Məhkəmə qərarları › İş №2-1(103)-698/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-698/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-698/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) iş üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyatdan çıxarılma”) Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11858/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 94, mənzil 22 Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.

2. İddiaçı üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün xx.xx.2024- cü il tarixli ərizə ilə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Həmin ərizədə iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 94 saylı evin 22 saylı mənzilinin mülkiyyətçisi olduğunu və bu ünvandakı mənzilində atası X5 və X1 daimi yaşayış qeydiyyatında olmalarını və orada yaşadıqlarını bildirmişdir.

3. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 94 saylı evin 22 saylı mənzildə qeydiyyatda olan X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 94 saylı evin 22 saylı mənzilinin mülkiyyətçisidir. Bu ünvandakı mənzilində atası X5 və qardaşı X4 daimi yaşayış qeydiyyatındadırlar və orada yaşayırlar. Bir neçə il bundan əvvəl qardaşı X4 iddiaçıdan xahiş etmişdir ki, müvəqqəti olaraq mənzilinə yaşayış qeydiyyatına düşsün və təxminən 4 ay ərzində orada yaşasın. Lakin uzun müddət keçməsinə baxmayaraq, o, könüllü olaraq bu mənzildən yaşayış qeydiyyatından çıxmaq istəmir. Bu da iddiaçının mülkiyyətçi kimi bir sıra mülki hüquqlarının həyata keçirilməsinin (alğı-satqı, dəyişdirmə, bağışlama və s. müqavilələrin bağlanması) məhdudlaşdırılmasına gətirib çıxarmışdır. X1 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması məqsədilə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciətinə 01 iyul 2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış yerindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.” Hesab edir ki, mülkiyyətində olan mənzildən X3 qeydiyyatdan çıxarılması öhdəliynin cavabdehin üzərinə qoyulmasına dair məhkəmə tərəfindən qərar qəbul edilə bilər.

6. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

7. Üçüncü şəxs X4 xx.xx.2024-cü l tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, qeydiyyatda olduğu ünvanda yerləşən mənzil bacısına məxsusdur. Həmin ünvanda atası X5 da qeydiyyatdadır və yaşayır. Atasının 89 yaşı var, təqaüdçüdür və xəstədir, daimi qulluğa ehtiyacı var. Üçüncü şəxsin qeydiyyata düşə biləcək əmlakı yoxdur. Bacısının oğlu onlarla yaşayarkən onun atasına zərər yetirmək istəmişdir. Bununla bağlı bacısına məlumat vermişdir. Qeyd edilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, üçüncü şəxs iddiaçının razılıq ərizəsi əsasında mülkiyyətində olan mənzilə qeydiyyata alınmışdır. Mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılmalıdır. Üçüncü şəxsin həmin mənzildə yaşayıb-yaşamamasını bilmir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında üçüncü şəxs iddianı qəbul etməyərək bildirmişdir ki, iddia məhkəmədə olarkən atası rəhmətə getmişdir. Qeydiyyatda olduğu mənzildə yaşayır. Başqa əmlakı yoxdur ki, həmin ünvana qeydiyyata alınsın. Sonda E.Ş.Qasımov iddianın rədd edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məktub göndərərək işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11858/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, həmçinin üçüncü şəxsin həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə faktiki olaraq yaşaması və üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanuni olmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11858/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələbi 3-cü şəxsin yaşayış sahəsindən çıxarılması deyil, şəxsin pasport qeydiyyatının ləğvi ilə bağlıdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir.

17. İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, atası vəfat etdikdən sonra qardaşı olan 3-cü şəxs həmişəlik yaşayış yerini tərk etmişdir.Həmçinin, iddiaçı apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

18. Məhkəmə Kollegiyası işə baxılmasını İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

21. . “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli Qərarında nəticəyə gəlmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

27. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilməmişdir.

30. Kollegiya qeyd edir ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və üçüncü şəxs həmin mənzildə pasport qeydiyyatında olmaqla faktiki olaraq yaşayır (üçüncü şəxsin mənzildə yaşaması onun birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatı, iddia ərizəsi və iddiaçının inzibati orqana ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla təsdiq edilir). İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxsin həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına yönəlmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

31. Məhkəmə Kollegiyası qeyd edir ki, Qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır.

32. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı üçüncü şəxsin qeydiyyatda olduğu ünvanda faktiki olaraq yaşadığı işin mübahisələndirilməyən halı olmuşdur..

33. Apellyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək bildirmişdir ki, atası vəfat etdikdən sonra qardaşı olan 3-cü şəxs həmişəlik yaşayış yerini tərk etmişdir.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı ərizə təqdim edərək atası vəfat etdikdən sonra qardaşı olan 3-cü şəxs həmişəlik yaşayış yerini tərk etdiyini bildirsə də, bunu təsdiq edəcək sübut təqdim etməmişdir.

35. Məhkəmə sorğusuna əsasən daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “...İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanlı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən mənzilinə dair hər hansı bir şəxsin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.”

36. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, həmçinin üçüncü şəxsin həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə faktiki olaraq yaşaması və üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması, habelə mənzilə dair istifadə hüququnun hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanuni olmuşdur.

37. Belə ki, tətbiq edilən hüquq normalarından göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında həmçinin, göstərilmişdir ki, Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

40. Qərarda daha sonra qeyd edilmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır.

41. Qərarda eyni zamanda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. -“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

43. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə Kollegiyası qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

44. Qeyd edildiyi kimi, üçüncü şəxs iddiaçının qardaşıdır, ailə münasibətləri əsasında həmin mənzilə pasport qeydiyyatına alınmışdır.Üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadəsində olan mənzilə dair istifadə hüququnun hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz.Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər.

45. İnzibati məhkəmə icraatı qaydasında isə iddiaçının həmin 3-cü şəxs barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər.

46. Qeyd olunan mövqedən çıxış edərək Məhkəmə Kollegiyası hesab edilir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxsin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna malik olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan 3-cü şəxsi mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onu iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir.

47. Cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyini yoxlayan inzibati məhkəmə isə inzibati məhkəmə icraatında üçüncü şəxsin mənzil ilə bağlı istifadə hüququna dair və yaxud üçüncü şəxsin həmin mənzildən çıxarılma ilə bağlı qətnamə qəbul etməyə səlahiyyətli məhkəmə deyildir.

48. Məhkəmə Kollegiyası hazırkı iş üzrə iddiaçının mülkiyyətində mənzilə dair üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadə hüquqlarının mövcud olubolmamasının, onun həmin yaşayış sahəsindən çıxarılmalı olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz.

49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gələrək maddi və prosessual hüquqa uyğun olmaqla mübahisələndirilən qərarı qəbul etmişdir.

50. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11858/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11858/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar