Məhkəmə qərarları › İş №2-1(103)-703/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-703/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-703/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3094/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 05.08.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 17.07.1972-ci ildən 02.12.1980-ci ilə qədər Yevlax rayon X1 makinaçı peşəsində, 11.12.1980-ci ildən 01.09.1986-cı ilə qədər Yevlax rayon Dəmiryol Stansiyasının 1 nömrəli qənnadı sexində xəmiryoğuran peşəsində və 12.09.1986-cı ildən 12.12.2005-ci ilə qədər Yevlax 4 nömrəli Quraşdırma sahəsində anbardar peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 17.07.1972-ci ildən başlamışdır. 17.07.1972-ci ildən 02.12.1980-ci ilə qədər Yevlax rayon X1 makinaçı peşəsində, 11.12.1980-ci ildən 01.09.1986-cı ilə qədər Yevlax rayon Dəmiryol Stansiyasının 1 saylı qənnadı sexində xəmiryoğuran peşəsində və 12.09.1986-cı ildən 12.12.2005-ci ilə qədər Yevlax 4 saylı quraşdırma sahəsində anbardar peşəsində işləmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 71-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 3.4-cü, 4.1.1-ci, 11-ci, 21-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci, 38.2-ci, 67.1-ci, 73.1-ci maddələrinə istinad edərək 17.07.1972-ci ildən 02.12.1980-ci ilə qədər Yevlax rayon X1 makinaçı peşəsində, 11.12.1980-ci ildən 01.09.1986-cı ilə qədər Yevlax rayon Dəmiryol Stansiyasının 1 nömrəli qənnadı sexində xəmiryoğuran peşəsində və 12.09.1986-cı ildən 12.12.2005-ci ilə qədər Yevlax 4 nömrəli Quraşdırma sahəsində anbardar peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirərək, onun 17.07.1978-ci ildən 02.12.1980-ci ilə qədər Yevlax rayon X1 makinaçı peşəsində, 11.12.1980-ci ildən 01.09.1986-cı ilə qədər Yevlax rayon Dəmiryol Stansiyasının 1 nömrəli qənnadı sexində xəmiryoğuran peşəsində və 12.09.1986-cı ildən 12.12.2005-ci ilə qədər Yevlax 4 nömrəli Quraşdırma sahəsində anbardar peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə 61 yaşının tamam olduğu 17.03.2019- cu il tarixindən ona yaşa görə əmək pensiyası hüququnun təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 3094/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, İddiaçı 17.07.1978-ci ildən 02.12.1980-ci ilə qədər Yevlax rayon X1 makinaçı peşəsində, 11.12.1980-ci ildən 01.09.1986-cı ilə qədər Yevlax rayon Dəmiryol Stansiyasının 1 nömrəli qənnadı sexində xəmiryoğuran peşəsində və 12.09.1986-cı ildən 12.12.2005-ci ilə qədər Yevlax 4 nömrəli Quraşdırma sahəsində anbardar peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə 61 yaşının tamam olduğu 17.03.2019- cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh 03.12.2019-cu il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 08.06.1988-ci ildən 12.05.1994-cü ilədək olan dövr üçün iddiaçının əmək fəaliyyəti təsərrüfat hesablı olduğundan həmin dövrdə məcburi dövlət sosial sığorta ayırmaları ödəməyi öz təsdiqini tapmadığından ərizəsini təmin etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-267/2020 saylı, 05.06.2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova, V.Ağayev, A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3094/2019 saylı, 16.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 24.07.2020-ci il tarixdə cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1805/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə) kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2020-ci il tarixli 2- 1(103)-267/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinı etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq əmək kitabçasının uşaqların əlinin altında qalaraq üz qabığının ayrıldığını, 1980-ci ildən 1986-cı ilədək Yevlax rayon qənnadı sexində işlədiyini, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsində işləmədiyini bildirdi. Eyni zamanda sədrlik edənin iddiaçının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsində işləmədiyi təqdirdə İT-İ ******* nömrəli əmək kitabçasının 22-ci səhifəsindəki qeydin hansı şəraitdə qeyd olunması barədə sualına heç bir cavab vermədi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Xətai rayon şöbəsinin 23.04.2019-cu il tarixli, **********1 saylı bildirişində qeyd olunmuşdur ki, Respublikada vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiva təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının tələb olunan iş stajı olmadığı üçün yaşa görə əmək pensiyası hüququ yoxdur. - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. - İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən Həmidova (Bikəsi) Təzəgül Həmid qızı 17.07.1978-ci il tarixli, 131 saylı əmrlə Yevlax rayon X2a katibə-makinaçı peşəsinə qəbul edilmiş və 02.12.1980-ci il tarixli, 99 saylı əmrlə işdən azad edilmişdir. - İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən Həmidova (Bikəsi) Təzəgül Həmid qızı 11.12.1980-ci il tarixli, 109 saylı əmrlə Yevlax Dəmiryolu restoranına xəmiryoğuran peşəsinə qəbul edilmiş və 01.09.1986-cı il tarixli, 110 saylı əmrlə işdən azad edilmişdir. - İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı 12.09.1986-cı il tarixli, 124 saylı əmrlə Yevlax 4 saylı quraşdırma sahəsinə anbardar vəzifəsinə qəbul edilmiş və 12.12.2005-ci il tarixli, 196 saylı əmrlə işdən azad edilmişdir. - İV-JQ seriyalı, 282084 nömrəli, 29.08.1986-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən qeyd edilmişdir ki, vətəndaş X4, 02.03.1957-ci ildə doğulmuş, doğulduğu yer-Azərbaycan SSR, Bərdə rayonu, Mirzəlıbəyli kəndi və vətəndaş X6, xx.xx.1958-ci ildə doğulmuş, doğulduğu yer- Azərbaycan SSR, Yevlax şəhəri 29.08.1986-cı ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1986-ci ildə avqust ayının 29-cu günün 26 nömrə ilə qeyd edilmişdir, qeyd edilən yer-Azərbaycan SSR, Bərdə rayon Əyricə (tam oxunmur) kənd XDC İK-si Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçının Yevlax 4 saylı Quraşdırma sahəsində 12.09.1986- 12.12.2005-ci illərdə işlədiyinə dair əmək kitabçasında əksini tapmış məlumatların araşdırılması sonadək aparılmamışdır. Lakin bu müəssisənin qeydiyyatda olduğu Yevlax şəhəri, K.Nəsibov küçəsi 4 ünvana sorğu verilməmişdir. Bundan başqa, cavabdeh kassasiya şikayətində iddiaçının 17.07.1978- 02.12.1980-ci illərdə Yevlax rayon X1 işlədiyi dövrü də mübahisələndirir. Məhkəmələr bu dövrü iddiaçının sosial sığorta stajına daxil etsə də, gəldikləri nəticəni əsaslandırmamışlar. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının iki əmək kitabçası vardır. İddiaçının 17.07.1978-02.12.1980-ci illərdə Yevlax rayon X1 işlədiyi dövr İT-İ ******* nömrəli əmək kitabçasında, 11.12.1990-cı ildən 12.12.2005-ci ilədək əmək fəaliyyəti isə İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur. İT-İ ******* nömrəli əmək kitabçasının nə vaxt doldurulması qeyd olunmamışdır. İş haqqında məlumatlar birinci səhifədə deyil, 42-23-cü səhifələrdə yazılmışdır. İki əmək kitabçasının olması və qeydlərin ardıcıllıqla yazılmaması özlüyündə həmin məlumatların şübhə altına alınmasına əsas vermir. Lakin cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 31.2.-1-ci maddəsinə əsaslanan etiraz dəlilinə qiymət verilməsi üçün həmin dövrdə olan stajın yoxlanması tələb olunur. İşin bu faktik hallarının araşdırılması kassasiya məhkəməsində mümkün olmadığına və bu hallar iş materialları ilə də müəyyən olunmadığına görə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Göstərilənləri nəzərə alaraq işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Yevlax 4 saylı Quraşdırma sahəsinə, Yevlax Şəhər İcra Hakimiyyətinə, “xxxx” ASC-yə, Yevlax Rayon Məhkəməsinə , Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə müvafiq sorğular ünvanlanmışdır. Məhkəmə tərəfindən Yevlax 4 saylı Quraşdırma sahəsinə ünvanlanmış sorğuda iddiaçı Bikəsi (Həmidova) Təzəgül Həmid qızının Yevlax 4 saylı Quraşdırma sahəsinə işə qəbulunu təsdiq edən 12.09.1986-cı il tarixli, 124 nömrəli, işdən azad olunmasını (imzalayan şəxs sahənin rəisi Salahov, XQSİ-nin rəisi D.M.İsmaylov) təsdiq edən 12.12.2005-ci il tarixli, 196 nömrəli əmrlərin təsdiq olunmuş surətlərini, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən Yevlax Şəhər İcra Hakimiyyətinə ünvanlanmış sorğuda iddiaçı Həmidova (Bikəsi) Təzəgül Həmid qızının 17.07.1978-ci il tarixdən (əmr № 131) 02.12.1980-ci il tarixədək (əmr № 99, imzalayan şəxs idarə rəisi İ.Qorçuyev) Yevlax rayon X1, 12.09.1986-cı il tarixdən (əmr № 124) 12.12.2005-ci il tarixədək (əmr № 196, imzalayan şəxs sahənin rəisi Salahov, XQSİ-nin rəisi D.M.İsmaylov) Yevlax 4 saylı Quraşdırma sahəsində işləyib-işləməməsi barədə məlumatları, həmin müəssisələrin hazırda fəaliyyət göstərib-göstərməmələri barədə məlumatları, ümumiyyətlə ünvan 5 ünvanlarda hansı müəssisələrin fəaliyyət göstərib-göstərməməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən “xxxx” ASC-yə ünvanlanmış sorğuda iddiaçı Bikəsi (Həmidova) Təzəgül Həmid qızının SSRİ Dəniz Donanması Nazirliyi X10 İdarəsinin Yevlax 4 saylı Quraşdırma sahəsinə işə qəbulunu təsdiq edən 12.09.1986-cı il tarixli, 124 nömrəli, işdən azad olunmasını (imzalayan şəxs sahənin rəisi Salahov, XQSİ-nin rəisi D.M.İsmaylov) təsdiq edən 12.12.2005-ci il tarixli, 196 nömrəli əmrlərin təsdiq olunmuş surətlərini, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən Yevlax Rayon Məhkəməsinə ünvanlanmış sorğuda iddiaçı Həmidova (Bikəsi) Təzəgül Həmid qızının 17.07.1978-ci il tarixdən (əmr № 131) 02.12.1980-ci il tarixədək (əmr № 99, imzalayan şəxs idarə rəisi İ.Qorçuyev) Yevlax rayon X1, 12.09.1986-cı il tarixdən (əmr № 124) 12.12.2005-ci il tarixədək (əmr № 196, imzalayan şəxs sahənin rəisi Salahov, XQSİ-nin rəisi D.M.İsmaylov) Yevlax 4 saylı Quraşdırma sahəsində işləyib-işləməməsi barədə məlumatları, həmin müəssisələrin hazırda fəaliyyət göstərib-göstərməmələri barədə məlumatları, ümumiyyətlə ünvan 5 ünvanlarda hansı müəssisələrin fəaliyyət göstərib-göstərməməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış sorğuda Yevlax rayon X7 (iddiaçının əmək kitabçasına əsasən idarə rəisi İ.Qorçuyev) və Yevlax 4 saylı Quraşdırma sahəsi (iddiaçının əmək kitabçasına əsasən sahənin rəisi Salahov, XQSİ-nin rəisi D.M.İsmaylov) ilə bağlı olan bütün məlumatları (qanuni təmsilçi, hüquqi ünvan və s.), ilk nə vaxt qeydiyyatdan keçmələri, hal hazırda mövcud olub-olmamaları, fəaliyyətlərinin dayandırılıb-dayandırılmamaları, ləğv edilib-edilməmələri, birləşib-birləşməmələri, ləğv olunubsa hansı tarixdə ləğv olunmaları barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış sorğuda iddiaçının əmək kitabçasındakı qeydə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsinin 10.01.1989-cu il tarixli, 1/0 nömrəli əmrinin (imzalayan şəxs kadrlar üzrə baş müfəttiş F.Səmədova) müvafiq qaydada təsdiq olunmuş surətini, əmrin kimə münasibətdə verilməsi barədə məlumatları Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 22-ci səhifəsindəki qeydə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsinin 10.01.1989-cu il tarixli, 1/0 nömrəli əmri səmərəli işə görə mükafatlandırılması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə ünvanlanmış sorğuda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsinin 10.01.1989-cu il tarixli, 1/0 nömrəli əmrinin kimə münasibətdə verilməsi, ümumiyyətlə, belə bir əmrin mövcud olub-olmaması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin 16.04.2021-ci il tarixli, 028-1030-1221 №-li cavab məktubunda aparılmış araşdırma nəticəsində Həmidova (Bikəsi) Təzəgül Həmid qızı barəsində DİN-in Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsinin 10.01.1989-cu il tarixli 1/0 nömrəli əmri Nazirliyin arxivində aşkar olunmadığı qeyd edilmişdir. (rəis müavini Zahid Sarıyev) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin 22.05.2021-ci il tarixli, 028-1437-1221 №-li cavab məktubunda DİN-in Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsinin 10.01.1989-cu il tarixli 1/0 nömrəli əmrinin Daxili İşlər Nazirliyinin arxivində aşkar olunmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət X5 31.03.2021-ci il tarixli, 12 №-li cavab məktubunda X11 mühafizə olunan Yevlax rayon X2 (Statistika İdarəsinin) 1978-1980-ci illərə dair əmr kitablarını və əmək haqqı sənədlərini izlədinildiyi, Bikəsi (Həmidova) Təzəgül Həmid qızının iş stajı və əmək haqqı almağı barədə heç bir sənəd tapılmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 21.04.2021-ci il tarixli, **********582300 №-li və 13.04.2021-ci il tarixli, **********100300 №-li cavab məktublarında qeyd edilmişdir ki, “Yevlax 4 saylı Quraşdırma sahəsi” (VÖEN: 2********) 16.07.1997-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi ödəyicisinin vergi uçotu haqqında şəhadətnaməsi 2004-cü il aprel ayından etibarən 10 rəqəmli Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə əvəz edildiyi üçün adı göstərilən müəssisə həmin dövrdə yeni VÖEN-lə qeydiyyata keçmədiyindən məlumat-uçot bazasında qeyd olunan hüquqi şəxs barədə hansı tarixdə qeydiyyatdan keçməsindən başqa heç bir məlumat aşkar edilməmişdir. Həmçinin məlumat-uçot bazasına əsasən “Yevlax rayon X7”-nın vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 03 may 2021-ci il tarixli, 1145 №li cavab məktubunda qeyd edilmişdir ki, Yevlax rayon X7 hal-hazırda Azərbaycan Respublikası Statistika Komitəsinin Yevlax rayon Statistika idarəsi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət X5 Yevlax Şəhər icra Hakimiyyətinə təqdim etdiyi arayışa əsasən Yevlax rayon X2 (Yevlax rayon Statistika idarəsi) 17.07.1978-02.12.1980-ci illərə dair əmr kitablarında və əmək haqqı sənədlərində Həmidova (Bikəsi) Təzəgül Həmid qızının iş stajı barədə heç bir sənəd tapılmamışdır. O cümlədən, Yevlax 4 saylı Quraşdırma sahəsinin əmr kitabları və əmək haqqı sənədləri X13 təhvil verilmədiyindən onun həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Məktubda qeyd olunan K.Nəsibov küçəsində yerləşən müəssisələr barədə qeyd edilmişdir ki, həmin küçədə heç vaxt idarə, müəssisə və təşkilat olmamışdır. Qeyd olunan ünvanlarda fərdi yaşayış evləri yerləşir. (Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini-Şəhər Təsərrüfat şöbəsinin müdiri Ceyhun Kərimxanov tərəfindən imzalanmışdır) Yevlax Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 13.04.2021-ci il tarixli, SDS-860 saylı cavab məktubunda Yevlax rayon X2 və Yevlax 4 saylı quraşdırma sahəsinin hal-hazırda fəaliyyət göstərib göstərməməsi barədə Yevlax Rayon Məhkəməsində hər bir məlumat olmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının yaşa görə pensiya almaq üçün qanunvericiliklə nəzərdə tutulmuş 25 illik staja malik olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçalarına əsasən onun 17.07.1978-ci ildən 02.12.1980-ci il tarixinədək Yevlax rayon X2a katibə-makinaçı peşəsində, 12.09.1986-cı il tarixindən 12.12.2005-ci il tarixinədək Yevlax 4 saylı quraşdırma sahəsinə anbardar vəzifəsində çalışdığı qeyd edilsə də, məhkəmə sorğularına əsasən bu məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, cavab məktublarına əsasən Bikəsi (Həmidova) Təzəgül Həmid qızının iş stajı və əmək haqqı barədə Yevlax rayon X2 (Statistika İdarəsinin) 1978-1980-ci illərə dair əmr kitablarını və əmək haqqı sənədlərində məlumat olmadığı qeyd edilmişdir. Həmçinin, Yevlax 4 saylı Quraşdırma sahəsinin əmr kitabları və əmək haqqı sənədləri X13 təhvil verilmədiyi bu səbəbdən onun həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmadığı, K.Nəsibov küçəsində isə heç vaxt idarə, müəssisə və təşkilat olmadığı, qeyd olunan ünvanlarda fərdi yaşayış evləri yerləşdiyi göstərilmişdir. Eyni zamanda iddiaçı 12.09.1986-cı il tarixindən 12.12.2005-ci il tarixinədək Yevlax 4 saylı quraşdırma sahəsinə anbardar vəzifəsində çalışdığını iddia etsə də , 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavab məktubuna əsasən həmin müəssisənin 16.07.1997-ci il tarixdə qeydiyyatdan keçdiyi və onun qeydiyyatdan keçməsindən başqa məlumat aşkar olunmadığı qeyd edilmiş, digər müəssisə “Yevlax rayon X7”-nın vergi uçotunda olması barədə məlumat aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbini əsaslandıran hər hansı sənəd-sübut, arxiv arayışı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının 61 yaşdan yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş iş stajına malik olması işin təkrar apellyasiya icraatı göndərilmiş məhkəmə sorğularına daxil olmuş cavab məktubları ilə təkzib olunduğundan iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əlavə olaraq İT-İ №0694457 nömrəli əmək kitabçasının əslinə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının üz qabığı ayrılmış, ilk səhifəsi 41-ci səhifədən başlamış, əmək kitabçasının doldurulduğu tarix qeyd edilməmiş, 42-ci səhifədə iddiaçının 17.07.1978-ci ildən 02.12.1980-ci il tarixinədək Yevlax rayon X1 katibə-makinaçı peşəsində işləməsi qeyd olunmuş, 68-ci səhifədən sonra 13-cü səhifə gəlmiş, daha sonra isə 22-ci səhifəsindəki qeydə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsinin 10.01.1989-cu il tarixli, 1/0 nömrəli əmri ilə səmərəli işə görə mükafatlandırılması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının izahatından, iş materiallarından və işin araşdırılan hallarından iddiaçının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Tikinti Quraşdırma İdarəsində işləmədiyi halda onun əmək kitabçasına vizual baxışdan da göründüyü kimi səhifələrin ardıcıllığı pozulmuş bu səbəbdən iddiaçının əmək kitabçası mötəbər sübut hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3094/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 3094/2019 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinə qarşı “onun 17.07.1978-ci ildən 02.12.1980-ci ilə qədər Yevlax rayon X1 makinaçı peşəsində, 11.12.1980-ci ildən 01.09.1986-cı ilə qədər Yevlax rayon Dəmiryol Stansiyasının 1 nömrəli qənnadı sexində xəmiryoğuran peşəsində və 12.09.1986-cı ildən 12.12.2005-ci ilə qədər Yevlax 4 nömrəli Quraşdırma sahəsində anbardar peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə 61 yaşının tamam olduğu 17.03.2019cu il tarixindən ona yaşa görə əmək pensiyası hüququnun təyin edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar