Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-696/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Camal-zadə Qəni Oruc oğlunun, iddiaçının nümayəndəsi və vəkili Vəkil, ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “Diqqət LTD” KM-nin cavabdeh Daşınmaz Əmlakın Dövlər Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 96/2011 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “Diqqət LTD” KM cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanda 2175 kv.m torpaq sahəsində yerləşən ümumi tikilialtı sahəsi 303,25 kv.m olan daşınmaz əmlaka “Diqqət LTD” kiçik müəssisəsinin mülkiyyət hüququnun tanınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-96/2011 nömrəli, 16 iyun 2011-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “Diqqət LTD” kiçik müəssisəsinə məxsus olan texniki pasporta əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında 2175 kv.m torpaq sahəsində yerləşən, ümumi tikilialtı sahəsi 303,25 kv.m olan qeyri-yaşayış sahəsinə (iş həyəti) “Diqqət LTD” kiçik müəssisəsinin mülkiyyət hüququnun tanınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-96/2011 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizə (vəsatət) rədd edilmişdir. Həmin qərardaddan ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-96/2011 nömrəli, 11 sentyabr 2023cü il tarixli qərardadının ləğv edilməsi, zəruri cəlbetmə qaydasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Diqqət LTD” KM cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)-96/2011 saylı qərarı ilə “Diqqət LTD” KM-nə məxsus olan texniki pasporta əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında 2175 kv.m torpaq sahəsində yerləşən, ümumi tikintialtı sahəsi 303,25 kv.m olan qeyri-yaşayış sahəsinə (iş həyəti) “Diqqət LTD” KM-nin mülkiyyət hüququnun tanınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin işə baxılarkən Azərbaycan Dövlət Neft Şirkəti işə cəlb edilməmişdir. İddiaçı “Diqqət LTD” KM Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair “Diqqət LTD” LM-nin xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilərək, iddiaçıya məxsus MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda qeyd edilən “Diqqət LTD” KM-nin istifadəsində olan torpaq sahəinin ölçülərinin müəssisəyə məxsus xx.xx.2021-ci il tarixli texniki pasporta uyğunlaşdırılmaqla 2175 kv.m göstərlməsi öhdəliyinin cavabdehin üzərinə qovulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin işə baxılarkən mübahisəli torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşdiyi nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində işə cəlb edilmişdir. Yalnız bundan sonra Dövlət Neft Şirkətinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)-96/2011 saylı qərarından məlumatı olmuş, həmin qərar Dövlət Neft Şirkətinin maraqlarına toxunduğu üçün qərarın rəsmi qaydada əldə edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, qərarın surəti rəsmi qaydada xx.xx.2023-cü ildə təqdim edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)- 96/2011 saylı qərarı Dövlət Neft Şirkətinin maraqlarına toxunduğundan, sonuncunun həmin iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməsi ilə bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-96/2011 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardad rəsmi qaydada xx.xx.2023-cü il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinə təqdim edilmişdir. Həmin qərardad qanunsuz olduğu üçün ləğv edilməlidir. Qəradadda məhkəmə İPM-nin 28-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarına, Ali Məhkəmənin İnzibati Kollegiyasının qərardadına istinad edərək, üçüncü şəxs statusunda tanınma ilə bağlı meyarın qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirildiyini qeyd etsə də, nəzərə almamışdır ki, Dövlət Neft Şirkəti məhz həmin meyardan çıxış edərək, mübahisəli torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə verilmiş ərazilərə aid olduğunu bildirərək, mövcud ərizə ilə məhkəməyə müraciət etməli olduğunu əsaslandırmışdır. Digər tərəfdən, qərardadda istinad edilən əsassız əsas ondan ibarətdir ki, “işin faktiki hallarından göründüyü kimi iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin hüquqi qüvvəsini saxlayan, o cümlədən Dövlət Neft Şirkəti tərəfindən mübahisələndirilməmiş sərəncamı və tikili ilə bağlı sənədlər əsasında məhkəmədə iddia irəli sürərərək mülkiyyət hüququnun tanınmasını istəmişdir. Məhz həmin hal-hazıradək mübahisələndirilməyən, həmin sənədlər əsasında mülkiyyət hüququnun tanınması qərara alınmışdır”. Bu nəticəyə gələrkən məhkəmə nəzərə almamışdır ki, həmin sərəncamın etibarsız hesab edilməsi ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən hələ 2022-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və hal-hazırda iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Göründüyü kimi, ərizənin rədd edilməsi ilə bağlı nəticəyə gələn məhkəmə tərəfindən istinad olunan halın heç bir əsası yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsi Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsi ilə bağlı ərizəyə baxarkən, predmetdən kənara çıxaraq, faktiki olaraq, iddiaçı Dövlət Neft Şirkətinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı sərəncamın etibarsız hesab edilməsi ilə bağlı iddiasına münasibət bildirib, bu kimi iddiaların mümkün sayılmaması barədə qənaətə gələrək, həmin halın da ərizənin rədd edilməsi üçün əsaslardan biri hesab etmişdir. Halbuki, həmin iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərardad qanunsuzdur. Ona görə ki, iddiaçı tərəfindən mülkiyyət hüquqlarının tanınmasını xahiş etdiyi torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, təyinatına görə sənaye təyinatlı torpaq sahəsidir. 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda iddia olunan torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-m daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-m daimi istifadəsinə ayrılmış ərazilər, Saziş əraziləri, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonaları barədə məlumatlar adı çəkilən qurumun kadastr bazasında mövcuddur və bu səbəbdən verilən məlumatın yanlış olması ehtimalı yoxdur. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrıayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Camal-zadə Qəni Oruc oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı: 52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. … Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı: 1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarda həmçinin qeyd olunur ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. … Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 189 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Maştağa-Buzovna yolu, 2706 nömrəli avtobus parkının cənub-qərb hissəsində iş həyəti layihələşdirilməsi və tikintisi üçün «Diqqət LTD» kiçik müəssisəsinə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2384 saylı məktubu və H.Z.Tağıyev adına NQÇİ-nin xx.xx.1993-cü il tarixli 05-01/902 saylı razılıq məktubu nəzərə alınmışdır. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin hüquqi qüvvəsini saxlayan sərəncamı və tikili ilə bağlı sənədlər (inşaat pasportu, razılaşdırılmış eskiz layihə, istismara qəbul aktı və s.) əsasında məhkəmədə iddia irəli sürərək mülkiyyət hüququnun tanınmasını istəmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğvi tələb edilən qərarından görünür ki, məhz hal-hazıradək mübahisələndirilməyən, həmin inzibati orqan, yuxarı inzibati orqan və ya məhkəmə tərəfindən ləğv edilməsi həyata keçirilməyən həmin sənədlər əsasında da torpaq sahəsi və tikiliyə mülkiyyət hüququnun tanınması qərara alınmışdır. Qərarın icrası barədə məhkəməyə təqdim edilmiş sənədlərdən (çıxarış, texniki pasport və s.) görünür ki, istifadədə olan torpaq sahəsi və tikilmiş qeyri-yaşayış sahəsi kifayət qədər böyük ölçüdə, özünü torpaq sahəsinin mülkiyyətçisi hesab edən şəxs və ya qurumun diqqətindən kənarda qalması mümkün olmayan və ya mümkün olmamalı olan daşınmaz əmlakdır. Dövlət Neft Şirkəti isə göstərilən əmlakın yerləşdiyi torpaq sahəsinin istifadə edildiyi 2175 kv.m ölçünün texniki pasportda göstərilməsi barədə məhkəmənin icraatında olan “Diqqət LTD” KM-nin iddia tələbinə dair iş üzrə müəyyən etdiyini qeyd etmişdir. Dövlət Neft Şirkəti məhkəmənin icraatında olan başqa bir iş üzrə ərazinin Şirkətin istifadəsində olmasına baxmayaraq, iddiaçı tərəfindən istifadə edildiyini müəyyən etdiyini qeyd etsə də, əslində həmin məlumatlar onda əvvəldə olmuşdur. Belə ki, iş materiallarında olan Dövlət Neft Şirkətinin iddiaçının təsisçisi Qəni Camalzadəyə ünvanlanmış 29 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Neft Şirkəti həmin ərazinin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin ərazisi olması, sənaye təyinatlı olması əsası ilə aidiyyəti qurum tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinin pozulmasına istinad edərək ərazinin qazla təmin edilməsinə dair müraciətinin təminindən imtina etmişdir. İddiaçının sonradan Dövlət Neft Şirkətinə ünvanlanmış ərizəsindən görünür ki, məhkəməyə təqdim edilmiş sərəncam, layihə sənədləri, eləcə də inşaat pasportu da həmin Şirkətə göndərilmiş, qazla təmin edilmə üçün texniki şərtin verilməsi xahiş edilmişdir. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında müəyyən edildi kimi, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması baxımından zəruridir. Ərizəçi hazırda ləğvi tələb edilən qərarın qəbul edildiyi tarixdən təxminən 12 il müddət keçdikdən sonra 2023-cü ildə hazırki ərizə ilə müraciət etmişdir. Halbuki həmin ərazidə qərarın qəbul edildiyi tarixdən də əvvəl iddiaçı tərəfindən tikinti işləri aparılmış, iddiaçı həmin ünvanın qazla təchiz edilməsi üçün ərizəçiyə müraciət etmiş, iddiaçıya torpaq sahəsinin ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 189 nömrəli sərəncamı verilərkən H.Z.Tağıyev adına NQÇİ-nin razılıq məktubu nəzərə alınmışdır. Bundan başqa, ərizəçi iddiaçıya torpaq sahəsinin ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 189 nömrəli sərəncamını hazırki ərizə ilə məhkəməyə müraciət edənə qədər mübahisələndirməmişdir. Yalnız 29 il keçdikdən sonra mübahisələndirmişdir, həmin iddia tələbi də iddia müddəti ötürüldüyü üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3521/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Ümumiyyətlə, Dövlət Neft Şirkəti və neft-qaz əməliyyatları sahəsində ixtisaslaşmış digər aidiyyəti qurumların iddiaçı qismində cavabdeh yerli icra hakimiyyəti və bələdiyyə orqanlarına qarşı torpaq ayırma barədə sərəncam və qərarların mübahisələndirilməsinə dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsi göstərir ki, məhkəmələr hesab etmişdir ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarında analoji mövqedən çıxış edilmiş, torpaq sahələri Dövlət Neft Şirkətinin və neft-qaz əməliyyatı sahəsində ixtisaslaşmış qurumların elektron kadastr məlumatlarına əsasən istifadəsində olsa da yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının qərarlarının mübahisələndirilməsinə dair iddiaları iddia müddətinin ötürülməsi səbəbindən qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı 1994-cü il tarixli sənəd əsasında, bir çox sənədi məhz 90-cı illərə təsadüf edən, ən azından məhkəmə qərarının qəbul etdiyi 2011-ci il tarixədək qüvvəsini saxlayan dövlət orqanlarının verdiyi sənəd əsasında ən azından 2011-ci il tarixədək yerində mövcud olmuş tikili və yerləşdiyi torpaq sahəsini istifadə etmiş, ərizəçi isə hazırki ərizə ilə 2023-cü il tarixdə həmin sənədləşmə hadisəsindən 10 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, həmin hallar hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması baxımından hazırkı ərizənin rədd edilməsi üçün kifayət qədər əsasın mövcud olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-96/2011 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-696/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-696/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver