Məhkəmə qərarları › İş №2-1(103)-698/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-698/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-698/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-5075/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı kimi ona 01.01.2006-cı il tarixdən 11.02.2015-ci il tarixədək ödənilməmiş aylıq sosial müavinət pulunun hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1992-ci yanvar ayının 2-də X4 batalyonuna könüllü olaraq daxil olmuş, 07.07.1992-ci il tarixdə ehtiyata buraxılmışdır. Ağdərə – Talış – Suqovuşan – Qlobus uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona müddətsiz olaraq 11.02.2015-cı İİ tarixli M/V 056473 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmişdir və həmin tarixdən də müharibə veteranı kimi sosial müavinət ödənilir. İddiaçı hesab edir ki, müavinət ona «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən, yəni 01 yanvar 2006-cı il tarixdən ödənilməlidir. Çünki o, müharibə veteranı statusu almaq üçün uzun illər şikayət etmiş, yalnız 11.02.2015-ci ıl tarixdən bu statusu çətinliklə olsa da ala bilmiş və belə gecikmə onun təqsiri üzündən baş verməmişdir. «Sosial müavinətlər haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş şərtlə və qaydada aylıq birdəfəlik müavinət almaq hüququna malikdir. Həmin qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş, Azərbaycan Respublikasının keçmiş prezidentinin, arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranları adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim etdikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş «Müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim etdikdə həyata keçirilir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2ci bəndinə uyğun olaraq müharibə veteranları kimi ona verilməli olan aylıq sosial müavinət, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixindən ödənilməlidir. Belə olan halda «Veteranlar haqqında» AR Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndi, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsi, İPM-nin 34.1-ci maddəsindən irəli gələn əsaslara görə onun 01.01.2006-cı il tarixdən 19.08.2020-ci ıl tarixədək olan dövrü əhatə edən aylıq sosial müavinət almaq hüququ vardır. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı kimi 01.01.2006-cı il tarixdən 11.02.2015-ci il tarixədək ödənilməmiş aylıq sosial müavinət pulunun hesablanıb ödənilməsi üçün qərar qəbul edilməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-5075/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin 11 fevral 2015-ci il tarixdən əvvəlki 3 illik dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi üçün DSMF-nin 5 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ərizəyə cavab məktubunda bildirmişdir ki, iddiaçıya 11.02.2015-ci il tarixdən etibarən “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” təyin olunmuşdur. Əvvəlki dövrlər üçün sosial müavinətin ödənilməsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsi ilə tənzimlənir və sosial müavinət növlərinə şamil olunur. Prezident təqaüdünə şamil oluna bilməz. İş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 11.02.2015ci il tarixli 056473 nömrəli veteran vəsiqəsi verilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Bu qəbildən olan işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı kimi ona 01.01.2006-cı il tarixdən 11.02.2015-ci il tarixədək ödənilməmiş aylıq sosial müavinət pulunun hesablanıb ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qeyd etmişdir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 11 fevral 2015-ci il tarixdə verilsə də, bu statusa o, əvvəlki dövrdə olan xidmətlərinə görə malik olduğundan, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq müavinətin vəsiqənin alındığı vaxtdan üç il əvvəlki dövrdən, yəni 11 fevral 2012-ci il tarixdən başlayaraq hesablanmalıdır. 11 fevral 2012-ci il tarixdən əvvəlki dövrə gəldikdə isə, məhkəmə «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddiaçı həmin dövr üzrə müavinət məbləğinin ödənilməsini tələb etməkdə haqlı deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qismən qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 11.02.2015-ci il tarixdə verilmiş 056473 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla),müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırki işin hallarından görünür ki, iddiaçıya 11.02.2015-ci ildən müharibə veteranı vəsiqəsi verilmiş və ona bununla əlaqədar olaraq sosial müavinət təyin edilmişdir. İşin mübahisələndirilən halı həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təyinatdan əvvəlki illər nəzərə alınaraq yenidən hesablanması və fərqin ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 2017-ci ildə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və bu səbəbdən iddiaçıya 2014-cü ildən sosial müavinətin təyin edilməsindən imtina edir. İş materiallarından aydın olur ki, iddiaçıya 2015-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 2015-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2015-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Başqa sözlə, iddiaçıya 2015-ci ildə müharibə veteranı vəsiqəsi verilməsi onun statusunu sadəcə leqallaşdırılmışdır və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Yuxarıda istinad olunan normadan da görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək ona müharibə veteranı kimi müavinətin 11.02.2015-ci ildən əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun əlilliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-5075/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar