Məhkəmə qərarları › İş №2-1(103)-707/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-707/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-707/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı (xx.xx.1986-cı il tarixində Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhadətnamənin ləğv edilməsi və hərbi xidmətə yararlı olması barədə şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6517/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 08.05.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək Müdafiə Nazirliyi Hərbi - Həkim Komissiyasının 10664 saylı, 15 aprel 2021-ci tarixli şəhadətnaməsinin ləğv edilməsi, İddiaçı sülh və müharibə dövründə həqiqi hərbi xidmətə yararlı olması barədə Hərbi - Həkim Komissiyasının Şəhadətnaməsinin verilməsinə dair cavabdehin üzərinə inzibati öhdəliyin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Silahlı Qüvvələrinin mayor rütbəli istefada olan zabitidir. 2004-2020-ci illər ərzində Müdafiə Nazirliyinin strukturunda 16 il 3 ay müddətində həqiqi hərbi xidmət keçib. Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 may 2020-ci il tarixli müvafiq əmrinə əsasən, Hərbi Xidmətkeçmə haqqında Əsasnaməsinin “v” bəndi ilə (xəstəliyə görə) hərbi qeydiyyatdan çıxarılmaqla istefaya buraxılıb. İstefaya buraxılmağına əsas kimi, Müdafiə Nazirliyi Hərbi - Həkim Komissiyasının 1578 saylı, 27 mart 2020-ci il tarixli Şəhadətnaməsi göstərilmişdir. Həmin Şəhadətnamənin yekun hissəsində qeyd olunmuşdur ki, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır, həmin Şəhadətnamə əsasında da qanunsuz şəkildə istefaya göndrilib. Bildirir ki, 2017-ci ilin yanvar ayında qalxanabənzər vəzindən cərrahi əməliyyat olunub, bundan 3 (üç) il 6 (altı) ay sonra əməliyyat olunmağını nəzərə alaraq istefaya göndərilib. Bununla razı olmadığı üçün şikayət qaydasında Müdafiə Nazirliyinə müraciətlər edib və yalnız bundan sonra Müdafiə Nazirliyi Hərbi - Həkim Komissiyasının 10664 saylı, 15 aprel 2021-ci tarixli Şəhadətnaməsi verilmişdir. Hesab edir ki, Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının 10664 saylı, 15 aprel 2021-ci tarixli Şəhadətnaməsində onun hərbi xidmətə yararlı olmağı (mətnə uyğun) düzgün qeyd olunmamışdır. Çünki 2017-ci ilin yanvar ayında qalxanabənzər vəzindən cərrahi əməliyyat olunmağına baxmayaraq, özünü sağlam və gümrah hiss edir, gəncdir, enerjilidir, xalqına və dövlətinə xidmət etmək istəyir. Həmin Şəhadətnamə saxtadır, qanunvericiliyin tələblərinə zidd şəkildə, sifarişlə və keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıxovun şəxsi göstərişinə əsasən tərtib olunmuşdur. Bununla bağlı Müdafiə Nazirinə və Müdafiə Nazirliyinin Hərbi - Həkim Komissiyasına dəfələrlə müraciət edərək xahiş etmişdi ki, onu Hərbi - Həkim Komissiyasına dəvət edərək hərbi xidmətə yararlı olmağı barədə Rəy verilməsində köməklik göstərilsin. Lakin, cavabdeh tərəfindən müsbət cavab almadığından iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa olunmasını xahiş edir. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(112)-6517/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Hərbi-Həkim Komissiyasından mütəxəssis rəyinin alınması qərara alınmışdır. 07.09.2021-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə 25.08.2021-ci il tarixli, 16/5600 nömrəli məktub daxil olmuş, məktubda Dövlət Sərhəd Xidmətinin Mərkəzi hərbi həkim komissiyasının İddiaçı barəsində sənədlərin aidiyyatı üzrə məhkəməyə göndərilməsi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6517/2021 nömrəli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. 26.11.2021-ci il tarixdə qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əlavə olaraq məhkəmənin 18.06.2021-ci il tarixli qərardadının icra edilmədiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş 29.12.2021-ci il tarixli, 11/6129 nömrəli məktuba əsasən qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən məhkəmə prosesinin gedişatı zamanı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsinə hüquqi yardım göstərilə bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “Məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki, hazırkı iddianı qaldırmaqda məqsədi xidmətə bərpa olunmaqdır, iddiaçının məqsədi xidmətə bərpa olunmaq olduğundan çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Odur ki, iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbi ilə onun məqsədi arasında uyğunsuzluq olduğunu qeyd etsə də, iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində məhkəmənin 18.06.2021-ci il tarixli qəradadının icra olunmaması barədə dəlininə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 25.08.2021-ci il tarixli, 16/5600 nömrəli məktubla yalnız sənədlərin məhkəməyə heç bir səbəb göstərilmədən aidiyyəti üzrə göndərilməsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbi ilə onun məqsədi arasında uyğunsuzluq olduğunu qeyd etsə də, icraat zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsini təklif etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6517/2021 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6517/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyi Hərbi - Həkim Komissiyasının 10664 saylı, 15 aprel 2021-ci tarixli şəhadətnaməsinin ləğv edilməsi, İddiaçı sülh və müharibə dövründə həqiqi hərbi xidmətə yararlı olması barədə Hərbi - Həkim Komissiyasının Şəhadətnaməsinin verilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar