Məhkəmə qərarları › İş №2-1(103)-697/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-697/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-697/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10782/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2016-cı il tarixindən əmək kitabçasında qeyd edilən iş illərini sığorta stajına daxil etməklə, 57 yaşı tamam olduğu gündən, yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin təyin ediləcək pensiya məbləği həcmində aylara bölünməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “ xx.xx.1959-cu il tarixdə anadan olmuş, hazırda 65 yaşı var. Əmək fəaliyyətinə 1980-ci ildə başlamış, sosial müavinət alır. 26 ildən çox əmək stajı olmasına baxmayaraq cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. “X1” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin xx.xx.2017- ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 57 yaşına çatmış qadınlar 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.” Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...Cavabdehin imtinası qanuni və əsaslıdır (İşdən görünür ki, iddiaçının 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılarkən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə pensiya yaş həddi qadınlar üçün 62 yaş həddi təşkil etməsi əsası ilə ona 57 yaşından pensiya təyin ounmasından imtina olunmuşdur). İddiaçının əmək kitabçasının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərinin qeydləri üzrə doldurulma qaydalarına riayət olunmadığından əsaslı şübhələr olduğundan həmin dövrlərin iddiaçının sığorta stajına daxil etmək mümkün olmamışdır. “X1” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni 3.03.2021-ci il tarixdə tamam olur. Lakin iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabının sığorta hissəsində 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona ümumi 16 il 7 ay 6 gün mühahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10782/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Bu həm də Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinin pozulmasıdır. Belə ki, X1 Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 57 yaşına çatmış qadınlar 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır...” İşin apellyasiya mərhələsində iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək ona, xx.xx.2021-ci il tarixdən 62 yaşı tamam olduğu gündən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin təyin ediləcək pensiya məbləği həcmində aylara bölünməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etirazında da iddia ərizəsinə dair etirazına uyğun əsalara istinadən birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayndəsi Nümayəndə iddiaçının dəqiqləşdirilmiş iddia tələbini də qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çxarılmalıdır. İşin qeyd olunan hallarından göründüyü kimi, məhkəmə araşdırmasının predmetini iddiaçının, ona xx.xx.2021-ci il tarixdən 62 yaşı tamam olduğu gündən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə dəqiqləşdirilmiş iddia tələbi təşkil edir. “X1” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının iş materiallarına əlavə olunmuş, xx.xx.1979-cü il tarixdə doldurulmasına başlanılmış ZT-1772396 №-li əmək kitabçasının surətinə əsasən onun aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1980-xx.xx.1997: Sovet Konstitusiyası adına sovxozu -16 il 7 ay 8 gün; 0.01.1997- xx.xx.2003: “AGS” LTD” ŞTİ - 6 il 8 ay 12 gün; xx.xx.2003 - 2003: "xxxx" MMC -3 il 4 ay 13 gün. Beləliklə də qeyd olunan dövlər üzrə iş stajı ümumiləşdirildikdə müəyyən olunur ki, iddiaçının 25 ildən də çox (26 il 8 ay 3 gün) ümumi stajı mövcuddur. Lakin cavabdehin iddia ərizəsinə və apellyasiya şikayətinə etirazının dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının əmək kitabçasının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və 01.102003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərinin qeydləri ilə bağlı, doldurulma qaydalarına riayət olunmadığından, əsaslı şübhələr olduğu bildirilməklə, həmin dövrlərin sığorta stajına daxil edilməsini mümkünsüz hesab edir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, birincisi qeyd edir ki, iddiaçının qeyd olunan qurumlarda işlədiyi vaxt qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsi və hazırda qüvvədə olan, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndi nəzərədə tutur ki, 2006-cı ilə qədər sığorta stajı əmək kitabçasına əsasən hesablanır. Eyni zamanda, qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının tədqiq edilən əmək kitabçasının mübahisələndirilən qeydlərindən görünür ki, onun işə qəbulu, hansı vəzifəyə təyin edilməsi və işdən azad edilməsi, təşkilatın adı, müvafiq əmrlər təsbit olunmuş, qeydlərin həqiqiliyi müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq olunmuş, qeydlərin və onların yazıldığı vərəqlərin tamlığı pozulmamış, qaralamalar mövcud deyildir. Başqa sözlə, qeydləri şübhə altına ala biləcək halların mövcudluğu müəyyən edilmir. Digər tərəfdən, iş materiallarına əlavə olunmuş Dövlət Statistika Komitəsinin 23 iyun 2023-cü il tarixli, habelə, Milli Gəlrlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 23 iyun 2023-cü il tarixli birinci instansiya məhkəməsinə ünvanlanmış məktublarından görünür ki, iddiçının xx.xx.1997-xx.xx.2003-cü illərdə işlədiyi “AGS LTD” ŞTİ-nin «VÖEN»-i» barədə məlumat təqdim olunmadığından, reyestr məlumatlarının aşkar edilməsi mümkün olmamış, lakin xx.xx.2003–2003-cü illərdə onun işlədiyi "xxxx" MMC-yə gəldikdə, həmin qurumun xx.xx.2003-cü il tarixdə qeydiyyata alındığı,********** №-li VÖENə malik olmaqla, hüququ ünvanının - ünvan 1ur (Həmin qürumların fəaliyyəti barədə məlumatı kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara ai edilmədiyindən müvafiq suala cavab verilməmişdir.) Tədqiq olunan sübutlarla müəyyən edilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən dövrün iddiaçının sığorta stajına daxil edilməlidir. Ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının onun 62 yaşından əmək pensiyası təyin olunması üçün azı 25 il ümumi staja malik olduğu sübuta yetirilir. Başqa sözlə, “X1” Qanunun 7-ci maddəsinin yuxarıda qeyd olunan 1-ci şərtinə müvafiq olaraq onun 25 il sığorta stajının mövcudluğu öz təsdiqini tapdığına görə onun xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. “X1” Qanunun 32.1-ci maddəsi isə nəzərədə tutur ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulur ki, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 62 yaşından yaşa görə əmək pensiyası təyin olunmasınının mümkünsüz hesab edilməsi onun qanunla qorunan hüquqlarını pozur. Belə olan halda isə İPM-in 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi tərəfindən isə İPM-in 12.1-ci və 13.1-ci maddələrinin tələbləri qaydasında iddiaçıya hüquqi yardım göstərilməklə hərtərəfli araşdırma aparılmamış, qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri nəzərə almamış, bütun bunların nəticəsi olaraq məhkəmə iddianın rədd olunması barədə əsassız nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mövqeyinin əsassız olduğunu, qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10782/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddiaçıya, 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanacaq pensiyanın, ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə, ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10782/2023 saylı xx.xx.2023-cü qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı, 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanacaq pensiyanın, ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə, ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar