Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-709/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(112)-9575/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Xətai RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xətai RİH-nin üzərinə onunla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 63 ünvanında yerləşən 19 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il tarixli Xətai Rayon Xalq Deputatları Sovetinin (XDS) 001436 nömrəli orderi ilə Xətai rayonu, Gəncə prospekti, ev 63, mənzil 19 ünvanındakı mənzil xidməti mənzil kimi ona verilmişdir. Hazırda bütün ailə üzvləri həmin mənzildə qeydiyyatdadırlar və həmin mənzildə yaşayırlar. Tərəfindən Xətai RİH-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 63 ünvanında yerləşən 19 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün müraciət olunsa da, müraciəti inzibati orqan tərəfindən təmin edilməmişdir. Cavabdeh Xətai RİH-nin iddia tələbinə dair yazılı mülahizəsində (etiraz) göstərilmişdir ki, İddiaçı iddia ərizəsində yaşadığı Xətai rayonu, Gəncə prospektində yerləşən 63 nömrəli evin, 19 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş edir. Araşdırma zamanı, rayon XDS İK-nin qərarı ilə verilmiş xx.xx.1991-ci il tarixli, 001436 nömrəli orderə əsasən yuxarıda qeyd olunan mənzilin xidməti mənzil olduğu müəyyən edilmişdir. Xidməti mənzil sahələri xüsusi təyinatlı mənzil sahələri hesab olunur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(112)-9575/2024 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 63 ünvanında yerləşən ümumi sahəsi 23,57 kv. metr olan 2 (iki) otaqlı 19 №li mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya etiraza uyğun və qanunvericilik normaları sadalanmaqla əsaslandırılmışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-48- 2F/2-A-04736/2023 saylı məktubu ilə İddiaçı təqdim edilmiş Bakı şəhəri Xətai Rayon XDS İK-nin (indiki Xətai RİH) “vətəndaş İddiaçı xidməti mənzil ayrılması barədə” xx.xx.1991-ci il tarixli, № 19/15.4 saylı qərardan görünür ki, 829-cu keçiddə yerləşən 63 saylı yaşayış binasının ümumi sahəsi 23,57 kv. metr olan 2 otaqlı 19 №li mənzilin xidməti mənzillər siyahısına daxil edilməsi və mənzilə dair İddiaçı 2 nəfər ailə tərkibi ilə birlikdə xüsusi order verilməsi qərara alınmışdır. - Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 19/15.4 saylı qərarı əsasında İddiaçı xx.xx.1991-ci il tarixdə verilmiş 001436 nömrəli xüsusi orderin surətindən müəyyən olunur ki, qeyd olunan order İddiaçı 2 nəfər ailə tərkibi ilə 829-cu keçiddə yerləşən 63 nömrəli evin, 19 saylı xidməti mənzilinə köçmək üçün verilmişdir. - X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № **********022 saylı notarial qaydada təsdiq olunmuş ərizənin surətindən müəyyən olunur ki, o, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № **********757 saylı notarial qaydada təsdiq olunmuş ərizənin surətindən müəyyən olunur ki, o, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixdə “Asan 6” tərəfindən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X1, xx.xx.2002-ci il təvəllüdlü X8, xx.xx.1994-cü il təvəllüdlü X3 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. - İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Xətai RİH-nin xx.xx.2023-cü il tarixli, 5-11/2-A-130-091/2023 №-li və xx.xx.2023-cü il tarixli, 5- 11/2-A-147-091/2023 №li cavab məktubunda qeyd olunmuşdur ki, “araşdırma zamanı, rayon XDS İK-nin qərarı ilə verilmiş xx.xx.1991-ci il tarixli, 001436 nömrəli orderə əsasən yuxarıda qeyd olunan mənzilin xidməti mənzil olduğu müəyyən edilmişdir. Xidməti mənzil sahələri xüsusi təyinatlı mənzil sahələri hesab olunur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz”. - Xətai RİH Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli, № 3-52- 13-2/2-746/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş 85 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, № 10 saylı məktubunda göstərilmişdir ki, Gəncə prospekti bina 63, Xətai MKTB-nin balansında olan 9 mərtəbəli 6 girişli, çoxmənzilli evdir. 1981-ci ildə istifadəyə verilmişdir. Həmin binanın 19 saylı mənzili, hal-hazırda orada yaşayan İddiaçı məxsusdur. Mənzil ona Xətai rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1991-ci il tarixli 001436 saylı xüsusi xidməti order ilə verilmişdir. Hazırda mənzildə yaşayanlar : 1. İddiaçı - qeydiyyat tarixi xx.xx.1992; 2. Abdullayeva A. S. - qeydiyyat tarixi xx.xx.1992; 3. X6 - qeydiyyat tarixi xx.xx.2016; 4. X4 - qeydiyyat tarixi xx.xx.1994; 5. X7 – qeydiyyat tarixi xx.xx.2002. Beləliklə işdən müəyyən olunur ki, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 63, 19 saylı mənzildə uzun illərdir ki, faktiki yaşayır. Həmin mənzildə onun ailə üzvlərindən savayı qeydiyyatda başqa şəxslər yoxdur. İddiaçı cavabdehə müraciət edərək onunla həmin mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə qeyd olunan mənzilin xidməti mənzil olduğunu və xidməti mənzil sahələrinin xüsusi təyinatlı mənzil sahələri hesab olunduğunu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilmədiyini əsas gətirərək tələbin təmin edilməsindən imtina etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından, həmçinin həmin mənzildə onun ailə üzvlərindən savayı qeydiyyatda başqa şəxslər olmadığından, başqa sözlə şəxsin mənzilə hüququnun tanınması digər şəxslərin maraq və manefərinə toxunmadığından mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iddiaya etirazın və tələbin təmin olunmasından imtinanın dəlilləri ilə eynilik təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): Maddə 51. Yaşayış sahəsinin icarə müqaviləsi. Yaşayış sahəsinin icarə müqaviləsinin bağlanması. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsinin icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsinin birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 52. Yaşayış sahəsinin icarə müqaviləsinin predmeti. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. Maddə 100. Xidməti yaşayış sahəsi. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 5. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi. 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. ... 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 6. Mənzil münasibətləri 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; 6.0.2. xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi; Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; ... 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək; Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtinasının, o cümlədən apelyasiya şikayətinin əsası kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin tələblərinə (Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz) istinad etmişdir. Halbuki, iddiaçının tələbi mübahisəli mənzilin özgəninkiləşdirilməsi, icarəyə və ya kirayəyə verilməsindən deyil, onunla həmin mənzilə dair kirayə müqaviləsinin bağlanmasından ibarətdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının onunla kirayə müqaviləsi bağlanması iddiasında olduğu 19 saylı mənzilin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 63 ünvanında yerləşən yaşayış binasının bir neçə mənzilin və onun verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərdən də müəyyən olunur ki, hal-hazırda iddiaçı ilə oxşar sənədlərə malik olan digər şəxslərin (həmin binada yerləşən mənzillərin sakinlərinin) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Bu hal isə bərabərlik məfhumu baxımından iddiaçıya münasibətdə də tətbiq olunaraq mənzilə dair kirayə müqaviəsinin bağlanmasına əsas verir və eləcə də əks yanaşma isə iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, order əsasında digər şəxs ilə mənzilə dair kirayə müqaviləsi bağlanıldığından, iddiaçının da bərabərlik hüququnun məfhumu baxımından order əsasında kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququ yaranır. İddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində əks olunan mövqeyin pozulmasına səbəb ola bilər və iddiaçının bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. Bundan əlavə qeyd olunmalıdır ki, mübahisəli mənzilin iddiaçıya ayrılmasına dair müvafiq qərar və hənin qərar əsasında mənzilə köçmək üçün order verilərkən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsinin icarə müqaviləsi haqqında həmin Məcəllənin müvafiq maddələri ilə müəyyən olunmuş qaydalar ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanırdı. Beləliklə, məhkəmə kollegiyası istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
Qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(112)-9575/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev