Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-703/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ Çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Əzizbəyov RİH başçısının 2415 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsində 57 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1.200 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsinə ünvanlanmış 12 avqust 2021-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 23 iyul 2021-ci il tarixli ərizəyə baxılmışdır. Torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır, qeyd olunan torpaq sahəsinin əksər hissəsi ümumi istifadədə olan yol və yaşıllıq ərazisidir.
3. Məhkəmənin iş üzrə qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - Bakı şəhəri Əzizbəyov RİH başçısının 30 dekabr 1999-cu il tarixli 2415 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış bağ sahəsinin koordinatları müəyyən edilməklə həmin sahənin ümumi istifadədə olan yol və yaşıllıq ərazisinə tam və ya qismən düşübdüşməməsinin müəyyən edilməsi ?.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim olunmuş 10 aprel 2023-cü il tarixli 10/1769 saylı ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: - Göstərilən faktiki 1.200 kv.m torpaq sahəsinin sərhədlərinin bir hissısi mişar daşı, digər hissəsi isə şərti olaraq sərhədlənmişdir. Torpaq sahəsinin üzərində birmərtəbəli tikililər mövcuddur. Şərti olaraq göstərilən 1.200 kv.m torpaq sahəsinin 620 kvm hissəsi qəsəbə və məhəllədaxili yolun kənarı olmaqla ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 57 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 57 saylı bağ sahəsi Əzizbəyov RİH-in 30 dekabr 1999-cu il tarixli 2415 nömrəli sərəncamı ilə İddiaçı Elas oğlunun istifadəsinə verilmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, sözügedən tirpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyat alınmasını xahiş etmişdir. Lakin cavabdeh 12 avqust 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina həmin torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmaması ilə əsaslandırılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır və ərizə təmin edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, hazırda onun istifadəsində olan torpaq sahəsi qeyd edildiyi kimi, RİH-in müvafiq sərəncamı ilə onun istifadəsinə verilmişdir və halhazırda da həmin torpaq sahəsinə dair heç bir mübahisə olmadan oradan istifadə edir. Bu səbəbdən cavabdehin imtinası tamamilə əsassızdır. Göstərilənlərə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, 57 saylı bağ (torpaq) sahəsinin iddiaçının adına hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 3 noyabr 2021-ci il tarixli məktubunda iddia etiraz olunraq bildirilir ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 23 iyul 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə cizgisi Pirallahı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir, cizgidə dəqiq istinad və məsafələr qeyd olunmamışdır, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin əksər hissəsi (67 kv.m) ümumi istifadədə olan yol və yaşıllıq ərazisidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa 12 avqust 2021ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1, 59.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan Ədliiyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 10/1769 nömrəli ekspertiza rəyi ilə iddiaçının üzərində hüquqlarının qeydiyyatını iddia etdiyi torpaq sahəsinin yarıdan çox hissəsinin ümumi istifadədə olan ərazilərə düşdüyü müəyyən edilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Hazırkı məhkəmə icraatında məhkəmə tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya müvafiq torpaq sahəsi onun təyinatı nəzərə alınmadan, fərdi yaşayış evinin tikintisi üçün ümumi istifadədə olan ərazidən ayrılması ziddiyyətli xüsusatdır.
11. Digər tərəfdən iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqanın imtinası “cizgidə dəqiq istinad və məsafələrin qeyd olunmaması” ilə əsaslandırılmışdır. Təqdim olunmuş cizgidə bu əlamətlərin əks olunmaması da məsələnin həllinə təsirsiz deyil. Torpaq sahəsinin dəqiq istinad və məsafələri əks olunmuş cizgisi təqdim olunduğu halda, ayrılmış torpaq sahəsinin iddiaçının faktiki iddia etdiyi sahəyə deyil, tam və qismən fərqli koordinatlara uyğun başqa konfiqurasiyaya malik sahə olması ehtimal olunur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Məhkəmə iddianın rədd edilməsinin əsası kimi, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/176c saylı ekspert rəyinə əsaslanmışdır. Rəyiin nəticə hissəsində qeyd olunur: “Göstərilər faktiki 1.200 kv.m torpaq sahəsinin sərhədlərinin bir hissisi mişar daşı, digər hissəsi isə şərti olaraq sərhədlənmişdir.Torpaq sahəsinin üzərində birmərtəbəli tikililər mövcuddur.Şərti olaraq göstərilən 1.200 kv.m torpaq sahəsinin 620 kv.m hissəsi qəsəbə və məhəllədaxili yolun kənarı olmaqla ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır. Məhkəmə nəzərə almamışdır ki, ekspert rəyi iş materiallarında olan 2022-ci ilin avqust ayında verilmiş mütəxəssis rəyinə istinadən verilmişdir. Lakin, həmin mütəxəssis rəyindən sonra ikinci mütəxəssis rəyi verilmiş, rəydə aşağıdakılar müəyyən edilmişdir: “Bildiririk ki,göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1200.0 kv. metr təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli tikili mövcuddur. İmtina məktubunda, torpaq sahəsinin əksər hissəsinin ümumi istifadədə olan yol və yaşıllıq ərazisi olduğu göstərilmişdir. Halbuki, torpaq sahəsi yolla heç bir üst-üstə düşən hissəsi olmadan dörd tərəfdən mişar daşı ilə hasarlanmışdır. Bu hal onu göstərir кi, cavabdeh iddiaçının müraciətini araşdırmadan, əsassız olaraq imtina vermişdir.
14. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun:
9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.1-ci yarımbənd) şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə. 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ədliiyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 10/1769 nömrəli ekspertiza rəyi ilə iddiaçının üzərində hüquqlarının qeydiyyatını iddia etdiyi torpaq sahəsinin yarıdan çox hissəsinin ümumi istifadədə olan ərazilərə düşdüyü müəyyən edilir.
26. Məhkəmə Kollegiyası hazırkı halda iş üzrə digər sübutlarla birgə qiymətləndirmə apararaq ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.
27. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
28. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
29. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
30. Hazırkı məhkəmə icraatında məhkəmə tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı əsas müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir.
31. Digər tərəfdən iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqanın imtinası “cizgidə dəqiq istinad və məsafələrin qeyd olunmaması” ilə əsaslandırılmışdır. Təqdim olunmuş cizgidə bu əlamətlərin əks olunmaması da məsələnin həllinə təsirsiz deyil.
32. Torpaq sahəsinin dəqiq istinad və məsafələri əks olunmuş cizgisi təqdim olunduğu halda, ayrılmış torpaq sahəsinin iddiaçının faktiki iddia etdiyi sahəyə deyil, tam və qismən fərqli koordinatlara uyğun başqa konfiqurasiyaya malik sahə olması da istisna olunmur.
33. Odur ki, cavabdehin imtinasına gətirilən həmin həmin dəlil də formal xarakterli deyil və sadalananlar iddiaçının ona RİH-in 30 dekabr 1999-cu il tarixli 2415 saylı sərəncamı ilə ayrılmış və iddia etdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyat alınmasından imtina üçün əsasdır.
34. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
35. Apellyasiya şikayətinin dəlilləri olaraq qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, ekspert rəyi iş materiallarında olan 2022-ci ilin avqust ayında verilmiş mütəxəssis rəyinə istinadən verilmişdir. Lakin, həmin mütəxəssis rəyindən sonra ikinci mütəxəssis rəyi verilmiş, rəydə aşağıdakılar müəyyən edilmişdir: “Bildiririk ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1200.0 kv.met təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli tikili mövcuddur. İmtina məktubunda, torpaq sahəsinin əksər hissəsinin ümumi istifadədə olan yol və yaşıllıq ərazisi olduğu göstərilmişdir. Halbuki, torpaq sahəsi yolla heç bir üst-üstə düşən hissəsi olmadan dörd tərəfdən mişar daşı ilə hasarlanmışdır. Bu hal onu göstərir кi, cavabdeh iddiaçının müraciətini araşdırmadan, əsassız olaraq imtina vermişdir.
36. Şikayətin dəlilləri üzrə iddiaçının vəkilinin (nümayəndəsi) və cavabdehin nümayəndəsinin iştirakı ilə apellyasiya baxışı zamanı apellyasiya şikayətində istinad olunan iş vərəqi 82-də olan ortofoto və iş vərəqi 83-də olan iddiaçının istinad etdiyi mütəxəssis rəyi tədqiq edilmişdir.
37. iddiaçının vəkilinin (nümayəndəsi) istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli həmin mütəxəssis rəyində göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1200.0 kv. Metr təşkil etdiyi, torpaq sahəsinin üzərində birmərtəbəli tikili mövcud olduğu göstərilməklə yanaşı, daha sonra bildirilmişdir ki, iddia olunan sahənin bir hissəsi yolkənarı yaşıllıq və məhəllədaxili yol olmuş, sonradan daş hasarla əsas sahəyə daxil edilmişdir.Xəritədən çıxarış (ortofoto) mütəxəssis rəyinə əlavə olunmuşdur.
38. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində özünün istinad etdiyi mütəxəssis rəyindən və həmçinin, işin araşdırılan hallarından müəyyən olunur ki, iddia olunan sahəsinin bir hissəsi (620 kv.m hissəsi) qəsəbə və məhəllədaxili yol, həmçinin yolkənarı yaşıllıq ərazisi olmuş, sonradan daş hasarla əsas sahəyə daxil edilmişdir.
39. Məhkəmə Kollegiyası hazırkı halda iddianın qismən təmin edilməsi qənaətinə də gələ bilmir ona görə ki, torpağın cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır.Torpaq sahəsinin dəqiq istinad və məsafələri əks olunmuş cizgisi təqdim olunduğu halda, ayrılmış torpaq sahəsinin iddiaçının faktiki iddia etdiyi sahəyə deyil, tam və qismən fərqli koordinatlara uyğun başqa konfiqurasiyaya malik sahə olması da istisna olunmur.
40. İPM-nin tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. (maddə 58.7və 68.1)
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.