Məhkəmə qərarları › İş №2-1(103)-695/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-695/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-695/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X13, X11 işə cəlb edilməklə “çıxarışın və plan-ölçü sənədinin bir hissədə ləğv edilməsi” iddia tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “çıxarışın və plan-ölçü sənədinin bir hissədə ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X9 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X13, X11 işə cəlb edilməklə “çıxarışın və plan-ölçü sənədinin bir hissədə ləğv edilməsi” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X13 işə cəlb edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X10 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2018-ci il tarixli, AN 267170 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışa mane olan hissəsində (torpaq sahəsinin 13 kv.m hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1135 saylı bağ sahəsi ona məxsusdur. Həmin bağ sahəsində daha sonra atası yaşamışdır. O, həmin bağ sahəsində böyüyüb başa çatmış və hazırda da, orada yaşayır. Həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Qeyd etdiyi bağ sahəsinin şimal hissəsindən həyətə giriş-çıxış üçün uzun illərdir ki, dəmir qapı qoyulmuşdur. Həmin qapı digər şəxsin istifadəsində və sahibliyində olmayan (olması mümkün olmayan), ümumi istifadədə olan boş əraziyə, yol qırağına açılırdı və ondan mübahisəsiz şəkildə istifadə olunurdu. Lakin, bir müddət sonra şimal tərəfdən qonşuluğunda yerləşən bağ sahəsinin istifadəçisi X13 həmin bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda bağ sahəsini hasara almış və hasarın bir tərəfini onun bağ sahəsinin giriş-çıxış qapısına olduqca yaxın (hətta birləşdirməklə) inşa etməklə həmin qapıdan istifadəyə, bağ sahəsinə giriş-çıxışa maneə yaratmışdır. Daha sonra müvafiq dövlət qurumlarına etdiyi haqlı şikayətləri nəticəsində qeyd etdiyi hasar qismən sökülmüşdür. Bir müddət sonra X13 istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dölət reyestrində qeydiyyata aldırmış, bununla bağlı ona ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2018ci il tarixli, AN 267170 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Qeyd etmək istəyir ki, məhz bundan sonra X13 həmin ərazidə yenidən hasar çəkmiş və bu səfər hasarı nəinki onun bağ sahəsinin giriş-çıxış qapısına birləşdirmək, hətta qapının onun hasarının daxilində qalacaq şəkildə çəkmişdir. Hazırda mülkiyyətində olan bağ sahəsinin giriş-çıxış qapısı X10 mülkiyyətində olan əraziyə açılır və bu hal onun mülkiyyət hüququnu məhdudlaşdırır. Bu hal eyni zamanda mülkiyyətdən maneəsiz istifadə prinsipinin pozulmasıdır. Bütün bunlara səbəb isə ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 mülkiyyət hüququ qeydiyyata alınarkən torpaq sahəsinin sərhədlərinin düzgün müəyyən edilməməsi, mərzçəkmə işlərinin düzgün aparıİmaması və nəticədə torpaq sahəsinin planı və ölçüsünün düzgün tərtib olunmamasıdır. Belə ki, idarənin mütəxəssisləri X10 torpaq sahəsinə yerində baxış keçirərkən həmin ərazidə onun bağ sahəsinin giriş-çıxış qapısının olduğunu gördükləri halda həmin ərazini də, sonuncunun torpaq sahəsinin sərhədləri daxilində qələmə vermişlər. Halbuki, həmin ərazi ümumi istifadədə olan ərazidir və yol qırağıdır. Onu da, qeyd etmək istəyir ki, həmin ərazinin X10 torpaq sahəsinə aid ərazi olduğu düşünülsə belə, təcrübə göstərir ki, bu kimi hallarda qeydiyyat orqanı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatından imtina edir və ən yaxşı halda tərəflərə mübahisəli məsələnin məhkəmə qaydasında həll edilməsi yolunu göstərir. Lakin, görünən odur ki, İdarənin mütəxəssisləri qeyd olunan məsələ ilə bağlı ciddi səhvə yol vermişlər. Cavabdehin etirazları: Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********22 nömrəli etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, xx.xx.2020-ci il tarixdə isə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X12 məxsus hasar daxilində olan 500 kv.m torpaq sahəsinin 13.0 kv.m hissəsi iddiaçının torpaq sahəsini ikinci giriş-çıxış yolunu tutduğu üçün adıçəkilən məsələ mübahisəlidir. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********01 nömrəli, xx.xx.2020-ci il tarixli, **********02 nömrəli məktublar ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq X3 və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixli, 31737 saylı müqaviləsi əsasında X10 adına daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyatdan keçmiş, hazırda onun xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Aygün Abdullayeva) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi işin əsas mahiyyətinin giriş və çıxışa maneələrin aradan qaldırılması ilə bağlı olduğunu, bunun da mülki məsələ olduğunu qeyd etmiş, iddia tələbinin təmin edilməməsi barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmənin qərarı ləğv edilməlidir. Belə ki, tələbin əsas mahiyyəti giriş-çıxışa manelərin aradan qaldırılması ilə deyil. Tələbin əsas mahiyyəti cavabdeh tərəfindən üçüncü şəxsin torpaq sahəsinin sərhədinin müəyyən edilməsi zamanı hər hansı ilkin sənəd, çizgi, plan-sxemə istinad edilmədən, iddiaçının öz torpaq sahəsinə yeganə giriş-çıxış yolunun da həmin sərhədə daxil edilməsi ilə bağlıdır. Cavabdeh hansı sənəd əsasında iddiaçının öz torpaq sahəsinə giriş-çıxışı olan 13 kv.m ərazinin üçüncü şəxsə məxsus torpaq sahəsinə daxil edildiyini qeyd etməmişdir. Halbuki praktikada belə hallarda cavabdeh həssas davranır, mübahisəli hallarda Reyestr qeydiyyatdan imtina edərək, ən yaxşı halda tərəflərə məhkəməyə müraciət edilməsini bildirir. Qeyd edilənlərə əsasən, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı: İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(112)- 493/2022 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbi təmin edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda üçüncü şəxsin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə edərək qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinə X12 məxsus olmuş 677 saylı bağ sahəsinə dair çıxarışın müəyyən hissədə ləğv edilməsi tələbi ilə müraciət etmişlər, lakin sonradan məlum olmuşdur ki, X13 özünə məxsus həmin bağ sahəsini məhkəmə mübahisəsi dövründə oğlu X7 bağışlamış, X7 dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış vermişdir. Bu səbəbdən, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə protokol qaydasında icraata qəbul edilmiş və X11 üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, bildirdi ki, cavabdeh üçüncü şəxsin torpaq sahəsinin planını düzgün müəyyən etməmiş, nəticədə onun öz bağ sahəsinə olan giriş-çıxışının qabağını əsassız olaraq kəsmiş, indi onun qapısı üçüncü şəxsin həyətinə açılır. Bu isə onun hüququnu əsassız olaraq məhdudlaşdırmışdır, həmçinin üçüncü şəxs prosesin gedişində əmlakı oğluna bağışlamış, bununla da ona prosessual çətinliklər yaratmaq niyyəti güdmüş, cavabdeh qurum da eyni qaydada əvvəlki pozuntusunu təkrar etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, üçüncü şəxs X5 mülkiyyətində olan bağ sahəsinin 13 kv.m-i iddiaçının giriş-çıxış yolunu əhatə edir, bununla da həmin sahə hasarlanmaqla iddiaçının bağ sahəsinə yeganə giriş-çıxış yolunu bağlamışdır. Həmçinin qeyd etdi ki, üçüncü şəxsin faktiki istifadəsində olan arxa hissədə torpaq sahəsinin olmasını nəzərə alınmadan, məhz iddiaçının giriş-çıxış qapısının qarşısını kəsəcək qədər cavabdeh tərəfindən torpağın yeni planı verilmişdir. Halbuki, təcrübə göstərir ki, bu kimi hallarda qeydiyyat orqanı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatından imtina edir və ən yaxşı halda tərəflərə mübahisəli məsələnin məhkəmə qaydasında həll edilməsi yolunu göstərir, lakin hazırkı halda cavabdeh tərəfindən üçüncü şəxsə onun mülkiyyət hüququnu pozan çıxarış və texniki pasport verilmiş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri N.Rzazadə və Ə.Abbaslı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bununla belə, nümayəndələr oxşar vəziyyətlərdə, yəni qonşu sahələrin sahibləri arasında ixtilafların olduğu hallarda müvafiq sənədləşmənin aparılmasından imtina edərək tərəflə mübahisəni öz aralarında həll etməyi, yalnız bundan sonra müvafiq sənədləşmənin aparıla biləcəyi tövsiyyə edildiyinə baxmayaraq, hazırkı halda hansı səbəbdən iddiaçının bağ sahəsinə yeganə giriş-çıxışın bağlanmasına və müvafiq olaraq da bağ sahələrinin sahibləri arasında münaqişəyə gətirib çıxaran sənədləşmənin aparılması səbəblərini ağlabatan və inandırıcı şəkildə izah edə bilmədilər. Apellyasiya baxışı zamanı üçüncü şəxslər X13 və X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçları hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırkı işə üçüncü şəxslər X13 və X5 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1135 saylı, ölçüsü 0.13 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2011-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədi verilmiş və sözügedə plan-ölçü sənədində torpaq sahəsinin döngə nöqtələri və koordinatları göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 677 saylı, ölçüsü 0.05 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X10 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədi verilmiş və sözügedən plan-ölçü sənədində torpaq sahəsinin döngə nöqtələri və koordinatları göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında ilkin iddia üzrə İddiaçı cavabdehlər X12 qarşı onun və cavabdeh M.Məmmədovun torpaq sahələrinin sərhəd olduğu sahədə cavabdehə məxsus hasarın sökülərək həmin sahədən onun giriş-çıxışını sərbəst şəkildə həyata keçirməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsinə dair, qarşılıqlı iddia üzrə X10 cavabdeh İddiaçı qarşı ilkin iddianın təmin edilməməsi, ona məxəsus 1 sot torpaq sahəsinin qaytarılması, cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi və cavabdehin onun həyətinə açdığı qapının sökülməsi barədə qətnamə qəbul edilməsinə dair mülki iş vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 16256 nömrəli 14 oktyabr 2019-cu il tarixli ekpert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X10 mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plan-cizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmişdir (sxem əlavə edilir); həmin mütəxəssis rəyində göstərilmişdir ki, X10 mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plancizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmişdir; həmin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir ki, İddiaçı məxsus bağ sahəsinin X12 məxsus bağ sahəsi istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı cavabdehin xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilində açılır və bununla da, normal çıxışı məhdudlaşır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********31 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 677 saylı bağ sahəsinə dair sənədlərin surətlərindən müəyyən edilir ki: X3 və İstismarı Birliyi ilə X13 arasında bağlannmış “Novxanı ərazisindəki 677 nömrəli bağın istifadəyə verilməsi haqqında” 31737 saylı müqaviləyə əsasən Bakı şəhəri, Novxanı bağ massivində yerləşən 677 nömrəli bağ sahəsi X10 istifadəsinə verilmişdir. X13 notarial qaydada razılıq ərizəsi təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində 677 nömrəli bağ sahəsi ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin azalaraq faktiki istifadədə olan 500 kv.m özəlləşməsinə və çıxarış verilməsinə etiraz etməmişdir. Sözügedən bağ sahəsi X10 adında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X13 tərəfindən sözügedən bağ sahəsi X7 bağışlanılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1135 saylı bağ sahəsinə dair sənədlərin surətlərindən müəyyən edilir ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-484/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və İstismarı Birliyi ilə icarədar X1 arasında 18 fevral 2006-cı il tarixdə bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində, sahəsi 0.13 ha olan 1135 saylı bağ torpaq sahəsinin icarəyə verilməsi haqqında 37062 nömrəli icarə müqaviləsi İddiaçı ilə bağlanmış hesab edilmişdir. Qətnamə 11 mart 2010-cu il tarixdən qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağ sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə dair iddiaçının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə 677 saylı və 1135 saylı bağ sahələrinin və mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 677 saylı, ölçüsü 0.06 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. İddiaçının elektron məhkəmə sistemi vasitəsi ilə təqdim etdiyi Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X13 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş, hazırkı inzibati işə baxılması ilə əlaqədar dayandırılmışdır. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair verilmiş çıxarışın onun mülkiyyətində olan bağ sahəsinə giriş-çıxışa mane olan 13 kv.m hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Tələbin əsası isə ondan ibarətdir ki, X12 məxsus hasar daxilində olan 500 kv.m torpaq sahəsinin 13 kv.m hissəsi hazırda onun mülkiyyətində olan bağ sahəsinin yeganə giriş-çıxış hissəsini tutur. Hazırkı iş üzrə iddiaçı və 3-cü şəxs X13 arasında olan mülki məhkəmə mübahisəsi üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə əsasən təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X10 mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plan-cizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmiş, X10 mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmiş, İddiaçı məxsus bağ sahəsinin X12 məxsus bağ sahəsinin istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı, X10 xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilinə açılır və bununla da, normal çıxışı məhdudlaşdırır. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi iddiaçıya məxsus bağ sahəsinin X12 məxsus bağ sahəsinin istiqamətindən əsas yola açılan giriş-çıxış qapısının X10 xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilinə 13 kv.m hissədə açılaraq, iddiaçıya normal giriş-çıxda maneə yaratmasını müəyyən etmişdir. Buna axmayaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hər-hansı bir hissədə üst-üstə düşməməsi halını əsas gətirərək, cavabdehin imtinasının qanuni olmasını bildirmiş, iddiaçı ilə 3-cü şəxs arasında olan hazırkı mübahisənin əsasının yəni, giriş-çıxışa manələrin aradan qaldırılması məsələsinin mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməsi qənaətinə gəlmişdir. Kollegiya ilk növbədə iddiaçı ilə 3-cü şəxs arasında olan hazırkı mübahisənin əsası yəni, giriş-çıxışa manələrin aradan qaldırılması məsələsinə mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməsi ilə bağlı bildirir ki, iddiaçının elektron məhkəmə sistemi vasitəsi ilə təqdim etdiyi Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X13 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş, hazırkı inzibati işə baxılması ilə əlaqədar dayandırılmışdır. Kollegiya hesab edir ki, hazırkı mübahisə məhz üçüncü şəxsin torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və buna uyğun verilən çizgi plan əsasında iddiaçının giriş-çıxış qapısının üçüncü şəxsə məxsus torpaq sahəsinin sərhədi daxilində qalması nəticəsində yaranmışdır, bu da hazırkı mübahisəyə inzibati qaydada qiymət verilməsini tələb edir, odur ki, məhkəmənin qeyd edilən həmin mövqeyi əsassızdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 16256 nömrəli 14 oktyabr 2019-cu il tarixli ekpert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus bağ sahəsinin X12 məxsus bağ sahəsi istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı üçüncü şəxsin xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilində açılır və bununla da, normal çıxışı məhdudlaşır. Demək ki, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş üçüncü şəxsin bağ sahəsinə dair sənədləşdirmə işlərini həyata keçirən cavabdehin həmin hərəkətləri aşkar əsaslandırılmamış və qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13.İ-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, ekspert rəyi ilə iddiaçıya məxsus bağ sahəsinin X12 (hazırda X7) məxsus bağ sahəsi istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı üçüncü şəxsin xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilində açılması və bununla da, normal çıxışının məhdudlaşması müəyyən edildiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi natamam araşdırma aparmış, qərar qəbul edərkən isə maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar