Məhkəmə qərarları › İş №2-1(103)-708/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-708/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-708/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6718/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 01 yanvar 1992-ci ildən 26 aprel 2002-ci ilə kimi Abşeron "xxxx" ASC-də işlədiyi illərinin staj kimi müəyyən edərək həmin illərin sığorta stajına daxil edilməklə pensiya təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1956-cı ildə Bakı şəhərində anadan olmaqla hazırda da Bakı şəhəri, Türkan qəsəbəsi, Xanlar küçəsi, keçid 3-də qeydiyyatda olmaqla yaşayır. 03 noyabr 2021-ci ildə pensiya yaşı çatdığından sənədlərini 5 saylı Bakı “ASAN xidmətinə” təqdim etmişdir. O, 08 oktyabr 1973-cü ildə əmək fəaliyyətinə başlamış və müxtəlif təşkilatlarda işləməklə sonuncu iş yeri 01 yanvar 1992-ci ildən 26 aprel 2002-cİ ilə kimi Abşeron "xxxx" ASC-də olmuşdur və həmin illərdə əmək kitabçasına qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 14 yanvar 2022-ci il tarixdə iddiaçıya **********7 saylı məktub ünvanlayaraq yaşa görə əmək pensiyasının təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı “ASAN xidmət” Mərkəzi vasitəsilə Fonda müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, Fondun müraciətə cavab olaraq ünvanladığı imtina məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda əmək kitabçanızda qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 17 il 8 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 16 il 10 ay sığorta stajına uyğun olaraq 12825,64 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 575,46 manat olmaqla ümumilikdə 13401,10 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilib ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilib ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və araşdırma şöbəsinin xx.xx.2021-ci ildə "xxxx" ASC-nin sədr müavininin iştirakı ilə aparılan araşdırmaya əsasən tərtib olunmuş aktda İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işİədiyi və həmin müddətdə İddiaçı idarə etdiyi nəqliyyat vasitəsilə icarə müqaviləsi əsasında işlədiyi üçün müəssisə tərəfindən onun adına əmək haqqı hesablanmadığı müəyyən olunmuşdur. Bu səbəbdən, əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər sığorta stajına əlavə edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6718/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə X1 və araşdırma şöbəsinin xx.xx.2021-ci ildə "xxxx" ASC-nin sədr müavininin iştirakı ilə apardığı araşdırmaya əsasən tərtib olunmuş aktda İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi və həmin müddətdə İddiaçı idarə etdiyi nəqliyyat vasitəsilə icarə müqaviləsi əsasında işlədiyi üçün müəssisə tərəfindən onun adına əmək haqqı hesablanmadığı müəyyən olunmuşdur. Bu səbəbdən, əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər sığorta stajına əlavə edilməmişdir.Əmlakın icarəyə verilməsindən əldən olunan gəlirdən məcburi dövlət sosial sığorta haqları tutulursa, həmin dövrlər sığorta stajına daxil edilir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərarda iddiaçının işlədiyi illərdə əmək haqqı alması və əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulması ilə bağlı məsələyə münasibət bildirilməmişdir. Nəticə olaraq iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövr, ümumilikdə 10 il 03 ay 25 qiin təşkil edir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövr onun sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilmir, bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Hüseynova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının iş materiallarına əlavə olunmuş, H3 319209 nömrəli hərbi biletinin və xx.xx.1973-cü və xx.xx.1981-ci il tarixlərdə doldurulmasına başlanılmış əmək kitabçalarının surətlərinə əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1973-xx.xx.1974: tikinti idarəsində suvaqçı- 9 ay 7gün; xx.xx.1974-xx.xx.1975: yol montyaru - 6 ay 18gün; xx.xx.1975-xx.xx.1977: müddətli həqiqi hərbi xidmət-1 il 11 ay 25 gün; xx.xx.1977-xx.xx.1977: tikintidə suvaqçı - 28 gün; xx.xx.1977-xx.xx.1979: yol montyoru - 1 il 7 ay 24gün; xx.xx.1979-xx.xx.1980: tikintidə suvaqçı- 3 ay 5 gün; xx.xx.1980-xx.xx.1981: suvaqçı – 1 il 3 ay 11 gün; xx.xx.1981-xx.xx.1988: fəhlə – 6 il 7ay 27gün; xx.xx.1988-xx.xx.1988: fəhlə- 3 ay; xx.xx.1988-xx.xx.1989: fəhlə- 10 ay 18gün; xx.xx.1989-xx.xx.1989: mişarlayıcı – 5 ay 4 gün; xx.xx.1989-xx.xx.1990: mişarlayıcı- 3 ay 22 gün ; xx.xx.1990-xx.xx.1990: zavodda avtoyükləyici sürücüsü – 7 ay 6gün xx.xx.1990-xx.xx.1991: sürücü 11 ay 1 gün; xx.xx.1991-ci ildə X4 nazirliyinin “SPATO” “Tərəvəz sənaye məhsulları” sürücü kimi işə qəbul olunmuş, xx.xx.2001-ci ildə həmin müəssisə Abşeron "xxxx" ATSC-yə çevrilmiş, xx.xx.2002-ci il tarixinədək həmin ATSC-də işləmişdir. Ümumilikdə, onun xx.xx.1991xx.xx.2002-ci illərdə həmin müəssisdə sürücü kimi iş stajı - 10 il 5 ay 15 gün təşkil edir ki, bu stajın da 9 il 11 ayı dövlət müəssisəsində işlədiyi dövrə düşür. İşin cavabdeh tərəfindən mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının bu sonuncu xx.xx.1991-xx.xx.2002-ci illərdə, əvvəlcə X4 Nazirliyinin “SPATO” Tərəvəz sənaye məhsulları” müəssisəsində, sonradan isə Abşeron "xxxx" ATSC-də işlədiyi həmin dövrü onun sığorta stajına daxil edilməsindən imtina edərək, buna əsas kimi göstərir ki, müəssisədə aparılan araşdırmaya əsasən tərtib olunmuş aktda (i.v.28) iddiaçı həmin müddətdə idarə etdiyi nəqliyyat vasitəsilə icarə müqaviləsi əsasında işlədiyi üçün müəssisə tərəfindən onun adına əmək haqqı hesablanmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Birincisi, cavabdehin istinad etdiyi hallar sübutlarla əsaslanırlmamışdır. İkincisi, iddiaçı xx.xx.1991-ci idən xx.xx.2001-ci ilə qədər 9 il 11 ay dövlət müəssisində işləmiş, xx.xx.2001-ci il tarixində yalnız, müəssisə ASC-yə çevrilmiş və həmin qürumda o, cəmi, 6 ay yarım işləmişdir. Əmək kitabçalarının sözügedən qeydlərinə gəldikdə onun işə qəbul və azad olunma tarixləri, müvafiq əmrlər və s. rekvizitlər tamlığı ilə təsbit olunmuşdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, işlədiyi müəssisə iddiaçınının əməyindən icarə müqaviləsi əsasında deyil, əmək müqaviləsi münasibətlərində olmaqla öz işçisi kimi tanıyaraq istifadə etmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi də məhz, onu nəzərdə tutur ki, Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. İddiaçının vəziyyətini yaxşılaşdıran əmək qanunvericiliyinin qeyd olunan tələblərini də nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1991-ci ildən 2002-ci ilə qədər olan dövrdə əmək müqaviləsi əsasları ilə işləməsi kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Məcəllənin 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Beləliklə də sübuta yetirilir ki, iddiaçının əmək kitabçasının xx.xx.1991-xx.xx.2002-ci qeydləri üzrə müəyyən olunan iş stajının cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınmaması və bu səbəbdən onun sığorta stajının 25 ildən az olması əsası ilə ona yaşa görə əmk pensiyası hesablanmasından imtina etməsi əsassız olmuş, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən olunan əmək pensiyası hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirirərək, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğun mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6718/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6718/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar