Məhkəmə qərarları › İş №2-1(103)-694/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-694/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-694/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4387/2024 saylı 06 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan SSR Nazirlər Sevetinin Dövlət Texniki Peşə Təhsil Komitəsi tərəfindən verilmiş 921 nömrəli xx.xx.1979-cu il tarixli atestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək qaynaqçı (əl elektrik qaynaqçısı) ixtisası üzrə təhsil almışdır. İddiaçıya məxsus HЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1979-cu il tarixləri ərzində Ağdam rayon Xosrov çarpayı zavodunda “çilingər”, xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Yevlax fabrikasında “qaynaqçı”, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-lə “qaynaqçı” vəzifəsində, xx.xx.2012-xx.xx.2014-cü ilədək, xx.xx.2017-xx.xx.2017-ci il arasındakı dövrlər ərzində "xxxx" MMC-də “qaynaqçı” vəzifəsində, xx.xx.2017-xx.xx.2019-cu illərdə "xxxx" ASC-nin Yevlax Aqrar Tikinti Filialında “qaynaqçı” vəzifəsində, xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-də “qaynaqçı” vəzifəsində çalışmışdır. A/x-002 nömrəli xx.xx.2019-cü il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi icra etdiyi “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalarların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 04 nömrəli xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - "xxxx" ASC-də “qaynaqçı” vəzifəsində 15 il 4 ay 26 gün işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyərləri dərin quyularda qaynaq işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXXİİİ bəndinin 11620; 19906 vəzifə kodlarına uyğundur. 07 nömrəli xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - "xxxx" ASC-də “əl ilə ekeltrik qaynaqçı” vəzifəsində 13 il 11 ay 09 gün işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri dərin quyularda qaynaq işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXXİİİ bəndinin 11620; 19906 vəzifə kodlarına uyğundur. Yevlax "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Yevlax "xxxx" MMC müəssisəsində xx.xx.2001-ci il tarixdə 17 №-li əmrlə qaynaqçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 17 №-li əmrlə işdən azad edilmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-218778/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 1 oktyabr 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1998xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “CMD“ MMM-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, 2006-2021-ci illərdə ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2012-ci ilin dekabr, 2013-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014-cü ilin sentyabr, 2017-ci ilin fevral, mart, 2020-ci ilin noyabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (10 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər (“Əmək pensiyaları haqqında Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25 ildən az təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26756,93 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Bu imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “ona 60 yaşı tamam olan xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif dövrlərdə aşağıda qeyd olunan müəssisələrdə çalışmışdır: xx.xx.1979- xx.xx.1979-cu il tarixləri ərzində Ağdam rayon Xosrov çarpayı zavodunda çilingər işləmişdir (3 ay 19 gün). xx.xx.1980-xx.xx.1982ci il tarixləri arasında hərbi xidmətdə olmuşdur ( 2 il 26 gün). "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli A/X-002 nömrəli arayışından göründüyü kimi, xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adı çəkilən müəssisədə qaynaqçı, elektrik montyoru və maşinist nasosçu vəzifələrində çalışmışdır (15 il 4 ay 26 gün). xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC müəssisəsində qaynaqçı vəzifəsində çalışmışdır (2 il 9 ay 4 gün). Yevlax "xxxx" MMC müəssisəsi tərəfindən verilmiş arayışdan göründüyü kimi, xx.xx.2001-ci il-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində Yevlax "xxxx" MMC müəssisəsində qaynaqçı vəzifəsində çalışmışdır (4 il 9 ay 8 gün). xx.xx.2012-xx.xx.2014cü il və xx.xx.2017-xx.xx.2017-ci il arasındakı dövrlər ərzində "xxxx" MMC müəssisəsində qaynaqçı vəzifəsində çalışmışdır. (2 il 1 ay 6 gün) "xxxx" ASC-nin Yevlax Aqrar Tikinti Filialında xx.xx.2017-xx.xx.2019 arasındakı dövrlər ərzində qaynaqçı vəzifəsində çalışmışdır. (2 il 7 ay 18 gün) "xxxx" MMC-də xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı vəzifəsində çalışmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 29 il 6 ay 5 gün təşkil edir. İddiaçı xx.xx.1961-ci ildə Ağdaş rayonu, Tofiqi kəndində anadan olmuşdur. Hazırda 62 yaşı var. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından xx.xx.2023-cü il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R218778/2023 saylı güzəştli şərtlərlə əmək pensiyası təyinatından imtina haqqında məktub verilmişdir. Hesab edir ki, hesablamalar düzgün aparılsa iddiaçının iş stajı və yığılmış kapitalı güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 4 nömrəli arayışından göründüyü kimi, İddiaçı 15 il 4 ay 26 gün güzəştli şərtlərə daxil olan sahə olan dərin quyularda qaynaq işləri vəzifəsində çalışmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Belə ki, iddiaçı Ə.X6 təqdim etdiyi 1 oktyabr 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1998-ci il tarixdən xx.xx.2001- ci il tarixədək "xxxx" MMMdə işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, 2006-2021-ci illərdə İddiaçı münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2012-ci ilin dekabr, 2013-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014-cü ilin sentyabr 2017-ci ilin fevral, mart, 2020-ci ilin noyabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (10 ay) onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər (“Əmək pensiyaları haqqında Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. Göstərilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az, yəni 24 il 02 ay 09 gün təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26756,93 manat təşkil edir. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan qanunvericiliklə ali təhsil müddətinin güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zaman əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4387/2024 saylı 06 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı xx.xx.1961-cı il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verilərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən qəbul edilərək iddia tələbi “İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İş materiallarından iddiaçının həmin məktubu nə vaxt əldə etməsi müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” barədə olmuşdur. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun ümumi iş stajının 25 ildən az təşkil etməsi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşdən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2021-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalının olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını, təhsilinə dair arayışı, hərbi biletini və müvafiq güzəştli arayışı təqdim etmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək qaynaqçı (əl elektrik qaynaqçısı) ixtisası üzrə təhsil almış və xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1979-cu il tarixləri ərzində Ağdam rayon Xosrov çarpayı zavodunda çilingər, xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Yevlax fabrikasında qaynaqçı, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-ə qaynaqçı vəzifəsində, xx.xx.2012-xx.xx.2014-cü ilədək, xx.xx.2017-xx.xx.2017-ci il arasındakı dövrlər ərzində "xxxx" MMC-də qaynaqçı vəzifəsində, xx.xx.2017-xx.xx.2019-cu illərdə "xxxx" ASC-nin Yevlax Aqrar Tikinti Filialında qaynaqçı vəzifəsində, xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-də qaynaqçı vəzifəsində çalışmışdır. Beləliklə, iddiaçının təhsil dövrü (bu dövrün iş stajı ilə üst-üstə düşməyən hissəsi), hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən iş stajı (2006-2021-ci illərdə məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2012-ci ilin dekabr, 2013-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014-cü ilin sentyabr, 2017-ci ilin fevral, mart, 2020-ci ilin noyabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin staja daxil edilməsi mümkün olmadığından həmin 10 ay çıxılmaqla) nəzərə alınmaqla, onun 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ümumi iş stajının 25 ildən artıq olduğu müəyyən olunur. İddiaçının güzəştli iş stajının olmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İşdə olan A/x-002 nömrəli xx.xx.2019-cü il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi icra etdiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalarların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 04 nömrəli xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - "xxxx" ASC-də “qaynaqçı” vəzifəsində 15 il 4 ay 26 gün işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri dərin quyularda qaynaq işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXXİİİ bəndinin 11620; 19906 vəzifə kodlarına uyğundur. Həmçinin 07 nömrəli xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - "xxxx" ASC-də “əl ilə ekeltrik qaynaqçı” vəzifəsində 13 il 11 ay 09 gün işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyərləri dərin quyularda qaynaq işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXXİİİ bəndinin 11620; 19906 vəzifə kodlarına uyğundur. Yevlax "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Yevlax "xxxx" MMC müəssisəsində xx.xx.2001-ci il tarixdə 17 №-li əmrlə qaynaqçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 17 №-li əmrlə işdən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının "xxxx" ASC-də “qaynaqçı” işlədiyi vəzifə güzəştli əmək pensiyası hüququna əsas olan, xüsusiyyətləri dərin quyularda qaynaq işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXXİİİ bəndinin 11620; 19906 vəzifə kodlarına uyğundur. İddiaçı isə həmin vəzifədə 15 il 4 ay 26 gün işləmişdir. Bu da iddiaçının güzəştli əmək pensiyası hüququna əsas olan ikinci şərti də ödədiyini göstərir. Cavabdehin istər iddiaçının ümumi iş stajının, istərsə də güzəştli iş stajının yetərli olmaması ilə bağlı gətirdiyi dəlilləri məhkəmə kollegiyası əsassız hesab edərək onu qeyd etməyi zəruri hesab edir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası da nəzərə alınmalıdır. Belə ki, işin apellyasiya baxışı zamanı iddiaçının verdiyi izahatlardan məlum olmuşdu ki, onun cavabdeh qurum tərəfindən nəzərə alınmayan- 1998-2001-ci illərdə işlədiyi "xxxx" müəssisəsində başqa şəxsin işlədiyi dövrlər həmin şəxsə pensiya təyin olunarkən cavabdeh qurum tərəfindən onun iş stajına daxil edilmişdir. Bununla bağlı inzibati orqana sorğu verilərək iddiaçı ilə eyni müəssisədə işləmiş X1 pensiya işi tələb olunmuşdur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, iddiaçının 1998-2001-ci illərdə işlədiyi "xxxx" müəssisəsindəki iş stajı cavabdeh qurum tərəfindən “müəssisənin DSMF-da sığortaolunan kimi qeydiyyatda olmadığı və mdss haqları ödəmədiyi” səbəbindən nəzərə alınmasa da, iddiaçı ilə eyni müəssisədə işləmiş X1 təqdim olunmuş pensiya işinin materiallarındakı sənədlərə əsasən onun həmin müəssisədəki iş stajıxx.xx.1992-xx.xx.1996-cı il arasındakı dövr həmin şəxsə pensiya təyin olunarkən onun sığorta stajına daxil edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçıya 1998-2001-ci illərdə işlədiyi "xxxx" müəssisəsindəki iş stajını ümumiyyətlə qəbul etməməsi iddiaçının bərabərlik və inzibati orqanın praktikasına (vahid məhkəmə təcrübəsinə əsasən yaranmış inzibati praktikasına) etimad hüququnun qorunması prinsiplərini pozmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı dövrün bir hissəsi (əmək stajı ilə üst-üstə düşməyən hissəsi), hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən iş stajı nəzərə alınmaqla, onunla oxşar hüquqi vəziyyətdə olub, eyni faktiki hallara və eyni hüquqi əsaslara söykənən, eyni hüquqi marağı olan şəxsə münasibətdə cavabdeh qurumun inzibati praktikasının mövcudluğu nəzərə alınmaqla 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 3 şərtin 1-cisi və 2-cisi, yəni 25 il ümumi, 12 il 6 ay zərərli iş stajı tələbləri təmin olunsa da, hazırki işdə iddiaçının ona bu əsaslarla pensiya təyinatının aparılması üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verib-verməməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Cavabdeh qurum tərəfindən apelyasiya baxışı zamanı sorğuya cavab olaraq verilmiş 5 mart 2025-ci il tarixli 3-17-1/2-53939/2025 saylı məktubda bildirilmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi 40800 manat hesablandığı halda, İddiaçı 60 yaşının tamamlandığı 31 iyul 2021-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 19538,60 manat təşkil edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələni araşdırmamış və sözügedən əsaslarla iddiaçıya pensiya təyin olunması üçün hər 3 şərtin təmin olunub-olunmaması məsələsinə qiymət verməmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən xx.xx.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələbin aradan qaldırıldığını nəzərə alaraq iddiaçıya hüquqi yardım göstərmiş, həmin hüquqi yardıma uyğun olaraq iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Beləliklə, xx.xx.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələb aradan qaldırıldığı üçün məhkəmə kollegiyası iddiaçıya 60 yaşı tamam olduğu tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan bütün şərtlərin təmin olunduğu qənaətindədir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillərin bir qismi (kapital tələbinin yoxlanılmaması) ilə məhkəmə kollegiyası razılaşsa da, digər dəlilləri qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız hesab etdiyi üçün qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4387/2024 saylı 06 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin olunaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4387/2024 saylı 06 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi apellyasiya baxışı zamanı verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə uyğun şəkildə təmin olunsun. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar