Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-697/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X4 oğlunun iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə Yevlax rayonunun Balçılı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2606/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 24.01.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01 yanvar 2006-cı il tarixinə 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi sığorta stajı olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən ona 57 yaşının tamam olduğu 28.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Yevlax rayonunun Balçılı kəndində anadan olmuşdur. 1979-cu ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirdikdən sonra həmin ilin sentyabrında Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 01.09.1979-29.07.1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda əyani şöbədə təhsil almışdır. Təhsil aldığı müddətdə institutda radiorabitə bölmə komandiri ixtisası üzrə hərbi hazırlıq kursu keçərək leytenant hərbi rütbəsi almışdır. Ona məxsus AT- İİİ seriyalı, ******* nömrəli, 21.11.1984-cü il tarixli əmək kitabçasına əsasən o, 08.10.1984- 10.05.1986-cı illərdə “Saratovtransqaz” İB-nin Aleksandrovo-Qaysk rayon Xətt İstehsalat İdarəsində ölçü-nəzarət cihazları və avtomatikası mühəndisi vəzifəsində, 09.06.1986- 25.12.1991-ci illərdə Azərbaycan DRES-nin X2 və Avtomatikası sexində mühəndis vəzifəsində, 25.12.1991-ci il tarixdən həmin sexdə usta vəzifəsində, 11.10.1996-cı il tarixdən həmin sexdə İİ dərəcəli mühəndis vəzifəsində, 02.05.2005-ci il tarixdən həmin sexdə İ qrup mühəndis vəzifəsində, 12.04.2016-cı ildən hal-hazıradək həmin sexdə “Texnoloji avadanlıqların avtomatik idarə olunmasına xidmət sahəsi”ndə mühəndis vəzifəsində işləyir. 05.01.2006-cı ildə Azərbaycan DRES “xxxx” MMC adlandırılmışdır. Qeyd edir ki, Azərbaycan DRES-də (indiki “xxxx” MMC) 8 saatlıq iş günü ərzində işlədiyi Ölçü Cihazları və Avtomatikası sexində, 1 və 2 saylı Qazan və Turbin sexlərində və Stansiyanın başqa sahələrində quraşdırılmış nəzarət ölçü cihazları və avtomatikası avadanlıqlarının yerində təmiri, sazlanması işlərini yerinə yetirmiş, onlara texniki xidmət göstərmiş və avadanlıqların quraşdırılması işlərini birbaşa yerinə yetirmişdir. Eləcə də, bu işləri zərərli və zəhərli iş şəraitində yerinə yetirmişdir. Müxtəlif zərərli və zəhərli faktorların: səs-küy, titrəmə, maqnit sahəsi, toz, nəmlik (rütubətlilik), havanın yüksək temperaturu, sahə gərginliyi, havanın cərəyan surəti və s. faktorların təsirinə məruz qaldığı üçün ona aylıq məvacibinin 12 %-i miqdarında əlavə əmək haqqı və əmək məzuniyyətinə 6 təqvim günü əlavə məzuniyyət günləri verilmişdir. Hal-hazıradək onun 40 ildən çox ümumi əmək stajı var. 01 yanvar 2006-cı ilədək isə 27 ildən çox ümumi iş stajı var ki, bunun da 12 il 6 aydan çoxu əmək şəraiti xüsusilə zərərli və ağır olan güzəştli işlərdə çalışmaya aiddir. Yuxarıda qeyd etdiyi kimi 01.01.2006-cı il tarixinədək olan 27 ildən çox əmək stajının 4 il 10 ay 20 günü (01.09.1979-29.07.1984) Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı dövrə, 1 il 7 ay 2 günü (08.10.1984-10.05.1986) “Saratovtransqaz” İB-nin Aleksandrovo-Qaysk rayon Xətt İstehsalat İdarəsində işlədiyi dövrə və 19 il 6 ay 22 günü (09.06.1986-31.12.2005) isə Azərbaycan DRES-də işlədiyi dövrə aiddir ki, bu da – cəmi 26 il 12 gün sosial sığorta stajı edir. Yəni, onun 01.01.2006-cı il tarixinə 26 il 12 gün iş stajı var. Onu da, qeyd edir ki, ali təhsil müəssisəsində əyani təhsil aldığı müddət 4 il 10 ay 20 gün qanunvericiliyə müvafiq olaraq sosial sığorta iş stajına daxildir. Belə ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə ali məktəblədə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 17.03.2020-ci il tarixdə cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2606/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 27.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir, eyni zamanda 19.02.2021-ci il və 12.04.2021-ci il tarixlərində məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılamasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2606/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Yevlax rayonu, Balçılı kəndində anadan olmuşdur. - МВ seriyalı, 013617 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1979-1984-cü illərdə M.Əzizbəyov adına X3 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda avtomatika və telemexanika fakultəsində təhsil almışdır. -AT-İİİ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 08.10.1984-10.05.1986-cı illərdə “Saratovtransqaz” İBnin Aleksandrovo-Qaysk rayon Xətt İstehsalat İdarəsində ölçü-nəzarət cihazları və avtomatikası mühəndisi vəzifəsində; 25.12.1991-ci il tarixdən həmin sexdə usta vəzifəsində; 02.05.2005-ci il tarixdən həmin sexdə İ qrup mühəndis vəzifəsində; 12.04.2016-cı ildən halhazıradək isə həmin sexdə “Texnoloji avadanlıqların avtomatik idarə olunması xidmət sahəsi”ndə mühəndis vəzifəsində işləyir. - Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş 208-63 nömrəli, 07.11.2019-cu il tarixli “istehsalat fəaliyyəti haqqında” arayışın surətindən görünür ki, İddiaçı 18.06.1986-cı ildən, hal-hazıradək “xxxx” MMC-nin X2 və Avtomatikası sexində işləyir. O, 18.06.1986-cı il (əmr № 508) tarixindən etibarən X2 və Avtomatikası sexinə mühəndis vəzifəsinə işə götürülmüş, 25.12.1991-ci il tarixli, 153/k nömrəli əmrlə sexdə usta vəzifəsinə, 11.10.1996-cı il tarixli, 172/k nömrəli əmrlə X2 və Avtomatikası sexində “Avtomatika” qrupuna təmir üzrə mühəndis vəzifəsinə keçirilmiş və hal-hazıradək sexdə bu vəzifədə işləyir. X2 və Avtomatikası sexində işlədiyi müddətdə o, 8 saatlıq iş günü ərzində sexin 1 və 2 saylı Qazan və Turbin sexləri stansiyasının başqa sahələrində quraşdırılmış nəzarət ölçü cihazları və avtomatikası avadanlıqlarının yerində təmiri, sazlanması, sınanması işlərini yerinə yetirmiş, onlara texniki xidmət göstərmiş və avadanlıqların quraşdırılması işlərini birbaşa yerinə yetirmişdir. “xxxx” MMC-də aparılan yenidənqurma işlərində yaxından iştirak edərək yeni gətirilmiş avadanlıqların quraşdırılması işlərini yerinə yetirmişdir. Bu işləri 8 saatlıq iş rejimində, zərərli və zəhərli iş şəraitində yerinə yetirmişdir. İş vaxtı o, xidmət etdiyi avadanlıqların yerləşdiyi sex və sahələrdə müxtəlif zərərli və zəhərli faktorların (səs-küy, titrəmə, maqnit sahəsi, yüksək temperatur, sahə gərginliyi və s.) təsirinə məruz qalır. Ona görə də, ona, 12 % həcmində əlavə əmək haqqı ödənilir və 6 təqvim günü əlavə məzuniyyət verilir - 09 dekabr 2019-cu il tarixli, **********4 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatına dair müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililkə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi 21 noyabr 1984-cü il tarixli, AT-İİİ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, 08.10.1984-01.01.2006-cı il tarixləri əhatə edən dövr ərzində “xxxx” MMC-nin X2 və Avtomatika sexində mühəndis işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulmamışdır. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 aylıq güzəştli iş stajına malik deyildir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı 18.06.1986-cı ildən, halhazıradək “xxxx” MMC-nin X2 və Avtomatikası sexində mühəndis vəzifəsində işləyir. Məhkəmə kollegiyası qeyd edir ki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıda nəzərdə tutulmamışdır. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, Arayışda iddiaçının işlədiyi peşələrin xarakteri, iş rejimi göstərilmiş, lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında göstərilmiş peşələrin siyahısında hansı peşə olması və peşənin kodu göstərilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2606/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2606/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-697/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-697/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver