Məhkəmə qərarları › İş №2-1(103)-707/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-707/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-707/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhərində yerləşən sosial təyinatlı binalarda ev verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsi və ona verilmiş mənzilin Bakı şəhərində yerləşən digər mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (indi Sosial Xidmətlər Agentliyi) üzərinə mənzillə təmin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiası qismən təmin edilmişdir. Cavabdeh apellyasiya və kassasiya şikayətləri versə də, hər iki instansiya birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı qüvvədə saxlamışdır. İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, valideyn himayəsindən məhrum edilmiş, 2007-ci ildən Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən 16 saylı (hazırda 12 saylı) internat məktəbini bitirmiş və uzun illərdir ki, Bakı şəhərində işləyir və yaşayır. Cavabdehə evlə təmin olunmaq tələbi ilə müraciət edərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhərində Hövsan, Yasamal, Qara Qarayev, Ramana, Neftçilər ərazisində sosial təyinatlı binalar inşa edilmişdir. Bakı şəhərində kifayət qədər sosial təyinatlı binaların olmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə) 16 sentyabr 2021-ci il tarixində axşam saatlarında mənzil verilmişdir. İddiaçı bacısı ilə oraya taksi ilə getməli olmuşdur. Axşam olduğundan taksidə istiqaməti və uzaqlığı, mənzilin yerləşdiyi coğrafi ərazini dəqiq müəyyən edə bilməmişdir. Sosial Xidmətlər Agentliyinin əməkdaşı hətta binadakı mənzili ona göstərmədən qaranlıq vaxtı həyətdə mənzilin təhvil verilməsi aktına qol çəkdirmişdir. Aktdan da görünür ki, aktda Sosial Xidmətlər Agentliyinin iki əməkdaşının adı olsa da, yalnız bir əməkdaşı akta imza atmışdır. Növbəti gün gündüz vaxtı iddiaçı həmin mənzilin Bakı şəhərində işlədiyi əraziyə çox uzaq olduğunu, nəqliyyat xətlərindən çox uzaqda yerləşdiyini, ətrafda yaşayış üçün lazım olan infrastrukturun olmamasını görəndən sonra dərhal Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və iradlarını bildirmişdir. İddiaçı verilən mənzildən hər gün “Neftçilər” metrostansiyası ərazisinə kimi böyük məsafə qət etməli və qazandığı pulları yollarda xərcləməli olur. Həm maliyyə baxımından, həm də fiziki baxımından bu yaşayış yeri iddiaçıya sərf etmir. Hökumətdən heç bir maliyyə yardımı almır. Qazandığı pullar yol puluna sərf olunduğundan heç kommunal xərcləri ödəyə bilmir. Bütün bunları nəzərə alaraq və mənzilin Bakı şəhəri ərazisində yox, Abşeron rayonunda olduğunu nəzərə alaraq cavabdehə ərizə ilə müraciət edərək evin dəyişdirilməsini xahiş etmiş, lakin ərizəsinə heç bir cavab verilməmişdir. Aktda Sosial Xidmətlər Agentliyi Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamına istinad etsə də, Nazirlər Kabinetinin saytında belə bir sərəncam, ümumiyyətlə, yoxdur. Sosial Xidmətlər Agentliyi sözügedən mənzili ona məhkəmə aktı əsasında versə də, bu barədə aktda heç bir qeyd yoxdur. Nəzərə almaq lazımdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı xx.xx.2021-ci ildə, yəni Sosial Xidmətlər Agentliyinin aktda istinad etdiyi “Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı”ndan əvvəl qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə tərəfindən üzərinə qoyulmuş öhdəliyi icra etməmişdir. İddiaçı valideyn himayəsindən məhrum edilmiş uşaq kimi Bakıda boya-başa çatmış, dövlətin qayğısı ilə Bakıda oxumuş, ünsiyyət qurduğu insanlar, tanışlar, hətta iş yeri Bakı şəhəri ərazisindədir. Lakin bir ildən çox gedən məhkəmə çəkişməsindən sonra iddiaçını Abşeron rayonu ərazisində məskunlaşdırmaq və onu çıxılmaz vəziyyətə salmaq ədalətli yanaşma deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. İddiaçı Abşeron rayonu, X6ndə 1 otaqlı mənzillə təmin olunmuşdur. Bu barədə tərəflər arasında təhviltəslim aktı imzalanmışdır, bununla da vətəndaş mənzilə razılıq barədə iradə ifadəsini əks etdirmişdir. Əvvəllər valideyn himayəsindən məhrum olmuş məzunlara mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi ilə, hal-hazırda isə Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s Sərəncamı ilə tənzimlənir. Belə ki, mənzil təminatı ilə bağlı mövcud qanunvericilikdə mənzil verilərkən hər hansı ərazi meyarları əsas tutulmamış, əsas prinsip vətəndaşın sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil təminatı məsələsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4875/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar iddiaçı Abşeron rayonu, X6ndə 1 otaqlı mənzillə təmin olunmuşdur. Hazırda isə iddiaçı həmin mənzilin Bakı şəhəri ərazisindəki başqa mənzillə dəyişdirilməsini tələb edir. İddiaçı mənzili təhvil aldığını və təhvil zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və inventarların təchizatında (mənzil tam təmirlidir, hamam və qovşaqlar üçün santexnik cihazlarla, elektrik və ya qaz plitəsi ilə təchiz edilmişdir) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmadığını və ona püşkatma yolu ilə təqdim olunmuş mənzilin mərtəbəsindən, otaq sayından təmirindən razı olmasını imzası ilə təsdiq etmişdir. Beləliklə, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı mənzillə təmin olunduğu zaman heç bir irad bildirməmiş, ona qarşı hər-hansı məcburetmə halı baş verməmiş, mənzil və onun təchizatından razılığını öz imzası ilə təsdiq etmiş, yəni öz iradə ifadəsini bildirmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və apellyasiya şikayətinə dair verilmiş etirazın dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixində verdiyi iddia ərizəsi üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Həqiqətən də, İPM-nin 48.2-ci maddəsinə uyğun olaraq hakim 14 iyul 2022-ci il tarixinə qədər müddət təyin etdi ki, bu tarixə qədər proses iştirakçıları yazılı vəsatətlərini, sübutlarını, etirazlarını, izahatlarını məhkəməyə təqdim etsinlər. İddiaçı öz izahatını təqdim etmişdir, lakin cavabdeh tərəf etirazını təqdim etməmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan müddət ərzində, yəni məhkəmə prosesinin 5 ayı ərzində Bakı İnzibati Məhkəməsi Sosial Xidmətlər Agentliyindən xahiş edirdi ki, etirazlarını məhkəməyə təqdim etsinlər. Sosial Xidmətlər Agentliyi isə etirazını məhkəməyə təqdim etmək istəmirdi. Məhkəmə isə hər dəfə Sosial Xidmətlər Agentliyinin nümayəsindən xahiş edirdi ki, etirazlarını məhkəməyə təqdim etsinlər. Nəhayət, qarşı tərəf xx.xx.2022-ci il tarixində etirazını məhkəməyə təqdim etsə də, hakim etirazın mətninə hansısa fikirləri əlavə etməyi xahiş etdi, etirazı qarşı tərəfə geri qaytardı və məhz xx.xx.2022-ci il tarixində məhkəmə düzəldilmiş və əlavələr edilmiş etirazı Sosial Xidmətlər Agentliyindən alandan sonra həmin gün qərarını elan etdi. Etirazların bu formada təqdim edilməsi ilə bağlı İPM-də belə bir müddəa olmadığı təqdirdə inzibati məhkəmə buna necə yol verə bilərdi? Bakı Apellyasiya Məhkəməsindən xahiş edir ki, Bakı İnzibati Məhkəməsinin bu cür yanaşması və məhkəmə icraatını İPM-dən kənar formada, yəni orada yazılmadığı formada apardığına görə Məhkəmə-Hüquq Şurasına müraciət etsin. Çünki xx.xx.2022-ci il tarixli məhkəmə iclasında inzibati məhkəmə cavabdehin təqdim etdiyi etirazı ona qaytardı və xahiş etdi ki, hakimin dediyi fikirləri nəzərə alıb etirazını yenidən məhkəməyə təqdim etsinlər. Bu açıq-aşkar inzibati məhkəmənin cavabdehə yönəlik isti mövqeyi idi və açıq şəkildə bəyan edir ki, məhkəmə heç də bu iddia üzrə keçirilən iclaslarda tərəfsiz çıxış etmirdi. Mənzil təhvil aktı əsasında ona verilsə də, təqdim edilmiş aktda Sosial Xidmətlər Agentliyinin 2-ci nümayəndəsi X1 imzası yoxdur. Natamam bir akt əsasında ona mənzilin verilməsi onda müəyyən şübhələr doğurmuşdur. Adı olan, lakin imzası olmayan aktın nüsxəsinin ona təqdim edilməsi həmin aktın etibarsız hesab edilməsi üçün əsas olmalıdır. Bakı İnzibati Məhkəməsi qeyd edir ki, təhvil zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və inventarların təchizatında heç bir nasazlıq və ya çatışmazlıq aşkar etməmiş və mənzilin mərtəbəsindən, otaq sayından, təmirindən razı olduğunu imzası ilə təsdiq etmişdir. Lakin onun iddia tələbi heç də mənzilin təmiri və avadanlıq ilə təmin olunub-olunmaması ilə bağlı deyildir. Bu baxımdan məhkəmənin dəlil kimi istinad etdiyi bu fakt və əsas kimi gətirdiyi bu hal iddianı təmin etməmək üçün İnzibati Məhkəməyə əsas vermir. Mənzilin verilməsi ilə bağlı əvvəlki məhkəmə qərarlarına istinad etməklə İnzibati Məhkəmənin öz yanaşmasını əsaslandırması da yersizdir. Çünki bu mənzil əslində ona məhkəmə qərarları və məhkəmə çəkişmələri olmadan da verilməli idi, həm də ona görə ki, bu, dövlətin sosial siyasəti əsasında qəbul edilmiş qanunların tələbidir. Bundan başqa, onun iddia tələbinin mahiyyəti heç də mənzilin ona əvvəlki məhkəmə qərarları əsasında düz və ya yanlış verilməsi ilə bağlı deyildir. Çünki əvvəlki məhkəmə qərarında mənzilin hansı ərazidə verilməsi barədə heç bir müddəa yoxdur. Təhvil aktının mətnində də məhkəmə qərarına istinad edilmir. Belə olan halda nəyə görə Məhkəmə öz qərarının "tətbiq edilən hüquq və məhkəmənin mövqeyi" adlı 5-ci bəndində əvvəlki məhkəmə qərarlarına istinad edir? Hətta məhkəmə iddianı təmin etməmək üçün əvvəlki məhkəmə qərarlarına istinad edirsə belə, bu yanaşma yanlışdır, çünki əvvəlki məhkəmə qərarı mənzilin hansı ərazidə verilməsi barədə deyildir. Həm də əvvəlki iddiasının tələbi və əvvəlki məhkəmə qərarları onun sadəcə mənzillə təmin olunmağı barədə olub. Belə olan halda məhkəmənin iddianı təmin etməmək üçün əvvəlki iddiası əsasında qəbul edilmiş məhkəmə qərarlarına sübutedici dəlil kimi və əsaslı hal kimi istinad etməsi yanlışlıqdır və bu yanlışlıq məhkəməni yanlış qərar qəbul etməyə gətirib çıxartmışdır. O, mənzillə təmin olunmağında əvvəlki məhkəmə qərarlarının düzgün tətbiq edilməməsi barədə iddia verməmişdir. Mənzil ona dövlətin sosial siyasətinə görə məhkəmənin qərarı olmadan verilib. Mənzil qeydiyyatda olduğu yaşayış yerinin ərazi hüdudlarında verilməmişdir. Təcrübədə normaları tətbiq edən dövlət hakimiyyəti orqanlarının borcudur ki, mənzili ona qüvvədə olan qanunvericilik aktları əsasında, xüsusən də Mənzil Məcəlləsinin 56.5-ci maddəsinin tələblərini nəzərə alaraq versin. Sosial Xidmətlər Agentliyi qanunları bilə-bilə mənzili düzgün ərazi üzrə vermədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin məntiqinə görə bu normanın Mənzil Məcəlləsinə daxil edilməsindən asılı olmayaraq "dövlətin maraq və imkanları nəzərə alınmalıdır". Lakin Məhkəmə bilməlidir ki, qanunlar formasında qəbul edilmiş normaların özü məhz dövlətin maraq və imkanlarının ifadəsidir. Sosial Xidmətlər Agentliyi mənzili ona qeydiyyatda olduğu və yaşadığı ərazi hüdudlarında verməli idi. Buna görə də əvvəlki məhkəmə qərarlarına heç bir aidiyyatı olmadan yeni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu baxımdan əvvəlki məhkəmə qərarlarına istinad etməklə İnzibati Məhkəmə onun mənzillə təmin olunmağını önə çəkib, Mənzil Məcəlləsinin 56.5-ci maddəsinin üstündən isə xətt çəkib. Məhkəmənin bu yanaşması ədalətli məhkəmə yanaşması deyildir. Məsələnin məğzi belədir ki, Sosial Xidmətlər Agentliyi ona mənzil verib, amma mənzili Mənzil Məcəlləsinin, Nazirlər Kabinetinin 492s nömrəli sərəncamının və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununun tələblərini nəzərə almadan vermişdir. Bugünkü iddia tələbinin mahiyyəti də məhz bu sadalanan normativ hüquqi aktların tələblərinə uyğun olaraq onun mənzilinin dəyişdirilməsindən ibarətdir. Bakı İnzibati Məhkəməsi isə bu faktiki halları nəzərə almayıb və aydınlaşdırmayıb. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixində qanuni qüvvəsini aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli, 320 nömrəli qərarında valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlar üçün yaşayış sahəsinin verilməsini tənzimləyən müddəalarda ərazi meyarları nəzərdə tutulmamış, əsas prinsip həssas kateqoriyadan olan həmin şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Bu mülahizədə Bakı İnzibati Məhkəməsi bir neçə kobud hüquqi səhv buraxmış və yanlış hüquqi yanaşma nümayiş etdirmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixində qanuni qüvvəyə minsə də, mənzil təhvil aktı əsasında xx.xx.2021-ci il tarixində verilmişdir. Yəni ona mənzil verilərkən məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli, 320 nömrəli qərarı artıq qüvvədən düşmüşdü və əvəzində Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı qüvvədə idi. Təhvil aktında Sosial Xidmətlər Agentliyi doğru olaraq məhz 492s sərəncamına istinad edir, yəni məhkəmənin istinad etdiyi 320 nömrəli qərara yox. Nazirlər Kabineti 492s nömrəli sərəncamının 3.1-ci hissəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırır ki, "bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin". Məhkəmə qərarı məhz xx.xx.2022-ci il tarixində icra olunduğu dövrdə 492s nömrəli sərəncamı qüvvədə olub və Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin mənasına görə məhz bu Sərəncamın normaları tətbiq olunmalıdır. X4 28 iyul 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (indi Sosial Xidmətlər Agentliyi) 2-1(112)- 4875/2020 nömrəli iş üzrə müraciət ünvanlamış və xahiş etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-l(112)-4875/2020 nömrəli qərarı xx.xx.2021-ci il tarixinədək icra edilsin. Sözügedən əvvəlki məhkəmə qərarı xx.xx.2021-ci il tarixində icra edildiyindən hakimin müraciətdə yazdığı xx.xx.2021-ci il tarixindən qabaq Nazirlər Kabinetinin 492s nömrəli sərəncamı artıq qüvvədə idi. Bakı İnzibati Məhkəməsinin əvvəlki 2-1(112)- 4875/2020 nömrəli qərarı Nazirlər Kabinetinin 320 nömrəli qərarının qüvvədə olduğu dövrdə icra edilsəydi belə, yenə də Bakı İnzibati Məhkəməsinin hüquqi mövqeyi yanlış olardı. Belə ki, «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 2.6-cı maddəsinə müvafiq olaraq ''Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir." Yəni bu normanın mənasına görə sözügedən əvvəlki məhkəmə qərarı icra olunduğu dövrdə Nazirlər Kabinetinin 320 nömrəli qərarı qüvvədə olsaydı belə, qüvvədə olan Mənzil Məcəlləsinin normaları, bu halda isə Məcəllənin 56.5-ci maddəsi tətbiq olunmalı idi. Məhkəmənin məntiqinə görə Mənzil Məcəlləsinin 56.5-ci maddəsinin Məcəlləyə daxil edilməsindən asılı olmayaraq, "dövlətin maraq və imkanları nəzərə alınmalıdır". Lakin Məhkəmə unudur ki, qanunlar formasında qəbul edilmiş normaların özü məhz dövlətin maraq və imkanlarının ifadəsidir. Qanunları dövlətin adından Dövlət Başçısı Prezident imzalayır və imzalanmış qanunlar da dövlətin və xalqın maraqlarını ifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında Azərbaycan xalqının niyyətləri bəyan edilir. Bu niyyətlərdən biri "xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaqdır". Göründüyü kimi, dövlət xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edir. Bakı İnzibati Məhkəməsinin gəldiyi nəticə ilə işin halları arasında heç bir əlaqə yoxdur. Yəni, Mənzil Məcəlləsinə və 492s nömrəli sərəncama zidd olaraq mənzilin Bakı şəhərində yox, Abşeron rayonunda verilməsi, mənzilin dəyişdirilməsi tələbinin mənzilin təmiri ilə heç bir əlaqəsinin olmaması, mənzilin verilməsi ilə bağlı əvvəlki məhkəmə qərarı ilə indiki iddia tələbinin təmin edilməməsinin əsaslandırılması, heç bir maddi hüquq normasına əsaslanmayan "dövlətin maraq və imkanlarının" məhkəmə tərəfdən qabardılması qərarda göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsinə dair dəlillərdir. Yəni mövcud və qüvvədə olan qanunvericilik aktlarından kənar izahatlar və şərhlər işin hallarına uyğun gəlmir. Məhkəmə yanlış olaraq qüvvədən düşmüş Nazirlər Kabinetinin 320 nömrəli qərarına istinad etməklə qərarı əsaslandırmağa çalışmışdır. Məhkəmə baxmamışdır ki, ona mənzil veriləndə artıq Nazirlər Kabinetinin 492s nömrəli sərəncamı qüvvədə olub və məhz təhvil aktında da 492s nömrəli sərəncama istinad edilmişdir. Digər tərəfdən, əvvəlki məhkəmə qərarı əsasında mənzilin verilməsi barədə heç yerdə heç bir qeyd olmaya-olmaya məhkəmə qeyd edir ki, mənzilin verilməsi ilə bağlı əvvəlki məhkəmə qərarı qanuni qüvvəsini alanda Nazirlər Kabinetinin 320 nömrəli qərarı qüvvədə idi. Hətta bu 320 nömrəli qərar bu gün də qüvvədə olsaydı, Konstitusiyaya və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun normalarına görə Mənzil Məcəlləsinin 56.5-ci maddəsi tətbiq edilməlidir. Məhz bu Məcəllənin normasına görə Nazirlər Kabineti 492s nömrəli sərəncamı ilə əvvəlki 320 nömrəli qərarındakı bu hüquqi uyğunsuzluğu aradan qaldırmış oldu. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına apellyasiya şikayətinə etiraz təqdim olunmuşdur. Etirazda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı müvafiq məhkəmə qərarının icra olunması məqsədilə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra-Agentlik) tərəfindən Abşeron rayonu X6ndə mənzil verilmişdir. Bu barədə Agentliklə vətəndaş arasında təhvil-təslim aktı imzalanmışdır, bununla da vətəndaş mənzilə razılıq barədə iradə ifadəsini əks etdirmişdir. Əvvəllər valideyn himayəsindən məhrum olmuş məzunlara mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi (bundan sonra-Müəssisə) ilə verilirdi. Hal-hazırda isə Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s Sərəncamı ilə tənzimlənir. Müəssisənin Nizamnaməsinin 1.11-ci maddəsinə əsasən müəssisə ünvan 2 ünvanında yerləşir. Məzunlara mənzil verilərkən hər hansı ərazi meyarları deyil, əsas prinsip kimi vətəndaşın sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yəni bütün hallarda vətəndaşların yaşayış sahəsi ilə təmin olunmasının qanunvericilik tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Müəssisənin yeni korpusu hələ istifadəyə verilmədiyindən və İddiaçı mənzillə təmin olunması barədə qanuni qüvvəyə minmiş qərarın icrasının təmin olunması səbəbindən iddiaçıya Abşeron rayonu X6ndən mənzil verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, əvvəllər məzunlara ev verilərkən Müəssisənin Nizamnaməsinin 4.2-ci bəndinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonu dövlət uşaq müəssisələrindən həmin il üzrə məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunurdu. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı Abşeron rayonu, X6ndə 33 saylı binada, 18 saylı 1 otaqlı mənzili təhvil aldığını və təhvil zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və inventarların təchizatında (mənzil tam təmirlidir, hamam və qovşaqlar üçün santexnik cihazlarla, elektrik və ya qaz plitəsi ilə təchiz edilmişdir) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmadığını və vətəndaş ona püşkatma yolu ilə təqdim olunmuş mənzilin mərtəbəsindən, otaq sayından təmirindən razı olmasını imzası ilə təsdiq etmişdir. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı ona verilmiş Abşeron rayonu, X6 bina 33, mərtəbə 3-də yerləşən 18 saylı 1 otaqlı mənzilin Bakı şəhərinə daha yaxın ərazilərdə, Masazır, Ramana, Hövsan qəsəbələri ərazisində tikilən yaşayış komplekslərinin birində yerləşən mənzil ilə əvəz olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçıya verilmiş Abşeron rayonu, X6, bina 33, mərtəbə 3-də yerləşən 18 saylı 1 otaqlı mənzilin Bakı şəhərində yerləşən başqa mənzillə dəyişdirilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı mənzillə təmin edilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 dekabr tarixli, 2-1(103)-2210/2020 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-478/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1137/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 478/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və 11 avqust 2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar iddiaçı Abşeron rayonu, X6ndə 1 otaqlı mənzillə təmin olunmuşdur. Hazırda isə iddiaçı həmin mənzilin Bakı şəhəri ərazisindəki başqa mənzillə dəyişdirilməsini tələb edir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.20-ci maddəsində də eyni məzmunda qeyd olunur ki, “Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamının 3.1-ci bəndinə əsasən bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Eyni Məcəllənin 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində 16 sentyabr 2021-ci il tarixli aktda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi tabeliyində olan Sosial Xidmətlər Agentliyinin iki əməkdaşının adı olsa da, yalnız bir əməkdaşının akta imza etməsinə və buna görə həmin aktın qanunsuz olmasını, ona mənzil verilməsinin dövlətin sosial siyasəti əsasında qəbul edilmiş qanunların tələbi olmasını, Mənzil Məcəlləsinin 56.5-ci maddəsinin tələblərini əsas götürərək Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-5915/2022 saylı, xx.xx.2022 tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş və apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin olunmasına əsas ola bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı 16 sentyabr 2021-ci il tarixli akt əsasında Abşeron rayonu, X6, bina 33, 1 otaqlı 18 saylı mənzili 16 sentyabr 2021-ci il tarixdə təhvil almış, aktın bir nüsxəsini əldə etmişdir. İddiaçı mənzili təhvil aldığını və təhvil zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və inventarların təchizatında heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmadığını və ona püşkatma yolu ilə təqdim olunmuş mənzilin mərtəbəsindən, otaq sayından təmirindən razı olmasını imzası ilə təsdiq etmişdir. Həmin mənzili əldə etdikdən üç aydan artıq müddət keçdikdən sonra ona verilmiş mənzilin Bakı şəhərində yerləşən mənzillə dəyişdirilməsi tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. İşin hallarından da göründüyü kimi iddiaçı dövlətin sosial siyasəti əsasında qəbul edilmiş qanunvericlik normalarının tələbləri əsasında Abşeron rayonu, X6, bina 33, 1 otaqlı 18 saylı mənzillə təmin edilmişdir. Hazırda iddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.5-ci maddəsinə istinad edərək ona verilmiş Abşeron rayonu, X6, bina 33, 1 otaqlı 18 saylı mənzilin Bakı şəhərində yerləşən mənzillə dəyişdirilməsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçı dövlətin sosial siyasəti əsasında qəbul edilmiş qanunvericlik normalarının tələbləri əsasında bir dəfə mənzillə təmin edilmiş, iddiaçı heç bir etiraz etmədən həmin mənzili qəbul etmiş, keçən müddət ərzində qeyd olunan mənzildən istifadə etmişdir. Eyni zamanda, məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqanın balansında istifadəyə verilən və boşalan mənzil sahəsinin olması halı müəyyən edilməmişdir. Ona verilən mənzilin Bakı şəhərində olan mənzillə dəyişdirilməsi onun kimi mənzillə təmin olunmalı olan şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilər ki, hüquqdan sui-istifadə hallarına yol verilməsi qanunla qadağandır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilən mənzilin Bakı şəhərində yerləşən mənzillə dəyişdirilməsi öhdəliyinin qoyulması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəkildə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümlü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə də müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, bu da iddiaçıya münasibətdə öz müsbət həllini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qərarında iddaçının tələbinin hüquqi əsasının olmaması mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Qərardan da göründüyü kimi, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab etməklə, iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar