Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-696/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri lokal gəlirlər baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli **********7 nömrəli qərarın və xx.xx.2019-cu il tarixli **********789000 nömrəli qərara əlavənin etibarsız hesab olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadları ilə iddia ərizəsi üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair iddiaçının ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Prosessual müddətin bərpa olunmasına dair iddiaçının ərizəsinin təmin edilməməsi haqqında qərardadın əsaslarına görə, “İş materiallarından görünür ki, mübahisələndirilən qərarlar xx.xx.2019-cu il tarixdə rəsmi qaydada imza olunmaqla İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinə təqdim olunmuşdur. ... Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarların ona təqdim olunduğu müddətdən 10 aydan çox vaxt keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüşdür.” İddianın mümkün sayılmaması haqqında qərardadın əsaslarına görə, “... mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarların ona təqdim olunduğu müddətdən 10 aydan çox vaxt keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüşdür.” Qərardadlarla razılaşmayan iddiaçı onlardan apellyasiya şikayətləri verərək, qərardadların ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şikayətlərin dəlillərinə görə, qərarı imzalamış MMC-nin təsisçisi və direktoru olan şəxslər hazırda həbs olunaraq çəza çəkirlər. Onların dövründə siyahıya alınmış əmlak artıq satılmışdır. Təkcə mübahisələndirilən əmlak deyil, digər əmlaklar da MMC-nin köhnə rəhbərliyi tərəfindən bir neçə şəxsə qanunsuz satılmışdır. Bu isə gələcəkdə göstərilən əmlak hərraca çıxarırlıb satılarsa üçüncü şəxslərin hüquqlarının pozulmasına və əlavə məhkmə mübahisələrinə yola aça bilər. Qeyd olunanlardan əlavə, onlar xx.xx.2018-ci il tarixli qərardan və qərara xx.xx.2019-cu il tarixli əlavədən Bakı Kommersiya Məhkəməsində işə baxılarkən xəbər tutmuşlar. Göstərilən qərar onlara təqdim olunub verilməmişdirsə, onların həmin qərardan məlumatları ola, onu mübahisələndirə bilməzdilər. Həmin şəxslər həbsdə olduğundan mübahisələndirilən qərarın onlar tərəfindən qəbul olunub-olunmaması da bəlli deyil. Buna görə də hesab edirlər ki, müddət üzrlü səbəbdən buraxılmışdır. Həmin vaxt göstərilən qərarları mübahisələndirməli olan şəxslərdən V.Əliyev həbs edilmiş, xx.xx.2019-cu il tarixli qərara əlavəni imzalamış F.Məmmədov isə işdən uzalaşdırıldığı üçün həmin qərarlar vaxtında mübahisələndirilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi iddiaçının vergi ödəyicisinin borcunun artıq qalmadığını bildirmiş, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərardadlarının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayətlər mahiyyətcə əsassızdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarların etibarsız hesab olunmasını tələb etsə də, iddia ərizəsində İPM-in 32.1-ci maddəsinə (32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.) istinad etmiş, ərizəsini faktiki cəhətdən AR Vergi Məcəlləsinin vergi mübahisələrinin maddi-hüquqi əsasları kimi çıxış edən normaları ilə əsaslandırmışdır. Onun buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi də ötürülmüş 30 günlə bağlı olmuşdur. Bütün bunlar da onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmışdır. İPM-in 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin mübahisələndirmə haqqında hazırkı iddianın qeyd edilən mümkünlük şərtlərindən üçüncüsünə, yəni iddia qanunla nəzərdə tutulan müddətdə qaldırılması şərtinə iş üzrə əməl olunmur. Belə ki, işin 6 və 45-ci vərəqlərində olan qərar və arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli qərar həmin tarixdə möhür vurulmaqla və imza edilməklə iddiaçının qanuni təmsilçisi tərəfindən qəbul edilmiş, iddia isə xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəsi üzrlü hal kimi qəbul edilə bilməz. Belə ki, hər hansı halın iddiaçıya münasibətdə üzrlü sayıla bilməsi üçün bu halın ondan asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, bunun üçün müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə törətməsi sübuta yetirilməlidir. Lakin iş üzrə belə hallar aşkar olunmur. Çünki, iddiaçının özü şikayətlərində mübahisəli qərarların vaxtilə onu təmsil etmək səlahiyyətinə malik olan şəxslər tərəfindən qəbul edildiyini təsdiq edir, yəni apellyasiya şikayətlərində bu halların onun iradəsi hüdudlarında baş verdiyi dolayısıyla etiraf olunur. Sözügedən hallar da təbii olaraq müddətin buraxılması ilə nəticələnmişdir ki, bu da qanunla müəyyən edilmiş prosessual müddətin iddiaçının təqsiri ilə ötürülməsi, yəni müddətin buraxılmasının üzrlü səbəblərdən baş vermədiyi deməkdir. Odur ki, birinci instansiyası məhkəməsinin müddətin bərpası barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticələr qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayətlər təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-696/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-696/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver