Məhkəmə qərarları › İş №2-1(103)-71/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-71/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-71/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X10 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-310/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 X4 Türkan ərazisindəki 29/3498 nömrəli bağın İstifadəyə verilməsi barədə 38151 saylı xx.xx.2006-cı il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Əzizbəyov rayonunun Türkan ərazisində 0,05 hektar sahəsi olan 29/3498 nömrəli bağ sahəsi istifadəsinə verilmişdir. İddiaçı ona verilmiş bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Faiq Nağıyev və Partnyorları” vəkil bürosuna (iddiaçını təmsil edən vəkilin fəaliyyət göstərdiyi büro) ünvanlanmış xx.xx.2021-ci il tarixli **********02 saylı məktubda qeyd olunmuşdur ki, sözügedən bağ sahəsi ilə bağlı arxiv qovluğunda mövcud olan sənədlərə əsasən AzTU “Təbriz" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0.05 hektar torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X7 adına xx.xx.1992-ci il tarixli (05/010), 59 nömrəli order verilmişdir. Həmin order nüsxəsinin üzərində “Türkan qəsəbəsi, 29/3498, 500.0 kv.m” qeydi vardır. X7 vəfatından sonra ailə üzvləri və İddiaçı “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində ayrılmış 59 nömrəli bağ sahəsinin sonuncunun adına keçirilməsi ilə bağlı ərizə ilə keçmiş X3 və istismarı Birliyinə müraciət etmişlər. Daha sonra keçmiş X3 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli protokoluna əsasən Türkan qəsəbəsində yerləşən 29/3498 nömrəli (0.05 hektar) bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı ilə xx.xx.2006-cı il tarixli, 38151 nömrəli müqavilə bağlanılmışdır. Sözügedən bağ sahəsinə dair cizgi və ya yerləşmə planı arxiv qovluğunda aşkar olunmamışdır. “Təbriz” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda isə birliyin ərazi planı və ayrıc aktı mövcuddur. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Texniki Universiteti (bundan sonra AzTu) “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatının 59 saylı orderi əsasında X3 və İstismarı Birliyi tərəfindən Türkan qəsəbəsində ona ayrılmış 0,05 hektar bağ sahəsinin yerləşmə yeri ilə ona dair verilmiş sənədlərdəki uyğunsuzluğun aradan qaldırılmaqla bağ sahəsinin yerləşdiyi 0,05 hektar yerə uyğun olaraq hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, AzTU “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0,05 ha torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X7 adına verilmiş xx.xx.1992-ci il tarixli (05/10), 59 nömrəli order və həmin bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış 38151 saylı, 01 avqust 2006-cı il tarixli müqavilə əsasında iddiaçının xüsusi mülkiyyət hüquqlarının bağ sahəsinin faktiki yerləşdiyi 0,0492 hektar yerə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi (bundan sonra Birlik) Türkan ərazisindəki 29/3498 nömrəli bağın istifadəyə verilməsi haqqında 38151 saylı, 01 avqust 2006-cı il tarixli müqavilə ilə Birliyin xx.xx.2006-cı il tarixli 14 saylı protokoluna əsasən ona Xəzər (Əzizbəyov) rayonu Türkan ərazisində 0,05 ha torpaq sahəsi olan 29/3498 nömrəli bağı istifadəyə verilmişdir. Həmin bağ sahəsinə çıxarışın verilməsi üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin cavabdeh tərəfindən ərizəsinə 15 yanvar 2021-ci il tarixli **********77 saylı məktubla imtina cavabı verilərək, məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 2200 metr kənarda yerləşir. Ona görə də həmin bağ sahəsinə çıxarışı hazırki vaxtadək ala bilməmişdir. Həmin məktubu aldıqdan sonra vəkil sorğusu ilə cavabdehə müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh qeyd etmişdir ki, “sözügedən bağ sahəsi ilə bağlı məlumat üçün bildiririk ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən AzTu “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0,05 ha torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X7 adına xx.xx.1992-ci il tarixli (05/10), 59 nömrəli order verilmişdir. Həmin order nüsxəsinin üzərində “Türkan qəsəbəsi, 29/3498, 500.0 kv. m.” qeydi vardır. X7 vəfatından sonra ailə üzvləri və İddiaçı “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində ayrılmış 59 nömrəli bağ sahəsinin sonuncunun adına keçirilməsi ilə bağlı ərizə ilə keçmiş X3 və İstismarı Birliyinə müraciət etmişlər. Daha sonra keçmiş X3 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli protokoluna əsasən Türkan qəsəbəsində yerləşən 29/3498 nömrəli (0.05 hektar) bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı ilə xx.xx.2006-cı il tarixli 38151 nömrəli müqavilə bağlanılmışdır. Sözügedən bağ sahəsinə dair cizgi və ya yerləşmə planı arxiv qovluğunda aşkar olunmamışdır. “Təbriz” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda isə birliyin ərazi planı və ayrıc aktı mövcuddur.” Bağ sahəsinin yerləşmə yeri ilə ona dair verilmiş sənədlərdə və cavabdehdə olan məlumatlarda hər hansı uyğunsuzluq varsa, həmin hal onun iradəsindən asılı olmadığı üçün bu uyğunsuzluğun aradan qaldırılması onun səlahiyyətində deyil. Buna görə də cavabdeh orqanının əməkdaşları ilə bir neçə dəfə görüşüb çıxarışın verilməli olduğunu tələb etsə də, nəticəsi olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 2200 m. kənarda yerləşir. Bununla bağlı iddiaçıya **********77 qeydyyat nömrəli xx.xx.2021ci il tarixli məktub ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-310/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, AzTU “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0,05 ha torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X7 adına verilmiş xx.xx.1992- ci il tarixli (05/10), 59 nömrəli order və həmin bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış 38151 saylı, 01 avqust 2006-cı il tarixli müqavilə əsasında iddiaçının xüsusi mülkiyyət hüquqlarının bağ sahəsinin faktiki yerləşdiyi 0,0492 hektar yerə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 2200 metr kənarda yerləşir. Təbriz bağçılıq yoldaşlıq nəzdində 59 bağ nömrəsi Aslanov Elbəу Aslan oğlunun adına qeydiyyatdan keçmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edlərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı X13 hazırki iş üzrə 3-cü şəxs qismində cəlb olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin cəlb edilmiş 3-cü şəxsə heç bir aidiyyatı yoxdur, belə ki, iddia olunan torpaq sahəsi ilə 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsi arasında xeyli məsafə vardır. Bu fakt 3-cü şəxsin özü tərəfindən də məhkəmə iclasında verdiyi izahatla təsdiq olunmuşdur. Belə ki, X13 izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsi arasında xeyli məsafə olmaqla yanaşı, həmin torpaq sahəsinə dair hər hansı iddiası və tələbi də yoxdur. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1829/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işə X8 3-cü şəxs qismində cəlb edilməsi ləğv olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İş materiallarından iddiaçının həmin imtina məktubunu nə vaxt alması müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “AzTU “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0,05 ha torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X7 adına verilmiş xx.xx.1992-ci il tarixli (05/10), 59 nömrəli order və həmin bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış 38151 saylı, 01 avqust 2006-cı il tarixli müqavilə əsasında iddiaçının xüsusi mülkiyyət hüquqlarının bağ sahəsinin faktiki yerləşdiyi 0,0492 hektar yerə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://e-qanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, AzTU “Təbriz" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0.05 hektar torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X7 adına xx.xx.1992-ci il tarixli (05/010), 59 nömrəli order verilmişdir. Həmin order nüsxəsinin üzərində “Türkan qəsəbəsi, 29/3498, 500.0 kv.m” qeydi vardır. X7 vəfatından sonra ailə üzvləri, o cümlədən oğlu İddiaçı “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində ayrılmış 59 nömrəli bağ sahəsinin sonuncunun adına keçirilməsi ilə bağlı ərizə ilə keçmiş X3 və İstismarı Birliyinə müraciət etmişlər. Həmin müraciətə əsasən X3 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli protokoluna əsasən Türkan qəsəbəsində yerləşən 29/3498 nömrəli (0.05 hektar) bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı ilə xx.xx.2006-cı il tarixli, 38151 nömrəli müqavilə bağlanılmışdır. Hazırda iddiaçı atasının adına verilmiş order və özü ilə bağlanmış müqaviləyə əsasən adı çəkilən bağ sahəsinə dair mülkiyyət hüququnun reyestrdə qeydiyyatala alınaraq ona bu barədə çıxarışın verilməsini tələb edir. Lakin cavabdeh qurum iddiaçının tələbinin təmin olunmasından imtina edərək “elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 2200 m. kənarda yerləşməsi və sözügedən bağ sahəsinə dair cizgi və ya yerləşmə planının arxiv qovluğunda aşkar olunmaması”na istinad edir. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA05046-2021 saylı məktubunda qeyd olunmuşdur ki, AzTu “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatının arxiv sənədləri və vətəndaşlara bağ sahələrinə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********91 saylı məktubu ilə “Təbriz” Bağçılıq yoldaşlıq birliyinin ayrıc aktı və xx.xx.2021-ci il tarixli **********72 saylı məktubu ilə “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1992-ci il tarixli, 59 saylı orderinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikas Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, Layihə-Tədqiqat Mərkəzinin mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə tikninti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********30 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində məhkəmə qərardadında qeyd edilmiş suallara cavab olaraq bildirilmişdir ki, göstərilən bağ sahəsi sənəd üzrə 0,05 ha olsa da, faktiki hasar daxili 0,0492 ha təşkil edir. Bağ sahəsinin üzərində tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan sahə bağçılıq-yoldaşlığın Ayrıc Aktından kənarda yerləşməklə heç bir ayrıc aktı daxilinə düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5875 saylı ekspert rəyi də mütəxəssis rəyi ilə eyni məzmunda olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsi ona atasından keçsə də, atasının adına həmin dövrdə AzTU “Təbriz" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli (05/010), 59 nömrəli order hüquqmüəyyənedici sənəd olmaqla yanaşı, sonradan atasının vəfatı ilə bağlı iddiaçının müraciəti əsasında sözügedən bağ sahəsinin onun adına keçirilməsinə razılıq verildiyi üçün bu barədə onunla X3 və İstismarı Birliyi arasında xx.xx.2006-cı il tarixli protokola əsasən Türkan qəsəbəsində yerləşən 29/3498 nömrəli (0.05 hektar) bağ sahəsinin istifadəyə verilməsinə dair 38151 nömrəli müqavilə bağlanılmışdır. Yəni, qeyd olunan bağ sahəsi vaxtilə iddiaçının atasının adına müvafiq “Təbriz" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən ayrılsa da, sonradan iddiaçının müraciəti əsasında yenidən sənədləşdirmə işləri aparılaraq bağ sahəsi X3 və İstismarı Birliyi tərəfindən iddiaçının adına rəmiləşdirilmişdir. Belə olan halda cavabdeh qurumun iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinin “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 2200 m. kənarda yerləşməsi səbəbindən ona imtina verməsi qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, sonuncu dəfə adı çəkilən bağ sahəsi iddiaçının adına rəsmiləşdirilərkən “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən deyil, məhz X3 və İstismarı Birliyi tərəfindən ayrılmışdır. Ona görə də həmin bağ sahəsinin “Təbriz” bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində olmaması səbəbindən imtina verilməsi düzgün olmamışdır. Çünki, qeyd olunduğu kimi, həmin bağ sahəsi sonuncu dəfə iddiaçıya məhz X3 və İstismarı Birliyi tərəfindən ayrılmışdır. Digər tərəfdən, “sözügedən bağ sahəsinə dair cizgi və ya yerləşmə planının arxiv qovluğunda aşkar olunmaması” barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinin vaxtında onu ayıran orqan tərəfindən cizgisinin çəkilməməsi və yerləşmə planının tərtib olunmaması və onun cavabdehin arxiv qovluğunda aşkar olunmaması iddiaçının təqsiri deyil. Hazırki vəziyyətdə isə həmin bağ sahəsinin faktiki yerləşmə vəziyyəti heç bir şəxsin hüququnu pozmadığı üçün onun həmin vəziyyətinə uyğun texniki sənədin tərtib olunması qanunla cavabdeh qurumun vəzifəsinə aid edilmişdir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. İşin apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusu əsasında cavabdeh orqanın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin şimal hissəsində “Enerqoremont” bağçılıq yoldaşlıq birliyi nəzdində Türkan qəsəbəsində yerləşən **********40 reyestr nömrəli 23a/34a saylı bağ sahəsi və cənub hissəsində “Təşəbbüs” bağçılıq-yoldaşlıq birliyi nəzdində **********94 reyestr nömrəli 23 saylı bağ sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan bağ sahələrinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərindən müəyyən olunmuşdu ki, həqiqətən də iddiaçının bağ sahəsinin qonşuluğunda yerləşən müxtəlif şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmış bağ sahələri vaxtilə ayrı-ayrı bağçılıq-yoldaşlıq birlikləri tərəfindən ayrılmışdır, yəni həmin bağ sahələrinin yalnız bir bağçılıq-yoldaşlıq birliyi tərəfindən ayrılması müəyyən olunmur. Odur ki, iddiaçının iddia etdiyi bağ sahəsi əvvəllər mərhum atasına “Təbriz” bağçılıq-yoldaşlıq birliyi tərəfindən, daha sonra isə özünə X3 və İstismarı Birliyi tərəfindən ayrılmasının mümkünlüyü istisna olunmur. Sorğuya cavab məktubuna əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, iddiaçının iddia etdiyi bağ sahəsinin qonşuluğunda olan bağ sahələrinə dair mülkiyyət hüququ üzrə çıxarışların bəziləri cavabdeh qurumun inzibati praktikası, bəziləri isə məhkəmə qərarının icrası əsasında verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?” Hazırki işdən müəyyən olunur ki, iddiaçının bağ sahəsinin qonşuluğunda yerləşən müxtəlif şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmış bağ sahələri vaxtilə ayrı-ayrı bağçılıq-yoldaşlıq birlikləri tərəfindən ayrılsa da, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin şəxslərin adına mülkiyyət hüququna dair reyestrdən çıxarışlar verilmişdir. Deməli, cavabdeh qurumun eyni hüquqi vəziyyətdə, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən vətəndaşlara münasibətdə inzibati praktikası mövcuddur. Belə olan halda iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtinası əsassız olmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-310/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-310/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar