəyyən olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. İş materiallarından da göründüyü kimi, Əsasnamənin tələblərinə müvafiq olaraq İddiaçı ilə ehtiyata buraxılmadan əvvəl müxtəlif vaxtlarda iki dəfə söhbət aparılmışdır. Beləliklə, kollegiyanın mövqeyinə görə qeyd edilənlərə əsasən iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olduğu üçün, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməməsi barədə nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3017/N2 saylı, 31 avqust N2-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar