Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-707/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2986/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, işlədiyi müddətlərin, təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının əmək kitabçasında və “X3” ASCnin 17.07.2019-cu il tarixli arayışında onun həmin müəssisədə elektrik qaynaqçısı olması göstərilmiş, həmin peşənin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması qeyd edilməmişdir. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin siyahısında yoxdur. İddiaçının əmək kitabçasında qeyd olunan 01.03.1993-01.09.1996-cı il tarixləri arasındakı dövr ərzində “Dostluq” Assosiayasında əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərətindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin hüququ ünvanı müəyyən edilməmişdir. Pensiya məbləğinin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi S.Əliyev məhkəmə kollegiyasının əvvəlki iclasında şikayəti müdafiə edib, ona uyğun izahat vermişdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. NZ ******* nömrəli hərbi biletin notarial təsdiqli surətinə əsasən iddiaçı 19.10.1979cu il tarixdən 22.11.1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 5206 nömrəli attestatın surətinə görə, iddiaçı 01.09.1976-1978-ci illərdə 2 il 1 ay müddətdə Bakı 22 nömrəli Texniki Peşə Məktəbində oxumuş və üçüncü dərəcəli elektroqaz qaynaqçısı ixtisasına yiyələnmişdir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının müvafiq təsdiqli surətinə görə, o, 02.08.1978-ci ildən 10.10.1979-cu ilə qədər 4 nömrəli X1 sexində elektrik qaynaqçısı, 28.11.1996-cı ildən 02.03.1997-ci ilə qədər Mexaniki təmir sexində qaynaqçı, 02.03.1997-ci ildən 18.11.1997-ci ilə qədər elektrik qaynaqçısı, 12.01.1982-ci ildən 01.03.1993-cü ilə qədər həmin müəssisədə təzyiq boruları sexində elektrik qaynaqçısı, 01.03.1993-cü ildən 01.09.1996-cı ilə qədər “Dostluq” Assosiasiyasında qaynaqçı, Anfel- Park Azərbaycan-İngiltərə birgə müəssisəsində 01.09.1996-cı ildən 27.11.1996-cı ilə qədər, 18.11.1997-ci ildən 09.06.2000-ci ilə qədər pambıq emalı sexində qazançı-bişirici, 12.06.2000-ci ildən 30.05.2007-ci ilə qədər elektrik qaynaqçısı, “Azərsu” SC-nin X2 İstismarı İstehsalat İdarəsində 01.06.2007-ci ildən 02.05.2011-ci ilə qədər elektrik-qaz qaynaqçısı, 02.05.2011-ci ildən 01.08.2012-ci ilə qədər qazla kəsən vəzifəsində işləmişdir, 01.08.2012-ci ildən hal-hazıra kimi elektrik-qaz qaynaqçısı işləyir. “X3” ASC-nin 22.04.2021-ci il tarixli 01 nömrəli güzəştli arayışına əsasən, iddiaçı 4 nömrəli Sənaye Kombinatının 02.08.1978-10.10.1979, 12.01.1982-01.03.1993 və 28.11.1996-18.11.1997-ci tarixlərdə əl ilə işləyən elektrik-qaz qaynaqçısı vəzifələrində çalışmışdır. AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun: 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü abzasının ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, aldığı peşə təhsili üzrə ixtisasca elektrik-qaz qaynaqçısı olan iddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan “23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gəlir, iddiaçının 01.01.2006-cı il tarixədək 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay, ümumi iş stajının isə 1 il 9 ay təhsil və 2 il 1 ay hərbi xidmət müddəti də daxil olmaqla minimum 25 il olması onun əmək kitabçası, güzəştli arayış, attestat və hərbi bileti ilə təsdiq olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, ixtisasca məhz elektrik-qaz qaynaqçısı olan iddiaçının əmək kitabçasında və arxiv arayışında işlədiyi qeyd olunan elektrik qaynaqçısı peşəsinin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır, cavabdeh də Məhkəməyə bu barədə və ya təcrübədə ixtisasca elektrik qaynaqçısı olan şəxslərin əslində əl ilə qaynaq aparan elektrik qaynaqçıları olmamasına dair yaxud ümumiyyətlə faktın əksini sübut edəcək heç bir mötəbər dəlil təqdim etməmişdir, onun heç bir araşdırma aparmadan, tədbir görmədən ərizənin icrasından imtina etməsi inzibati icraatın “Formal tələblərdən sui-istifadənin qadağan olunması”, “Mütənasiblik prinsipi” və “Mötəbərlik prezumpsiyası” kimi ümumi prinsipləri ilə uzlaşmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə qeyd edir ki, pensiya məbləği hesablandığı halda yaranmış fərq əmək pensiyası alan şəxsin mülkiyyəti hesab edildiyi üçün birdəfəlik ödənilməlidir, iddiaçının “Dostluq” Assosiasiyasında işlədiyi dövr nəzərə alınmadan da onun 25 il ümumi stajı tamamlanmış olur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, iddiaçının “Dostluq” Assosiasiyasında işlədiyi dövrün nəzərə alına bilməməsinə əsaslanan cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2986/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-707/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-707/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver