Məhkəmə qərarları › İş №2-1(103)-70/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-70/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-70/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması, keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1445/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, 2014-cü ilin fevral ayından bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veteranıdır, Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 2014-cü ilin fevral ayından xidmət illəri ilə əlaqədar prokurorluq orqanlarında işlədiyinə görə əmək pensiyası alır. DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə AR Baş Prokurorluğundan təqdim edilmiş 13 avqust 2014-cü il tarixli arayışda 2012 – 2014-cü illər ərzində onun gəlirləri tam şəkildə öz əksini tapmamışdır. Belə ki, ona əmək pensiyası təyin edilənədək əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə hesablanmış və sosial sığorta ödənişləri edilmiş 9.035,79 manat məbləğində pul nəzərə alınmamışdır. Müraciəti əsasında AR Baş Prokurorluğundan verilmiş 19 iyun 2019cu il tarixli 17-453 saylı arayışda həmin qeyd olunanlar öz əksini tapmışdır. O (iddiaçı), AR Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli həmin arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödəniş nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və 2014-cü ilin fevral ayından bu günədək yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı iyul 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsindən daxil olmuş 24 iyul 2020-ci il tarixli cavab məktubunda görünür ki, onun qanuni tələbindən əsassız olaraq imtina edilmişdir. Sabiq prokurorluq əməkdaşı X2 DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı vermiş olduğu analoji iddia ərizəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 21(102)-1032/17 saylı qərarında da qeyd edildiyi kimi, istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın məcburi dövlət sosial sığortasına cəlb edilməsi həmin kompensasiyanın iddiaçının əmək pensiyasına hesablanmasını da zəruri edir. AR Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödənişdən dövlət sosial sığortası hesablanaraq çıxılması əmək pensiyasına hesablanması zamanı həmin məbləğin də nəzərə alınmasını zəruri edir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğundan, rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanlarında çalışan həmin Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri, qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş prokurorluq işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) əmək pensiyasına əvvəllər prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»nın 31ci abzasına (sonuncu) əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd edilən pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1445/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: R.Kərimli) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırımışdır ki, AR Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı» nın 31-ci (sonuncu) abzasında “nəzərə alınmayan ödənclər”in sırasına “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” da aid edilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən İddiaçı əmək pensiyası hesablanarkən istifadə etmədiyi məzuniyyətlərə görə ödənilmiş kompensasiya məbləğinin nəzərə alınmaması qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərarı qəbul edilərkən formal olaraq Əmək Pensiyaları haqqında Qanunun 9.4, 20.8, 32.1, 37.7-ci maddələrinə istinad edilmişdir. Belə ki, iddiaçı konkret olaraq ona pensiya təyin edilərkən istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş pul məbləğinin nəzərə alınmadığını göstədiyi halda, şərh olunan maddələrdə tamamilə başqa məsələlərdən bəhs edilir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan təqdm eidlmiş 19 iyunb 2019-cu il tarixli 17-453 saylı arayışa əsasən ona əvvəllər istifadə edilməmiş məzuniyyətlərə görə verilmiş 9035,79 manat ödənişindən dövlət sosial sığortası hesablanaraq çıxılması əmək pensiyasına hesablanması zamanı həmin məbləğin də nəzərə alınmasını zəruri edir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1784/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1445/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-249/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1784/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi – Filialın əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi izahatında bildirdi ki, iddiaçının əmək pensiyası onun tərəfindən təqdim edilmiş arayışa əsasən xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövrdə aldığı dövlət məvacibi əsasında yenidən hesablanmışdır. İddiaçının 2020-ci ildə Filiala təqdim etdiyi arayışdakı istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya məbləği AR Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»na əsasən nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - pensiya işinin tələb edilərək tam və hərtərəfli araşdırılması, pensiya işinin araşdırılması nəticəsində pensiyanın hansı qaydada, yəni ümumiyyətlə hansı maddi hüquq normalara, hansı əlavələrin və artımların, hansı şərtlərin nəzərə alınıb-alınmaması və bu kimi məsələlərin aydınlaşdırılması. - iddiaçının iddiasında göstərdiyi istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsaitin hansı illərə aid edilməsi, həmçinin iddiaçıya pensiyanın “ardıcıl 60 ay və ya son 2 il” nəzərə alınmaqla təyin edilmiş olması və bunun pensiya təyin edilərkən nəzərə alınıb-alınmaması. - iddiaçıya əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun “yaşa görə əmək pensiyası” adlanan 2-ci fəslin və “Əmək pensiyasına əlavələr” adlanan 5ci fəslin müddəalarının tələblərinin tətbiq edilib-edilməməsi. Göründüyü kimi, iddiaçının tələbi məhz istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş pul məbləğinin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 2014-cü ilin fevral ayından pensiya məbləğləri arasındakı fərqin hesablanaraq ona ödənilməsi ilə bağlıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə qismən əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. - 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Apellyasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kasasiya instansiya məhkəməsinin göstərişlərinə və oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının son dövrlərdə qəbul etdiyi qərarlardakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparılmışdır (oxşar iş-2- 1(102)-1208/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Kassasiya instansiya məhkəməsinin pensiya hesablanarkən əlavələrin və artımların nəzərə alınıb-alınmaması ilə bağlı göstərişlərinə müvafiq olaraq məhkəmənin sorğusu əsasında təqdim olunmuş iddiaçıya məxsus 083442 nömrəli pensiya işinə əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2014-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən fevral 2012-ci ildən yanvar 2014-cü il tarixə kimi Samux rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləyir, illər üzrə aşağıdakı kimi maddi yardım almışdır: 2012-ci ilin mart ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 200% əmək haqqı həcmində; 2013-cü ilin mart ayı 100%, sentyabr ayı 100%, oktyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində; 2014-cü ilin yanvar ayı 100% əmək haqqı həcmində maddi yardım almışdır. Bundan başqa, 2012-ci ilin aprel ayı xəstəliyə görə müalicə pulu 200% əmək haqqı həcmində, dekabr ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət; 2013-cü ilin iyun ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət, iyul ayı xəstəliyə görə müalicə 200% əmək haqqı həcmində; 2014-cü ilin yanvar ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət, yanvar ayı xəstəliyə görə müalicə pulu 200% əmək haqqı həcmində maddi yardım almışdır. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, “İddiaçı 31 mart 1990-cı il tarixdən 24 may 1993-cü ilədək Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş, 24 may 1993-cü il tarixdən isə Azərbaycan Respublikasının prokurorluq orqanlarına qulluğa qəbul edilərək müxtəlif vəzifələrdə işləmişdir. Hazırda Samux rayon prokurorluğun böyük müstəntiqi vəzifəsində çalışır, kiçik ədliyyə müşaviri xüsusi rütbəsindədir. İddiaçı 08 fevral 2014-cü il tarixə prokurorluq orqanlarında stajı 25 il təşkil edir.” Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən cavabdehin mütəxəsisinin iştirakı ilə pensiya işi araşdırılmışdır. Hazırda mübahisələndirilən məsələ məhz istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiyanın nəzərə alınaraq pensiyanın yenidən hesablanması ilə bağlıdır. Yəni, hər hansı digər bir əlavələrin, mükafat və s. məbləğlərin nəzərə alınaraq pensiyanın hesablanması ilə bağlı tələb hazırda mövcud deyildir. Kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlər nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən iddiaçıya pensiya təyin olunarkən nəzərə alınan qulluq dövrlərinin hədləri barədə, həmçinin, pensiya hesablanmasında nəzərə alınması tələb olunan 9.035,79 manat məbləğində pulun hansı dövrlər üzrə istifadə edilməmiş məzuniyyətinə görə kompensasiya olması istiqamətində araşdırma aparılmışdır. Məhkəmənin müvafiq sorğusu əsasında cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-4323/20233 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı əmək pensiyası onun Mərkəzi Filiala təqdim etdiyi arayışa əsasən xx.xx.2012xx.xx.2014-cü il tarixləri arasındakı dövrdə aldığı dövlət məvacibi əsasında yenidən hesablanmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 20/07 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, sabiq prokurorluq işçisi İddiaçı işdən çıxarkən ona 1999-2000-ci İldə istifadə etmədiyi 30 gün məzuniyyət üçün 1301,70 manat, 2000-2001-ci ildə istifadə etmədiyi 30 gün məzuniyyət üçün 1301.70 manat, 2001-2002-ci ildə istifadə etmədiyi 30 gün məzuniyyət üçün 1301.70 manat, 2013- 2014-cü ildə istifadə etmədiyi 6 gün məzuniyyət üçün 260,34 manat, 2014-2015-ci ildə istifadə etmədiyi 18 gün məzuniyyət üçün 781.02 manat manat, 2015-ci ildə istifadə etmədiyi 7 gün məzuniyyəti üçün 303.45 manat olmaqla, cəmi 151 gün istifadə etmədiyi məzuniyyət üçün 6551.61 manat kompensasiya ödənilmişdir. Həmçinin, ona “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2003-2004-cü il üçün məzuniyyətə çıxarkən almadığı 828,06 manat, 2004-2005-ci il üçün məzuniyyətə çıxarkən almadığı 828,06 manat, 2005-2006-ci il üçün məzuniyyətə çıxarkən almadığı 828,06 manat olmaqla, cəmi 2484,18 manat pul təminatı hesablanmışdır. Göründüyü kimi, iddiaçıya qulluqdakı son 24 ay xx.xx.2012-xx.xx.2014-cü illərdəki dövrdə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin edildiyindən, həmin dövrə aid bütün ödənişlər, məbləğlər əgər məcburi dövlət sosial sığortasına cəlb edilmişdirsə pensiya hesablanmasında nəzərə alınmalıdır. İddiaçınınpensiyanın yenidən hesablanmasında tələb etdiyi kompensasiya məbləğinin bir hissəsi məhz pensiya təyini zamanı nəzərə alınan dövrə aid 2013-2014-cü ildə istifadə etmədiyi 6 gün məzuniyyət görə 260,34 manat hissəsi pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmalıdır. İşin mübahisəsiz halıdır ki, həmin məbləğdən DSMF-yə müvafiq ayırmalar aparılmışdır. İddiaçının digər bir tələbi yenidən hesablama zamanı yaranmış fərq məbləğinin 2014-cü ilin fevral ayından ödənilməsidir. Bununla bağlı da Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. İnzibati işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli 17-453 saylı arayışla birgə hazırki tələb üzrə ərizə ilə xx.xx.2020-ci il tarixində inzibati orqana müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-2 maddəsinə əsaslanmaqla müraciət tarixindən geriyə üç il üçün yəni 08 iyun 2017-ci il tarixdən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərar ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçıya 2013-2014-cü illərdə istifadə etmədiyi 6 gün məzuniyyət üçün ödənilmiş 260,34 manat kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və 08 iyun 2017-ci il tarixdən pensiya məbləğindəki fərq məbləği hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1445/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən yəni 2013-2014-cü illərdə istifadə etmədiyi 6 gün məzuniyyət üçün ödənilmiş 260,34 manat kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci ildən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilsin. Qalan hissədə iddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar