Məhkəmə qərarları › İş №2-1(103)-70/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-70/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-70/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2362/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuş və 1978-ci ildə “bədən tərbiyəsi” ixtisası üzrə tam kursu bitirmişdir. 1978-ci ildən Cəbrayıl rayon Şəybəy kənd natamam orta məktəbində müəllim, 1982-ci ildən həm də Dərs hissə müdiri vəzifəsində 1994-cü ilə kimi, yəni məcburi köçkün düşənə kimi fəaliyyət göstərmişdir. İnstitutda oxuduğu vaxtlarda nə qədər çalışsa da, soyadını, atasının adını özünə qaytara bilməmişdir. 1988-ci ildə soyadını, atasının adını özünə qaytarmaq üçün dəyişdirmişdir. Onun bir qardaşı X3 şəhid olmuşdur. O, müharibə veteranıdır. O, məcburi köçkün düşmüş, 1994-cü il oktyabr ayından atçılıq məktəbində baş təlimatçı kimi işlə təmin edilmişdir. 2000-ci il fevral ayında işdən azad olunmuşdur. 2000-2001-ci ildə 1 nömrəli Tibbi Texnikomunda bədən tərbiyəsi müəllim kimi işləmişdir. O, 48 il müddətində vətəninə bir vətəndaş kimi xidmət etmişdir. 2019-cu ildə "xxxx" ASC-də iş ustası kimi işə düzəlmiş, 2022-ci ildə işdən azad olmuşdur. 2022-ci il may ayının 3-də telefonuna mesaj gəlmişdir ki, ona 240 manat pensiya təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-2362/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, X1 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuş və 1978-ci ildə “bədən tərbiyəsi müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. 1978-ci ildə Cəbrayıl rayon Təhsil şöbəsinin təyinatı ilə Şəybəy kənd natamam orta məktəbində müəllim kimi işlə təmin olunmuşdur. 1982-ci ildən həmin məktəbdə həm də tədris işləri üzrə direktor müavini kimi işləmiş (1994-cü ilə kimi), 1994-cü ildə məcburi köçkün düşdüyünə görə işdən azad olunmuşdur. 1994-cü ildə Atçılıq məktəbində baş instruktor, metodist vəzifəsində işləmişdir (xx.xx.2004-cü ilə kimi). Həm də 102 nömrəli məktəbdə xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə kimi bədən tərbiyəsi müəllimi işləmiş, xx.xx.2019-cu ildə "xxxx" ASC-də iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci ildə işdən azad olunmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 1978-1993-cü illər ərzində Cəbrayıl rayonunun Şəybəy kənd məktəbində işlədiyi staj nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, onun faktiki sosial sığorta stajına əsasən yaşa görə əmək pensiyasını yenidən hesablamaq mümkün deyildir. Çünki iddiaçının xx.xx.2006-cı il tarixədək olan faktiki sosial sığorta stajı 25 ildən az, həmin tarixdən sonra yığılan pensiya kapitalı (14202,05 manat) qanunvericilikdə tələb olunan minimum pensiya kapitalından azdır. Bu səbəbdəndir ki, cavabdeh orqan iddiaçının yaşa görə əmək pensiyasını yenidən hesablamaqdan imtina etmiş və avtomatlaşdırılmış qaydada iddiaçıya təyin edilmiş pensiya məbləğini dəyişdirmədən saxlamışdır. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsi isə iddianı rədd etmişdir. Hesab edir ki, məhkəmənin qərarı qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdən Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı qeydə alındığından ona avtomatlaşdırılmış qaydada 240 manat yasa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyasının faktiki sosial sığorta stajına əsasən hesablanması üçün müraciət edən iddiaçı 48 il sosial sığorta stajının olduğunu iddia edir. 1978-1993-cü illəri araşdırmaq mümkün olmadığından və o dövrə dair hər hansı sənəd tapılmadığından iddiaçının faktiki sosial sığorta stajı 25 ildən azdır. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarının 4.1.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və va dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləsdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının 080565 nömrəli əmək kitabçasında 1978-1993-cü illər üzrə olan qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan və hər hansı sənədlə öz təsdiqini tapmadığından o dövrlər iddiaçının sosial sığorta stajına haqlı olaraq daxil edilməmişdir. Lakin iddiaçının əmək kitabçası yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə müvafiq olaraq doldurulmamış, iddiaçının işə qəbul və işdən azad edilməsi barədə əmrlərin nöməsi və tarixləri qeyd edilməmişdir. Məhkəmə tərəfindən sözügedən dövlərin araşdırılması məqsədilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilsə də, həmin sorğulara cavab olaraq daxil olmuş məktublarda bildirilmişdir ki, Cəbrayıl rayonun işğalı ilə əlaqədar Təhsil Şöbəsinə aid olan arxiv sənədləri işğal zonasında qalmışdır. Həmin səbəbdən də rayonun Şəybəy kənd ümumiorta məktəbin müəllimi İddiaçı işğaldan əvvəl həmin məktəbdə işləməsini təsdiq edən əmr və digər rəsmi sənəd yoxdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarına əsasən xx.xx.1993-cü ildən 31 dekabr 2016-cı il tarixə qədər işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır. İddiaçı əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.1993-cü il tarixə qədər Şəybəy kənd ümumi orta məktəbində müəllim işləməsinə dair aparılmış qeydlər şahidçilik üzrə aparılmış sorğu əsasında yazılmışdır. Eyni zamanda, bildirilmişdir ki, əmək kitabçasında qeyd aparan və imza edən 1-ci şəxsin 2018-ci ildən əmək müqaviləsinə xitam verilmiş, 2-ci şəxs isə 2013cü ildə vəfat edib. Cəbrayıl rayon Təhsil Sektoruna məxsus olan 1993-2012-ci illərin maliyyə sənədləri Cəbrayıl rayon Dövlət Arxivinə verilmişdir. İddiaçı 2013-2016-cı illərdə aldığı əmək haqqına dair arayış və Cəbrayıl rayon Dövlət Arxivindən 1993-2012-ci illərdə orta aylıq əmək haqqı almasına dair arayış məktuba əlavə edilmişdir. Buradan da aydın olur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş cavab məktubunda da, qeyd edildiyi kimi, iddiaçının əmək kitabçasında aparılmış həmin qeydlər şahid ifadələri əsasında aparılmış, onun həmin dövrlərdə sözügedən məktəbdə işləməsini təsdiq edən hər hansı əmr və digər rəsmi sənəd mövcud deyildir. Belə olan təqdirdə məhkəmə haqlı olaraq hesab etmişdir ki, mövcud vəziyyətdə sözügedən dövrlərin iddiaçının iş stajına daxil edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraza əlavə daxil olmuşdur. Etiraza əlavədə qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22- 1.2.1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının əmək pensiyasının məbləği onun xx.xx.2006-cı il tarixədək avtomatlaşdırılmış qaydada hesablanmış 25 il ümumi iş stajına və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14204,05 manat pensiya sığorta kapitalına əsasən müəyyən edilmişdir: 25 il tam iş stajı x 306 manat =7650 manat; 7650 manatın xx.xx.2022-ci il tarixədək indeksləşdirilmiş məbləği: 20328,06. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada hesablandıqda onun əmək pensiyasının sığorta hissəsi xx.xx.2022-ci il tarixədək cəmi 24532,11 manat (20328,06+14204,05=34532,11 manat; 34532,11:144=239,81 manat) pensiya sığorta kapitalına əsasən 239,81 manat təşkil etmiş və əmək pensiyasının minimum məbləğindən aşağı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla minimum məbləğə çatdırılmaqla (240 manat) ödənilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 275,28 manata çatdırılmışdır. Həmin Qanunun 6-1-ci maddəsinin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 280 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixdən 311,36 manata çatdırılmaqla ödənişi davam etdirilir. İddiaçının əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi Filiala müraciəti zamanı təqdim etdiyi təhsil haqqında sənədin (diplomun) surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixədək cəmi 16 il 2 ay mübahisələndirilməyən faktiki sosial sığorta stajı müəyyən edilmişdir. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Şəybəy kənd tam orta məktəbinin arxiv sənədləri vaxtilə işğal olunmuş zonada qaldığından adıçəkilən şəxsin əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən illər üzrə 15 il mübahisələndirilən dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən faktiki sığorta stajı 16 il 2 ay təşkil etməklə ona avtomatlaşdırılımış qaydada pensiya təyin edilərkən hesablanan 25 il sığorta stajından az olduğu üçün yenidən hesablanma zamanı əmək pensiyasının məbləği dəyişməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Sizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2006-cı ilədək 25 il sığorta stajı və həmin tarixdən sonrakı dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 14202,05 manat pensiya kapitalı nəzərə alınmaqla hüququnuzun yarandığı xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada 239,79 manat yaşa görə əmək pensiyası təyin edilmiş və eyni zamanda pensiyasının məbləği əmək pensiyasının minimum məbləğinə (240 manata) çatdırılmışdır. Əmək pensiyasının məbləğinin yenidən hesablanması ilə bağlı bildiririk ki, təqdim etdiyiniz sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajınız 25 ildən az təşkil edir. Belə ki, əmək kitabçanızda qeyd olunan 1978-1993-cü illər əmək kitabçasının doldurulması qaydasına müvafiq yazılmamış, əmr və tarixlər qeyd olunmamışdır. Bu səbəbdən də əmək pensiyanızın məbləğinin yenidən hesablanması zamanı pensiyanızın məbləği dəyişməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hazırda 65 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan penisya təminatına imkna verdikdə sosial sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixinədə qeydə alınmış pnesiya kapitalı olduqda, ona 1 yanvar 2006-cı il tarixinədək sosial sığorta stajı 25 il hesablanmaqla əmək pensiyası təyin edilir. Eyni zamanda, bu Qanunun 22-1.3-cü madəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı yaşa görə əmək pensiyası təyinatında 25 ildən çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır/ Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. İddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinə əsasən onun xx.xx.2006-cı il tarixədək avtomatlaşdırılmış qaydada hesablanmış 25 il ümumi iş stajına və xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14204,05 manat pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 080565 nömrəli əmək kitabçasında 1978-1993-cü illər üzrə olan qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan və hər hansı sənədlə öz təsdiqini tapmadığından həmin dövrlər cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Hazırda iddiaçı onun 1978- 1993-cü illər ərzində Cəbrayıl rayonunun Şəybəy kənd məktəbində işlədiyi staj nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları»: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçası xx.xx.2012-ci ildə doldurulmuşdur. Həmin əmək kitabçasında iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1993cü ilədək Cəbrayıl rayonu Şəybəy kənd natamam orta məktəbində bədən tərbiyəsi müəllimi işlədiyi qeyd olunmuşdur. Lakin həmin qeydlərlə bağlı müvafiq əmrlər və tarixlər qeyd olunmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 27 aprel 2023-cü il tarixli məktubda bildirilmişdir ki, Cəbrayıl rayonu ərazisinin 23 avqust 1993-cü il tarixdə erməni təcavüzkarları tərəfindən işğalı zamanı Cəbrayıl Rayon Təhsil Şöbəsinə aid olan arxiv sənədləri işğal zonasında qalaraq məhv edilmişdir, bu səbəbdən İddiaçı 1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Şəybəy kənd natamam orta məktəbində işləməsi ilə bağlı İdarənin arxivində olan məlumatları, həmçinin bununla bağlı müvafiq təsdiqedici sənədlər (əmlər və s.) barədə məlumatların tərəflərindən təqdim olunması imkan xaricindədir. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən cavabdehə ünvanlanmış 18 aprel 2023-cü il tarixli məktubda bildirilmişdir ki, Cəbrayıl rayonu ərazisinin 23 avqust 1993-cü il tarixdə erməni təcavüzkarları tərəfindən işğalı zamanı Cəbrayıl Rayon Təhsil Şöbəsinə aid olan arxiv sənədləri işğal zonasında qalaraq məhv edilmişdir, bu səbəbdən İddiaçı 1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Şəybəy kənd natamam orta məktəbində işləməsi, qeyd olunan dövrlərdə işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barədə əmrlərin, qeyd edilən illər, ayrılar üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanıb-hesablanmaması barədə məlumatların tərəflərindən təqdim olunması imkan xaricindədir. Bundan başqa, Cəbrayıl rayon Təhsil Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, rayonun işğalı ilə əlaqədar Təhsil Şöbəsinə aid olan arxiv sənədləri işğal zonasında qalmışdır. Həmin səbəbdən də rayonun Şəybəy kənd ümumi orta məktəbin müəllimi İddiaçı işğaldan əvvəl həmin məktəbdə işləməsini təsdiq edən əmr və digər rəsmi sənəd yoxdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarına əsasən xx.xx.1993-cü ildən 31 dekabr 2016-cı il tarixə qədər işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır. İddiaçı əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.1993-cü il tarixə qədər Şəybəy kənd ümumi orta məktəbində müəllim işləməsinə dair aparılmış qeydlər şahidçilik üzrə aparılmış sorğu əsasında yazılmışdır. Eyni zamanda, bildirilir ki, əmək kitabçasında qeyd aparan və imza edən 1-ci şəxsin 2018-ci ildən əmək müqaviləsinə xitam verilmiş, 2-ci şəxs isə 2013-cü ildə vəfat edib. Göründüyü kimi, iddiaçının əmək kitabçası xx.xx.2012-ci ildə doldurulmuşdur və onun xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayonu Şəybəy kənd natamam orta məktəbində bədən tərbiyəsi müəllimi işləməsi barədə həmin əmək kitabçasında aparılmış qeydi təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Əmək kitabçasında həmin qeydlərlə bağlı müvafiq əmrlər və tarixlər qeyd olunmamışdır və iddiaçının həmin tarixlərdə qeyd olunan əmək fəaliyyətini təsdiq edən digər sənədlər - işəgötürənin arayışı, arxiv arayışı, əmrlərdən çıxarışlar və s. məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarına əsasən xx.xx.1993-cü ildən 31 dekabr 2016-cı il tarixə qədər işləməyən işçi kimi orta aylıq əmək haqqı alması onun 1978-ci ildən Cəbrayıl rayonu Şəybəy kənd natamam orta məktəbində bədən tərbiyəsi müəllimi işləməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayonu Şəybəy kənd natamam orta məktəbində bədən tərbiyəsi müəllimi işləməsinin şahid ifadəsinə əsasən yazılması ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndinin tələblərinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən dövr iş stajı olaraq qeyd olunan qaydada müəyyən olunmamışdır və bununla əlaqədar sənədlər məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən əmək kitabçasında sonradan yazılmış həmin qeyd iş stajı kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2362/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar