Məhkəmə qərarları › İş №2-1(103)-697/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-697/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-697/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)- 845/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 may 1985-ci ildə Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən verilmiş 13444 saylı müqavilə əsasında Zirə kəndində mərhum X1 adına ayrılmış 0,20 sot torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisə predmetini təşkil edən torpaq sahəsinin mərhum X2 məxsus olması barədə arayışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, mərhum həyat yoldaşının torpaq sahəsi üzərində hüquqları yaranmış, lakin onun vəfatı ilə əlaqədar həmin hüquqlar rəsmiləşdirilməmişdir. Halbuki onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənəd mövcud olmuşdur. İddiaçi hazırki iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən 24 may 1985-ci ildə Bakı şəhər İcraiyyə Komitəsi ilə bağlanılmış 13444 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində mərhum X2 ayrılmış 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, təqdim olunan müqavilə əsasında 205 saylı bağ nömrəsinin faktiki göstərilən əraziyə aidiyyəti yoxdur. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-845/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.(hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı mərhum X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 205 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, təqdim olunan müqavilə əsasında 205 saylı bağ nömrəsinin faktiki göstərilən əraziyə aidiyyəti yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********03 saylı, xx.xx.2021-ci il tarixli bildiriş ünvanlanmışdır. Əlavə olaraq bildirilir ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “205” saylı bağ sahəsi təqribən Zirə bağ massivinin cənub hissəsində (sərhədində) yerləşsə də, elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq iddiaçı tərəfindən göstərilən sahə Zirə bağ massivinin şimal hissəsindədir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 24 may 1985-ci ildə Bakı şəhər İcraiyyə Komitəsi ilə bağlanılmış 13444 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində mərhum X2 ayrılmış 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Cavabdeh inzibati orqanın arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan sənədlər toplusundan görünür ki, X5 və İstismarı Birliyi ilə X3 arasında bağların icarəyə verilməsi barədə bağlanmış xx.xx.1966-ci il tarixli 13444 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zirə bağ massivindəki 0,20 ha torpaq sahəsi olan 205 №-li bağ sahəsi X1 icarəsinə verilmiş, bundan sonra xx.xx.1973-cü il tarixdə icarə müqaviləsinin müddəti uzadılmış və ən sonda xx.xx.1985-ci il tarixdə yeni icarə müqaviləsi bağlanılmışdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sonuncu icarə müqaviləsində mərhum X1 ata adının “Hüseyn” kimi göstərilməsi mübahisələndirilməyən haldır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq bu hissəyə münasibətdə bildirir ki, baxmayaraq ki, müqavilədə mərhumun ata adı düzgün qeyd olunmasa da, bu hal bağ sahəsinin ona ayrılmasını şübhə altına almaq üçün əsas hesab olunmur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mübahisəli bağ sahəsi 1966-cı il tarixdən etibarən mərhum X1 icarəsinə verilmiş, əvvəlki icarə müqavilələrində mərhumun ata adı düzgün qeyd olunmuş, lakin sonuncu icarə müqaviləsində texniki səhvə yol verilərək “Gülhüseyn” əvəzinə mərhumun ata adı “Hüseyn” kimi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, bağ sahəsinin icarəyə verilməsi ilə bağlı əvvəlki müqavilələrdə bağ sahəsinin mərhuma ayrılması öz əksini tapdığından, sonuncu müqavilədə mərhumun ata adının düzgün göstərilməməsi hazırki iddianın həllində əhəmiyyət kəsb etmir. Göründüyü kimi iddiaçının mərhum həyat yoldaşının iddia olunan bağ sahəsinə münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas onun “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci maddəsində sadalanmış sənədlərə malik olmasıdır. Doğrudur ki, cavabdeh inzibati orqan mərhum X1 bağ sahəsinə münasibətdə hüquqlarının yaranmasını təkzib etmir, o cümlədən bu hüquqlarının yaranmasında əsas duran icarə müqaviləsinin mötəbərliyini şübhə altına almır. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən imtina əsası kimi iddia olunan bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi çıxış edir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi halla (sxematik xəritə ilə uyğunsuzluğun mövcud olması) bağlı aşağıdakıları bildirmişdir. Cavabdeh sxematik xəritə ilə uyğunsuzluğun mövcudluğunu onunla əsaslandırır ki, iddiaçının iddia etdiyi 205 № bağ sahəsinin faktiki göstərilən əraziyə aidiyyəti olmamışdır. Məhkəmə ilkin olaraq diqqətə çatdırmaq istəmişdir ki, cavabdeh inzibati orqan “sxematik xəritə ilə uyğunsuzluq” ifadəsi altında uyğunsuzluğun konkret olaraq nədən ibarət olunmasını ifadə edə bilməmişdir. Belə ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı alınmış mütəxəssis rəyindən də göründüyü kimi, doğrudur ki, vahid elektron kadastr baza məlumatlarına və sxematik xəritəyə əsasən 205 saylı bağ sahəsi Zirə bağ massivinin cənub tərəfində yerləşməsinə baxmayaraq, iddiaçı tərəfindən göstərilən faktiki bağ sahəsi Zirə bağ massivinin şimal tərəfinə yaxın hissədə yerləşir. Bundan başqa mütəxəssis rəyində qeyd olunmuşdur ki, vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin icarədarlar bağ sahələrinə hasarlama işlərini və bağlararası keçid yollarını keçmiş X5 və İstismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimə istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq aparmadıqları üçün bir çox bağın naturada düzgün yerləşməsini və koordinatlarını dəqiq təyin etmək mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia olunan bağ sahəsinin şimal tərəfində yerləşməsi və sxematik xəritəyə əsasən naturada (koordinatları qeyd olunmaqla) harada yerləşməsinin müəyyən edilməsinin mümkün olmaması hazırki iddianin təmin edilməməsinə yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDKR-in vəzifələrindən biridir. Məhkəmə hesab etmişdir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının mərhum həyat yoldaşının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından, həmçinin torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifəsinə aid olduğundan, cavabdehin sxematik xəritə ilə uyğunsuzluğun olmasına dair əsası imtina əsası kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilmişdir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarının əsas gətirilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtina və eləcə də etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum əri X1 «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (24 may 1985-ci ildə Bakı şəhər İcraiyyə Komitəsi ilə bağlanılmış 13444 saylı müqavilə) mövcud olmuş, lakin o, bu əmlak üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən vəfat etdiyi üçün və həmin sənədlər onun qanun üzrə vərəsəsi olan iddiaçı tərəfindən təqdim edildiyindən, həmin əmlak üzərində hüququn X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində “iddiaçı tərəfindən göstərilən bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil edir” barədə dəlilinə münasibətdə isə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunvericiliyin tələblərini formal mülahizələrdən çıxış edərək təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin miras qoyanın qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin faktiki yerləşməsi ilə elektron baza məlumatları arasında uyğunsuzluq olması və bağ sahəsinin nömrəsi ilə bağlı uyğunsuzluq kimi texniki səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi bağ sahəsinə dair hüquqların iddiaçının mərhum ərinə məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-845/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar