Məhkəmə qərarları › İş №2-1(103)-704/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-704/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-704/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(112)-6128/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Mənzil hazırda qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Bundan başqa, onunla eyni cərgədə olan birinci mərtəbələrin əksəriyyəti mənzillərdən qeyriyaşayış kimi uzun illərdir ki, istifadə edirlər, bəziləri dövlət qeydiyyatına alınmış, bəzilərinə mənzildən qeyri-yaşayışa çevrilmə barədə rayon İcra hakimiyyətinin sərəncamları verilmişdir. Aidiyyəti üzrə cavabdehə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh sərəncamın verilməsini süni şəkildə uzadır, onun binanın dayanıqlığı barədə rəyin alınmasını əsas gətirərək sərəncamın verilməsindən sözün əsl mənasında imtina edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.4 və 21.2.6 bəndlərinə əsasən tələb olunan sənədləri və yükdaşıyan divarların etibarlılığı (dayanıqlığı və möhkəmliyi) barədə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəy Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.” Bakı İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(112)-6128/2024 saylı qərarı ilə (hakim L.Musayeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Bakı şəhəri Cavabdeh imtinasının qanunsuz hesab edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr-ti, ev 26, 3,3a saylı mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı İddiaçı xeyrinə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının 10-cu bəndində (məhkəmənin mövqeyi hissəsi) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim edilməli olan sənədləri qeyd edir və həmin maddənin 21.3-cü maddəsinə istinad edərək, sahənin qeyri-yaşayış sahəsinə keçirilməsini həyata keçirən orqanın həmin maddədə göstəriləndən başqa, digər sənədləri tələb edə bilməməsini göstərir. Məhkəmə Mənzil Məcəlləsinin 21.2-ci maddəsinin tələblərini qeyd etsə də, faktiki olaraq həmin tələblərə iddiaçı tərəfindən əməl edilib-edilməməsinə diqqət etməmiş və yanlış qərar qəbul etmişdir. Belə ki, Məcəllənin 21.2.3-cü maddəsinə əsasən keçirilən sahənin texniki təsviri göstərilməklə, planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) təqdim edilməli idi. Lakin, iddiaçı faktiki mövcud olan mənzilin texniki pasportunu deyil, 19.2 kv. metr artırılma aparılmamışdan əvvəlki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli texniki pasportunu təqdim etmişdir. Bu texniki pasportda isə, özbaşına aparılan tikinti, yenidənqurma və yenidən planlaşdırma işləri öz əksini tapmamışdır. Məcəllənin 21.2.4-cü maddəsində nəzərdə tutulan mənzilin yerləşdiyi binanın mərtəbəli planını isə ümumiyyətlə təqdim etməmişdir. Göstərilən sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyindən Rayon İcra Hakimiyyəti haqlı olaraq imtina cavabı vermişdir. Məhkəmə isə qərarında iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə əməl edilib-edilməməsinə ümumiyyətlə münasibət bildirməmişdir. İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin məhkəmə qanunvericiliyin bu tələbini pozmaqla işin tam araşdırılmasını təmin etməmiş və əsassız qərar qəbul etmişdir. Məhkəmə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmiş və xx.xx.2024cü il tarixli 10/2500 nömrəli ekspert rəyi almışdır. Həmin rəydə, qeyd edilən mənzilə dair texniki pasportda mənzilin ümumi sahəsinin 57,9 kv.metr, mənzil üzrə 7 tikilinin göstərildiyi, faktiki isə mənzilin ümumi sahəsinin 77,1 kv. metr, tikilinin isə 10-dan ibarət olduğu qeyd edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli texniki pasportun məlumatlarına uyğun olmadığı göstərilmişdir. Göründüyü kimi, mənzilin ümumi sahəsi faktiki olaraq 19,2 kv. metr və 3 tikili artıqdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 60-cı və 97.1ci maddəsinin tələblərini yerinə yetirərək mütəxəssis cəlb etmək və ekspertiza təyin etməkdənsə, bunları etməmiş, iddiaçı tərəfindən müvafiq dövlət qurumunun icazəsi olmadan aparılan özbaşına tikilinin, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanuni aparılıb-aparılmamasını, tikinti norma və qaydalarına uyğun aparılmasını, şəhərsalma haqqında qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini araşdırmadan əsassız olaraq sözügedən qərarı qəbul etmişdir. Bununla da, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı icraat qaydalarını pozaraq mənzildə ilk olaraq yenidənqurma və yenidən planlaşdırma işlərini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23-26-cı maddələrinin tələblərinə əsasən aparmalı olduğu halda aparmaması mövcud vəziyyətin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələbləri həmin Məcəllənin 23-26-cı maddələrinə əməl etməyi şərtləndirir. Lakin, iddiaçı özbaşına aparılan tikinti üçün müvafiq dövlət qurumuna, yenidənqurma və yenidən planlaşdırma işlərini aparmaq üçün rayon icra hakimiyyətinə müraciət etmədən, həmin işləri gizli surətdə qanunsuz aparmışdır. İddiaçı yenidən qurulması və yenidən planlaşdırılması nəzərdə tutulan ünvan 4 ünvanındakı yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidənqurma və yenidən planlaşdırma layihəsini və Mənzil Məcəlləsinin 24.2.1-ci maddəsində nəzərdə tutulan digər sənədləri təqdim etmədiyindən yaşayış sahəsinin şəhərsalma haqqında qanunvericiliyin tələblərinə və tikinti norma və qaydalarına əməl olunub-olunmamasını müəyyənləşdirmək imkan xaricində olmuşdur. Bundan başqa, tikinti, yenidənqurma və yenidən planlaşdırmanın şəhərsalma haqqında qanunvericiliyin tələblərinə uyğun aparılması, tikinti norma və qaydalarına əməl olunub-olunmaması və s. barədə müvafiq rəylər rayon icra hakimiyyətləri tərəfindən deyil, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan publik hüquqi şəxslər tərəfindən ödənişli əsaslarla verilir. Analoji işlərlə bağlı tərəflərindən həmin qurumlara müraciətlər olunmuş, lakin verilmiş imtina cavablarında müraciətin balanssaxlayıcı təşkilat və ya mülkiyyətçi tərəfindən verilməli olduğu göstərilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə tək Mənzil Məcəlləsi ilə deyil, həmçinin şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində qeyd edilən qurumların rəyinin ərizəçi tərəfindən təqdim edilməsi nəzərdə tutulmasa da, həmin Məcəllənin 22.1.3-cü maddəsində yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda imtina üçün əsaslardan biri kimi göstərilmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyətindədir, bununla bağlı hüquq xx.xx.2008-ci il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.4 və 21.2.6 bəndlərinə əsasən tələb olunan sənədləri və yükdaşıyan divarların etibarlılığı (dayanıqlığı və möhkəmliyi) barədə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəy Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/2500 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri o cümlədən, ünvan 3 ünvanında yerləşən mənzilə dair olan texniki pasportda mənzilin ümumi sahəsinin 57.9 kv.metr göstərildiyini, faktiki sahəsinin isə 77.1 kv.metr təşkil etdiyini, texniki pasportda tədqiq olunan mənzil üzrə 7 tikilinin göstərildiyini, faktiki olaraq isə 10 tikilidən ibarət olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli texniki pasportun məlumatlarına uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzildə edilmiş dəyişikliklərin, mənzilin və onun yerləşdiyi binanın təhlükəsizliyinə xələl gətirib-gətirmədiyinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil. Tədqiq olunan mənzilin faktiki olaraq, aptek kimi fəaliyyət göstərdiyini, dörd mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşdiyini, giriş-çıxışın küçəyə və ümumi istifadədə olan dəhlizə açılan qapılar vasitəsilə olduğunu, eləcə də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin bəndlərində göstərilən tələbləri nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 26 saylı evin 3,3a mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilə giriş-çıxışın küçəyə və ümumi istifadədə olan dəhlizə açılan qapılar vasitəsilə olduğunu nəzərə alaraq, həmin mənzilə gediş-gəliş digər yaşayış və qeyri-yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olduğu müəyyən edilmişdir. Beləliklə işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının tələbi mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı “ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil. Cavabdeh orqan tərəfindən Mənzil Məcəlləsinin 21.10-cu maddəsinə əsasən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariyagigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı hər hansı inzibati araşdırma aparılmamışdır. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Hər hansı inzibati məhkəmə araşdırması zamanı (inzibati orqanda icraatın əvəzinə) inzibati icraat zamanı ümumiyyətlə araşdırma predmeti olmayan məsələlərin araşdırılması (daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı) və bu istiqamətdə müvafiq rəylərin alınması yuxarıda qeyd edilən məqsədlərə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. - 20.5-ci maddəsinə əsasən mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. - 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. - 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. - 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlili odur ki, Mənzil Məcəlləsinin 21.2.4 və 21.2.6-cı maddələrinə əsasən tələb olunan sənədləri və yükdaşıyan divarların etibarlılığı (dayanıqlılığı və möhkəmliyi) barədə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəy təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarının apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı məhkəmə tərəfindən sorğular göndərilmiş və əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının mənzilinin yerləşdiyi eyni binada ünvan 8 ünvanı üzrə 2 saylı ünvan 9-cu il tarixli qərarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi həyata keçirilmiş və bununla bağlı müvafiq hüquqmüəyyənedici sənədlər verilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 27 iyun 2018-ci il tarixli, 1-1/84 nömrəli Sərəncamına əsasən X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 26 ünvanında yerləşən 37-ci mənzil (5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən) mövcud istifadə vəziyyətində (71.36 kv.m) qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 09 avqust 2018-ci il tarixli, 1-1/107 nömrəli Sərəncamına əsasən X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 26 ünvanında yerləşən 26-cı mənzil (4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən) mövcud istifadə vəziyyətində (31.46 kv.m) qeyri-yaşayış sahəsinə keçirilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 07 fevral 2025ci il tarixli, 5-16/2-151/2025 nömrəli cavab məktubunda qeyd edilir ki, 2023-2025-ci illərdə ümumiyyətlə Rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində olan mənzil və evlərin yenidən qurulması və yenidəm planlaşdırılması və qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sorğu əsasında əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 26 nömrəli binada yerləşən mənzillərin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi həyata keçirilmişdir və buna dair müvafiq çıxarışlar verilmişdir. Məhz iddiaçının mənzilinə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə inzibati icraat haqqında qanunvericiliyin tələbinə uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, “tikintilərin mərtəbələr üzrə planı” sözügedən yaşayış sahələrinin texniki pasportunda öz əksini tapdığından keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı iddiaçıdan tələb edilə bilməz. İddiaçı tərəfindən mənzildə yenidənqurma işlərinin aparılması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/2500 nömrəli ekspert rəyində müəyyən edilir ki, tədqiq olunan mənzildə edilmiş dəyişikliklərin, mənzilin və onun yerləşdiyi binanın təhlükəsizliyinə xələl gətirib-gətirmədiyinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil. Tədqiq olunan mənzilin faktiki olaraq, aptek kimi fəaliyyət göstərdiyini, dörd mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşdiyini, giriş-çıxışın küçəyə və ümumi istifadədə olan dəhlizə açılan qapılar vasitəsilə olduğunu, eləcə də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin bəndlərində göstərilən tələbləri nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 26 saylı evin 3,3a mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, tədqiq olunan mənzilə aid texniki pasporta əsasən dəyişikliyin olması mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən mənzil faktiki olaraq qeyri-yaşayış sahəsinə çevrilmişdir. Qeyd olunan mənzilin faktiki sahəsi ilə sənədlərdə olan sahə arasında uyğunsuzluq müəyyən edilməmişdir. Qeyd olunan mənzildə aparılan dəyişikliklər zamanı mənzilin daxili aparıcı sütunlarına zərər gətirilmədiyi halı əsas verir ki, mütəxəssislər mənzilin və onun yerləşdiyi binanın təhlükəsizliyinə heç bir xələl gətirmədiyi faktı kimi dəyərləndirsinlər. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 26 ünvanında yerləşən 3,3a nömrəli mənzilin ayrı giriş-çıxışının olması, birinci mərtəbədə yerləşməsi, istifadə zamanı hər hansı bir texniki uyğunsuzluğun olmaması bu mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün edir. Qeyd olunan mənzilə gediş-gəliş həmin ünvanda yerləşən digər yaşayış və qeyri-yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza və mütəxəssis rəyləri ilə təsdiq edildiyi kimi mübahisəli sahə uzun müddət yaşayış sahəsi kimi deyil, qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu səbəbdən faktiki vəziyyətin sahənin yaşayış sahəsi kimi tərtib edilmiş texniki pasportuna uyğun gəlməməsi normal haldır. Həmçinin, iddiaçının faktiki istifadəsində daha çox sahənin olması onun tələbini təmin etməkdən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı çıxarışa əsasən onun mülkiyyətində olan hissənin qeyri-yaşayış sahəsinə çevrilməsini tələb edir. İddiaçının faktiki istifadəsində daha çox sahənin olması isə onunla digər mülkiyyətçilər arasında həll edilməli olan məsələdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Mövcud qanunvericilik yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki, həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar Mənzil Məcəlləsinin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma aparılmamış, iddiaçı tərəfindən məhz hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü ilə bağlı inzibati araşdırma həyata keçirilərkən mübahisələndirilən daşınmaz əmlakın uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi, etimadın qorunması və bərabərlik prinsipləri nəzərə alınmaqla daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariyagigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı müvafiq qiymətləndirmə aparılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 73.2-cü maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(112)-6128/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar