Məhkəmə qərarları › İş №2-1(103)-701/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-701/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-701/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, iddiaçı (həm də 2-ci iddia üzrə cavabdehin) İddiaçı Məhərrrəm oğlunun və cavabdehin (həm də 1-ci iddia üzrə iddiaçının ) nümayəndəsi X3 və iştirakı ilə, İddiaçı Məhərrrəm oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi”, eyni zamanda, həmin X2 Novruzəli Məhərrrəm oğluna qarşı “artıq ödənilmiş pensiya məbləğinin tutulması” tələblərinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1351/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Birinci iddia üzrə İddiaçı Məhərrrəm oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbində, ona 01 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən ödənilməsi və həmin dövrdən indiyə kimi ödənilməmiş qalıq məbləğin birdəfəlik verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və vəkilə ödənilmiş xidmət haqqı məbləği olan 350 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı əmək fəaliyyətinə 1976-cı ildən başlamış və hal hazıradək müxtəlif sahələrdə çalışmaqla 25 ildən artıq sığorta stajına malikdir. O, ümumi sığorta stajının 12 il 6 ayından çox hisəsini güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləmişdir. Buna görə də, 2016-cı il tarixdə müraciəti əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, 2020-ci ilin dekabr ayından vətəndaşın pensiyası dayandırılmışdır. Bundan sonra, iddiaçı pensiyasının yenidən hesablanaraq ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və ona 20 may 2021-ci il tarixli məktubla imtina edilmişdir. Cavabdehin məktubunda bildirilmişdir ki, araşdırma zamanı 23 avqust 1976-cı il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.1995-ci il və xx.xx.2001xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində “N.Nərimanov” adına Neft və Qazçıxarma İdarəsinin Neftin Kompleks hazırlanması və nəqli sahəsində işlədiyi qazanxana maşinisti vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmadığı aşkar edilmişdir. Bu səbəbdən də, onun güzəştli iş stajın12 il 6 aydan az (6 il 4 ay) təşkil etdiyi müəyyən edilmişdir. Hesab edir ki, inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Çünki, 1976-cı ildən indiyə kimi çalışmaqla 25 ildən çox sığorta stajına malikdir və işlədiyi sahələrdən “susuzlasdırıcı və duzlaşdırıcı qurğuların operatorları” və “qazanxana maşinistləri” peşələri Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapmışdır ki, həmin sahələr üzrə onun stajı 12.6 ildən çox (14 il, 1 ay, 25 gün) təşkil edir. Ona görə də, hesab edirki, iddiaçıya 57 yaşından güzəştli şərtlə təyin edilmiş pensiya məbləği hesablanaraq yenidən ödənilməlidir. İkinci iddia üzrə ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da İddiaçı Məhərrrəm oğluna qarşı ayrıca iddia ərizəsi ilə sonradan məhkəməyə müraciət edərək, artıq ödənilmiş 14.225,68 manat artıq pul vəsaitinin Mərkəzi Filialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırması zamanı iddiçının 23 avqust 1976-cı il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.1995-ci il və xx.xx.2001xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində “N.Nərimanov” adına Neft və Qazçıxarma İdarəsinin Neftin Kompleks hazırlanması və nəqli sahəsində işlədiyi qazanxana maşinisti vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində nəzərdə tutulmadığı aşkar edilmişdir. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 4 ay) təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14.225,68 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. 19 yanvar 2021-ci il tarixli **********8 nömrəli məktubla artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, əks halda, qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından, xx.xx.2021-ci il tarixində artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə, həmin məhkəmənin icraatında olan 2-1(112)-8094/2021 saylı və 2- 1(112)-7797/2021 saylı inzibati işlər 2- 1(112)-7797/2021 sayı altında bir icraatda birləşdirilmişdir. Hər iki iddia üzrə işə mahiyyəti üzrə baxılaraq, Bakı İnzibati Məhkəməsinin, 2-1(112)- 1351/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə və “həmin qərardakı yol verilən yanlışlığın düzəldilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardadına əsasən: “İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi və həmin dövrdən indiyə kimi ödənilməmiş qalıq məbləğin birdəfəlik verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, Mərkəzi Filialın “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir Mərkəzi Filial apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, Mərkəzi Filialın iddia tələbinin təmin edilməsini, İddiaçı iddiasının isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda, onunla eyni kateqoriyadan olan, lakin pensiya məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına vurulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, əmək pensiyasının qanunauyğun təyin edilməsi və hesablanması pensiya sisteminin təməl prinsiplərinə ziddir. Hazırkı iddia tələbi isə qanunçuluq prinsiplərinə uyğun olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyasının iclasında iştirak edən apellyatorun nümayəndəsi T.Kərimov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, şikayəti əsassız hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Birincisi, iş materiallarından görünür ki, DSMF-nin Qaradağ rayon şöbəsinin, xx.xx.2016cı il tarixli qərarı ilə ilkin pensiya təyinatı aparılaraq İddiaçı xx.xx.2016-cı il tarixdən ömürlük pensiya təyin olunmuş, sonuncunun etimad etdiyi həmin qərar qüvvədədir. İkincisi, işin hallarından görünür ki, İddiaçı təyin olunmuş həmin pensiya ilə bağlı aparılmış audit araşdırması zamanı xx.xx.2016-xx.xx.2020-ci illərdə ona ödənilmiş 14225,68 manat məbləğində pensiyanın əsassızlığı aşkar olunarkən, pensiyaçı İddiaçı iştirakı təmin edilməmiş, Mərkəzi Filial tərəfindən faktiki hərəkətlərlə xx.xx.2020-ci il tarixdən ona verilən pensiya ödənişi dayandırılmış, daha sonra isə ona həmin pul vəsatinin könüllü ödənilməsi barədə ona xx.xx.2021-ci il tarixli məktub (No**********8) ünvanlanmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə qanunla nəzərdə tutulmuş hallarda inzibati aktı qəbul etmək inzibati orqanın vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Lakin işdən görünür ki, pensiya təyin edən inzibati orqan, yəni, Mərkəzi Filial tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamışdır. Üçüncü bir tərəfdən, ümumiyyətlə, pensiyaçı N.Adullayevdən artıq ödənilmiş pul vəsaitinin tutulumasının tələb olunması da qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinin tələbindən görünür ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Konkret halda da məhz, pensiyaçı etimad göstərdiyi qərarla ona 2016-2020-ci illərdə ödənilmiş 14.225,68 manat pensiya məbləğini xərclədiyi və onun hazırkı aşkar ahıl dövründə ödənilmiş pensiya vəsaitini vəsaitini artıq qaytarmaq imkanında olmadığı halda, ondan həmin pul vəsaitinin qaytarılmasının tələb olunması qanunsuzdur. Sözügedən Qanunun 67.6-cı maddəsinəzərədə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Konkret halda, pensiyaçı İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməsi ilə bağlı apellyatorun heç bir əsaslandırması yoxdur. İş materiallarına əsasən pensiya təyin olunarkən pensiyaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verildiyi ilə bağlı mübahisənin mövcudlğu belə müəyyən edilmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında aşağıdakıları qeyd edilmişdir: - «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Göründüyü kimi, Mərkəzi Filialın “artıq ödənilmiş pensiya vəsaiti” adı altında pensiyaçı İddiaçı xx.xx.2016-xx.xx.2020-ci illərdə ona ödənilmiş 14225,68 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməsi əsassızdır. İPM-in 34.1-ci maddəsinin mənası da ondan ibarətdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi o halda tələb edilə bilər ki, bu qanunla üzərinə düşən öhdəliyindən irəli gəlmiş olsun. Konkret halda , qeyd olunanlardan göründüyü kimi, mübahisələndirilən pul vəsaitinin pensiyaçıdan tutularaq geri qaytarılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, iddiaçı Mərkəzi Filialın həmin pulu iddiaçıdan geri tələb etmək üçün öhdəliyi yarana bilməz. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarını işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası Mərkəzi Filialın apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1351/2022 saylı, xx.xx.2022-ci il qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (“DSMF”) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1351/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar