Məhkəmə qərarları › İş №2-1(103)-704/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-704/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-704/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-516/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin dövlət büdcəsinə 9757,05 manat məbləğində vergi borcu olduğu üçün Azərbaycan Respublikası MPM-in 355-5-ci maddəsinə uyğun olaraq Vergilər Nazirliyinin 6 saylı X13 tərəfindən iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2018-ci il tarixli ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(005)-1411/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********871100 nömrəli çıxarışdan göründüyü kimi, “xxxx” MMC-nin rəhbəri X3r. Bununla da, iddiaçının “xxxx” MMC-nin rəhbəri kimi ölkədən çıxışına qoyulan məhdudiyyətin əsası aradan qalxmışdır. Lakin qətnamədən verilən şikayətlər təmin edilməmişdir. Belə ki, iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi üçün əsas birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra yaranmışdır. Buna görə də, iddiaçı xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinə müraciət edərək, ona qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Vergilər Nazirliyinin təqdim edilən xx.xx.2019-cu il tarixli, **********735400 nömrəli məktubunda iddiaçının müraciəti qanunvericiliyin məlum normaları əks olunmaqla standart ifadələrlə cavablandırılmış və yalnız vergi borcunun dövlət büdcəsinə ödəniləcəyi halda məhdudiyyətin götürüləcəyi kimi qanunazidd şərt irəli sürülməklə münasibət bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ərizənin surətindən göründüyü kimi, 6 saylı X6 tərəfindən Cəmiyyətin rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir ki, bu hal da tamamilə qanuna uyğundur. Qanunvericilikdə hüquqi şəxsin icra orqanının ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün 3 hal mövcud olmalıdır: vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; vergi borcu vaxtında ödənilməməlidir; hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunması halında isə, qanunvericiliyin qeyd olunan imperativ tələblərindən biri aradan qalxdığına görə məhdudlaşdırılmaya səbəb olmuş əsas da aradan qalxır. Vergilər Nazirliyi tərəfindən hüquqi şəxsin yeni rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı yenidən məhkəməyə müraciət etməsi də bu halı təsdiq edir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-516/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1266/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-516/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2104/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 avqust tarixli 2-1(103)-1266/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin və “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 9757,05 manat məbləğində vergi borcu ilə bağlı vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanının rəhbəri, hazırkı iş üzrə iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində cəmiyyətin qanuni təmsilçisinin X2 olduğu, bu barədə xx.xx.2019-cu il tarixli çıxarışın verildiyi, F.İbrahimov tərəfindən hüquqi şəxsin borclarının qəbul edildiyi və bu halın iddiaçının hüquqlarını pozduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edərkən, “xxxx” MMC-nin vergi borclarının xx.xx.2019-cu il tarixədək yarandığına, həmin vaxtda qanuni təmsilçinin İddiaçı olduğuna, hazırda İddiaçı qanuni təmsilçi olmasa da, oun təsisçilər və nizamnamə kapitalında mayasının miqdarının 1 pay təşkil etdiyinə istinad etmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməsi əsasları kimi göstərdiyi dəlillərə, yəni müəssisənin rəhbərinin dəyişməsi dəlilinə artıq xüsusi icraat qaydasında məhkəmə mübahisəsinə baxılarkən hüquqi qiymət verilmiş və yekun məhkəmə aktı öz qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsinin mövqeyi, Konstitusiya Məhkəməsinin predusiallıq və hüquqi müəyyənliklə bağlı mövqeləri ilə ziddiyyət təşkil edir. Eyni zamanda, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini də yoxlamamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, təsisçi və rəhbər özüdür. İddiaçı müəssisə ilə əlaqəsi kəsilməyib. Müəssisəyə rəhbərliyi həyata keçirir. Borc müəssisəyə hesablanıb. xx.xx.2019-cu ildə rəhbər dəyişib. Həmin işlərdə rəhbərin müəssisə ilə əlaqəsi kəsilmişdi. Burada isə rəhbər özünü vəzifədən azad edir və vəzifəyə təyin edir. Təsisçi olduğu üçün müəssisə ilə əlaqəsi qalıb. Digər işdə ola bilsin ki borcu qalmayıb. Məhdudiyyətin aradan qaldırılması üçün borcun ödənilməsi əsasdır. Burada məqsəd borcun ödənilməsindən yayınmaqdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Elita MMC-də Vüsal Dünyamalıyev də 100 faiz paya sahibdir. Vergi orqanı təsisçi olduğu üçün iddiaçını faktiki rəhbər kimi qəbul edib məhdudiyyəti götürmür. İnzibati İcraat haqqında Qanunun 12.2-ci maddəsinin tələbləri pozulub. Elita MMC-nin də borcu qalmaqdadır ancaq rəhbərinə dair məhdudiyyət götürülmüşdür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi və təsisçisi, “xxxx” MMC-nin rəhbəri olmuşdur. Qeyd edilən hüquqi şəxslərin dövlət büdcəsinə borcları yarandığı üçün həmin hüquqi şəxslərin qanuni təmsilçisi olan iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instaniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-nin dövlət büdcəsinə vergi borcu tam ödənilmiş, “xxxx” MMC-nin isə icra orqanının rəhbəri dəyişmişdir. İddiaçı tərəfindən onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilmiş, lakin sonuncu tərəfindən onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İşdən görünür ki, həmin şərt sonradan aradan qalxmışdır. İddiaçı haqlı olaraq qeyd edir ki, istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs-icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt-vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi cavabdehin apellyasiya şikayətinin yalnız bir dəlilinə qiymət verməklə qeyd etmişdir ki, işin materiallarına görə “xxxx” MMC-nin dövlət büdcəsinə vergi borcu xx.xx.2019-cu il tarixədək, yəni iddiaçının həmin müəssisədə qanuni təmsilçi və rəhbəri olduğu dövrdə yarandığından, sonradan müəssisənin rəhbərinin dəyişməsi borc yarandığı dövrdə müəssisənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qalxması üçün əsas olan hal kimi qəbul edilə bilməz. İşin materiallarına görə, vergi orqanı eyni əsasla (hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişməsi) digər hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinə münasibətdə Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsini tətbiq etməklə əlverişli qərarlar qəbul etdiyi halda, iddiaçıya münasibətdə fərqli yanaşmanın səbəblərini imtina məktubunda əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya münasibətdə fərqli yanaşmasının səbəblərini “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin müddəalarının tələbləri nəzərə alınmaqla araşdırmamış, onlara qiymət verməmişdir. İddiaçının şikayətində “cavabdeh inzibati orqanın diskresion səlahiyyətdən sui-istifadə etdiyinə” dair dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Göstərilənləri və Ali Məhkəmənin qərarında qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi xüsusi icraat qaydasında baxılan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində qeyd olunan, “xxxx” MMC-nin dövlət büdcəsinə vergi borcunun xx.xx.2019cu il tarixədək, yəni iddiaçının həmin müəssisədə qanuni təmsilçi və rəhbər olduğu dövrdə yarandığından, sonradan müəssisənin rəhbərinin dəyişməsi borc yarandığı dövrdə müəssisənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qalxması üçün əsas olan hal kimi qəbul edilə bilməz şəklində əsaslandırmasının predusiallıq kimi qiymətləndirilərək iddianın mümkün sayılmalı olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Ali Məhkəmənin də öz qərarında bildirdiyi kimi, tərəflər arasında yaranan, davam edən inzibati hüquq münasibətidir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan 24.0.2-1-ci maddəsində də qeyd olunduğu kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının borcudur. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi nə yaranmış borcun hansı qanuni təmsilçinin dövründə yaranması, nə də ki, icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı müəyyən edilməmişdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Bundan əlavə “xxxx” MMC-nin qanuni təmsilçisi xx.xx.2019-cu il tarixdən dəyişərək X5 olduqdan sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı X6 Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri olan X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Yəni vergi orqanı bir müəssisənin vergi borcu üçün həm əvvəlki qanuni təmsilçiyə tətbiq edilən məhdudiyyəti saxlayır, həm də yeni qanuni təmsilçiyə məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət edir və iddiası təmin edilir. Bundan əlavə “İnzibati İcraat haqqında” qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. İş materiallarının araşdırılması zamanı iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən müəyyən olundu ki, vergi orqanı hazırkı faktiki hallara malik başqa işlər üzrə hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişməsini ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması kimi qiymətləndirərək hüquqi şəxslərin icra orqanlarının əvvəlki rəhbərlərinə münasibətdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını götürmüşdür. Bunlara misal olaraq “Sericovia Lojistik ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının, “xxxx” MMC-nin, “xxxx” MMC-nin, “xxxx” MMC-nin qanuni təmsilçilərinin ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərarları göstərmək olar. Cavabdehin nümayəndəsi həmin sənədlərə münasibətdə, iddiaçının həm təsisçi, həm də rəhbər olmasına, iddiaçının müəssisə ilə əlaqəsinin kəsilməməsinə, müəssisəyə rəhbərliyi həyata keçirməsinə, digər işlərdə rəhbərin müəssisə ilə əlaqəsinin kəsilməsinə, burada isə rəhbərin özünü vəzifədən azad edib, vəzifəyə təyin etməsinə, təsisçi olduğu üçün müəssisə ilə əlaqəsinin qalmasına, digər işdə ola bilsin ki, borcun olmamasına, məhdudiyyətin aradan qaldırılması üçün borcun ödənilməsinin əsas olmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin dediklərinin heç bir hüquqi əsasının olmaması yuxarıda qeyd edilmiş məhkəmənin mövqeyi ilə tam şəkildə sübuta yetirilir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, yuxarıda qeyd edilən hüquqi şəxslərdən “xxxx” MMC-nin qanuni təmsilçisi olmuş Vüsal Dünyamalıyev eyni zamanda həmin hüquqi şəxsin 100% təsisçisidir. Yəni vergi orqanı eyni mühüm faktiki hallara malik olan “xxxx” MMC-nin işi üzrə başqa mövqe, hazırkı işə münasibətdə isə başqa mövqe göstərir. Bu isə “İnzibati icraat haqqında” qanunun yuxarıda qeyd edilən müddəaları ilə ziddiyyət təşkil edir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası əsaslı olmamış, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-516/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-516/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar