Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-698/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Cavabdehnə qarşı arayışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-5582/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-5582/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir. (hakim E.Əliyev). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının məhkumluğu barədə məlumatın Cavabdeh məlumat bazasından silinməsi və bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 10.02.2009-cu il tarixli, 1(093)-26/2009 №-li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), və 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Cərimə iddiaçı tərəfindən 20.02.2009-cu il tarixdə ödənilmişdir. Hazırda onun məhkum olunması barədə məlumatlar Cavabdeh məlumat bazasında saxlanılır. Onun məhkum olunduğu AR Cinayət Məcəlləsinin 178.1-ci maddəsi iş üzrə zərər çəkmiş X1 500 ABŞ dolları alıb qaytarmaması olmuşdur. Onun məhkum olduğu 10.02.2009-cu il tarixdə 1 ABŞ dollarının məzənnəsi 0,78 AZN-ə bərabər olmuşdur. 500 ABŞ dolları isə həmin məzənnə üzrə 390 manat təşkil etmişdir. O, 23.06.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona 30.06.2020ci il tarixli, 012-13127Q-3220 №-li məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli, 816-VQD Qanunu ilə AR Cinayət Məcəlləsində müvafiq dəyişiklik edilmiş və həmin Qanunun 1.61.7-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, AR Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə məhkum edildiyi əməl dekriminallaşmışdır (yəni, artıq cinayət əməli hesab olunmur). Azərbaycan Respublikasının 01.05.2020-ci il tarixli, 816-VQD Qanunu ilə AR Cinayət Məcəlləsində müvafiq dəyişiklik edilərək Cinayət Məcəlləsinin 331-ci maddəsi (“Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə “) tamamilə ləğv edilmiş, 341-ci maddənin adında və dispozisyasında dəyişiklik edilmiş, maddənin adı “Vəzifə səlahiyyətlərindən sui istifadə və ya vəzifə səlahiyyətlərini aşma” ifadəsi ilə göstərilmişdir. Beləliklə, məhkum olunduğu Cinayət Məcəlləsinin hər 3 maddəsi dekriminallaşmışdır. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq bildirmişdir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin müddəalarına əsasən hazırda Sizin məhkumluğunuz yoxdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, qüvvədə olan qaydalara əsasən əvvəllər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə məlumatlar məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq DİN-də saxlanılır və onların verilməsinə məhdudiyyətlər qoyularaq yalnız səlahiyyətli orqanlara müvafiq sorğu əsasında təqdim olunur.” İş materiallarından görünür ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 24.09.2020-ci il tarixli məktubla bildirmişdir ki, əvvəllər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə uçot sənədlərinin saxlama müddəti Daxili İşlər Nazirliyinin Kollegiyasının 16.01.2019-cu il tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın 11.3.7-ci yarımbəndi ilə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Həmin maddənin V hissəsinə əsasən öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd. X2 20.1-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. X2 20.2-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir. Daxili İşlər Nazirliyinin Kollegiyasının 16.01.2019-cu il tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın 1.5-ci bəndinə əsasən mərkəzləşdirilmiş uçot uçotun obyektləri barədə məlumatlar əsasında formalaşan kartotekalarda əks olunmasıdır: 1.5.1. Əməliyyat-sorğu kartotekaları uçot obyektləri barədə tərtib olunmuş sənədlər əsasında Cavabdehndə (bundan sonra - DİN BƏSİİ) aparılır. Həmin Təlimatın 2.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş şəxslər uçotun obyektləridir. Həmin Təlimatın 5.1-ci bəndinə əsasənuçot sənədləri və onlara dair məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin təhqiqat (istintaq) orqanları və məhkəmələr tərəfindən DİN BƏSİİ-yə təqdim olunur. Həmin Təlimatın 11.1-ci bəndinə əsasən uçot sənədləri məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq, aşağıda göstərilən müddətlərdə BƏSİİ-nin soyad kartotekalarında saxlanılır. Həmin Təlimatın 11.3.7-ci bəndinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə məlumatlar şəxslərin 80 yaşı tamam olanadək saxlanılır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı silinməsi tələb etdiyi məlumatlar, mövcud qanunvericiliyə əsasən məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq 80 yaşı tamam olanadək saxlanıldığından, hazırkı iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-5582/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-698/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-698/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver