Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-705/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı 25 avqust 2020-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı Qərbi Azərbaycanın Sisian rayonunda anadan olmuş, 1978-ci ildə əmək fəaliyyətinə başlmışdır. 1 sentyabr 1978-ci il tarixli əmək kitabçasına əsasən onun ümumi iş stajı 35 il 6 ay 21 gün təşkil edir. Ümumi əmək stajının 15 il 2 ay 13 gününü zərərli iş təşkil edir. O, xx.xx.2006-cı il tarixdə “Xəzərdənizneftdonanma”idarəsində gəmi təmiri zavodunda mexaniki təmir sexinə 3-cü dərəcəli gəmi təmiri çilingəri işinə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə “Bibiheybət” Gəmi təmiri zavodunun mexaniki təmir sexinə 5-ci dərəcəli gəmi təmiri çilingəri işinə keçirilmiş, hazırda həmin işdə çalışır. Onun 35 il 6 ay 21 gün ümumi əmək stajının 14 ildən çoxunu zərərli iş təşkil edir. Bunula əlaqədar ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müvafiq sənədlərlə cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan güzəştli şərtlə pensiya təyinatından imtina olunması haqqında 24 11.2021-ci il tarixli məktub vermişdir. Bakı İnzibati Məhkəməsinin 2 2-1(112)-4656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 25 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi 1 sentyabr 1978-ci il tarixli əmək kitabçasında: - xx.xx.1992-xx.xx.2000-ci il tarixlərdə: “RSD” şəxsi müəssəsində; - xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə: “A+A” müstəqil ticarət firmasında işlədiyi qeyd edilmişdir. İddiaçının adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmışdır. “RSD” şəxsi müəssəsinin xx.xx.2007-ci il tarixdən, “A+A” müstəqil ticarət firmasının isə xx.xx.2009-cu il tarixdən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduqları məlum olmuşdur. Beləliklə, iddiaçının işlədiyini iddia etdiyi dövrlərdə sözügedən müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının ümumi iş stajı qanunvericiliklə tələb edilən 25 ilə münasibətdə 23 il 2 av 11 gün təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6 ) fəhlələr yarımbəndində çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi sənədlərdə xx.xx.2006-cı il tarixdən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda elektrik avadanlıqlarının təmiri və xidməti üzrə gəmi təmiri çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin gəmi təmiri çilingəri vəzifəsində işlədiyi müddətdə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş siyahı üzrə göstərilən gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bu səbəbdən də iddiaçının ümumi və güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 35 il 6 ay 21 gün ümumi, 14 ildən çox xüsusi stajının olmasını əsas götürərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müvafiq sənədlərlə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın imtinasından sonra isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı ona 60 yaşının tamam olduğu 25 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 4 əsas şərt: 1) 60 yaşının tamam olması; 2) 60 yaşının tamam olduğu tarixə 25 illik ümumi iş stajının toplanması; 3) 25 il stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən aydındır ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlərdən biridə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalıdır və bu şərtin ödənib-ödənməməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hallar iddiaçının ümumi və xüsusi iş stajı ilə bağlıdır. Belə ki, cavabdeh apelyasiya şikayətində iddiaçının xx.xx.1992-xx.xx.2000-ci il tarixlərdə “RSD” şəxsi müəssəsində və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə “A+A” müstəqil ticarət firmasında işlədiyi dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsinin mümkün olmadığını bildirmiş və bunu onunla əsaslandırmışdır ki, “RSD” şəxsi müəssəsinin xx.xx.2007-ci il tarixdən, “A+A” müstəqil ticarət firmasının isə xx.xx.2009-cu il tarixdən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduqları məlum olmuş və iddiaçının işlədiyini iddia etdiyi dövrlərdə sözügedən müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Cavabdehin qeyd edilən dəlilinə münasibət : Əvvəla qeyd edilməlidir ki, iş materiallarından müəyyən edilmişdir ki, “RSD” şəxsi müəssəsi xx.xx.1997-ci il tarixdə 200012653, “A+A” müstəqil ticarət firması isə xx.xx.1997ci il tarixdə ********* nömrəli vöenlərlə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun iddiaçının işlədiyi müddətə aid olan dövrdə qüvvədə olmuş: -2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; -12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; -14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməyin ödənişi fonduna (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulur. - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericili də müəyyən olunmuş qaydada dayandırır və s. Göründüyü kimi, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığorta edənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. Daha sonra həmin sərəncamın qoyulmasındandan 90 gün ərzində də borc ödənilmədikdə, onun məhkəmə qaydasında alınması üçün həmin qurum ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malik olmuşdur. Yuxarda qeyd edilənləri nəzərə alan Kollegiya bildirir ki, cavabdehin mübahisələndirdiyi dövrlərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iradəsindən asılı olan hall deyildir və bu əsaslada qeyd edilən dövrlərin iddiaçının iş stajına hesablanmaması və pensiya təyinindən imtina edilməsi iddiaçının hüquqlarını pozur. Bundan başqa Kollegiya vurğulamağı zəruri hesab edir ki, iddiaçının həmin müəssisələrdə işlədiyi dövrlər nəzərə alınmasa belə, iddiaçının ümumi stajı əmək pensiyasının təyin edilməsi üçün əsas şərtlərdən biri kimi nəzərdə tutulmuş zəruri iş stajından, yəni 25 ildən artıqdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus HB 972306 nömrəli diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il (4 il 11 ay 25 gün) tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil almışdır. İş materiallarında olan HЗ ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiqlənmiş surətinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (2 il 13 gün) həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətinə əsasən, (cavabdehin mübahisələndirdiyi dövrlər istisna olmaqla) iddiaçının 20 il 29 gün ümumi stajı mövcuddur. (1979.xx.xx-1978=10 ay 16 gün) + (1988.xx.xx-1987.11.25=1 ay 16 gün) + (1988.xx.xx- 1988.02.01=8 ay 13 gün) + (1988.xx.xx-1988.10.15=2 ay 15 gün) + (1990.xx.xx- 1989.01.02=1 il 8 ay 17 gün) + (1991.xx.xx-1990.10.05=11 ay 11 gün) + (1992.xx.xx- 1991.12.10=4 ay 10 gün) + (1992.xx.xx-1992.05.04=7 ay 4 gün) + (2000.xx.xx- 2000.06.12=5 ay 3 gün) + (2020.xx.xx-2006-07.11=14 il 1 ay 14 gün) = 20 il 29 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Yuxarda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının hərbi xidmət (2 il 13 gün), təhsil (4 il 11 ay 25 gün) və cavabdehin mübahisələndirdiyi dövrlər istisna olmaqla 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti dövrləri (20 il 29 gün) nəzərə alınmaqla iddiaçının ümumi stajı 25 ildən artıq, 27 il 1 ay 7 gün təşkil edir. Bundan başqa cavabdehin apelyasiya şikayətində mübahisələndirdiyi hallardan biridə iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, şikayətdə göstərilmişdir ki, iddiaçının Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi sənədlərdə xx.xx.2006-cı il tarixdən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda elektrik avadanlıqlarının təmiri və xidməti üzrə gəmi təmiri çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin gəmi təmiri çilingəri vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”sı üzrə göstərilən gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olubolmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Cavabdehin qeyd olunan dəlilinə münasibət : «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İş materiallarından olan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2020-ci il tarixli arayışında görünür ki, İddiaçı həqiqətən xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilə kimi X6 Donanması Gəmi təmiri zavodunda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda xx.xx.2014-cü il tarixdən hal-hazıradək işləyir. İş materiallarından olan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 11 bəndində 11.6 yarımbəndində a) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarında olan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2022ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir olunan gəmilərdə daima iş fəaliyyəti zamanı gəmilərin daxili bölmələrində və qapalı olan sahələrində zərərli şəraitdə işləmişdir. Qeyd edilənlərdən də görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşə göstərilmişdir. Buda onu deməyə əsas verir ki, iddiaçının 60 yaşının olduğu 25.08.960-cı il tarixədək 14 il 1 ay 14 gün güzəştli iş stajı mövcuddur. Beləliklə, iddiaçının ümumi stajı 25 ildən, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 12 il 6 aydan artıq olduğundan və iddiaçı qanunla müəyyən edilmiş pensiya yaşına xx.xx.2020-ci ildə çatdığından birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-705/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-705/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver