Məhkəmə qərarları › İş №2-1(103)-71/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-71/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-71/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2860/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra DSMFnin Səbail rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1980-1985-ci illərdə təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 52 yaşı tamam olduğu tarixdən, yəni 07.05.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 1980-1985-ci illərdə təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 07.05.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. O, 1980-cı ildən 1985-ci ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır. 10.08.1985-ci ildən hazırki vaxta qədər əmək fəaliyyəti ilə məşğul olur. Həmin işlər zərərli iş şəraitində aparılan işlərə aiddir. O, AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahı üzrə 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Səbail rayon Şöbəsinə müraciət etmişdir. lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2860/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2860/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Apellyasiya şikayəti və apellyasiya icraatı zamanı təqdim edilmiş şikayətə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının 8 il 5 ay 6 gün güzəştli stajı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Dünyamin Novruzov apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - İddiaçı xx.xx.1962-ci ildə Gədəbəy rayonunda doğulmuşdur (AZE 0******* №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı 1980-cı ildən 1985-ci ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır (NV 969044 №-li Diplom). - İddiaçı 10.08.1985-ci ildən 16.11.1985-ci ilə qədər «Neft Daşları» NQÇİ-nin Buxar turbin elektrik stansiyasında qazan bölməsinin böyük maşinisti, 16.11.1985-ci ildən 15.04.1987-ci ilə qədər Qaz turbin elektrik stansiyasında qazturbin qurğularının maşinisti, 15.04.1987-ci ildən 01.02.1994-cü ilə qədər İstilik-elektrik stansiyasında növbə rəisi, 31.01.1994-cü ildən 06.05.1998-ci ilə qədər «28 May» adına NQÇİ-də 2 №-li SKS-in turbin avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis, 11.05.1998-ci ildən 01.06.1999-cu ilə qədər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Səngəçal terminalında operator vəzifəsində işləmiş, 01.06.1999-cu ildən hazırki vaxta qədər «Bi.Pi Eksploreyşn» LTD-də operator, supervayzer, mühəndis, mütəxəssis, qrup rəhbərinin müavini, qrup rəhbəri vəzifəsində işləyir (əmək kitabçası və arxiv arayışları). - İddiaçının AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarındakı «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının Xİİİ bölməsinin 2140000a-13785, 2140000a-13658 və 2140100b- 24043 şifrlərinə əsasən güzəştli şərtlərlə iş stajı 8 il 5 ay 21 gün təşkil edir («Neft daşları» NQCİ-nin 28.12.2018-ci il tarixli AR01-ink/88-Ə №-li Arayışı). Hazırda iddiaçı ona 1980-1985-ci illərdə təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 07.05.2019-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2nömrəli Siyahısı»nınXİİ Bölməsinin 3-cü yarımbölməsinin 2130301b-22177–mühəndislər, Xİİİ Bölməsinin 2140000a-13785 – qazan bölməsinin böyük maşinisti, 2140000a-13658 – qaz turbin qurğularının maşinisti, 2140100b- 24043 – növbə rəisi peşələrə uyğunlaşdırılmalıdır. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 07.05.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 10 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı zərərli staj illərini aşağıda göstərilmiş qayda istinad edir: 1) 10.08.1985 - 16.11.1985 (buxar turbin elektrik stansiyasına qazan bölməsinin böyük maşinisti) 2) 16.11.1985 - 15.04.1987 (qaz turbin elektrik stansiyasında qazturbin qurğularının maşinisti) 3) 15.04.1987 – 01.02.1994 ( istilik-elektrik stansiyasında növbə rəisi) 4) 31.01.1994 – 06.05.1998 ( “28” May adına NQÇİ-də 2 №-Lİ SKS-in turbin avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis və 12-ci dərəcəli növbə rəisi) Məhkəmə kollegiyası iddiaçının işlədiyi 10.08.1985 – 01.02.1994-cü staj illərini AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarındakı «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının Xİİİ bölməsinin 2140000a-13785, 2140000a-13658 və 2140100b-24043 şifrlərinə əsasən güzəştli şərtlərlə zərərli iş kimi sayaraq iddiaçının 8 il 5 ay 16 gün güzəştli stajı olmasını qəbul edir. Həmçinin qeyd edilmiş hal iş materiallarında olan «Neft daşları» NQCİ-nin 28.12.2018-ci il tarixli AR01-ink/88- Ə №-li Arayışı ilə də öz təsdiqi tapmışdır. Lakin məhkəmə kollegiyası iddiaçının işlədiyi 31.01.1994 – 06.05.1998-ci staj illərini güzəştli staj illəri kimi qeyd edilməsini qanunsuz hesab edir. Belə ki, qeyd edilmiş halın aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “28 May Neft və Qazçıxarma İdarəsinə” məhkəmə sorğusu göndərilmişdir. Məhkmə daxil olan cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının 04.02.1994-06.05.1998-ci illər güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə və peşələrin siyahısında nəzərdə tutulmamışdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçının “28” May adına NQÇİ-də işlədiyi 2 №-Lİ SKS-in turbin avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis və 12-ci dərəcəli növbə rəisi vəzifələri Nazirlər Kabinetinin müvafiq qərarında da öz əksinin tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçının qanunvericiliklə tələb edilmiş 12 illik güzəştli stajının olmadığı üçün iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2860/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar