Məhkəmə qərarları › İş №2-1(103)-705/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-705/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-705/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2066/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Gürcüstan Texniki Universiteti tərəfindən ona verilmiş BD seriyalı 007311 nömrəli nömrəli bakalavr diplomu üzrə “İnjiner” bakalavr ixtisasının ölkədə tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı 2013-cü ildə X3 Unversitetinin nəqliyyat və maşınqayırma fakültəsinə daxil olmuş və 2018-ci ildə həmin Universiteti bitirmişdir. X1 15.03.2018-ci il tarixli 14 saylı qərarı ilə ona nəqliyyatda “İnjiner” bakalavr akademik dərəcəsi verilmiş və bu barədə BD seriyalı 007311 saylı bakalavr diplomu və diploma əlavə verilmişdir. Diploma əlavənin bu modeli də Avrokomissiya, Avroşura və UNESCO/CEPES tərəfindən təsdiq olunmuşdur. Diplom Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Servislərinin İnkişaf Agentliyi tərəfindən 07.06.2018-ci il tarixdə Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Universitetdə oxuduğu müddətdə 4 il, 240 ECTS kreditli əyani təhsil almış, bütün dərslərdə iştirak etmiş, yaxşı, kafi və kifayət qiymətlər almış və həmin müddətdə Gürcüstan Respublikasının ərazisində olmuşdur. Bunu ona məxsus pasportda olan qeydlər də təsdiq edir (AZE P5258708). İddiaçı ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) barədə AR Təhsil Nazirliyinə elektron ərizə sistemi ilə 11.09.2018-ci il tarixdə 1380D2E8466 saylı ərizə ilə rəsmi qaydada mürəciət etmiş və müsahibə mərhələsinə buraxılmışdır. Onunla təhsil dili olan rus dilində müsahibə aparılmışdır. O, suallara qənaətbəxş cavab vermiş, lakin 29.11.2019-cu il tarixli elektron cavab məktubu ilə ona ’’Nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən Sizin aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir” və ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən 1380D2E8466 saylı müraciəti üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir” cavabı verilmişdir. Hesab edir ki, cavabdehin istinad etdiyi hal həmin bənddə nəzərdə tutulmadığından diplomun tanınması barədə imtinası tam əsassızdır. Belə ki, məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, təhsil aldığı müddətdə heç bir qaydanı pozmamış, verilmiş proqramları yerinə yetirmiş, təhsil prosesində dərslərdə qənaətbəxş miqdarda iştirak etmiş və buna görə müvafiq ballarla qiymətləndirilmişdir. Bunu diploma əlavənin müfafıq səhifələrində də görmək olar. Eyni zamanda onu da qeyd etmək istərdim ki, diploma əlavənin modelindən də göründüyü kimi (UNESCO/CEPES tərəfindən işlənilib) bu diplomun sahibləri hər hansı dəyərləndirmə rəylərindən, ekvivalentliyin təsdiqi və ya tanınması haqqında təkliflərdən azaddır. Digər tərəfdən, 2004-cü ilin martın 4-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsində deyilir ki, tərəflər bu Sazişi imzaladığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssiələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. ”Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 1.6-cı bəndinin üçüncü abzasında isə deyilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Göründüyü kimi, cavabdeh Təhsil Nazirliyi Qaydaların və Sazişin qeyd olunan normalarını pozmuş və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələr və dövlətlərarası razılaşmlara bir növ məhəl qoymamışdır. Eləcə də, cavabdehin etiraz məktubunda sənədlər araşdırılarkən ona verilmiş ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi də qeyd edilmişdir ki, bu da cavabdehin qərəzli yanaşmasında irəli gəlir. Belə ki, onunla eyni vaxtda, eyni kursda oxumuş və eyni ixtisası almış bir neçə tələbənin diplomu artıq tanınmış və müvafiq şəhadətnamələr verilmişdir. Bundan başqa, cavabdehin etiraz məktubunda Gürcüstan ərazisinə keçmə faktları barədə araşdırılma qeydləri öz əksini tapmışdır. Belə ki, 2013-2018-ci illərin qeydləri nəzərə alınmışdır. Lakin təhsil müddətinin 4 il olduğu nəzərdən qaçırılmış, 2018-ci ildə müəyyən fənlərin ballarında (kredit) kəsirlər olduğu üçün əlavə hazırlıq dərslərinə getmişəm və imtahanlardan keçid balını topladıqdan sonra diplomu almışam. Buradan da göründüyü kimi cavabdeh araşdırma apararkən səthi və qərəzli araşdırma aparmışdır. Əsalandırılmamış imtina qərarı çıxarmışdır. Cavabdehin dəlili (tədris dili üzrə biliklərinin qənaətbəxş olmaması) imtina əsası kimi Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Cavabdehin imtinasını əsaslandırdığı dəlil ilə bağlı, tədris dili üzrə bilikləri qənaətbəxş səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, cavabdehin deyi, təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aiddir və o, həmin mərhələni artıq keçmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. İşdən müəyyən edilir ki, Gürcüstan Texniki Universiteti tərəfindən verilmiş 12.04.2018-ci il tarixli BD 007311 nömrəli bakalavr diplomunun notariat təsdiqli surətinə görə, Nəqliyyat və maşınqayırma fakültəsinin 15.03.2018-ci il tarixli 14 nömrəli qərarı ilə iddiaçıya Nəqliyyat üzrə mühəndis bakalavr akademik dərəcəsi verilmişdir. BD 007311 nömrəli bakalavr diplomuna əlavədən görünür ki, iddiaçı Universitetdə rus dilində əyani təhsil almışdır. Cavabdeh iddiaçıya ünvanladığı 29.11.2019-cu il tarixli elektron cavab məktubunda bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, 1380D2E8466 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Məhkəmə kollegiyasının iclasında cavabdehin iddiaçı ilə apardığı müsahibənin videodiskinə baxış keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra - Qaydalar): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu 05.10.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya həm hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-in 14.3-cü maddəsi), Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının diplomunu tanımaqdan cavabdehin imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), Qaydaların 1.6-cı bəndinin “Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir” müddəası, Azərbaycan Respublikası ilə Gürcüstan arasında bağlanmış beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda belə bir ekvivalentlik müəyyən edilmədiyi üçün, hazırkı mübahisəyə tətbiq oluna bilməz. Bu da o deməkdir ki, Azərbaycan Respublikası Gürcüstanda verilmiş diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır. Cavabdeh də Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanıb, iddiaçı tədris dilini qənaətbəxş bilmədiyi üçün diploma əlavədə göstərilən tədris proqramını yerinə yetirməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, haqlı olaraq iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının diplomuna Gürcüstanda Apostille şəhadətnaməsinin əlavə olunmasına münasibətdə bildirir ki, Apostille yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2066/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar