Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-707/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının fərdi hesabının sığorta hissəsində yığılan 21679,06 manat pensiya sığorta kapitalının bərpa edilməsi və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.3.1. bəndinə əsasən pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ilin iyun ayından Azərbaycan Respublikasının X2 ehtiyata buraxılmışdır. İstefada olan polis mayorudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən “Güzəştli şərtlərlə əmək pensiyası” alanlar kateqoriyasına aiddir. 2008-ci ilin dekabr ayından müxtəlif dövlət təşkilatlarında çalışmışdır. DSMF-ə müntəzəm olaraq əmək haqqından ödənişlər həyata keçirilib. İddiaçının **********657 saylı şəxsi sığorta hesabına 21679,06 manat vəsait yığılıb. 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1. bəndinə əsasən: “Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya ləyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydaların 5-ci fəslinin 5.3-cü bəndində güzəştli şərtlərlə əmək pensiya alanların pensiyalarının yenidən hesablanmasının alqoritmi 47-49-cu misallarda göstərilmişdir. Göstərilənlərlə əlaqədar olaraq iddiaçı 2022-ci ilin mart ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialının direktoruna müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1. bəndinə əsasən “Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı”nı nəzərə alaraq pensiyanın yenidən hesablanaraq artımla ödənilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialının direktorunun müavini Kərim Sarıyevin imzası ilə **********4 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda onun əmək pensiyasının 704,84 manat məbləğində olmaqla aşağıdakı tərkibdən olduğunu göstərərək pensiyanın yenidən hesablandığını bildirib: əmək pensiyasının sığorta hissəsi - 243.30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 461,54 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə, 25-ci maddəsinə. 29-cu maddəsinin İ və İV hissələrinə, 38- ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanmasına dair” 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə istinadını (29.2 əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır) əsas götürərək, əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində yığılan 21679,06 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiyasının yenidən hesablanması aşağıdakı kimi qeyd etmişdir: Qeyd olunanları nəzərə alaraq 21679,06 manat pensiya sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 107 (21679.06:107 (65 il - 62 il 1 ay =35 ay +(144 ay - 72 ay)=202.61 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 445,91 (243,30+202,61) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla qulluq stajına görə əlavənin məbləği (461,54 manat) həmin artım qədər (202,61 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 445,91 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 258,93 (461,54-202,61) manat təşkil edir. İddiaçı cavabdehin bu hesablaması ilə razılaşmadığı üçün xx.xx.2022-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialına getmişdir. İddiaçı onlara bildirmişdir ki, hesablamanın sayılmaması şərtilə onun əvvəlki, yəni X2 pensiyaya necə çıxmışdırsa elə də saxlasınlar və 21679,06 manat pensiya sığorta kapitalına toxunmasınlar. İddiaçını qəbul edən nümayəndə ona bildirmişdir ki, xahişi yerinə yetiriləcək. İddiaçı xx.xx.2023-cü ildə 21679,06 manat pensiya sığorta kapitalının indeksasiya edilərək artımını öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialına getmişdir. İddiaçıya bildirilmişdir ki, artıq onun pensiyası keçən ildən 21679,06 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla yenidən hesablanıb, amma artım olmayıb. İddiaçı həmin tarixdən ərizə ilə yenidən onlara müraciət edib 21679,06 manat pensiya sığorta kapitalının geri qaytarılmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialının xx.xx.2023cü il tarixli 3-17-1/2-R-75658/2023 nömrəli cavab məktubunda da hesabının bərpa edilməsinin mümkün olmadığı qeyd edilib. İddiaçı məktubunun gecikməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixində Mərkəzi filiala getmişdir. Yuxarıda qeyd edilən cavab məktubunu xx.xx.2023-cü ildə imza edərək götürmüşdür və iddiaçıya bildirmişlər ki, yığılmış hesabının qaytarılması mümkün deyil, məhkəməyə müraciət etsin. İddiaçı hesab edir ki, cavabdehin hesablamaları əsassızdır və onun hüquqlarını pozur. Onun qulluq stajına görə əmək pensiyasının əlavəsinin, yəni 461,54 manatın çıxılmasına etiraz edir. Niyə görə çıxılmalıdır. Bu cür hesablama “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsi hərbi xidmətdən ehtiyata buraxılıb əmək pensiyası təyin olunduqdan sonra, yenidən hərbi xidmətə çağırılıb xidmətini davam etdirən əmək pensiyaçılarına aiddir. İddiaçı isə pensiyaya çıxdıqdan sonra müxtəlif mülki dövlət təşkilatlarında işləmişdir. Bu hallar 2 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında öz əksini tapmışdır. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-9941/2023 nömrəli qərardadı ilə iddiaçının “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işlədiyini, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplandığını və fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında onun yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmalı olduğunu göstərmişdir. İddiaçı pensiya məbləğinin sığorta kapitalına əsasən yenidən hesablanması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən 17 iyun 2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edildiyini, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyasının həmin tarixdən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən ödənildiyini, eyni zamanda sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının 704,84 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-461,54 manat ödənildiyini qeyd etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının yenidən hesablanması ilə bağlı 28 fevral 2022-ci il tarixindəki müraciətlə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21679,06 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə əmək pensiyasının sığorta hissəsi 445,91 manat, qulluq stajına görə əmək pensiyasına əlavə isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 258,93 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmçinin, Qanunun 29.2-ci maddəsinə uyğun olaraq bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Göründüyü kimi, 29.2-ci maddənin mətnində "... və ya yenidən hesablandıqda ..." ifadəsindən də istifadə edilmişdir ki, bu Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən hərbi qulluqçu kateqoriyasından olan pensiyaçıların pensiyasının yenidən hesablanmasını nəzərdə tutur. Yəni, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasının sığorta hissəsi pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablanır, lakin pensiyanın gulluq stajına görə əlavə hissəsi sığorta hissədəki artımlar gədər azaldılır və pensiyanın ümumi məbləği dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Yuxarıda qeyd olunanlardan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Bundan başqa, məhkəmənin sözügedən qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı bildiririk ki, həmin qanunun keçid müddəalarının 2.2ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 775,32 manat müəyyən edilib. Eyni zamanda, həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən yenidən hesablanmaqla 889,29 manata artırılmaqla ödənilir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9941/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli, xx.xx.2022-ci il il tarixli qərarının ləğv edilməsi və İddiaçı əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti imtina məktubunun, birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi ona təyin edilmiş əmək pensiyasının fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsasında sığorta hissəsinin yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından: -Hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). -Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (4.1.1) yaşa görə əmək pensiyası; (4.1.2) əlilliyə görə əmək pensiyası; (4.1.3) ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 29.1-ci maddəsinin 12 iyul 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin 01 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyasının (Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1362-VQD №-li Qanunu ilə) tələblərinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.2-ci maddəsinin 01 yanvar 2023-cü tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İşdə olan sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq “Pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə İddiaçı pensiya işinə dair materialların təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. 004449 nömrəli “Pensiyaçının uçot vərəqəsi”ndən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti tərəfindən pensiyanın yenidən hesablanaraq iddiaçıya xx.xx.2008-ci il tarixdə 208 manat 70 qəpik məbləğində pensiya təyin edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti tərəfindən pensiyanın yenidən hesablanaraq iddiaçıya xx.xx.2011-ci il tarixdə 409 manat 95 qəpik məbləğində pensiya təyin edilmişdir. DİN seriyalı, 2697 nömrəli “Hərbi qulluqçuların (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə” Məlumat vərəqəsindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə xidmət illəri- 8 il 6 ay 17 gün, təqvimi xidmət illəri- 17 il 6 ay 21 gün və cəmi iş stajı və xidmət illəri 26 il 1 ay 8 gün göstərilmiş və iddiaçıya xx.xx.2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir. - xx.xx.1959-cu il təvəllüdlü İddiaçı məxsus ИТ-İ ******* nömrəli Əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1988- xx.xx.2004-il tarixlərində DİN orqanlarında xidmət etmişdir. xx.xx.2008-xx.xx.2008; xx.xx.2008-xx.xx.2010; xx.xx.2010xx.xx.2011; xx.xx.2012-xx.xx.2014; xx.xx.2015- xx.xx.2019; xx.xx.2019-xx.xx.2021-ci il tarixinədək müxtəlif vəzifələrdə işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyalarının yenidən hesablanılması haqqında” **********7 nömrəli, xx.xx.2022-ci il nömrəli Qərarına əsasən İddiaçı təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən hesablanılaraq, yaşa görə hazırkı pensiya məbləği olaraq 704 manat 84 qəpik məbləğində təyin edilmişdir. Beləliklə işdən müəyyən olunur ki, iddiaçı 2004-cü ilin inun ayından Azərbaycan Respublikasının X2 ehtiyata buraxılmış və hərbi qulluqçu kimi ona xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 2008-ci ilin dekabr ayından müxtəlif dövlət təşkilatlarında digər sahələrdə bu günədək əmək fəaliyyətini davam etdirmiş və fərdi hesabında pensiya kapitalı yığılmışdır. İddiaçının fərdi hesabında yığılmış kapital nəzərə alınmaqla pensiyası yenidən hesablansa da, iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında hesab etmişdir ki, iddiaçıya xx.xx.2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmiş, pensiya təyin olunduqdan sonra xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçı əmək fəaliyyətini davam etdirmiş və xx.xx.2021-ci il tarixədək qazanılan sığorta və yığım hissələri üzrə onun şəxsi hesabında pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən norması (37.3.1-ci maddəsi) iddiaçıya şamil edilməlidir. Belə ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmışdır və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Cavabdeh inzibati orqan apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29, 37 və 45-ci maddələrinə istinad etməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək olan redaksiyası, eləcə də, 37.3.1 və 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalı idi. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1 və 45-ci maddələri rəhbər tutularaq, 1 yanvar 2019-cu il tarixədək iddiaçının pensiyasının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınaraq, onun əmək pensiyasının artırılmaqla yenidən hesablanmasına imkan verir. Həmin tarixdən 1 yanvar 2023-cü il tarixədək qüvvədə olan qanunvericilik normaları isə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmanı, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla nəzərdə tutur. Bütün qeyd olunanların məcmusunda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyası pensiya təyin olunduqdan sonrakı dövr üzrə toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9941/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-707/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-707/2024
09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver