Məhkəmə qərarları › İş №2-1(103)-694/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-694/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-694/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşaqların doğum haqqında akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 valideyninin soyadına uyğun olaraq “Əli Zadə” kimi yazılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ukrayna Respublikasının vətəndaşıdır. Belə ki, 1973-cü ildə Azərbaycan Respublikasında doğulmuş, SSRİ-nin pasportu ilə 1990- cı ildə Ukrayna Respublikasına getmiş və 1997-ci ildə Ukrayna vətəndaşlığını qəbul etmişdir. Onun heç vaxt Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsi olmamışdır. O, doğularkən soyadı “Əlizadə” olsa da, Ukraynada vətəndaşlıq alarkən onun soyadı “Əli Zadə” kimi yazılmışdır. 2007-ci ildə Ukrayna vətəndaşı kimi “İddiaçı” olaraq Azərbaycana gəlmiş və Azərbaycanda Ukrayna vətəndaşı kimi yaşamışdır. 2009-cu ildə Əli adlı, 2011-ci ildə Aslan adlı uşaqları doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alarkən, o uşaqların atası olaraq şəxsiyyətini təsdiq edən sənəd kimi Ukrayna Respublikasının pasportunu təqdim etmişdir ki, hansı ki, orada onun soyadı “Əli Zadə” kimi qeyd olunmuşdur. Buna baxmayaraq, uşaqlarının doğum haqqında şəhadətnaməsində onların soyadları səhvən “Əlizadə” kimi yazılmışdır. Qeyd olunan səhvin aradan qaldırılması üçün Bakı şəhəri Cavabdehnə müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1572/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli, 2- 1(103)- 1325/2023 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus İİ-JQ 376373 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətinə əsasən iddiaçının soyadı, adı, atasının adı X4 qeyd edilmişdir. - iddiaçıya məxsus 23 may 2017-ci il tarixdə verilmiş, PU157999 nömrəli pasporta əsasən o, Ukrayna vətəndaşıdır və pasportda adı və soyadı “İddiaçı” (X14) kimi qeyd edilmişdir. - İddiaçının övladı X10 barədə tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 0071 1 0332 nömrəli “Doğum haqqında akt qeydi”nə əsasən o, xx.xx.2009-cu il tarixdə anadan olmuş, “Ata haqqında məlumat” qrafasında “Əlizadə Azər”, “vətəndaşlığı Ukrayna”, “Şəxsiyyətini təsdiq edən sənədi” qrafasında isə “xx.xx.2012” (kserosurətdə sənədin nömrəsi oxunmur) yazılmışdır. - İddiaçının övladı X9 barədə tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 0071 1 0333 nömrəli “Doğum haqqında akt qeydi”nə əsasən o, xx.xx.2011-ci il tarixdə anadan olmuş, “Ata haqqında məlumat” qrafasında “Əlizadə Azər”, “vətəndaşlığı Ukrayna”, “Şəxsiyyətini təsdiq edən sənədi” qrafasında isə “xx.xx.2012” (kserosurətdə sənədin nömrəsi oxunmur) yazılmışdır - Cavabdehin 18 may 2022-ci il tarixli, 1464-05/15 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Cavabdeh tərəfindən tərtib edilmiş 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, Səbail RQŞ tərəfindən tərtib edilmiş X6 333 saylı, xx.xx.2013-cü il tarixli, X7 332 saylı, xx.xx.2013-cü il tarixli doğum və Bakı nikah evi tərəfindən tərtib edilmiş 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydində soyadı “Əlizadə”, Xətai RQŞ tərəfindən tərtib edilmiş 408 saylı, xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında akt qeydində soyadı “Əli zadə” yazılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. X10 və X2 “Əlizadə”-dən “Əli Zadə”- yə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin şöbə tərəfindən təmin edilməsi mümkün deyil. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının uşaqlarının doğum haqqında akt qeydi aparılarkən, onların soyadı iddiaçının özünün soyadının doğum haqqında akt qeydində, həmçinin nikah haqqında akt qeydində olduğu kimi və həmin sənədlər əsasında “Əlizadə” yazılmışdır. İddiaçının soyadının özünün doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) Ukrayna Respublikasının vətəndaşının pasportu uşaqlarının doğum haqqında akt qeydinin (soyad hissəsində) dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sənəd uşaqların doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:

4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının çatmaq istədiyi hüquqi nəticə övladlarının soyadının dəyişdirilməsi deyil, məhz doğum haqqında akt qeydlərində səhv yazılmış soyadın düzəldilməsi, onların soyadlarının şəxsiyyəti təsdiq edən sənədə uyğun qeyd olunmasıdır (bax: Ailə Məcəlləsinin 164.1-ci maddəsinin 1-ci cümləsi). Belə ki, iddiaçı iddia edir ki, o, Azərbaycan Respublikasında doğulsa da, SSRİ-nin pasportu ilə 1990-cı ildə Ukrayna Respublikasına getmiş və 1997-ci ildə Ukrayna vətəndaşlığını qəbul etmişdir. O, doğularkən soyadı “Əlizadə” olsa da, Ukraynada vətəndaşlıq alarkən onun soyadı “Əli Zadə” kimi yazılmışdır. Hal-hazırda da məhkəməyə iddia tələbi ilə müraciət edərək uşaqlarının doğum haqqında qeydlərində səhv yazılan “Əlizadə” soyadının öz soyadına uyğun “Əli Zadə” kimi düzəldilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, işin hallarından müəyyən edilir ki, mübahisələndirilən akt qeydləri xx.xx.2013-cü il tarixdə tərtib edilmişdir. Həmin akt qeydlərinin “Ata haqqında məlumat” qrafasında “Əlizadə Azər”, “vətəndaşlığı Ukrayna”, “Şəxsiyyətini təsdiq edən sənədi” qrafasında isə “xx.xx.2012” yazılmışdır. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmasına və onun 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, həmçinin 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydində soyadının “Əlizadə” kimi yazılmasına istinad edir. Məhkəmə kollegiyası iddiaçının doğum haqqında akt qeydində soyadının “Əlizadə” kimi yazılması xüsusat ilə bağlı qeyd edir ki, iddiaçı özü də bu halın mövcudluğunu təkzib etmir, lakin soyadının Ukrayna vətəndaşlığını aldığı 1997-ci il tarixdən “Əli Zadə” kimi yazıldığını bildirir və buna sübut kimi Ukrayna Respublikasının 23 may 2017-ci il tarixdə verilmiş pasportunu təqdim edir. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydinə dair hər hansı sənəd nə işin birinci instansiya icraatı zamanı, nə də apellyasiya icraatları zamanı təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən halı nəzərə almamış və iddia tələbinin rədd edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin: 12.1. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı övladı xx.xx.2009-cu il təvəllüdlü X3 xx.xx.2013-cü il tarixli, 0071 1 0332 nömrəli “Doğum haqqında akt qeydi”ndə və iddiaçının övladı xx.xx.2011-ci il təvəllüdlü X2 xx.xx.2013-cü il tarixli, 0071 1 0333 nömrəli “Doğum haqqında akt qeydi”ndə valideyninin soyadına uyğun olaraq “Əli Zadə” kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar