Məhkəmə qərarları › İş №2-1(103)-705/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-705/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-705/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı oğlunun, Üçüncü şəxs X11 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin və çıxarışın ləğv edilməsi, bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı oğlu cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X11 adına verilmiş 5976 saylı bağ sahəsi kimi reyestr xidmətində qeydiyyata alınmış çıxarışın, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini, İddiaçı oğlunun adına Bağ Təsərrüfatı İdarəsinin Ləhic bağlar sahəsindəki 248 №-li BTK-nın nəzdində 0,12 ha ölçüdə 5931 №-li bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyev X19 müharibəsi əlili kimi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli 744 saylı (bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə) sərəncama görə Ləhişdəki 5931 № li bağ 248 № li BTK tərkibində İddiaçı oğlunun adına keçirilmişdir. Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №li koperativinə 12 №li order verilmişdir. Order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 №li qərarına əsasən İddiaçı oğluna Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi verilmişdir. Üçüncü şəxs X18, İddiaçı oğlunun razılığı olmadan İddiaçı oğluna məxsus Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 №li bağ sahəsini qanunsuz olaraq zəbt etmiş, hasarlamış və saxta sənədlərlə öz adına rəsmiləşdirmişdir. Eyni zamanda üçüncü şəxs X18, X6 və qeyriləri 15.04 1994-cü il tarixli 882 saylı qərar və Bağlar təsərüfatı idarəsinin 82 saylı orderi ilə 0,12 ha ölçülü Ləhiş bağ massivində 6976 saylı bağ sahəsi cavabdeh X11 mülkiyətinə verilmişdir. Bundan sonra cavabdeh Bakı şəhəri 1 saylı reyestr xidmətindən öz adına çıxarış almışdır. Göründüyü kimi üçüncü şəxs X13 verilən bağ sahəsi ilə İddiaçı oğluna verilən bağ sahələrinin sənədləri ayrı-ayrıdır. İddiaçı oğlunun adına verilən Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 № li koperativinə 12 № li order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı ona dəlalət edir ki, Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi İddiaçı oğlunun istifadəsinə verilmişdir. Göstərilənlər ona dəlalət edir ki, üçüncü şəxs X18 İddiaçı oğlunun adına verilən torpaq sahəsinə qanunsuz sahiblik edir. Bundan başqa cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 22 dekabr 2020-ci il tarixli arayışına görə iddiaçının müraciəti əsasında "əraziyə texniki baxış keçirilmiş, göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komiəsi tərəfindən verilmiş JN 26766D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında 5976 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı məxsus torpaq sahəsi saxtakarlıq edilərək iddiaçının adına olan 5931 № li bağ sahəs olduğu halda yanlış olaraq üçüncü şəxs X11 mülkiyyətinə verilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2021-ci il tarixli cavab məktubundə göstərilmişdir ki,"Daşınmaz Əmlakın dövlət reyesteri haqqında "Azərbaycan Respublikası qanununun 2.3 və 2.4-cü maddələrinə görə daşınmaz əmlak üzərində qydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bir sözlə cavabdeh 3-cü şəxs X11 adına qanunsuz olaraq verilmiş çıxarışı ləğv etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-7199/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X18, X3, X14, X7, X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5976 saylı bağ sahəsinə dair X9 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, X18, X4, X14, X7, X1 adlarına ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı xx.xx.2015-ci il tarixli ********** nömrəli qeydlərin ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5931 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı oğlu hazır ki iş üzrə müxtəlif zamanlarda fərqli orqanları əsassız olaraq məşğul edərək işi uzatmağa çalışmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)- 129/2017 saylı iş üzrə üçüncü şəxs qismində məhkəmə iclasında iştirak edərkən məlum olmuşdur ki, İddiaçı oğlu adlı şəxs Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə etdiyi müraciətinə imtina cavabı aldığı üçün həmin idarəyə qarşı iddia ərizəsi ilə qeyd olunmuş məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-20/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin qərarla İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “iddiaçının bağ sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan tərəflər yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyindən adı çəkilən qərar qanuni qüvvəyə minmişdir. Bundan sonra isə İddiaçı oğlu iddia ərizəsinin məzmununu dəyişərək, “AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X13(yəni, mənə) verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin məhkəmə tərəfindən bu iddia 2(008)-452/2020 saylı, xx.xx.2020- ci il tarixli qərardadla rədd edilmişdir Sabunçu Rayon Məhkəməsin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardaddan narazı olaraq İddiaçı oğlu iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9186/2020 qərardadı ilə Sabunçu Rayon Məhkəməsin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü üzrə İddiaçı oğlu bu dəfə də Bakı İnzibati Məhkəməsinə eyni əsaslarla, eyni cavabdehə qarşı və eyni tələb üzrə iddia qaldırmışdır. Sözügedən məhkəmə ilk öncə iddianın mümkünlüyünü yoxlamalı və icraata xitam verməli idi. Lakin hakim işə mahiyyəti üzrə baxmış, üstəlik qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin mübahisələndirdikləri qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsəürrüfatı İdarəsinin 12 saylı orderinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Ləhiş bağlar sahəsində 248 nömrəli BTK-nın nəzdində 0.12 ha ölçüdə 5931 nömrəli bağ sahəsi İddiaçı oğluna ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ə-301-112 saylı, xx.xx.2016-cı il tarixli arxiv arayışından görünür ki, Ləhicdəki 5931 nömrəli bağ 248 nömrəli BTK tərkibində İddiaçı oğlunun adına keçirilməsi qərara alınmışdır. İddiaçı oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 5931 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(82)-20/2018 saylı qərarı ilə iddia tələbi tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin X12 İdarəsi 248 nömrəli kooperativinin 12 nömrəli Orderində əsasən İddiaçı oğluna Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli, 744 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 248 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 nömrəli bağ ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli, 7-2287/17 nömrəli məktubu ilə göndərilmiş arxiv çıxarışına əsasən: -Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 862 nömrəli sərəncamından çıxarış: 3.82. X21 o.-Ləhic BTK № 248 bağ 5976; -Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 744 nömrəli Sərəncam (çıxarış): Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə: 2.Ləhicdəki 5931 № li bağ 248 № li BTK tərkibində İddiaçı adına keçirilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********68 nömrəli məktubunda qeyd olunmuşdur ki, müraciətinizlə əlaqədar mütəxəssislər tərəfindən əraziyə texniki baxış keçirilmiş və faktiki sahəsi 0,1202 ha olan bağ sahəsinin mişar daşından inşa edilmiş hasar daxilində olmaqla torpaq sahəsində tikili olmadığı müəyyən edilmişdir. Arxiv məlumatlarına əsasən başqa vətəndaş tərəfindən hasara alındığını iddia etdiyiniz bağ sahəsi bölgü sxeminə görə 5931 saylı bağın yerinə uyğun gəlir. Xidmətin 1 saylı Bakı Ərazi idarəsinin elektron boza məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 26766D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 5976 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildiririk ki, 5931 və 5976 saylı bağ sahələrinin yerləşdiyi ərazinin sxematik xəritəsindən çıxarış məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********46 nömrəli məktubu ilə göndərilmiş arxiv qovluğundakı sənədlərdən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin X12 İdarəsi 248 nömrəli kooperativinin 82 nömrəli orderinə əsasən X13 Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 248 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5976 nömrəli bağ ayrılmışdır. -Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən bağ sahələrinin yerləşdiyi ərazinin sxematik xəritəsində 5931 və 5976 nömrəli bağ sahələri öz əksini tapmışdır. -Bağlar İdarəsi tərəfindən tərtib edilmiş 5976 nömrəli bağ sahəsinin plan cizgisində torpaq sahəsinin eni 25.0 m, uzunluğu 48.0 m, ümumi sahəsi 1200 kv.m olmaqla qeyd olunmuş və qonşuluğundakı torpaq sahələrinin nömrələri 5975, 5977, 5996 göstərilmişdir. -Dövət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin JN 26766D KOD 00500003 nömrəli xx.xx.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində qeyd olunmuşdur ki, bu şəhadətnamə Bakı şəhər sakini 1. X18, 2. X14, 3. X10, 4. X8, 5. X2 verilir ona görə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 862 saylı Qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı Orderi ilə 0.12 ha Ləhiş bağ massivində yerləşən 5976 saylı bağ sahəsi onun mülkiyyətinə verilib. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 3726 nömrə ilə kitabda qeydə alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 0.12 ha ölçüdə X18, X5, X14, X7, X1 adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planında qeyd olunmuşdur ki ,torpaq sahəsinin ünvanı (yerləşdiyi ərazi): ünvan , hüquq sahibi X18 və başqaları, torpaq sahəsinin kateqoriyası(məqsədli təyinatı): Yaşayış məntəqələrinin torpaqları, Torpaq sahəsinin mülkiyyət növü: Xüsusi, Torpaq sahəsi üzərində hüququn növü: Mülkiyyət, Reyestr nömrəsi: **********01, Sənəd üzrə sahəsi(hektarla):0.12 ha, Faktiki sahəsi(hektarla): 0.12 ha, Plan və ölçünün tərtib edilməsinə əsas: Dövət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi, xx.xx.2005-ci il tarixli JN-26766D nömrəli Azərbaycan Respublikası DTXK Şəhadətnamə. İş materiallarından görünür ki, İddiaçı oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiaçının Bakı şəhəri, Ləhiş bağ massivindəki 5931 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(82)-20/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin inzibati iş üzrə məhkəmə icraatı zamanı keçirilmiş məhkəmə ekspertizasının nəticələrinə dair 29 dekabr 2017-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən İddiaçı oğlunun adına qeydiyyatdan keçmiş (5976 saylı bağ sahəsinə verilmiş) sahəsi 0.12 hektar reyestr nömrəsi **********01 olan çıxarış və planölçü sənədinin koordinatlarının tamamilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********80 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar sahəsində yerləşən X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X9 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planölçüsü verilmiş faktiki sahə, qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 5931 saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunan torpaq sahəsi ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN 26766D KOD 00500003 saylı şəhadətnaməyə uyğun olaraq 5976 saylı bağ sahəsi kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4596 nömrəli məktubu ilə göndərilmiş Ekspert rəyində qeyd olunmuşdur ki: Tədqiqatın nəticəsi: Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı oğlu tərəfindən naturada göstərilən faktiki sahənin Bakı şəhəri, Ləhiş bağlar sahəsində 248 nömrəli BTK nəzdində bağların sxematik xəritəsində qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəldiyi müəyyən edilir. Qərardadın üçüncü sualları üzrə: Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X9 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsü verilmiş faktiki sahənin qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəldiyini nəzərə alaraq həmin şəhadətnamə və "Torpaq sahəsinin planı və ölçüsü”- nün bağlar sahəsinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, 5976 saylı bağ sahəsi kimi qeydiyyatdan alınmış torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsindən şimal şərqdə yerləşir. 5976 saylı bağ sahəsi kimi göstərilən 1200,0 kv.m torpaq sahəsinin naturada yerləşmə (x,y) koordinatları əlavə olunur. 1. X - 413267.020, Y - 4492247.370 2. X - 413305.342, Y- 4492276.274 3. X - 413320.396, Y - 4492256.314 4. X - 413282.074, Y - 4492227.411 5976 saylı bağ sahəsi kimi qeydiyyatdan alınmış torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsindən şimal şərqdə yerləşir. Belə ki, 5976 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməsi 57,0 metr şimal-şərqdə yerləşən qeydiyyata alınmayan torpaq sahəsinə uyğun gəlir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, **********45 nömrəli məktubunda qeyd olunmuşdur ki, qeydiyyatdan keçmiş 5976 saylı bağ sahəsi naturada arxiv cizgisi və ləğv edilmiş DTXK-nın həmin bağa verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsi naturada qeydiyyatdan keçmiş 5976 saylı bağ sahəsi ilə üst-üstə düşür. Bundan əlavə 5976 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməli olduğu sahə 57.0 metr şimal-şərqdə olmaqla koordinatları əlavə edilir. 1. X - 413184.304, Y - 4492182.707 2. X - 413222.870, Y - 4492211.285 3. X - 413237.710, Y - 4492191.166 4. X - 413199.145, Y - 4492162.588 Torpaq sahəsi sxematik xəritəyə əsasən 5931 saylı bağın ərazisinə uyğun gəlsə də, JN 26766D əsasında **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********28 nömrəli məktubunda bildirilmişdir ki, tərəfinizdən göstərilən bağ sahəsi digər fiziki şəxsin adına Dövlət Reyestrində qeydiyyatdan keçdiyi üçün ərizənizin icrası mümkün olmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********01 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, müraciətinizlə əlaqədar mütəxəssislər tərəfindən əraziyə texniki baxış keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən baxış zamanı tərəfinizdən göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 26766D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 5976 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan iş materiallarından aydın olur ki, iddiaçının 5931 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi bağ sxematik xəritədə qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisidir. Həmin ərazi 5976 saylı bağ sahəsi kimi qeydiyyata alınmışdır. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməli olduğu sahə 57.0 metr şimal-şərqdə boş olan, hər hansı üçüncü şəxsin adına qeydiyyata alınmamış sahədir və həmin sahənin yerləşmə koordinatları X - 413184.304, Y - 4492182.707, X - 413222.870, Y - 4492211.285, X - 413237.710, Y - 4492191.166X - 413199.145, Y - 4492162.588 olsa da səhvən 5931 nömrəli bağ sahəsinin yerləşdiyi koordinatlar üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “.....cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto görüntüsündə 5976 kimi qeydiyyata alınmış, sxematik xəritəyə əsasən 5931 nömrəli bağ olan sahənin yeri göstərilmiş, həmin bağ sahəsinin bir tərəfi yol olmaqla 5930, 5932, 5933 nömrəli bağlarla qonşu olduğu öz əksini tapmışdır. Eyni zamanda həmin görüntüdə sxematik xəritəyə əsasən 5976 nömrəli bağ sahəsinin 5976 nömrəli bağ sahəsi kimi qeydiyyatdan keçmiş mübahisəli torpaq sahəsindən aralı yerləşdiyi, bir tərəfi yol olmaqla, ən yaxın məsafədə 5974, 5975, 5977 nömrəli qonşu bağlarla bir sırada olduğu görünür. Başqa sözlə, sxematik xəritə ilə ortofoto görüntünün müqayisəli təhlili nəticəsində müəyyən olunur ki, hər iki bağ sahəsinin faktiki yeri ilə sxematik xəritə üzrə yerləşməli olduğu yerlər fərqlidir, bu yerlər hər iki bağ sahəsinin qonşu bağ nömrələrinin ardıcıllığı və yerləşmə istiqamətlərinə əsasən müəyyən edilmişdir. 5976 nömrəli bağ sahəsinin koordinatları naturada yerləşməli vəziyyətinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestr məlumatlarına düzgün işlənilməmişdir.” Qeyd edilənləri nəzərdən keçirən Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi kimi qeydiyyatdan keçmiş faktiki sahə qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəlir və bu halda X9 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün bağ sahələrinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi öz təsdiqini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İş materiallarından da görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli 744 saylı Ləhic 248 nömrəli BTK tərkibində 5931 nömrəli bağ sahəsinin İddiaçı oğlunun adına keçirilməsi barədə qərarı Bakı şəhər İcra Hakimiyyətinin arxivində mövcuddur. 248 nömrəli BTK-ya aid orderin əsli iddiaçıda olmaqla notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Üçüncü şəxsin apelyasiya şikayətinin dəlili isə onunla bağlıdır ki, İddiaçı oğlu adlı şəxs Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi məhkəmənin 2-1(82)-20/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli Qərarı ilə rədd edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Hazırda isə İddiaçı oğlu bu dəfə də Bakı İnzibati Məhkəməsinə eyni əsaslarla, eyni cavabdehə qarşı və eyni tələb üzrə iddia qaldırmışdır. Sözügedən məhkəmə ilk öncə iddianın mümkünlüyünü yoxlamalı və icraata xitam verməli idi. Apelyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmayan Kollegiya qeyd edir ki, doğrudur, iddiaçı əvvəllərdə bağ sahəsinə dair hüquqların qeydiyyata alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yekun nəticəyə gələn məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, nə qədər ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq bağ sahəsi başqa şəxsin, yəni X11 adına qeydiyyata alınmışdır və həmin qeydiyyat ləğv edilməmişdir iddiaçının sözügedən bağ sahəsinə hüquqlarının qeydiyyata alınması mümkün deyildir. Hazırkı iddia tələbindən isə görünür ki, iddiaçı mübahisəli bağ sahəsinə hüquqlarının qeydiyyata alınması ilə yanaşı, X11 adına verilmiş 5976 saylı bağ sahəsi kimi reyestr xidmətində qeydiyyata alınmış çıxarışın, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini tələbi ilə çıxış etmişdir. Qeyd edilənlərə əsasən Kollegiya üçüncü şəxsin apelyasiya şikayətinin dəlillərini əsassız, mübahisələndirilən məhkəmə qərarının isə qanuni və əsaslı olması qənaətinə gəlir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar