Məhkəmə qərarları › İş №2-1(103)-710/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-710/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-710/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “iddiaçının vergi ödəyicisi kimi uçota alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi ilə bağlı inzibati aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-3949/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “iddiaçının vergi ödəyicisi kimi uçota alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi bağlı cavabdehin inzibati aktın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən iddiaçıya bildiriş göndərilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə riayət etmədiyi və həmin məcəllənin 16.1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilmədiyi, bu səbəbdən həmin məcəllənin 33-cü maddəsinə uyğun olaraq vergi uçotuna alındığı bildirilmişdir. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulmuş halların hər hansı biri iddiaçı ilə bağlı mövcud deyil. Çünki, iddiaçı vergi ödəyicisi olmadığı üçün, Vergi Məcəlləsində vergi ödəyiciləri üçün müəyyənləşdirilmiş vəzifələr iddiçıya şamil olunmur. İddiaçının vergi ödəyicisi kimi uçota alınmağı üçün heç bir əsas mövcud deyil və uçota alınmaqla bağlı ərizə təqdim edilməmişdir. İddiaçının uçota alınmağı ilə bağlı cavabdeh orqanın hərəkətləri vergi qanunvericiliyinə ziddir. İddiaçıya göndərilmiş bildirişin mətnindən də göründüyü kimi, iddiaçı vergi ödəyicisi kimi uçota alınması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamış, bununla bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğu göstərilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı 2019-cu ilin yanvar- oktyabr ayları ərzində bir sıra fiziki şəxslərin, o cümlədən İddiaçı (FİN xxxxxxx) X1 Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) idxal etdiyi, lakin İddiaçı vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən 2019-cu ilin yanvar- oktyabr ayları ərzində 6 ədəd nəqliyyat vasitəsinin (2 ədəd yarımyedək və 3 ədəd yəhərli dartıcı) idxal edildiyi, lakin “Axtarış&Hesabat” informasiya sistemi vasitəsi ilə alınmış gömrük məlumatlarına əsasən 2-sinin öz adında qeydiyyat olduğu müəyyən edilmişdir (siyahı əlavə olunur). İddiaçı tərəfindən kommersiya məqsədləri üçün gətirilən malların gömrük sərhədindən keçirilərkən GÖÖEN-dən istifadə edilməklə rəsmiləşdirilməsi qanunsuz sahibkarlıqla məşğul olmaqla vergidən yayınma hallarına şərait yaradılması kimi qiymətləndirilmişdir. Fiziki şəxs İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına poçt vasitəsilə 09.01.2020-ci il tarixli **********162600 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Kommersiya məqsədli gömrük əməliyyatları (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) aparan həmin fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq müəyyən edilmiş müddətdə tərəfindən uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı 29.01.2020-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Yuxarıda göstərilənlərə cavabdeh iddiaçının iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3949/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı vergi ödəyicisi kimi uçota alınması və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin inzibati aktının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü tələb məcburetmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da aydın olduğu kimi məcburetmə haqqında iddia iddiaçı arzuladığı inzibati aktı cavabdehin imtina etdiyi və ya cavabdehin hərəkətsizliyi səbəbindən qəbul edilmədiyi hallarda irəli sürülə bilər. Həmçinin məcburetmə haqqın iddianın irəli sürülməsi ilə bağlı xüsusi mümkünlük şərti onun müddəti ilə bağlıdır. Bir halda imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim ediliyi vaxtdan 30 gün müddətində, digər halda isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçəndən sonra qərar qəbul edilmədiyi hallarda iddiaçının iddia qaldırmaq hüququ nəzərdə tutulmuşdur. Lakin indiki halda iddiaçı tərəfindən müvafiq ərizə ilə vergi orqanına müraciət edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 3949/2020 saylı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə ilkin olaraq iddianın mümkünlük şərtlərini yoxlamalı olduğu halda bunu etməmiş, işə mahiyyəti üzrə baxıb iddianın əsaslılığına qiymət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçı onun adı 2019-cu ilin yanvar-oktyabr ayları ərzində X1 Eyniləşdirmə Nömrəsi (GÖÖEN) vasitəsilə kommersiya məqsədli mallar idxal edən şəxslərin siyahısında olduğu üçün cavabdeh tərəfindən vergi uçotuna alınmış və bu haqda iddiaçıya bildiriş göndərilmişdir. İddiaçı onun vergi ödəyicisi olmadığı üçün vergi uçotuna alınması barədə cavabdehin inzibati aktının qanun tələblərinə zidd olduğundan ləğv edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazdan və işdə olan digər sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə iddia tələbi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu barədə iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh orqana hazırki iddia tələbi ilə bağlı müraciət etməmiş, həmin orqan tərəfindən imtina almamış, lakin, buna baxmayaraq mövcüd iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı cavabdeh inzibati orqana müraciət etdiyini bildirsə də, iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi sənəddən görünür ki, hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciəti olmamış, sadəcə inzibati orqanın vergi ödəyicisi kimi uçota alınmaya dair müraciətinə cavab olaraq bildirmişdir ki, gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olacağı halda qanunvericiliyə uyğun olaraq əvvəlcədən vergi ödəyicisi kimi uçota duraraq gəlirləri barədə bəyannamə təqdim edəcəyini və aidiyyəti vergiləri ödəyəcəyini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3949/2020 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3949/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “iddiaçının vergi ödəyicisi kimi uçota alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi ilə bağlı inzibati aktın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar