Məhkəmə qərarları › İş №2-1(103)-707/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-707/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-707/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Abbasova Günel Məhərrəm qızından və X1 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9011/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.60 kv.m. olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunlaəsaslandırılmışdır ki, Baş Apteklər İdarəsinin 191 saylı, xx.xx.1996-cı il tarixli Əmrinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi Ət Kombinatının nəzdində fəaliyyət göstərən 543 saylı aptek yerləşdiyi ünvanından ünvan 2ak həmişə qeyri-yaşayış obyekti - aptek olaraq 28 ildir ki, istifadə edilir. Daşınmaz əmlakın 1993-cü il tarixli texniki pasportunda da mənzilin küçəyə çıxışı var. İddiaçının mülkiyyətində olan yaşayış sahəsi aptek olaraq icarə müqaviləsi əsasında "xxxx" QSC-yə verilmişdir. Yaşayış sahəsinin bütün kommunal ödənişləri qeyri-əhali formasında ödənişlər edilir. İddiaçı tərəfindən mənzilin yaşayışdan qeyri-yaşayışa keçirilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilmiş, lakin iddiaçıya cavab məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərin araşdırılması tərtib olunmuş layihədə baş planda göstərilən ölçülərlə texniki pasportda göstərilən ölçülər arasında uyğunsuzluqların olduğu, binanın istismar müddətinin başa çatdığı, fiziki cəhətdən aşındığı və mövcud şəhərsalma normalarına cavab vermədiyindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2022-ci il tarixli Aktı ilə rayonun qəzalı binalar siyahısında olduğuna görə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9011/2024 saylı qərarına əsasən iddianın təmin edilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 31,60 kv.m olan yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərar cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, binanın konstruktiv elementlərinin dayanıqlılığına və möhkəmliyinə, binanın xarici görünüşünə, memarlıq üslubuna, eyni zamanda təhlükəsizliyinə xələl gələ biləcəyini, eyni zamanda yanğından mühafizə tələblərini nəzərə alaraq mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilmir. Mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində apellyasiya şikayətində qeyd edilən ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(103)-4242/2024 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin bundan sonra cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə məhkəməyə təqdim edilmiş (*məhkəmə iclası saat 09:30-a təyin edilsə də, həmin ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə saat 14:53-də daxil olmuşdur) və məhkəmə kollegiyası prosessual qənaət prinsipini əsas götürərək inzibati işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərmədən ərizəyə münasibət bildirilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin geri qaytarılması barədə ərizənin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəni nəzərdən keçirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 88-ci maddəsinə müvafiq olaraq, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək cavabdehin hüququ olduğundan və hazırkı iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9011/2024 saylı qərarından cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə qəbul edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Günel Abbasova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar