Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-708/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mənzil növbəsinə alınma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial mənzillə təmin olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ № 813508 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X10 “başın dəlib keçən güllə” səbəbilə 17 may 2016-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 05-ci ayının 26-cı günündə 282 № ilə qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, № 52 saylı arayışında göstərilmişdir ki, İddiaçı mərhum oğlu 1997-ci il təvəllüdlü əsgər X11 xx.xx.2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş və xx.xx.2016-cı il tarixdə döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan odlu silah (güllə) yaranlanmasından həlak olmuşdur. Mövcud qanunvericiliyə uyğun olaaq ŞƏHİD hesab olunur.
3. Nizami RİHB-nın “X9 mənzil növbəsinə qəbul edilməsi haqqında” xx.xx.2016-cı il tarixli, № 106 saylı sərəncamında göstərilmişdir ki, X13 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşayış yeri üzrə şəhid ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir.
4. 02.04.2022-ci il tarixdə verilmiş № 006846 saylı “Şəhid ailəsi üzvünün vəsiqə”sindən müəyyən olunur ki, İddiaçı şəhid ailəsi üzvü hesab olunmuşdur.
5. Binəqədi RİHB-nın “Vətəndaş İddiaçı mənzil növbəsinin yaşayış yeri üzrə Binəqədi RİH-yə keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli, № 20 saylı sərəncamından görünür ki, İddiaçı Nizami RİH-də olan mənzil növbəsinin yaşayış yeri üzrə Binəqədi RİH-yə keçirilməsi və İddiaçı şəhid ailəsi kimi mərhum əri X9 mənzil növbəsinə götürüldüyü xx.xx.2016-cı il tarixdən güzəştli əsaslarla mənzil növbəsində hesab olunması və vətəndaş İddiaçı mənzil növbəsinin Binəqədi RİH-də mövcud olan güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Daşınmaz əmlakın dövlət reyestri”ndən arayışından müəyyən olunur ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, № ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
7. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyinin cavab məktubunda qeyd olunmuşdur ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Adıçəkilən Sərəncamda 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023- cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. 10 oktyabr 2016- cı il tarixində Binəqədi RİH-də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailə üzvü mərhum əri -X9 mənzil növbəliliyi 11 fevral 2022- ci ildə adına keçirilmişdir. Müvafiq olaraq, iki otaqlı mənzillə təmin edilməsi barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında iki otaqlı mənzil olmadığına görə mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən iki otaqlı mənzillər verilməyə başlandıqda ona mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki oğlunun mənzil sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyuıması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyini (bundan sonra mətndə Sosial Xidmətlər Agentliyi) göstərməklə, məhkəmədən İddiaçı və 2 oğlu - X6 və X4 mənzil sahəsi ilə təmin edilməsi öhdəliyinin Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şəhid X7 anasıdır. Oğlu Natiq orta məktəbi bitirdikdən sonra 2015-ci ilin sonlarında hərbi xidmətə yollanmış və Sərhəd Qoşunlarının əsgəri kimi Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. Oğlu həmçinin 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Aprel döyüşlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri kimi vuruşmuş və döyüşlərdə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Natiq 17 may 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində, Tərtər-Goranboy istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində baş nahiyəsindən snayper gülləsinin dəyməsi səbəbilə şəhid olmuşdur. Mayın 18-i oğlu doğulduğu Lerik rayonunun Almu kəndində dəfn edilmişdir. Göstərdiyi qəhrəmanlığa görə o, Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" İİİ dərəcəli medalı ilə təltif edilmişdir. Onun ölümündən sonra 26 may 2016-cı il tarixdə akt qeydləri kitabında 282 nömrəsi ilə qeyd aparılmışdır. Oğlu Natiqin şəhid olmasından sonra şəhidin atası, yəni mərhum əri X13 yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) mənzil növbəsinə qəbul edilmək üçün Nizami Rayon İcra Hakimiyyətinən (bundan sonra mətndə Nizami RİH) müraciət etmişdir. Nizami RİH başçısının 10 oktyabr 2016-cı il tarixli, 106 №-li sərəncamı ilə mərhum əri X9 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşayış yeri üzrə şəhid ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. Mərhum əri 01 sentyabr 2021-ci il tarixdə vəfatından sonra şəhidin anası kimi o, ərinin ölümü və yaşayış yerinin dəyişməsi ilə əlaqədar mənzil-uçot işinin onun adına dəyişdirilməsi və Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra Binəqədi RİH) köçürülməsi barədə Nizami RİH-yə müraciət etmişdir. Buna görə də, Nizami RİHB-nın 21 dekabr 2021-ci il tarixli, 1-1/235 №-li sərəncamı ilə mərhum X9 mənzil uçot işinin 3 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu) və uçot tarixi saxlanılmaqla arvadı, yəni o – İddiaçı adına dəyişdirilməsi və mənzil-uçot işinin yaşayış yeri üzrə Binəqədi RİH-yə köçürülməsi və mərhum əri X9 Nizami rayonu üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin siyahısından çıxarılması qərara alınmışdır. Eyni zamanda Binəqədi RİHB-nın 11 fevral 2022-ci il tarixli, 20 №-li sərəncamı ilə onun, yəni İddiaçı Nizami RİH-də olan mənzil növbəsi yaşayış yeri üzrə Binəqədi RİH-yə keçirilməsi və onun şəhid ailəsi kimi mərhum əri X9 mənzil növbəsinə götürüldüyü 10 oktyabr 2016-cı il tarixdən güzəştli əsaslarla mənzil növbəsində hesab olunmağı və Binəqədi RİH-də mövcud olan güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Lakin onlar 10 oktyabr 2016cı il tarixdən etibarən şəhid ailəsi qismində mənzil növbəsinə qəbul edilsələr də, bugünədək – 7 il ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunmamışlar. Onu da qeyd edir ki, tərəfindən Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə bir neçə dəfə şifahi müraciətlər ünvanlanmışdır. Belə ki, bu ilin may ayında Agentlikdə olarkən ona ya bu ilin ortasında, ya da sonunda mənzillə təmin olunacağı qeyd olundu. Noyabr ayının 20-si tarixində etdiyi müraciət zamanı isə təminatda ev olmadığı üçün ona mənzilin gələn ilin sonunda veriləciyi bildirilmişdir. Göründüyü kimi ona mənzillə təmin olunacağımıza dair hər dəfə əsassız vədlər verilsə də, reallıq isə budur ki, onlar müraciət etdiyi vaxtdan bugünədək olan dövr, yəni 7 il ərzində mənzillə təmin olunmamışlar. Halbuki onlara verilən məlumata əsasən oğlu X1 şəhid olmuş şəxslərin ailələri artıq mənzillə təmin olunmuşdur. Belə olan halda nəyə görə hələ də onlar şəhidin ailəsi qismində mənzillə təmin olunmamalarının səbəbi ona məlum deyildir. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada müraciət edərək şəhid ailəsi kimi evlə təmin olunmasını xahiş etmişdir. Lakin bütün müraciətləri cavabsız və nəticəsiz qalmışdır. 23 yanvar 2024-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Binəqədi RİH-yə rəsmi qaydada müraciət edərək “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmiş şəhid ailəsi üzvlərinin tərkibinə aid edildiyi və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində siyahıya alınaraq mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürüldüyünü nəzərə alaraq onu və 2 oğlunu mənzil sahəsi ilə təmin edilməyini xahiş etmişdir. Lakin ƏƏSMN bu müraciətini də cavabsız qoymuşdur. Binəqədi RİH isə imtina məktubu göndərərək qeyd edir ki, şəhis ailə üzvlərinin mənzil ilə təmin edilməsi ƏƏSMN tərəfidən həyata keçirilir.
11. Cavabdeh iddiaya dair etirazla müraciət etməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməlidi. Beləliklə, iddiaçının həmin Sərəncamdan irəli gələn öhdəliyin icrası ilə bağlı hazırkı məzmunda tələb hüququ vardır. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 10 oktyabr 2016-cı il tarixli 106 nömrəli Sərəncamı ilə şəhid ailəsinin üzvü mərhum X13 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı və 2 oğlu) ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və mənzil növbəliliyi saxlanılmaqla köçürülmə əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2022-ci il tarixli 20 nömrəli Sərəncamı ilə İddiaçı adına keçirilmişdir. Sərəncamda qeyd edilən ailə tərkibinə uyğun vətəndaşa 2 otaqlı mənzilin verilməsi nəzərdə tutulmuşdur.Məhkəmə qərarı ləğv olunaraq iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki,"... Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını...yoxlamalıdırlar (2.3-cü bənd). Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub- olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biridə məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olubolmamasıdır. Qeyd olunan normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, inzibati orqan tərəfindən imtina olmamışdır. Birinci instansiya məhkəməsinin qərarında göstərildiyi kimi iddiaçıya mənzil ayrılmasından imtina edilmir, lakin hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında mənzil olmadığından iddiaçının mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə iddiaçı mənzillə təmin ediləcəkdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Bu qəbildən olan iddia tələbləri mümkünsüz hesab edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, şikayət üzrə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsi və qərarın ləğv edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.
Həmin Qanununun 1-ci maddəsinə əsasən: - Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən: - Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. - Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. - Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. - Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.
20. Mənzil Məcəlləsi
51.3-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər; Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu iltarixli Fərmanının: - 2.2-ci bəndinə əsasən, həmin Məcəllənin (...) 51.7-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; - 2.3-cü bəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:
Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 68.2. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
28. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
29. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
30. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı onun və 2 oğlu - X6 və X4 mənzil sahəsi ilə təmin edilməsi öhdəliyinin Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasından ibarətdir.
31. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X13 şəhid ailəsi üzvü kimi Nizami RİH-nin xx.xx.2016-cı il tarixli, № 106 saylı sərəncamına əsasən 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Daha sonra isə iddiaçının ərinin ölməsi və hazırki iddiaçının yaşayış yerinin ünvan 1 ünvana pasport qeydiyyatına alınması əsası ilə Binəqədi RİH-nin xx.xx.2022-ci il tarixli, № 20 saylı sərəncamına əsasən İddiaçı şəhid ailəsi kimi mərhum əri X9 mənzil növbəsinə götürüldüyü xx.xx.2016-cı il tarixdən güzəştli əsaslarla mənzil növbəsində hesab olunaraq, onu mənzil növbəsi Binəqədi RİH-də mövcud olan güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Belə ki, iddiaçı xx.xx.2016-cı il tarixdən şəhid ailəsinin üzvü kimi mənzil növbəsində olmasına baxmayaraq, bu günədək mənzillə təmin olunmamışdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2016-cı il tarixindən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayandığı və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamında nəzərdə tutulan şəxslərin əhatə dairəsi düşdüyü işin mübahisəsiz hallarına aiddir.
33. İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 20 saylı Sərəncamı ilə vətəndaş İddiaçı mənzil növbəliliyi Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülmüş və xx.xx.2016-cı il tarixdən şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsində hesab olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş şəhid ailələrinin ümumi siyahısı üzrə 17-ci yerdədir.
34. Məhkəmə araşdırması zamanı cavabdehə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 10 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti (bundan sonra- İcra Hakimiyyəti) tərəfindən Agentliyə göndərilmiş “Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə dayanan şəhid ailələrinin ümumi siyahısı”nda İddiaçı adı həmin siyahıda göstərilməmişdir.
35. Əlavə olaraq Kollegiyaq qeyd edir ki, İddiaçı adı xx.xx.2025-ci il tarixində İcra Hakimiyyəti tərəfindən siyahıya sonradan növbədənkənar qaydada əlavə edilərək cavabdehə göndərilmişdir.
36. Beləliklə kollegiya təqdim edilmiş sənədlər əsasında iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş şəhid ailələrinin siyahısında olmasını müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Prezidentin 25 yanvar 2021-ci iltarixli, 2449 nömrəli Sərəncamında 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi qeyd edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak mövcud deyildir. Qeyd olunanlara əsasən, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab olunur və o, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malikdir.
39. Onların mənzil növbələrinə qəbul edilmələri barədə sərəncam hazırda qüvvədədir, ləğv edilməmişdir, dəyişdirilməmişdir və mübahisələndirilməmişdir. İddiaçı onlara münasibətdə əlverişli xarakter daşıyan sərəncama etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 315/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mənzillə təmin edilmə müəyyən zaman çərçivəsində baş verən prosesdir və qüvvədə olan qanunvericilik normalarına görə, şəxs əvvəlcə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalı, bundan sonra cavabdeh orqan tərəfindən mənzillə təmin edilməlidir. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi də eyni qaydalar çərçivəsində həyata keçirilir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin vəkonstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır.
42. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.