Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-702/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “vurulmuş real ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1039/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş 10.039.000 (on milyon otuz doqquz min) manat real ziyan, 27.120.000 (iyirmi yeddi milyon yüz iyirmi min) manat əldən çıxmış gəlirin alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1039/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1039/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü il tarixdə notariatda alqı-satqı yolu ilə Bakı şəhəri, Cavanşir küçəsi, 29-da yerləşən qapı-pəncərə sexini almışdır. Sexin sahəsi 339 kv.m olmuşdur və ümumilikdə torpaq sahəsi isə 2007,8 kv.m təşkil etmişdir. 2020-ci ilin oktyabr ayından başlayaraq 2021-ci ilin yanvar və fevral ayınadək olan müddət ərzində Xətai rayon İcra Hakimiyyətinin başçısı və onun müavini tərəfindən vəzifə səlahiyyətləri həddini aşmaqla özbaşınalıq edilərək əvvəlcə iddiaçıya bildirilmədən və razılaşdırılmadan xüsusi mülkiyyətində olan obyektin işığı kəsilərək hasar divarları uçurulmuş, sonra isə obyekt özü dağıdılaraq içərisindəki avadanlıq və materiallarla birlikdə söküntü materialları da daşınıb aparılaraq iddiaçıya külli miqdarda - 10.039.000 manat faktiki ziyan və 27.120.000 manat faydanın əldən çıxmasına səbəb olan ziyan dəymişdir. Məhkəmə tərəfindən onun mülkiyyət hüququnun pozulmasına dəstək verilərək Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsi ilə nəzərdə tutulan mülkiyyət hüququnun pozulmasına səbəb olan qərar çıxarılmışdır. Bu isə Konstitusiyanın 13-cü maddəsində nəzərdə tutulan "Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur" müddəasına tam ziddir. Aşağıdakı səbəblərə görə İnzibati məkəmənin sözügedən qərarı əsassızdır və qanuna ziddir. Belə ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunan etiraz məktubundan görünür ki, ona məxsus obyektin sökülməsinə səbəb həmin ərazidə abadlıq işlərinin aparılması zərurətinin olması göstərilmişdir. "Torpaqların dövlət ehtiyacları üçün alınmasi" haqqında Azərbaycan Respublikasının Qanununda torpaqların dövlət ehtiyacları üçün alınmasının konkret halları və şərtləri göstərilmişdir. Həmin Qanunun 3.1-ci maddəsində sadalanan həmin hallara ərazinin abadlaşdırılması və ağac əkilməsi daxil deyildir. Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı alınası torpaq və ərazinin siyahısı tərtib edilir. Torpaq və ərazinin sahibləri ilə söhbət aparılaraq onların iştirakları ilə "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış komissiya tərəfindən torpaq sahəsi və ya ərazi bazar qiymətlərinə uyğun dəyərləndirilir və bu qiymət mülkiyyətçi ilə razılaşdırılır. Sonra isə alıcı təşkilatla mülkiyyətçi arasında torpağın və ya ərazinin alqı-satqısına dair notariatda müqavilə bağlanılır. Hətta Ölkə Başçısı tərəfindən Prezidentin ehtiyat fondundan torpağın və əmlakın dəyərinin 20%-i həcmində mülkiyyətçiyə əlavə ödəniş edilir ki, narazılıq olmasın. Hazırkı halda isə nəinki buna əməl edilməmişdir, hətta sexin uçurulması və içərisindəki avadanlıqların talan edilməsi və söküntü materiallarının aparılması belə mülkiyyətçiyə bildirilmədən baş vermişdir. Alqı-satqıya dair notarial müqavilə olmadan torpağın hasarının və üzərindəki sexin özbaşınalıqla dağıdılması yolverilməzdir. Torpağa və sexə uçurulması səbəbindən qiymət qoyula bilinməməsinə gəldikdə isə oxşar ərazidə və alınan torpağın yerləşdiyi ərazidəki digər torpaq və obyektlər nəzərə alınmaqla qiymət qoyula bilərdi. Sadalananlara əsasən İnzibati məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı subyektiv xarakter daşıdığından və obyektiv həqiqəti əks etdirmədiyindən ləğv edilməli, iddianın təmin edilməsinə yönələn yeni qərar qəbul edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlanın Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 439-a nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Qeydiyyat vəsiqəsi verilir Baş X1, Mülkiyyət Hüquqlanın Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ondan ötrü ki, Bakı şəhərində Xətai rayonu, Cavanşir küçəsində yerləşən 29 nömrəli qeyriyaşayış binası ümumi sahəsi 309.8 kv.m olmaqla İddiaçı adına mülkiyyət hüququ əsasında tam payda verilir. Bu, 06 fevral 2004-cü il tarixdə 02 nömrəli reyestr kitabında 10 səhifədə 439-a reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 564 nömrəli məktubda qeyd edilir: Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında dövlət mülkiyyətinda olan torpaq sahəsində yerləşən yarımtikili üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3 bəndi nəzərə alınaraq təyin olunmuş bazar qiymətinə 20% əlavə haqq ödənilməklə tikilinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, daş hasar tikilisinin 1 kv.m-nin alqı-satqı orta bazar qİymati 36 (otuz altı) manat müəyyənləşdirilərək İddiaçı taklif olunmuşdur. Belə ki, Cavanşir küçəsi 29 ünvanında yerləşən X2 məxsus qeyri-yaşayış sahəsinə görə ödəniləcək təzminat aşağıdakı qaydada hesablanmışdır: l. Tikili sahəsi 309.80 kv.m üçün (309.80 x 300 manat) = 92.940 manat; 2. Daş hasar sahəsi 196.0 kv.m üçün (196.0 kv.m x 36 manat) = 7.056 manat. Beləliklə, Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsində mövcud yarımtikilinin 309,80 kv.m tikilisi və 196,0 kv.m daş hasar sahəsi üçün cəmi alacagı təzminat 99.996 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat pul məblədi qiymətləndirilərək vəsait ödənilmiş və sökülmüşdür. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli Razılaşma aktından görünür ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi zərurəti yaranmışdır. Belə ki, Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında yerləşən, İddiaçı məxsus ümumi sahəsi 309,80 kv.m olan olan qeyri-yaşayış sahəsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20% əlavə haqq ödənilməklə tikilinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, daş hasar tikilisinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 36 (otuz altı) manat müəyyənləşdirilərək İddiaçı təklif olunmuşdur. Belə ki, Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə görə ödəniləcək təzminat aşağıdakı qaydada hesablanmışdır: 1. Tikili sahəsi 309,80 kv.m üçün (309,80 x 300 manat) = 92.940 manat, 2. Daş hasar sahəsi 196,0 kv.m üçün (196,0 kv.m x 36 manat) = 7.056 manat. Beləliklə, Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 309,80 kv.m tikilisi və 196,0 kv.m daş hasar sahəsi üçün cəmi alacağı təzminat 99.996 (doxsan doqquz min doqquz yüz doxsan altı) manatdır. Vətəndaş İddiaçı akta imza atmaqdan imtina etmişdir. Həmin məktuba əlavə edilmiş “PRİVAT Co” firması tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 11/04-DƏ nömrəli məktubda bildirilmişdir ki, sizin müraciətinizə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən, İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin bazar dəyəri ilə qiymətləndirilməsi aparılmışdır. Əmlakın bazar dəyərinin qiymətləndirilməsi 03 noyabr 2020-ci il tarixinə aparılmışdır və qiymətləndirmə tarixi ilə üst-üstə düşür. Bizim sərəncamımızda olan məlumatların təhlilinin nəticəsinə əsasən qiymətləndirilən daşınmaz əmlakın bazar dəyəri məhdudlaşdırıcı şərtlər və edilmiş ehtimallar, Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20,0% əlavə haqq ödənilməklə İddiaçı məxsus olan qeyri-yaşayış sahəsi üçün kompensasiya məbləği: 99996,00 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat hesablandı və ayrı-ayrı əmlakların qiymətləri aşağıdakı kimidir: mülkiyyətçi: İddiaçı; ünvanı: ünvan 4ri-yaşayış sahəsi - 309,8 kv.m, cəmi - 309,8 kv.m; digər tikililər: daş hasar - 196 kv.m, cəmi - 196 kv.m; 20% əlavə ödənməklə vahidinin qiyməti: qeyri-yaşayış sahəsi - 300, daş hasar - 36; məbləği: qeyri-yaşayış sahəsi - 92940,0 manat, daş hasar - 7056,0 manat, cəmi - 99996,0 manat. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 831 nömrəli məktubla təqdim edilmiş ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin köçürülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini təsdiq edən sənədlərin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən Xətai Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" ASC-nin hesabına 326000,00 manat məbləğində “Gənclik” parkı ərazisində qeyriyaşayış sahələrinin köçürülməsi üçün kompensasiya köçürülmüşdür. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində yerləşən qeyri-yaşayış sahələrinin köçürülməsi üçün kompensasiya köçürüləcək sakinlərin siyahısında İddiaçı alacağı vəsaitin məbləği 99996,00 manat göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-3098 nömrəli məktubundan görünür ki, İddiaçı köçürülən 99996,00 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat vəsaitdən 0.8 % xidmət haqqı tutularaq xx.xx.2021-ci il tarixdə 99196,03 (doxsan doqquz min bir yüz doxsan altı,03) manat vətəndaşın özü tərəfindən məxaric edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, Ə-80/2-150 nömrəli məktubda bildirilmişdir ki, Sadıqcan, Əbilov və Zığ yolu küçələrinin əhatə dairəsində yerləşən “Gənclik” parkında abadlıq işləri çərçivəsində qırx mindən çox ağac əkilmişdir. Ərazinin planı işlənilmiş və hazırda abadlıq-quruculuq işləri həyata keçirilir. “Gənclik” parkı ərazisində abadlıq işlərinə maneçilik yaradan yarım sökülü vəziyyətdə olan tikilinin köçürülməsi zərurəti yaranmışdır. Odur ki, qeyd olunan yarım tikilinin köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirmə aparılaraq vəsait Kapital Banka iddiaçının adına olan hesaba köçürülmüş və tikili sökülərək yerində təmizlik işləri aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İşin faktiki hallarında görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində abadlıq-yenidənqurma işləri ilə əlaqədar iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 29 nömrəli qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən sökülmüşdür. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh tərəfindən kompensasiya məbləği hesablanaraq müvafiq bank hesabına köçürülmüşdür. İddiaçı hazırkı iddiasında cavabdehin qanuni əsas olmadan qeyri-yaşayış sahəsini sökdüyünü, tikilinin yerləşdiyi torpaqdan istifadə etmək imkanından məhrum edildiyini, qeyri-yaşayış sahəsinin yerində 16 mərtəbəli yaşayış binası inşa etmək fikrində olduğunu, bununla da ona torpağın alınması ilə bağlı real zərərin və tikilinin yerləşdiyi ərazidə inşa etdirəcəyi 16 mərtəbəli binaya görə əldən çıxmış qazancın ödənilməsini mübahisələndirir. İddia ərizəsindən görünür ki, iddiaçının kompensasiyanın ödənilməsi ilə bağlı tələbi iki hissədən ibarətdir: - qeyri-yaşayış sahəsinin yerləşdiyi torpağın hər kv.m 5000 manat dəyərində hesablanmaqla ümumi torpağın qiyməti - 2007,8 kv.m x 5000 = 10.039.000 (on milyon otuz doqquz min manat) manat ziyanın; - 339 kv.m sahəsi olan tikilinin yerində gələcəkdə inşa etdirəcəyi 16 mərtəbə binaya görə 1.695.000 x 16 = 27.120.000 (iyirmi yeddi milyon yüz iyimi min) manat əldən çıxmış gəlirin ödənilməsi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuş olsa da tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz mlakın dövlət reyestində qeydə alınmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq dövlət mülkiyyətində, iddiaçının isə istifadəsində olmuş, bu istifadə hüququ məhz üzərində yerləşən qeyri-yaşayış sahəsindən istifadə imkanı ilə bağlı olmuşdur. Əks halda qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə dair müvafiq icra hakimiyyəti ilə bağlanmış ayrıca icarə müqaviləsi və yaxud mülkiyyət hüququna istinad edilirsə xüsusi mülkiyyət əsasında qeydə alınması üçün torpaq sahəsinin ayrıca müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında özəlləşdirilməsi tələb olunurdu. Hazırkı halda iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya özəlləşdirilməsi barədə sənədlər (qərar, alqı-satqı müqaviləsi, müvafiq şəhadətnamə və s.) müəyyən olunmamışdır. Belə olan halda iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. Torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. Eyni zamanda iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində tikilinin yerində inşa etdirəcəyi 16 mərtəbə binaya görə əldən çıxmış faydanın ödənilməsi tələbi də nə qeyd edildiyi kimi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, nə də inşa etdirəcəyi binaya dair müvafiq tikintiyə icazələr, təsdiq olunmuş lahiyə, torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı sərəncam, müqavilə və s. sənədlər təqdim edilmədiyindən “gələcəkdə çoxmərtəbəli binanın inşa ediləcəyi” fərziyyəsi “qanuni gözlənti” əsasını yaratmır və bu halda mövcud olmayan əsasa görə əldən çıxmış faydanın tələb edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı məhkəmə çıxışında Xətai rayon İcra Hakimiyyəti başçısının və onun müavininin hərəkətlərində cinayət əməlinin olmasına dair xüsusi qərardad çıxarılması xahiş edilsə də, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarılmadığı üçün, hazrki iş üzrə xüsusi qərardad qəbul edilmədi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1039/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-702/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-702/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver