Məhkəmə qərarları › İş №2-1(103)-71/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-71/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-71/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X24 qızının, İddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı X5 (xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X26” Şirkəti) “texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1062/2020 saylı, 26.11.2020-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs “X26” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X11 20 dekabr 2019-cu il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanında inşa etdiyi, hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m təşkil edən birmərtəbəli qarajına texniki pasportun tərtib olunması və verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh **********1 saylı 15 Noyabr 2019-cu il tarixli məktubla iddiaçıya bildirib ki, qarajın layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur, torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim olunmayıb, elektron kadastr baza məlumatına əsasən Azərbaycan Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir, müvafiq icra hakimiyyəti orqanının tikintinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı təqdim olunmayıb. Cavabdehin texniki pasport verməkdən imtina ilə bağlı bəhanələri əsassız və qanunsuzdur: 1. Cavabdeh qarajın layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğunu göstərsə də bu uyğunsuzluğun nədən ibarət olduğunu əsaslandırmayıb. Əslində qarajın layihəsi ilə faktiki vəziyyəti arasında heç bir uyğunsuzluq mövcud deyil. 2. Cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim olunmaması barədə bəhanəsi də əsassızdır. Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 276 saylı orta məktəbin yanında iddiaçıya məxsus daş qaraj mövcud olub. 14 Avqust 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi həmin qaraja texniki pasport vermişdi. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 saylı 19 yanvar 2011-ci il tarixli qərarı və 206 saylı 23 may 2012-ci il tarixli sərəncamı ilə iddiaçının qarajının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ayrılıb, bu səbəbdən iddiaçının qarajı da daxil olmaqla həmin torpaq sahəsində inşa edilmiş bütün qarajlar sökülüb. Buna görə də Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 aprel 2018-ci il tarixli sərəncamı ilə sökülmüş qarajın əvəzinə iddiaçıya Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 2-ci kilometr 4 ünvanda yeni qaraj inşa etməsi üçün torpaq sahəsi ayrılıb, qarajın eskiz layihəsi təsdiq edilib. Həmin eskiz layihəsində iddiaçının tikəcəyi birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsi 9,6m.x 9,4m.= 90,24 kv.m. nəzərdə tutulub. İddiaçı hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 aprel 2018-ci il tarixli sərəncamını və eskiz layihəni 07 noyabr 2019-cu il tarixli ərizəsinə əlavə edib. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 aprel 2018-ci il tarixli sərəncamı tikintiyə hüquqmüəyyənedici sənəd hesab olunur. Cavabdehin guya iddiaçının inşa etdiyi qarajın Azərbaycan Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması barədə bəhanəsi də əsassızdır. Cavabdeh nəzərə almayıb ki, iddiaçının qarajı inşa etdiyi Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 2-ci kilometr ərazinin hər tərəfi yaşayış evləri ilə məskundur. İddiaçının qarajı yaşıyış sahələrinin içərisində, evlərin arasında yerləşir. Həmin ərazinin Azərbaycan Respublikası Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Cavabdehin müvafiq icra hakimiyyəti orqanının tikintinin inşa edilməsinə icazə barədə qərarının və istismara qəbul aktının təqdim olunmaması ilə bağlı bəhanəsi də əsassız və qanunsuzdur. Cavabdeh nəzərə almayıb ki, iddiaçının layihədə nəzərdə tutduğu ölçülərdə qaraj tikintisi üçün müvafiq icra orqanlarından icazə alması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsi: Hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. İddiaçının tikdiyi yardımçı tikili hesab olunan birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsi isə 90,24 kv.m. təşkil edir. Digər tərəfdən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 Aprel 2018-ci il tarixli sərəncamının 1-ci bəndində qarajın tikintisinə icazə verilib. İddiaçıya torpaq sahəsi sökülmüş qarajının yerləşdiyi torpaq sahəsinin əvəzinə ayrılıb. Sökülmüş qaraja görə isə iddiaçıya hər hansı kompensasiya və yeni qaraj tikintisi üçün çəkəcəyi xərclər də ödənilməyib. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, o cümlədən qarajlar üçün tikinti obyektinin istismarına icazə nəzərdə tutulmayıb. 19.02.2020-ci il tarixli məhkəmə iclasında Dövlət Neft Şirkətinin (SOCAR), 08.06.2020-ci il tarixdə isə “X26” şirkətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 27.10.2020-ci il tarixli qərardadı ilə 13.11.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Sumqayıt şossesi 2-ci kilometr 4 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində tikilmiş qeyri-yaşayış sahəsi (avtomobillərə texniki xidmət mərkəzi) “SOCAR” yanacaq doldurma məntəqəsinə ayrılmış ərazidə yerləşir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1062/2020 saylı, 26.11.2020-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanda inşa edilən hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m. təşkil edən birmərtəbəli qaraja iddiaçı X5 adına texniki pasportun tərtib olunması və verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq ünvanda yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan başqa, müvafiq qeyri-yaşayış binasına dair təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, qeyri-yaşayış binası daxilində yenidənqurma (rekonstruksiya) işləri aparılmış və perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə, müvafiq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin İdarənin elektron kadastr baza məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirkət həmin iş üzrə məhkəmə tərəfindən müvafiq qərardadla üçüncü şəxs qismində cəlb edilmiş, lakin işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilərkən Şirkətin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bununla da Şirkətin iş üzrə üçüncü şəxs olaraq öz maraqlarını müdafiə etmək, zəruri sübutları məhkəmədə təqdim etmək kimi hüquqları pozulmuşdur. sözügedən qarajın yerləşdiyi torpaq sahəsinin Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşibyerləşməməsi barədə Məhkəmə tərəfindən verilmiş 19.06.2020-ci il tarixli sorğuya cavab olaraq Şirkət 03/855 saylı, 22.07.2020-ci il tarixli məktubla bildirmişdir ki, nəzərdə tutulan torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş birmərtəbəli qaraj Şirkətin Saziş ərazisi hüdudları daxilində yerləşməklə müvafiq koordinatlar daxilindədir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-851/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva,A.Hüseyn,H.Həmidov) İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 22.11.2021-ci il tarixli, 10/3635 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən qeyd edilmişdir ki, iddiaçı X11 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanında inşa edilən qarajın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Neft Şirkətinin 18 aprel 1994-cü il tarixli məktubunda qeyd olunanlara əsasən, “Binəqədineft” NQÇİ-nin balansından çıxarıldığı müəyyən edilir; iddiaçı X11 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanında inşa edilən qarajın yerləşdiyi torpaq sahəsinin X6 adına rəsmiləşdirilmiş 20.05.2017-ci il tarixdə reyestrdə **********975- 06301 nömrəsi ilə qeydiyyata alınmış ½ hissəsi X3, ½ hissəsi X5 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilmiş ərazinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməmələrini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş üçüncü şəxs ARDNŞ-nin nümayəndəsi X17 və digər üçüncü şəxs “X26” Şirkətinin nümayəndəsi X12 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətinə **********71 nömrəli 15.11.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, belə ki, layihə daxilində rekonstruksiya işləri aparılmış və perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla yanaşı elektron kadastr baza məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsindən 14.08.2008-ci il tarixdə verilmiş Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qaraj X1 istifadəsində olmuşdur, həmin ərazidə aparılan abadlıq-quruculuq işləri çərçivəsində qarajın sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verilmişdir. - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 115 nömrəli 13.04.2018-ci il tarixli Sərəncamında göstərilmişdir: “1.X1 Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qarajın rayon ərazisində aparılan abadlıqquruculuq işləri çərçivəsində sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verilsin. 2. X1 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında tikintisi nəzərdə tutulan qarajın təqdim edilən layihəsi ("xxxx" MMC) təsdiq edilsin. 3. Tikinti işləri aparılarkən sahədə aşkar olunmamış mühəndis kommunikasiya xəttləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsi X1 vəsaiti hesabına həyata keçirilsin. 4. Tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və tikinti işləri başa çatdıqdan sonra müvafiq sənədləşdirmə işlərinin aparılması vətəndaş X9 tapşırılsın.” - X5 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında tikintisi nəzərdə tutulan qarajın təqdim edilən layihəsi ("xxxx" MMC) təsdiq edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanda yerləşən qeyri-yaşayış binası (yanacaqdoldurma məntəqəsinin əmlakı) X13 və X5 paylı mülkiyyətlərindədir. Torpaq sahəsi üzərində isə istifadə hüququ qeydiyyata alınmışdır. - X13 24.11.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 07.02.1994-cü il tarixli 156 saylı sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şossesi (hazırkı ünvan: Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 2-ci km 4) ünvanında yerləşən yanacaqdoldurma məntəqəsinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda qayınatası X14 tərəfindən inşa edilmiş yanacaqdoldurma məntəqəsi vərəsəlik əsasında ona və həyat yoldaşı İddiaçı keçmişdir və hazırda fəaliyyətdədir. Yanacaqdoldurma məntəqəsi ərazisində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qərarına əsasən İddiaçı sökülmüş qarajının əvəzi olaraq yenisinin inşa edilməsinə icazə verilmiş və qarajın tikintisi başa çatmışdır. Qarajın tikilməsi zamanı onun razılığı alınmışdır və hal-hazırda ondan istifadəyə etiraz etmir. Məlumat üçün bildirir ki, həmin yanacaqdoldurma məntəqəsi onun tərəfindən SOCAR PETROLEUM QSC-yə icarəyə verilmişdir. - “X26” şirkəti 03/855 nömrəli 22.07.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi 360431 saylı neft quyusunun və neft kollektorunun mühafizə zonasında yerləşir. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı 07.10.2020-ci il tarixli 7-2908/17 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq müvafiq sərəncamdan çıxarış təqdim etmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 07.02.1994-cü il tarixli 156 nömrəli Sərəncamdan çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin 04.01.1994-cü il tarixli 01-11/15 saylı məktubu nəzərə alınaraq Binəqədi rayonu, Sumqayıt şossesində Biləcəri qəsəbəsinin qərbində yanacaq doldurma məntəqəsinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X28 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır: Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanda inşa etdiyi, hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m təşkil edən birmərtəbəli qaraja texniki pasportun verilməməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının tikdiyi yardımçı tikili hesab olunan birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsi isə 90,24 kv.m. təşkil etmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 aprel 2018-ci il tarixli sərəncamının 1-ci bəndində qarajın tikintisinə icazə verilmişdir. İddiaçıya torpaq sahəsi sökülmüş qarajının yerləşdiyi torpaq sahəsinin əvəzinə ayrılmış, sökülmüş qaraja görə isə iddiaçıya hər hansı kompensasiya və yeni qaraj tikintisi üçün çəkəcəyi xərclər də ödənilməmişdir. Beləliklə yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin X5 Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qarajın rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verildiyindən və həmin qeyri-yaşayış sahəsinin layihəsinin təsdiq edildiyindən, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində mövcud olan və hazırkı iddia ilə texniki pasportun verilməsi tələb olunan tikili tikintisinə (istismarına) icazə tələb olunmayan tikili hesab edildiyindən, cavabdeh inzibati orqan texniki pasportun tərtibini istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənatəinə gəlmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlili olan işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilərkən Şirkətin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan işin birinci instansiya icraatı zamanı məhkəmə bildirişlərin göndərilməsi barədə reyestrdən görünür ki, məhkəmə tərəfindən üçüncü şəxs “X26” şirkətinə müvafiq bildirişlər ünvanlanmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması ilə bağlı qeyd edir ki, 22.11.2021-ci il tarixli, 10/3635 nömrəli ekspert rəyinin nəticə hissəsindən də göründüyü kimi iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanında inşa edilən qarajın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Neft Şirkətinin 18 aprel 1994-cü il tarixli məktubuna əsasən “Binəqədineft” NQÇİ-nin balansından çıxarılmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82,87,90,94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs “X26” Şirkətinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1062/2020 saylı, 26.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olaraq 100 (yüz) manat tərəflər arasında bərabər şəkildə bölünərək 50 (əlli) manat iddiaçı X4 və 50 (əlli) manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: Adı – Dövlət xəzinədarlığı Agentliyi; Kodu: 210005; VÖEN **********; Müxbir hesab – AZ41NABZ********************; SFİFT BİK – CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN- **********; Hesab – AZ34OTRE******************** hesabına köçürülsün. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar