Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-708/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (ünvan: ünvan 1 m. 28 qeydiyyatda olan, faktiki Bakı ş., H.Cavid pr. 205, mən. 25 yaşayan) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı plan-ölçü və çıxarışın verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4772/2018 nömrəli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (sonradan-Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 İcraiyyə Komitəsinin xx.xx.1987ci il tarixli, 16/290 saylı qərarı ilə Bakı şəhəri Şıxlar qəsəbəsində Azərbaycan Politexnik İnstitutunun 262 üzvünə torpaq sahəsinin ayrılması qərara alınmış və Komitə tərəfindən ayrıc aktı tərtib olunmuşdur. Həmin qərar əsasında Azərbaycan Texniki Universiteti tərəfindən “Arzu” X5 təsis olunmuşdur. Həmin Birliyin bağbanlarının ümumi iclasının protokolu ilə Birliyin Şıxlar kəndi yaxınlığındakı Bakı-Salyan şossesinin 61-ci kilometrliyində yerləşən ərazisində sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsi ona ayrılmışdır. Daha sonra Birlik tərəfindən ona ayrılmış bağ sahəsinin planı tərtib olunmuş və üzvlük kitabçası ona təqdim olunmuşdur. Qeyd olunan vaxtdan etibarən həmin bağ sahəsi fasiləsiz olaraq onun sahibliyində olmuş və hazırkı dövrə qədər də onun sahibliyindədir. O, bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh onun xahişini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4772/2018 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsinin İddiaçı adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müvafiq bağ sahəsinə dair reyestrdən çıxarış verilməsi ilə bağlı İdarəyə müraciət edilməmiş və bununla bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə müvafiq bağ sahəsinə dair bölgü-sxemin tərtib edilməsi ilə bağlı müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı iddiaçının istifadəsində olan torpaq sahəsinin 450 kv.metrinin “Arzu” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşməsi müəyyən olunmuşdur. Müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Cavabdehin nümayədəsinin sonuncu məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qayadada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinə dair yazılı etirazını təqdim etməmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarı ilə yoldaşlıq təsərrüfatının yaradılması üçün Azərbaycan Politexnik İnstitutunun 262 nəfər üzvünə Qaradağ rayonu Şıxlar qəsəbəsində torpaq sahəsi ayrılmış və komitə tərəfindən 87/311A №-li ayrıc aktı tərtib olunmuşdur. Eyni zamanda İnstitutun üzvlərinə ayrılmış torpaq sahəsinin cizgisi tərtib və təsdiq edilmişdir. «Arzu» bağçılıq-yoldaşlıq birliyinin bağbanlarının ümumi iclasının xx.xx.1995-ci il tarixli 08 saylı protokoluna əsasən “Arzu” bağçılıq birliyinin Qaradağ rayonu, Bakı-Salyan şossesinin 61-ci kilometrliyində Şıxlar kəndi yaxınlığındakı ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsi İddiaçı verilmişdir. Həmin protokola görə İddiaçı «Arzu» bağçılıq-yoldaşlıq birliyinə üzv qəbul olunmuş və ona 226 №-li «Bağçının üzvlük kitabçası» verilmişdir. Azərbaycan Texniki Universiteti və “Arzu” X5 tərəfindən tərtib və təsdiq edilmiş sahənin planından sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsinin İddiaçı məxus olması barədə qeydlər aparılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk öncə cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının müraciəti ilə əlaqədar iddia tələbinin mümkün sayılmaması dəlili ilə bağlı qeyd edir ki, iddia ərizəsindən və işin faktiki hallarından iddiaçının iradə ifadəsinin Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********43 saylı imtina məktubunda iddiaçının istifadəsində olan torpaq sahəsinin 450 kv.m-ri “Arzu” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşdiyindən bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı göstərilmişdir. Bu əsasla birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər (14.1.). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda (15.1.). «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəsinə və ya icarəsinə verilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. ». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı ( Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, «Arzu» bağçılıq-yoldaşlıq birliyinin bağbanlarının ümumi iclasının xx.xx.1995-ci il tarixli 08 saylı protokoluna əsasən “Arzu” bağçılıq birliyinin Qaradağ rayonu, Bakı-Salyan şossesinin 61-ci kilometrliyində Şıxlar kəndi yaxınlığındakı ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsi İddiaçı verilmişdir. Göründüyü kimi qanunda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün konkret əsaslar göstərilmişdir. Cavabdehin imtinası isə qeyd edilən hallardan heç birinə uyğun deyil. Cavabdeh apellyasiya şikayətində iddiaçının müraciətinə qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsini qeyd etmişdir. Qeyd edilməlidir ki, bununla bağlı cavabdeh iddiaçıya müvafiq təklif verərək qanunvericiliklə tələb olunan sənədləri tələb edə bilərdi. Həmçinin cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsinin 450 kv.metrinin “Arzu” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşdiyini bildirsə də, bununla bağlı müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir. İş materiallarına əsasən Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarı ilə yoldaşlıq təsərrüfatının yaradılması üçün Azərbaycan Politexnik İnstitutunun 262 nəfər üzvünə Qaradağ rayonu Şıxlar qəsəbəsində torpaq sahəsi ayrılmış və komitə tərəfindən 87/311A №-li ayrıc aktı tərtib olunmuşdur. Eyni zamanda İnstitutun üzvlərinə ayrılmış torpaq sahəsinin cizgisi tərtib və təsdiq edilmişdir. Cavabdeh apellyasiya şikayətində Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və digərlərinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinin zəruriliyini bildirsə də, Məhkəmə kollegiyası buna zərurət görmür. Çünki Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarı ilə bağlı hər hansı mübahisə yoxdur. Həmçinin cavabdeh və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti eyni dövlət komitəsinin müxtəlif qurumları olduğu üçün cavabdeh iddiaçının müraciətini təmin etmək üçün zəruri hüquqi yardımla bağlı həmin quruma müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh qeyd edilən halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərindən olan cavabdehin nümayədəsinin sonuncu məhkəmə iclasında iştirakı təmin edilməməsi ilə bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixli sonuncu məhkəmə iclas protokolundan görünür ki, cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddia ərizəsi xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, iş üzrə yekun məhkəmə iclası protokolunda işin nömrəsi 2-1(81)-4772/2019 kimi göstərilmiş, lakin məhkəmə aktının nömrəsi 2-1(81)-4772/2018 kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırdıqdan sonra məcmu şəkildə qiymətləndirərək haqlı olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçının müraciətinə imtinası əsassız olmuş və iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsinin İddiaçı adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4772/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-708/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-708/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver