Məhkəmə qərarları › İş №2-1(103)-705/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-705/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-705/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2024 nömrəli, 22 avqust 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia qaldıraraq, “ona pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavələrin məbləği azaldılmadan yenidən hesablanması öhdəliyinin və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, cavabdeh tərəfindən qəbul edilmiş 3-17-1/3-7-4714/2024 nömrəli 23 aprel 2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması barədə” qərarının ləğv edilməsi və pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanması, keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Halhazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə pensiyaya çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana ilk dəfə 2023-cü ildə müraciət edərək, onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını və ümumi məbləğinin artmasını xahiş etmişdir. Lakin müraciəti, aldığı cavab məktubundan görünür ki, təmin edilməmişdir. Belə ki, o, 2022-ci ildə müraciət etmədiyi halda cavabdeh öz təşəbbüsü ilə 2022-ci ildə qüvvədə olan qanuna əsasən yenidən hesablanma aparmış, halbuki o, 2023-cü ilin yanvar ayından etibarən əmək fəaliyyətinə davam etmişdir. Cavabdeh onun 2022-ci ildə əmək müqaviləsinə xitam verilməsini bəhanə edərək pensiya təminatı hüquqlarını pozmuşdur. "Əmək pensiyaları haqqında" Qanunun 37.3. l-ci maddəsindəki “və daha çox işləyərək” müddəası 6 ildən sonra hansı müddət intervalında toplanan kapitaldan istifadə etmənin məhdudiyyətini aradan qaldırmışdır. Əmək müqaviləsinə xitam verildikdə yaranmış hüququndan istifadə etməmişdir, yenidən əmək fəaliyyətinə davanı etmişdir və bu halda 6 ildən çox işləyərək yenidən hesablanma hüququ əldə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazını Bakı İnzibati Məhkəməsinə təqdim etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq xx.xx.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları Fond tərəfindən həyata keçirildiyinə görə iddiaçının əmək pensiyası həmin tarixdən Mərkəzi Filial tərəfindən ödənilir. Ələkbərova məxsus MT-İ №0523060 nömrəli əmək kitabçasına və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, iddiaçı müxtəlif dövrlərdə ayrı-ayrı müəssisələrdə işləmiş və qeyd edilən dövrdə ona münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçının Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2023-cü il tarixdə ona ödənilən pensiyanın məbləği 1162,95 manat olmuş və aşağıdakı tərkibdən ibarət olmaqla ödəniş həyata keçirilmişdir: Əmək pensiyasının sığorta hissəsi - 291,71 manat; Qulluq stajına görə əmək pensiyasına əlavə - 765,52 manat; Maddi yardım - 105,72 manat. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci mədəsinə əsasən, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1 -ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Qeyd edilən normalardan göründüyü kimi, iddiaçının pensiyasının yenidən hesablanması yalnız onun müraciəti əsasında həyata keçirilə bilərdi. Buna uyğun olaraq, İddiaçı müraciəti üzrə onun qazandığı pensiya kapitalı illər üzrə indeksləşdirilmiş və 40251,32 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 45-ci maddəsinə uyğun olaraq bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11 -ci bəndinə görə gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulmuşdur. İddiaçı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı 72 aydan çox olduğuna görə, sözügedən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq, yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı aşağıdakı kimi müəyyən ediləcəkdir: T = 144 ay - 72 ay = 72 ay Beləliklə, hazırkı iş üzrə yenidən hesablanma nəticəsində yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı kimi müəyyən olunmuşdur: SH = PSK/T = 40251,32:72 = 559,05 manat. “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Pensiyanın yenidən hesablanması iddiaçının 2023-cü ilədək qazandığı pensiya kapitalı üzrə aparıldığına görə sonuncu qeyd edilən norma hazırkı işə tətbiq edilmiş, nəticədə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-7837/2023 nömrəli qərarı ilə pensiyanın tərkibi aşağıdakı kimi müəyyən edilmişdir: Əmək pensiyasının sığorta hissəsi - (291,71+559,05) manat = 850,76 manat; Qulluq stajına görə əmək pensiyasına əlavə - (765,52-559,05) manat = 206,47 manat; Maddi yardım - 105,72 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2- ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 65.1 -ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunmuşdur. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki- proqram təminatının imkanları baxımından mümkün deyildir. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonradan cavabdeh xx.xx.2024-cü il tarixdə müraciət edərək məhkəməyə bildirmişdir ki, mübahisə məhkəmədənkənar qaydada həll edilmiş, İddiaçı əmək pensiyası fərdi hesabınn sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla qulluq illərinə görə əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edə bilər. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehin etirazına dair yazılı izahatında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə görə 6 il əmək stajı və daha çox stajın fasiləsiz olaraq davam edən əmək fəaliyyəti nəticəsində qazanılması müəyyən edilməmişdir. Qanun 6 il və daha çox stajın fasiləsiz müddət ərzində qazanılmasını tələb etmir. İddiaçı 6 il və daha çox stajı uzun müddət ərzində, qısa fasilələrlə olsa da, işləməyə davam edərək qazanmışdır. Qanunun “daha çox staj” ifadəsi hər hansı limit müəyyən etmir. İşləyən pensiyaçı 6 ildən sonra qazandığı “daha çox” stajın istənilən dövründə müraciət edə bilər. Qanun fasiləsiz müddət ərzində qazanılmış əmək stajı göstərişini nəzərdə tutmur. İddiaçı iki dəfə 2023-cü ildə müraciət etmişdir. Daha əvvəlki illərə bu məsələ ilə bağlı müraciəti olmamışdır. İşdən azad edildiyi tarixdə yaranmış hüququndan istifadə edə bilməmiş və işləməyə davam etmişdir. Çünki məlum olduğu kimi xx.xx.2023-cü ilədək Azərbaycanda sığorta kapitalı əsasında hərbi pensiyaçılara artım vermirdilər. Müraciət etdiyi tarixdən kapitaldan istifadə etmək onun ən təbii hüququdur. Azərbaycanda sığorta kapitalı əsasında hərbi pensiyaçılar məhz Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı nəticəsində pensiyalarına xx.xx.2023-cü ildən artım almağa başlamışdır. Cavabdehin hər hansı hüquqi və qanuni əsası yoxdur ki, 2014-cü ildən başlamaqla onun pensiyasını yenidən hesablasın. Yuxarıda göstərilən qanunun 37-ci maddəsi hərbi pensiyaçılara hüquq verir ki, məhz öz müraciəti əsasında pensiyanın yenidən hesablanmasını tələb etsin. Cavabdeh öz təşəbbüsü ilə sığorta kapitalı əsasında hər hansı hesablama apara bilməz. İddiaçının müraciət etiyi tarixdəki kapitalı mövcuddur və məhz həmin kapital əsas götürülməklə hesablama aparılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici yenidən hesablamanın 2 əsasla həyata keçirilməsini mümkün hesab edir: 1. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə; 2. Pensiyaçı əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə. İkinci əsasla bağlı bildirirlər ki, həmin müddəa xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklə qanunvericiliyə əlavə edilmişdir. Müvafiq dəyişiklik edilənədək işləyən pensiyaçıların pensiya təyin olunduqdan sonra pensiyasının yenidən hesablanması yalnız işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikləri, yəni işdən çıxdıqları halda mümkün idi. Bu da eyni müəssisədə fasiləsiz şəkildə əmək fəaliyyəti ilə məşğul olan pensiyaçıların pensiyasının yenidən hesablanmasını mümkünsüz edirdi. Belə olan halda pensiya məbləğində artıma nail olmaq istəyən pensiyaçılar əmək müqaviləsinə xitam verirdilər. Bu da onların əmək fəaliyyətinə təsir edir və pensiyaçıları iş yerini dəyişməyə sövq edirdi. Çünki yalnız iş yerini dəyişdikləri, yəni bir iş yerindən çıxıb digər iş yerinə daxil olduqları halda pensiyanın yenidən hesablanması mümkün idi. İş yerindən çıxmaqla pensiyaçılar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş olurlar. Lakin heç bir halda pensiyaçıların əmək fəaliyyəti və əmək qanunvericiliyindən irəli gələn hüquqları pensiya qanunvericiliyi ilə məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Buna görə də şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş olsa belə, bu, onun gələcəkdə yeni bir işə daxil olmasını istisna etmir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, şəxs işdən çıxdığı halda onun pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə yenidən hesablanır. Bu zaman cavabdeh inzibati orqan onun yenidən işə daxil olub-olmayacağını əvvəlcədən ehtimal edə bilməz. Bu səbəbdən də işdən çıxmış şəxs istənilən halda işləməyən əmək pensiyaçısı sayılır. Təsadüfi deyil ki, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslər istisna olmaqla digər pensiyaçılar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə onların pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Yəni şəxsin işdən çıxması Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müəyyən edildiyi təqdirdə onun müraciəti gözlənilmədən avtomatik olaraq yenidən hesablama həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2614/2024 nömrəli qərarında qeyd olunur ki,“iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehin etirazına dair yazılı izahatında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə görə 6 il əmək stajı və daha çox stajın fasiləsiz olaraq davam edən əmək fəaliyyəti nəticəsində qazanılması müəyyən edilməmişdir. Qanun 6 il və daha çox stajın fasiləsiz müddət ərzində qazanılmasını tələb etmir. İddiaçı 6 il və daha çox stajı uzun müddət ərzində, qısa fasilələrlə olsa da, işləməyə davam edərək qazanmışdır.” Həmin izahatla bağlı bildirirlər ki, əgər Qanunun 37.3.1-ci maddəsi iddiaçının qeyd etdiyi mənada şərh edilsə idi, bu, həmin maddədə göstərilən birinci əsasın, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə bağlı yenidən hesablamanın ümumiyyətlə tətbiq edilməməsi ilə nəticələnərdi. Həmçinin bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslər istisna olmaqla digər pensiyaçılar işdən çıxdığı halda, hətta onlar qısa bir müddət sonra yeni iş yerinə daxil olsalar belə, pensiyaları avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Qulluq stajına görə əlavə təyin edilmiş şəxslərdə Qanunun 37.3.1-ci maddəsi əsasında yenidən hesablama yalnız müraciət əsasında həyata keçirilir. Lakin bu o mənaya gəlmir ki, həmin pensiyaçılar pensiya təyin olunduqdan və ya yenidən hesablandıqdan sonra 6 il ərzində bir iş yerindən çıxmış, yeni iş yerinə daxil olmuş və daha sonra müraciət etmişlərsə, onların pensiyası 6 il işlədikləri nəzərə alınmaqla hesablana bilər. Əksinə, həmin 6 illik müddət ərzində şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işdən çıxdığı tarixə toplanmış pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmalıdır. Yeni iş yerində fərdi şəxsi hesabına toplanmış pensiya kapitalı isə yalnız 6 il işlədikdən və ya işdən çıxdıqdan sonra hesablana bilər. Qulluq stajına görə əlavə təyin edilmiş şəxslərdə yenidən hesablamanın avtomatlaşdırılmış qaydada həyata keçirilməməsi və müraciətlə məhdudlaşdırılması bir sıra hallarla bağlıdır. Belə ki, məsələn, hərbi qulluqçular “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edildiyindən, xidmət etdikləri müddət ərzində onların fərdi şəxsi hesabında pensiya kapitalı toplanır. Əgər pensiyaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilərsə və “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində göstərilən dörd kateqoriya şəxslərin dairəsinə daxil olarsa, onun əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Bu zaman fərdi şəxsi hesabda həmin hərbi xidmət dövrünə aid toplanmış pensiya kapitalı şəxsə yenilənmiş məlumat vərəqəsi əsasında sonuncu pensiya təyinatı zamanı nəzərə alınır. Belə ki, bu hərbi qulluqçunun əmək pensiyasının sığorta hissəsi onun xidmət etdiyi orqan tərəfindən xidmətdən buraxıldığı günədək ödənilmiş məcburi dövlət sosial sığortası vəsaitləri hesabına formalaşır. Əgər nümunədə göstərilən hərbi qulluqçunun pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablansaydı, bu, yenilənmiş məlumat vərəqəsinin nəzərə alınmaması, habelə fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında hesablamanın həyata keçirilməsi və nəticədə şəxsə yalnız sığorta hissəsindən ibarət olan daha az pensiya məbləğinin ödənilməsi ilə nəticələnərdi. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən həm qulluq stajına görə əlavə təyin edilmiş pensiyaçılara, həm də digər pensiyaçılara münasibətdə yenidən hesablamanın əsasları eynidir, lakin qaydası (avtomatlaşdırılmış qaydada və müraciət əsasında) fərqlidir. İddiaçıya pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanması cavabdeh inzibati orqan tərəfindən təmin edilmiş, eləcə də keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi də davam etdirilir. Odur ki, iddia tələbi cavabdeh inzibati orqan tərəfindən tam təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.4. xüsusi rütbəli şəxslər— Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; -1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; -1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; -1.0.9. fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; -1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -4.2. yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; -9.6. hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. -21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; -37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; -37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.

Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin olunmuşdur. xx.xx.2023-cü il tarixli, 3-17-13-7-7837/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla İddiaçı əmək pensiyası yenidən hesablanmış və ona yenidən yaşa görə 1162.95 manat əmək pensiyası təyin edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra o, müxtəlif vəzifələridə işləmiş, işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmışdır. Sonuncu dəfə işdən azad olduğu tarixədək (9 avqust 2022-ci il) topladığı sığorta kapitalı sonrakı il üzrə indeksləşdirilməklə müəyyən edilmiş 40251,32 manat Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (40251,32:72=559,05 manat) əmək pensiyasının sığorta hissəsinin (559,05 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 850,76 (291,71+559,05) manat müəyyən edilmişdir. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (765,52 manat) həmin artım qədər (559,05 manat) azaldılmışdır. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 850,76 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 206,47 (765,52-559,05) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-105,72 manat təşkil edir. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-4714/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı xx.xx.2002-ci il tarixində təyin edilmiş 1293.16 manat əmək pensiyası “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə əsasən yenidən hesablanmış və ona xx.xx.2024-cü il tarixdən yaşa görə 1536.11 manat əmək pensiyası təyin edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, əmək pensiyasının sığorta kapitalına əsasən yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə əmək pensiyasının sığorta hissəsini yenidən hesablamış, lakin bu zaman qulluq illərinə əlavənin məbləğini azaltmış, bununla da iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. Göründüyü kimi, iddiaçının fərdi şəxsi hesabında yığılmış kapitalı nəzərə alınmaqla onun pensiyası yenidən hesablansa da, iddiaçının tələbinin əsası məhz yenidən hesablanma zamanı fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində pensiyanın yenidən hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4714/2024 qərarla iddiaçıya pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanmasına istinad edərək iddia tələbinin cavabdeh inzibati orqan tərəfindən tam təmin edildiyini qeyd etmişdir. Bununla da cavabdeh inzibati orqan tərəfindən tələbin tam təmin edildiyi və iş üzrə icraata xitam verilməli olduğu halda işə mahiyyəti üzrə baxılması və hazırki qərarın qəbul edilməsi apellyasiya şikayətinin verilməsinə əsas kimi qeyd edilir. Məhkəmə kollegiyası qeyd edilən nüansla bağlı aşağıdakıları diqqətə çatdırır: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göründüyü kimi, qanunverici inzibati orqan tərəfindən tələbin tam təmin edilməsi halında iş üzrə icraata xitam verilməsindən bəhs edir. Hazırki halda isə iddiaçı tələbinin tam təmin edilmədiyini,yəni, hesablanmanın düzgün aparılmadığını bildirir. İşin araşdırılmış hallarından da görünür ki, cavabdeh tərəfindən pensiyanın yenidən hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4714/2024 saylı qərarla pensiya hesablanan zamanı iddiaçının 6 ildən artıq iş stajının fasiləsiz olmaması və bu əsasla qeyd edilən dövr üzrə hər dəfə işdən çıxma məqamı nəzərə alınmaqla hesablamaların aparıldığı qeyd edilir. İddiaçı isə onun 6 ildən artıq toplanmış pensiya kapitalına uyğun hesablamanın müraciət tarixi nəzərə alınmaqla hesablanmalı olduğunu iddia edir. Belə olan halda iddia tələbinin cavabdeh tərəfindən tam təmin edilməməsi aydın görünür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək diqqətə çatdırır ki, qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəllilərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı 2002-ci ildə pensiya təyin olunduqdan sonra davam etdiyi əmək fəaliyyəti nəticəsində qazanılmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün 2023-cü ilin mart ayında cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının pensiyasının yenidən hesablanmasını, onun müraciət etdiyi tarixini və həmin tarixə fərdi şəxsi hesabın sığorta hissəsində toplanılmış pensiya kapitalının tam məbləğini nəzərə alınmadan həyata keçirmişdir. Halbuki “Əmək pensiyalar haqqında” Qanununun 37.3.1 və 37.3.2-1 maddələrinə görə, iddiaçı hərbi qulluqçu, yəni Qanunun 20-ci maddəsinə əsasən pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxs olduğundan əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1 və 37.3.2-ci maddələrinə əsasən yenidən hesablanması məhz iddiaçının müraciəti əsasında həyata keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə görə 6 il əmək stajı və daha çox stajın fasiləsiz olaraq davam edən əmək fəaliyyəti nəticəsində qazanılması müəyyən edilməmişdir. Qanun 6 il və daha çox stajın fasiləsiz müddət ərzində qazanılmasını tələb etmir. İddiaçı 6 il və daha çox stajı uzun müddət ərzində, qısa fasilələrlə olsa da, işləməyə davam edərək qazanmışdır. İşləyən pensiyaçı 6 ildən sonra qazandığı “daha çox” stajın istənilən dövründə müraciət edə bilər. Qanun fasiləsiz müddət ərzində qazanılmış əmək stajı göstərişini nəzərdə tutmur. İddiaçı ilk dəfə 2023-cü ildə müraciət etmişdir. Daha əvvəlki illərdə bu məsələ ilə bağlı müraciəti olmamışdır. Əvvəllər bu hüququndan istifadə etməmiş və işləməyə davam etmişdir. Əmək Pensiyaları haqqında qanunun 37-ci maddəsi hərbi pensiyaçılara hüquq verir ki, məhz öz müraciəti əsasında pensiyanın yenidən hesablanmasını tələb etsin. Cavabdeh öz təşəbbüsü ilə sığorta kapitalı əsasında hər hansı hesablama apara bilməz. İddiaçının müraciət etdiyi tarixdəki kapital əsas götürülməklə hesablama aparılmalı idi. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar