Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-697/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10516/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi barədə ərizənin icrasından imtinanın qanunsuz hesab edilməsi və həmin əmlaka dair texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-10516/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh təşkilata müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən xx.xx.2024-cü il tarixli bildirişlə yuxarıda qeyd edilmiş fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsindən aşağıdakı səbəblərə görə imtina edilmişdir. Cavabdeh təşkilat tərəfindən ilk öncə göstərilmişdir ki, paylı mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinin əvvəlki texpasportuna uyğun olaraq digər payçısının, yəni X6 istifadəsində olan sahələr sökülərək zirzəmi və iki mərtəbəli yaşayış evi inşa edilmişdir. Əvvəlki texpasportda olan və baş planda göstərilən həyət tikililəri də sökülmüşdür. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmadan, qiymət verilmədən saxlanılan sübutlardan müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10516/2024 saylı iş üzrə qəbul etdiyi qərardadda deyildiyi kimi, Çingiz İldırım küçəsi 17 saylı fərdi yaşayış evi paylı mülkiyyətdədir. Hər bir mülkiyyətçinin payı müəyyən edilmişdir. Bu barədə çıxarışdan da görünür ki, evin 15/30 hissəsi X6 adınadır. Həmin şəxs iddiaçının ailə üzvü deyildir. Evin qalan 15/30 hissəsi isə iddiaçı, onun oğlu, gəlini və nəvələri arasında bölünmüşdür. Həmin evin 1/2 hissədə naturada bölgüsü də aparılmış və faktiki evin 1 ünvanı olsa da, evin yalnız yarısı bir ailə, digər yarısı isə başqa ailəyə məxsusdur, yəni paylar naturada ayrılmışdır. Bu ayrılmanı sübut edən məhkəmə qərarları və Binəqədir rayon İcra Hakimiyyətinin sökülmüş evin yerində yeni tikilinin tikilməsi üçün sərəncamı da iş materiallarında mövcuddur. Lakin Məhkəmə bu sübutlara qiymət vermədən yalnız cavabdeh təşkilatın imtinasına və etirazına əsaslanaraq qərar qəbul etmişdir. İddiaçı öz istifadəsində, oğlunun, gəlininin və nəvələrinin istifadəsində olan payları naturada ayırmaq istəməmişdir. İddiaçı ərizəsində ailə üzvlərinə və özünə məxsus sahə ilə, çıxarışa əsasən 15/30 paya məxsus digər mülkiyyətçinin naturada ayrı-ayrı olan sahələrinin texniki pasportda da, hazırki vəziyyətə uyğun şəkildə ayrılmasını tələb etmişdir. Cavabdeh təşkilat tərəfindən verilmiş çıxarışdan da görünür ki, fərdi yaşayış evi əvvəlcədən iki yerə bölünmüşdür. İş materialların əlavə edilmiş köhnə texpasportdan da görünür ki, evin 1/2 hissəsi X8, digər 1/2 hissəsi isə X7 məxsus olmuşdur. Sona Zülfüqarovanın vərəsələri iddiaçı Nəzakət xanım və övladları, Şaban Cabbarovun isə varisi İntiqam Cabbarov olmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 945 nömrəli Sərəncamına əsasən İddiaçı köhnə evini söküb yeni ev tikməyə icazə verilmişdir. Həmin icazə əsasında iddiaçı yeni ev tikməsə də, evin digər 1/2 hissəsinin sahibi Ş.İ.Cabbarov öz tərəfində 2 mərtəbəli zirzəmili ev inşa etmişdir. Həmçinin tikililər arasında hasar da çəkilmişdir, girişləri də ayrıdır. Bu cür vəziyyətdə Məhkəmə hansı səbəbdən hesab etmişdir ki, evin naturada bölgüsünə ehtiyac vardır? Bakı İnzibati Məhkəməsi işi araşdırmadan qərar qəbul etmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10516/2024 saylı qərardadı ləğv edilməli və yenidən araşdırılması üçün iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məhkəmə qanunun bu normansını tətbiq edərkən nəzərə almamışdır ki, iddiaçının tələbi özünə məxsus 6/30 hissə ilə digər mülkiyyətçilərə məxsus payların naturada bölgüsü olmamışdır. İddia sadəcə illər öncə 1/2 hissədə naturada bölünmüş payların, yəni özünə, oğluna, gəlininə və nəvələrinə məxsus ümumi 1/2 hissənin, Cabbarov İntiqama məxsus 1/2 hissə ilə naturada faktiki olaraq ayrılmış şəkildə olması səbəbindən öz 1/2 tərəfinə ayrı texpasport verilməsini tələb etmişdir. Məhkəmə tətbiq edilməli qanun normasını tətbiq etməmişdir. Bakı İnzibati Məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Mövcud sənədləri araşdırmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş köhnə texpasportun, sərəncamın və məhkəmə qərarlarının surətlərini nəzərə almamışdır. Məhkəmə iş materiallarında olan bütün halları araşdırmadan səhv nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilərək verilməsini xahiş edir. Lakin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (138.90 kv.m) və həmin ünvanda 0.031880 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ X1 (5/30 hissə), X6 (15/30 hissə), İddiaçı (6/30 hissə), X2 (1/30 hissə), X3 (1/30 hissə), İddiaçı Əli qızının (1/30 hissə) və X4 (1/30 hissə) adına qeydiyyata alınmışdır. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payının naturada ayrılması və ayrıca ünvan verilməklə yeni çıxarış verilməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı vəziyyətdə konkret şəxs(lər)ə düşən payı naturada müəyyən etmək və iddiaçının adına ona məxsus hissəyə münasibətdə texniki pasport tərtib etmək mümkün deyildir. Daşınmaz əmlakın fiziki bölgüsü tam olaraq aparılmamışdır. Fərdi yaşayış evi payçılar arasında şərti olaraq bölünmüşdür. İddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq əmlakın paylı mülkiyyətçilər (və ya vərəsələri) arasında razılaşdırılmaqla naturada bölünməsi (iddiaçıya məxsus payın ayrılması), razılıq əldə etmək qeyri-mümkün olduğu təqdirdə səlahiyyətli məhkəməyə müraciət edilməsidir. Beləliklə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10516/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-697/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-697/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver