Məhkəmə qərarları › İş №2-1(103)-695/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-695/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-695/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət rüsumunun və xidmət haqlarının geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1799/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin onun 31 may 2019-cu il tarixli müraciətinə 19 iyun 2019-cu il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi və cavabdehin Sabunçu rayonunun sahəsi 2844 A saylı bağa dair 07.10.2009-cu il tarixdə verdiyi çıxarışa görə ondan aldığı dövlət rüsumu və xidmət haqlarının geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdehə ərizə ilə müraciət edilərək göstərmişdir ki, adına verilən çıxarış məhkəmə tərəfindən ləğv olunduğu üçün onun alınmasına dair verdiyi rüsum, peykdən çəkilmiş xəritəyə görə rüsum və sonra başqa xərclər ona qaytarılmalıdır. Lakin, cavabdeh 2019-cu il tarixdə ona verdiyi cavab məktubunda göstərmişdir ki, daşınmaz əmlakın üzərində əməliyyatların aparılması ilə bağlı ödənilən dövlət rüsumu və xidmət haqqı əməliyyatları həyata keçirildiyi təqdirdə geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh bu imtinanın əsası kimi ona istinad etmişdir ki, daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı və nəzərdə tutulan ödəmələrlə bağlı yaranan münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, habelə Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli, 4 saylı Qərarı ilə müəyyən edilmiş qaydada tənzimlənir. Cavabdehin bu cavab məktubunu, yəni imtinasını qanunsuz sayır. Belə ki, həmin orqan 2844 A saylı bağ sahəsini onun adına özəlləşdirərkən bütün sənədlərini yoxlama sənədləri qaydasında olduğu üçün ondan dövlət rüsumu və xidmət haqqı almışdır. Bundan sonra ona müvafiq çıxarış verilmişdir (07.10.2019-cu il tarixli) və həmin bağ onun mülkiyyətinə keçmişdir. Lakin, S.Məmmədovun əsassız verdiyi şikayət əsasında məhkəmənin çıxardığı qanunsuz qərarla bu çıxarış ləğv olunmuşdur. Məhkəmə gedən müddətdə cavabdeh ona qanuni çıxarış verdiyi halda, buçıxarışı müdafiə etməmişdir. Çıxarışın ləğvi barədə məhkəmə qərarlarından şikayət belə etməmişdir. Əgər verilən çıxarışı qanuni verirsə, cavabdeh orqan məhkəmədə onu müdafiə etməli idi. Çünki həmin orqan onun sənədlərinin yox, çıxarışın ləğvi barədə məhkəmə qərarından belə şikayət etməmişdir. Əgər onun adına olan 2844 A saylı bağ sahəsində verilən çıxarış düz verilməyibsə, onda cavabdeh orqan ondan rüsum və xidmət haqqı kimi aldıqları bütün məbləğləri geri qaytarmalıdırlar. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1799/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1799/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 68 saylı BTK-nın 2844 a saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları 07.10.2009-cu il tarixdə, ********** qeydiyyat nömrəsi, **********2 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 2189/2018 saylı, 05 dekabr 2019-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İddiaçı) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, üçüncü şəxsin adına Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsi ayrılmasına dair 1989-cu il 18 mart tarixli, 29 nömrəli orderin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsin adına Sabunçu rayon Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsi ayrılmasına dair 2009-cu il 29 iyul tarixli, A 215977 saylı “torpaq sahəsinin plan və ölçü”sünün və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən üçüncü şəxsin adına verilmiş Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 68 saylı BTK-nın 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsinin ayrılmasına dair 2009-cu il 7 oktyabr tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 31 yanvar tarixli 2-1(82)-192/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxsin adına Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsi ayrılmasına dair 1989-cu il 18 mart tarixli, 29 nömrəli order etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsin adına Sabunçu rayon Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsi ayrılmasına dair 2009-cu il 29 iyul tarixli, A 215977 saylı “torpaq sahəsinin plan və ölçü”sünün və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 68 saylı BTK-nın 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsinin ayrılmasına dair 2009-cu il 7 oktyabr tarixli, ********* qeydiyyat nömrəli üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasıın 2018-ci il 26 aprel tarixli, 2-1(103)-522/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs həmin qərardan 2018-ci il 22 iyun tarixdə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2189/2018 saylı, 05 dekabr 2019-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 aprel tarixli, 2-1(103)- 522/2018 nömrrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********48 nömrəli, 04.08.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu və xidmət haqqı ilə bağlı 112 manat məbləğində ödəniş edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat məbləğində, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi ilə bağlı isə 50 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Azərbaycan Rspublikasının Tarif (Qiymət) Şurasının “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 4 saylı, 31 iyul 2009-cu il tarixli Qərarının İ-2.Torpaq sahələrinin inventarlaşdırılması bölməsinin, 2.1-ci bəndinə əsasən həyətyanı və bağ sahəsi torpaqları 0.12 ha-ya qədər olan torpaq sahəsi olduqda xidmət haqqı 12 manat nəzərdə tutulmuşdur. Həmin Qərarın İİ bölməsində daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsinə görə xidmət haqqı 20 manat nəzərdə tutulmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu, habelə Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada dövlət rüsumu və xidmət haqqı tutularaq, əmlak üzərində əməliyyatlar aparılaraq iddiaçıya 07.10.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarış verildiyindən, bununla da, cavabdeh tərəfindən qanunvericiliklə öz üzərinə düşən öhdəliklər yerinə yetirilərək daşınmaz əmlak üzərində müvafiq əməliyyatlar həyata keçirildiyindən, həmin çıxarışın verilməsindən 9 ildən çox müddət keçdikdən sonra məhkəmə qərarı ilə çıxarışın ləğv edilməsi cavabdehin hərəkətsizliyi, ödənilmiş dövlət rüsumu və xidmət haqqına uyğun əməliyyatların həyata keçirilməməsi səbəbindən olmadığından, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda iddiaçının iddia ərizəsində istinad etdiyi hallarla dövlət rüsumunun qaytarılması nəzərdə tutulmadığından, iddiaçının hazırki tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1799/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar