Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-71/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (3-cü şəxs: “xxxx” MMC) qarşı “06 sentyabr 2018-ci il tarixli **********716700 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)-1210/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 19 iyul 2018-ci il tarixli **********217400 nömrəli vergilərin hesablanması barədə qərarının ləğv edilməsi baradə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 06 sentyabr 2018-ci il tarixli **********716700 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş hakim A.Abdullayevanın 11 oktyabr 2018-ci il tarixli 2-1(81)- 4215/2018 saylı qərardadı ilə hazırkı işə birləşdirilmişdir. Cavabdehin nümayəndəsi “Vergilərin hesablanması barədə” 06 sentyabr 2018-ci il tarixli **********716700 saylı qərarı məhkəməyə təqdim edərək, həmin qərar əsasında 19 iyul 2018-ci il tarixli **********217400 saylı qərarın ləğv edildiyini, hazırda 06 sentyabr 2018-ci il tarixli **********716700 saylı qərarın qüvvədə olduğunu, 19 iyul 2018-ci il tarixli **********217400 saylı qərarın hüquqi qüvvəsini itirdiyini bildirərək iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(81)-3723/2018 saylı, 29.10.2018-ci il tarixli qərardadı ilə iş üzrə icraata 19 iyul 2018-ci il tarixli **********217400 saylı qərarın ləğv edilməsi hissəsində xitam verilmişdir. Məhkəmənin 2-1(81)-1210/2019 saylı, 14.02.2019-cu il tarixli qərardadına əsasən İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı 06 sentyabr 2018-ci il tarixli **********716700 saylı vergilərin hesablanması barədə qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmışdır. Həmin qərardaddan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.04.2019-cu il tarixli 2- 1(103)- 1005/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.02.2019-cu il tarixli 2-1(81)-1210/2019 saylı qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2255/2019 saylı, 14 avqust 2019-cu il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.04.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Bakı şəhəri Lokal Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq təsdiq edilmişdir. Məhkəmənin 03 dekabr 2019-cu il tarixli qərardadına əsasən “xxxx” MMC 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 06 sentyabr 2018-ci il tarixli, **********716700 saylı vergilərin hesablanması barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən vergilərin hesablanması barədə qərarın qəbul edilməsinə səbəb hesab faktura məlumatlarına görə vergi məbləği və yaranmış kənarlaşmanı göstərirlər. Cavabdeh hesab faktura məlumatlarına görə vergi məbləği və yaranmış kənarlaşma dedikdə nəyi nəzərdə tutur, bu məlum deyil. Daha sonra cavabdeh Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Departamenti 07 sentyabr 2018-ci il tarixli, **********96600 saylı məktubla kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərir. Həmin məktubda göstərilir ki, (vergi dövrü: iyun 2018-ci il) 07 avqust 2018-ci il tarixdə təqdim olunmuş bəyannamə üzrə göstərilən səbəbdən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Belə ki, 07 avqust 2018-ci il tarixdə təqdim olunmuş bəyannamə boş şəkildə verilmişdir. Ona görə ki, müəssisə işləmədiyi halda hansı hesablamadan söhbət gedə bilər. Yəni cavabdeh 07 sentyabr 2018-ci il tarixli, **********96600 saylı məktubda vergi dövrünü iyun ayı göstərir. İyun ayında isə müəssisə işləməmişdir. 06 sentyabr 2018ci il tarixli, **********716700 saylı qərarında faizlərin hesablanması barədə qərarın təfsilatı bölümündə cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğindən qanunvericliklə müəyyən edilmiş dərəcə ilə faiz tutulur. Daha sonra cavabdeh göstərir ki, göstərilənlərlə əlaqədar olaraq vergi və ya cari vergi ödəmələri üzrə borcların Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə ödənilməsi vacibdir. Göstərilənlərə əsasən Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 06 sentyabr 2018-ci il tarixli **********716700 nömrəli vergilərin hesablanması barədə qərarı əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)- 1210/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh 07.09.2018-ci il tarixli, **********96600 saylı məktubda vergi dövrünü iyun ayı göstərir. 2018-ci ilin iyun ayında isə müəssisə işləməmişdir və hər hansı əvəzləşdirmə aparılmamışdır. Belə olan halda aparılmamış əvəzləşdirmə necə ləğv olunur. Məhkəmə bu məqama düzgün qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç bir şəxsə qanuni əsaslar olmadan vergi hesablana bilməz. Vergi orqanlarına qanunauyğun olmayan əvəzləşdirmələri ləğv etmə səlahiyyəti verilmişdir, lakin olmayan əvəzləşdirməni ləğv etmək kimi bir səlahiyyət Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Hal-hazırda Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Departamenti vəzifə səlahiyyətlərini aşaraq qanunda nəzərdə tutulmayan hesablama aparmışdır ki, bununla da Konstitusiyanın 73-cü maddəsinin İİ hissəsini və vergi qanunvericiliyini pozmuşdur. 2009-cu ildə elektron vergi hesab faktura hələ qanunda yox idi. Vergi hesab fakturaları kağız daşıyıcılarda yazılırdı. Mallar, işlər, xidmətlər alınmadan əvəzləşdirmə aparıla bilməz. Məhkəmə 2009-cu ildə olan əməliyyat üzrə malın alınmadığını necə müəyyən etdi, bu məlum deyildir. Digər tərəfdən mallar, işlər, xidmətlər alınmadığı sübuta yetirilərsə əvəzləşdirmənin ləğv olunması Vergi Məcəlləsinə olan və 2020-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi ilə mümkündür. Məhkəmənin qərarı elan olunarkən istinad etdiyi maddə qanunda belə yox idi. 2018-ci ilin iyun ayında əvəzləşdirmə aparılmamışdır ki, ləğv edilsin. Məhkəmə, qərarında özü-özünü inkar etmişdir. Belə ki, qərarında vergi orqanlarının səlahiyyətlərini sadalayır, lakin heç bir yerdə göstərmir ki, olmayan əvəzləşdirməni ləğv etmək səlahiyyəti vergi orqanlarına verilmişdir, çünki belə səlahiyyət ola da bilməz. Olmayan səlahiyyət necə ləğv oluna bilər. Hesabatlardan və məhkəməyə təqdim edilən digər sənədlərdən görünür ki, “xxxx” MMC 2018-ci ilin iyun ayında göstərilən 1.530.000 manat əvəzləşdirmə məbləği göstərməmişdir. Yəni, hesablama “0”, əvəzləşmə “0” və büdcə ilə hesablaşmalar “0” göstərilmişdir. Əvəzləşmə məbləği “0” göstərilmişdirsə, onda sual olunur ki, vergi orqanı nəyi əvəzləşdirmədən çıxarmışdır və məhkəmə də vergi orqanının bu qanunsuz hərəkətini nədə haqlı görmüşdür. Apellyasiya şikayətinə etiraz: Etiraz onunla əsaslandırılmışdır ki, 29.04.2017-ci il tarixdə 2014-cü ilin aprel ayı üçün iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində “xxxx” MMC-dən əldə edilmiş 546224 nömrəli GD seriyalı elektron vergi hesab fakturasına əsasən 1.530.000 manat dəyərində əvəzləşdirmə aparılmışdır. Bununla bağlı iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 03.07.2018-ci il tarixli **********643800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin iddiaçı tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən və uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən qeyd olunan elektron vergi hesab fakturasının əldə edilmədiyi müəyyən edilmişdir. Odur ki, 19.07.2018-ci il tarixdə 2018-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 1.530.000 manat əlavə dəyər vergisi hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə 19.07.2018-ci il tarixli **********217400 saylı “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının 2009-cu ildə elektron vergi hesab fakturasının olmaması ilə bağlı dəlillərinə münasibətdə bildirilir ki, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması iddiaçı tərəfindən 06.09.2018-ci il tarixdə 2018-ci ilin iyun ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsinə əsasən hesablanmışdır. Bundan başqa kameral vergi yoxlaması aparılan dövrə artıq elektron vergi hesab fakturası haqqında qanun qanuni qüvvəsini almışdır (2009-cu il 19 iyun tarixli 835-İİİQD saylı qanun). İddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 09.08.2018-ci il tarixli **********154400 saylı uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən 06.09.2018-ci il tarixdə 2018-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 1.530.000 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə 06.09.2018-ci il tarixli **********716700 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Göründüyü kimi qanunvericilik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Cavabdeh həmin səlahiyyətindən istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq, vergilərin hesablanması barədə qərar qəbul etmişdir. 06.09.2018-ci il tarixli **********716700 saylı “Vergilərin hesablanması barədə” qərar qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia tələbi tamalilə əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçı MMC barəsində verilmiş 06 sentyabr 2018-ci il tarixli, **********716700 saylı vergilərin hesablanması barədə qərardan görünür ki, iyun 2018-ci il tarixli vergi dövrü üzrə aparılmış kameral yoxlama nəticəsində 1.530.000 manat məbləğində yaranmış kənarlaşmaya əsasən vergi məbləği hesablanmışdır. İşdə olan “xxxx” MMC tərəfindən alıcı “xxxx” MMC-yə təqdim edilmiş GD seriyalı, 546224 saylı, 29 may 2009-cu il tarixli vergi hesab-fakturasından görünür ki, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV olaraq 1.530.000 manat məbləğində pul vəsaiti hesablanmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyıcısındən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.3 vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyənnaməsində “xxxx” MMC-dən əldə edilmiş 546224 nömrəli GD seriyalı elektron vergi hesab fakturasına əsasən 1.530.000 manat dəyərində əvəzləşdirmə aparıldığı müəyyən edilsə də, lakin uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən qeyd olunan elektron vergi hesab fakturasının əldə edilmədiyi müəyyən edilmiş, bu da vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunvericliyin tələblərinə zidd olaraq “xxxx” MMC-dən elektron vergi hesab fakturası əldə edilmədiyi halda həmin faktura üzrə ******* manat dəyərində əvəzləşdirmə aparılmışdır. Halbuki, ƏDV-yə cəlb olunan və əvəzləşməyə təqdim olunan hər bir əməliyyatın arxasında mal, iş və yaxud xidmət durmalıdır. Hazırkı halda vergi ödəyicisi tərəfindən malı alınmadan, iş və yaxud xidmət göstərilmədən ümumiyyətlə aparılmamış əməliyyatlara və alınmamış elektron vergi hesab fakturasına görə ƏDV-nin əvəzləşdirilməsi əsassız olmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)-1210/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)- 1210/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-71/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-71/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver